Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 08/04/2026

Paylaşın

TARİX

Məqsədlərinə çatan ingilislər Qars-Qafqaz Türk Cümhuriyyətini dağıdaraq 12 hökumət rəsmisini həbs edib Malta adasına sürgün etdi

II yazı

Azərbaycan Xalq Cümhuriyyətinin Xarici İşlər naziri Məmməd Yusif Cəfərov İngiltərə Baş Qərargahına teleqram göndərərək Qarsın erməni daşnakları ilə gürcülər arasında bölüşdürülməsinə etirazını bildirdi

“Mudros müqaviləsi” ilə faktiki olaraq sona çatan Osmanlı İmperiyası artıq İttifaq dövlətlərinin açıq hədəfi halına gəlmişdi. Müqavilə maddələrinə görə Batum ingilislər tərəfindən işğal edilərkən, Mayın 26-da Gürcüstan, Mayın 28-də isə Azərbaycan və Ermənistan müstəqilliklərini elan etdi. Bu hadisədən – Qafqaz Seyminin dağılmasımdan sonra Qars və Ərdəhan erməni və gürcü təhdidi altında qaldı. Düşmən işğalına uğramaq istəməyən yerli əhali canını, malını, namusunu qorumaq üçün silahlanmağa başladı. Bu silahlanma hərəkatı qısa zaman kəsiyində böyüdü və bölgədə milli bir təşkilatın qurulmasına səbəb oldu. Axısqa çevrəsində 1918-ci il oktyabrın 29-da Ömər Faiq Əfəndinin başçılığı ilə Axısqa hökuməti, 1918-ci il noyabrın 3-də Əmir bəy Əkbərzadənin rəhbərliyi ilə isə İğdırda Araz-Türk Cümhuriyyəti quruldu. Axısqa hökuməti gürcülərə qarşı mübarizə apararkən, Araz-Türk Cümhuriyet erməni daşnaklarına qarşı müqavimətə başladı. Xalq bu iki dövlətin himayəsi altında təşkilatlanmağa başlayarkən Qarsda olan Yaqub Şevki Paşa hələ ordusunu geri çəkməmişdi. Qarsın düşmən hakimiyyəti altına girməsinin qarşısını almaq məqsədilə Axısqa və Araz-Türk Cümhuriyyətlərinə bənzər bir təşkilatlanma üçün hərəkətə keçdi. Bu istiqamətdə bölgədəki türk və müsəlman əhalinin erməni və gürcülərin təhdidindən qorunması üçün 1918-ci il noyabrın 5-də Qars İslam Şurasını qurdu. Şuranın qurulmasından sonra konqres keçirərək Qarapapaq Türk Cümhuriyyətinin qurucusu Emin ağa Acalovu sədr və Piroğlu Fəxrəddin bəyi isə köməkçi təyin etdi. Bundan sonra həm Axısqa hökumətinə, həm də Araz-Türk Cümhuriyyətinə nümayəndələr göndərərək onlara tək bir türk dövlətinin bayrağı altında birləşməyi təklif etdi.

Qarsda ikinci bir erməni hökumətinin qurulmasını, eyni zamanda bir erməninin belə bölgəyə ayaq basmasına icazə verilməyəcəyini bildirdilər

Yaqub Şevki Paşanın iradəsi ilə Ərdəhan və Qarsda davamlı olaraq böyük konqreslər təşkil edilərkən, Batumda olan ingilislər bölgədəki siyasi proseslərdən xəbər tutdu. Yanvarın 6-da Batumdan Ermənistana gedən ingilis general Uolker, Yanvarın 7-də Qarsa gələrək Yaqub Şevki Paşa ilə görüşmək tələbində bulundu. General Uolker yanvarın 12-də bir neçə ingilis zabiti və 200 erməni əsgərinin Qarsa gəlib hökumət idarəsini ələ keçirəcəyini və buna görə dərhal Qarsın boşaldılmasını tələb etdi. Şevki Paşa və Şura hökuməti rəsmiləri bölgədə əksəriyyəti müsəlman türklərin təşkil etdiyi milli bir hökumətin qurulduğunu, Qarsda ikinci bir erməni hökumətinin qurulmasını, eyni zamanda bir erməninin belə bölgəyə ayaq basmasına icazə verilməyəcəyini bildirdilər. Bu səbəbdən də ingilislərin erməniləri bölgəyə yerləşdirmə cəhdləri baş tutmadı. Bu Şura hökümətinin və Qars İslam Şurasının iradəsi ilə əldə olundu.

İngilislər gürcü və erməniləri 20 minlik ordu ilə təchiz edərək Qafqaz Cümhuriyyətinin üzərinə yeritdi

