Son zamanlar insanlar peşəkar mütəxəssislərə müraciət etmək əvəzinə bir çox suallarını süni intellektlə məsləhətləşərək cavablandırmağa çalışırlar. Bəs bu yanaşma nə dərəcədə doğrudur? Bunu görmək üçün eyni sualı həm süni intellektə, həm də mütəxəssisə ünvanlayırıq və hər iki cavabı heç bir müdaxilə etmədən təqdim edirik. Hansı cavabın daha doğru və faydalı olduğuna isə oxucu özü qərar versin.
Bugünkü sualımız:
“Doktor, mənim təzyiqim yüksəkdir, onu necə aşağı salım?”
Həkim məsləhəti
İlk növbədə xəstənin arterial təzyiqi tonometrlə ölçülməlidir. Daha sonra ətraflı anamnez toplanmalıdır: arterial hipertenziyanın nə vaxtdan mövcud olduğu, bu yüksəkliyin ilk dəfə olub-olmadığı, əvvəllər də təzyiqinin yüksəlib-yüksəlmədiyi, ailəsində hipertoniya və ürək-damar xəstəliklərinin olub-olmadığı soruşulmalıdır. Xəstənin əvvəllər qəbul etdiyi antihipertenziv preparatlar, onların dozaları, müalicəyə riayət edib-etmədiyi və hazırkı müalicənin effektiv olub-olmadığı dəqiqləşdirilməlidir.
Eyni zamanda xəstədə baş ağrısı, başgicəllənmə, görmədə dəyişiklik, sinə ağrısı, təngnəfəslik, ürəkdöyünmə, nevroloji əlamətlər kimi şikayətlərin olub-olmadığı soruşulmalıdır. Qidalanma rejimi, duz qəbulu, həyat tərzi və sidik ifrazı haqqında məlumat alınmalıdır. Şəkərli diabet, böyrək, ürək-damar, endokrin və digər yanaşı xəstəliklərin olub-olmadığı araşdırılmalıdır.

Əgər arterial təzyiq kəskin və çox yüksəkdirsə və xəstədə orqan zədələnməsini düşündürən əlamətlər varsa, vəziyyət hipertonik kriz kimi qiymətləndirilməlidir. Bu zaman xəstəyə protokola uyğun ilkin tibbi yardım göstərilməli, tibb bacısının köməyi ilə müvafiq müalicə tədbirləri həyata keçirilməli və təcili tibbi yardım çağırılaraq xəstə təcili hospitalizasiyaya yönləndirilməlidir. Məqsəd arterial təzyiqi bir anda kəskin şəkildə aşağı salmaq deyil, xəstənin vəziyyətinə uyğun olaraq onu təhlükəsiz şəkildə idarə etmək olmalıdır.
Stabil xəstədə isə arterial hipertenziyanın səbəb və risk faktorlarını dəqiqləşdirmək üçün müayinələr planlaşdırılmalıdır. Ümumi qan analizi, qlükoza, lipid profili, xolesterin, böyrək funksiyası və digər biokimyəvi göstəricilər qiymətləndirilməlidir. Ümumi sidik analizi və elektrokardioqrafiya aparılmalı, göstərişə əsasən böyrəklərin ultrasəs müayinəsi təyin edilməlidir.
Lazım gəldikdə xəstə kardioloqun və nevroloqun konsultasiyasına yönləndirilməlidir. Xəstənin klinik vəziyyətindən asılı olaraq digər ixtisas həkimlərinin də konsultasiyası təmin edilməlidir.
Bütün müayinə və konsultasiyaların nəticələri birlikdə qiymətləndirilməli, arterial hipertenziyanın mümkün səbəbi, ürək-damar və böyrək riskləri, eləcə də yanaşı xəstəliklər müəyyənləşdirilməlidir. Bundan sonra xəstəyə fərdi yanaşma əsasında müalicə və həyat tərzi ilə bağlı tövsiyələr verilməlidir.

Süni intellekt məsləhəti
Əgər hazırda təzyiqiniz yüksəkdirsə, əvvəlcə dəqiq göstəricini bilmək vacibdir.
5 dəqiqə sakit oturun, danışmadan təzyiqinizi ölçün.
Təzyiq 180/120 mmHg və ya daha yüksəkdirsə, 5 dəqiqə sonra yenidən ölçün.
Əgər bu səviyyə qalırsa və sinə ağrısı, nəfəs darlığı, güclü baş ağrısı, görmə pozulması, üz/qol/ayaqda zəiflik və ya keyimə, nitq pozulması, çaşqınlıq varsa, təcili tibbi yardım çağırın. Təzyiqi evdə sürətlə aşağı salmağa çalışmayın.
Belə əlamətlər yoxdursa belə, 180/120 və yuxarı təzyiq təkrar ölçmədə davam edirsə, təcili tibbi qiymətləndirmə lazımdır.
Əgər göstərici daha aşağıdırsa, sakit qalın, dincəlin və sizə əvvəlcədən təyin edilmiş təzyiq dərmanınız varsa, yalnız həkimin təyin etdiyi qaydada qəbul edin. Özbaşına əlavə doza qəbul etməyin.
Xanım Aydın