Bu hadisələrdən sonra təcili olaraq toplanan hökumət rəsmiləri 1919-cu il yanvarın 17-də 3-cü Qars Konqresini təşkil etdi. Konqresdə alınan qərarla Cənub-Qərb Qafqaz hökuməti, yəni Qars-Qafqaz Cümhuriyyətinin qurulduğu rəsmi şəkildə elan edildi. Dövlətin paytaxtı Qars, əhatə etdiyi ərazilər isə Qars, Ərdəhan, Batum, Naxçıvan, Ordubad, Culfa, Axısqa və Axalkələk olaraq müəyyən edildi. Yeni hökumətin başçılığına İbrahim bəy Cahangiroğlu gətirilməklə, hökumətin bayrağı ağ, yaşıl və qaradan ibarət üç rəngli zəmin üzərində ay-ulduzlu türk bayrağı olaraq müəyyənləşdirildi. Ölkənin rəsmi dili türkcə qəbul edilərkən, ordu mövcudatı isə 8000 əsgər olaraq təyin olundu. Hökumət torpaqlarında əhalinin 2 milyona yaxınını müsəlman türklər, 250 min nəfərə yaxınını isə rus, rum və molokanlar təşkil edirdi. Qafqaz hökuməti qonşu ölkələrlə dostluq – əməkdaşlıq münasibətləri qurmağa cəhd etsə də, ermənilər və gürcülər onun varlığını qəbul etməkdən imtina etdilər. Onların bu mövqeyinə qarşı Azərbaycan Xalq Cümhuriyyəti Cənub-Qərb Qafqaz Cümhuriyyətini tanıdığını elan edərək hökumətə qarşı ediləcək hər hansı bir təyziqi özünə qarşı edilmiş kimi qəbul edəcəyini açıqladı. Bununla yanaşı, Azərbaycan hökuməti ingilislərdən yeni qurulan Qafqaz Cümhuriyyətinin erməni daşnakları və gürcülərin təhdidindən müdafiəsinin təşkilini tələb etdi. Cümhuriyyətin bu çağrışına etiraz əlaməti olaraq ingilislər gürcü və erməniləri 20 minlik ordu ilə təchiz edərək Qafqaz Cümhuriyyətinin üzərinə yeritdi. 1919-cu il martın 1-də başlayan hücumlar nəticəsində gürcü əsgərləri Azqur, Axısqa, Axalkələk və Ərdəhanı işğal edərkən yerlərdə qadın, uşaq, yaşlı demədən 600 mülki vətəndaşı qətlə yetirdi. Hücuma dərhal cavab verən Qafqaz Cümhuriyyəti ordusu gürcüləri ağır itkilərə məruz qoydu.

General Tomson “Ermənilər bura mütləq gələcək!” təhdidi ilə Qarsı tərk etdi

Hərbi gücdən istifadə edərək məqsədlərinə çata bilməyən ingilislər bu zaman diplomatik gedişlərə əl atdı. İngilis general Tomson Qarsa gələrək hökumət rəsmiləri ilə görüşüb Qarsdan köç edən ermənilərin yenidən bu torpaqlarda yerləşdirilməsi tələbi ilə çıxış etdi. Hökümət rəsmilərinin onun bu tələbini rədd etməsi general Tomsonu əsəbiləşdirdi. O, “Ermənilər bura mütləq gələcək!” təhdidi ilə Qarsı tərk etdi. 1919-cu il martın 26-da Qafqazdakı İngilis Ümumi komandanı olaraq bölgəyə gələn general Tomson, Cənub-Qərb Qafqaz Cümhuriyyətini erməni daşnakları və gürcülər arasında bölüşdürməyə qərar verdi. Bu qərara görə ermənilər Qars, Kağızman və Ərdəhanın cənubunu, gürcülər isə Batum, Axalkələk və Ərdəhanın şimal hissəsini alacaqdı. Tomsonun bu planından xəbər tutan Qafqaz hökuməti ingilislərə qarşı tədbirlər görməyə başladı. Bu məqsədlə hökümət Ərzuruma nümayəndə heyəti göndərərək Osmanlı dövlətindən yardım istəməyi məqsədəuyğun hesab etdi. Kədərlisi, daha dəhşətlisi odur ki, heyət hələ Sarıqamışa çatmamış ingilislər Qars və Axısqa istiqamətinə ordu yeritdi. İngilis polkovnik-leytenant Preston aprelin 12-də məclisi ziyarət edəcəyi xəbərini göndərərək hökumət başçısı, idarə heyəti və məclis üzvlərinin tam heyətlə orada toplanmasını tələb etdi. Sonradan bunun bir ingilis siyasəti olduğu ortaya çıxdı. Aprelin 13-ü saat 4-də ziyarət zamanı bir anda çöldən silah səsləri eşidildi. Qısa zaman kəsiyində məclis ingilis əsgərləri tərəfindən işğal edilir. Hiyləyə əl ataraq məqsədlərinə çatan ingilislər həmin gün Qars-Qafqaz Türk Cümhuriyyətini dağıtdı və 12 hökumət rəsmisini həbs edərək Malta adasına sürgün etdi.

Baş verən bu dəhşətli hadisədən sonra Azərbaycan Xalq Cümhuriyyətinin Xarici İşlər naziri Məmməd Yusif Cəfərov İngiltərə Baş Qərargahına teleqram göndərərək Qarsın erməni daşnakları ilə gürcülər arasında bölüşdürülməsinə etirazını bildirdi. Haqsız işğallara qarşı həm bölgədə çoxluqda olan türk və müsəlman əhalidən, həm də Azərbaycan hökumətindən etiraz ünvanlansa da nəticə dəyişmədi. 1919-cu il aprelin 30-da Qars başda olmaqla Cənub-Qərb Qafqaz Cümhuriyyətinin əraziləri təslim edildi, cəmi üç ay fəaliyyət göstərən daha bir Türk Cümhuriyyəti tarix səhnəsində silinir.

Şərəf Cəlilli

Bənzər Xəbərlər

Yazıçı-publisist

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Baki-baku.az xəbər verir ki, vida mərasimində Milli Məclisin deputatları, tanınmış elm və mədəniyyət xadimləri iştirak ediblər

Ən son

GÜNDƏM

Əfsanəvi aktyor Ceki Çan Bakıdadır və burada "Tanrının zirehi 4: Ultimatum" beynəlxalq macəra filminin bəzi

GÜNDƏM

Əfsanəvi aktyor Ceki Çan Bakıdadır və burada "Tanrının zirehi 4: Ultimatum" beynəlxalq macəra filminin bəzi
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin