Dünyanın nüfuzlu liderləri sırasında özünəməxsus yeri olan Ulu Öndər Heydər Əliyev Azərbaycana 30 ildən artıq bir zaman kəsiyində rəhbərlik etmiş, xilaskarına çevrilmiş, onu yüksək inkişaf səviyyəsinə qaldırmışdır. Heydər Əliyevin lider kimi cəmiyyətə və dünyaya təsiri olduqca güclü idi. Xalqının, ölkəsinin, dünyanın tarixin gözəl bilirdi. O, bilirdi ki, Azərbaycan xalqı öz tarixi keçmişinə, mədəniyyətinə bütün qəlbi ilə bağlıdır. Məhz bunu nəzərə alan Heydər Əliyev 1969-cu ildə respublikaya rəhbərliyə gələn kimi qədim milli dəyərlərimizi, mədəniyyətimizi, incəsənətimizi, tariximizi özümüzə qaytarmaq sahəsində ciddi addımlar atdı. Nizami Gəncəvini, İmadəddin Nəsimini, Şah İsmayıl Xətaini, Xoca Nəsirəddin Tusini özümüzə qaytardı, Kitabi-Dədə Qorqud dastanının 1300 illik yubileyini beynəlxalq səviyyədə təşkil etməklə tarix və müasirlik arasında körpüyə çevrildi. Yüzlərlə istedadlı gənci keçmiş SSRİ-nin aparıcı elm və təhsil ocaqlarına oxumağa göndərməklə ölkəsinin gələcəkdə ixtisaslı kadrlarla təmin olunması üçün zəmin yaratdı.
Dünyanın qüdrətli dövlətlərindən biri olan SSRİ-nin rəhbərliyinə irəli çəkilməsi də, onun lider kimi güclü təsir imkanları ilə bağlı idi. Ulu Öndər SSRİ Nazirlər Soveti sədrinin müavini kimi nəqliyyat, təhsil, səhiyyə problemlərinin həllinə rəhbərlik edirdi. Xarici siyasətin Şərq ölkələrinə aid hissəsi də Heydər Əliyevin nəzarətində idi.
Ulu Öndərin lider kimi güclü təsir imkanlarına malik olması onu qısa zamanda Mixail Qorbaçovun hədəfinə gətirdi. Siyasi Büro tarixində Heydər Əliyev tək və yeganə tarixi şəxsiyyət, siyasi xadim idi ki, sovet siyasi maşını onu sındırıb, əyib, məhv edə bilmədi. Onun analitik təfəkkürü, ensiklopedik biliyi, mütəfəkkir dövlət xadimi kimi anında qərar almaq bacarığı, müqavimət hissi 1993-cü ildə onu yenidən öz Vətənində ikinci dəfə siyasi hakimiyyətə gətirdi. Tarixi Qayıdışı ilə Xilaskarlıq missiyasını üzərinə alan Ümummilli Lider Heydər Əliyev 1994-cü ildə Atəşkəs haqqında müqaviləyə imza atmaqla qısa zaman kəsiyində ölkəni siyasi, iqtisadi və hərbi böhrandan xilas etdi. 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi”ni imzalamaqla dünyanın neft siyasətinə təsir etdi və bu siyasəti birmənalı olaraq Xəzər regionuna istiqamətləndirdi. Bu, Azərbaycanı siyasi və hərbi təcavüzdən xilas etdi. Bakı-Tbilisi-Ceyhan neft kəmərinin çəkilməsi haqqında müqavilənin bağlanması ilə Ulu Öndər Azərbaycanın, Gürcüstanın və Türkiyənin iqtisadi inkişafına zəmin yaratdı. Bununla o, həm də Gürcüstanda yaşayan yarım milyondan çox soydaşımızın gələcək həyatının, tarixi torpaqlarında yaşamaq hüququnun qarantına çevrildi. Qədim İpək Yolunun bərpası ideyasını qaldırmaqla və onu gerçəyə çevirməklə Ulu Öndər Heydər Əliyev Avropa və Asiyanın qapısı, körpüsü olan ölkəmizi nüfuz sahibinə çevirdi. Sivilizasiyaların, mədəniyyətlərin dialoq məkanı kimi nüfuzunu özünə qaytardı.
Liderlik keyfiyyəti bir gündə qazanılmır, bunun üçün bütöv bir ömür gərəkdir. Dahi liderlər o liderlərdir ki, proses qanununa ciddi əməl edərək hər bir mərhələni nəzərə alaraq özlərini inkişaf etdirirlər, təbiətin bəxş etdiyi yüksək liderlik potensialından uğurla istifadə edirlər. Bu baxımdan Ulu Öndər Heydər Əliyev şəxsiyyəti gözəl və özəl bir nümunədir.
Heydər Əliyevi dinlədikcə onun natiqlik məharətinə, nitqinin gözəlliyinə, axıcılığına, zənginliyinə heyran olmuşuq. О, öz nitq mədəniyyəti ilə etalona çevrilmişdi. Danışıq tərzi ilə nümunəyə dönmüşdü. Nitqinin səlisliyi, sistemliliyi, ardıcıllığı, məntiqliliyi, habelə, səsinin tembri, diksiyası, intonasiyası, hətta üz cizgiləri ilə auditoriyanı valeh edir, onu zənginləşdirir, tərbiyə edirdi. Sanki qarşısında dilin bütün incəliklərinə dərindən bələd olan, uzun illər natiqlik, nitq mədəniyyətindən dərs verən mahir bir dilçi alim çıxış edirdi. Onun nitqində həmişə insanı valeh edən yeni-yeni çalarlar tapırdın. Bu nitq mükəmməl, kamil bir nitq idi. Bu gün Ana dilimizin dövlət statuslu dillər sırasında yer aldığı üçün ona borcluyuq. Heç şübhəsiz, dil xalqın mövcudluğunu, millətin simasını səciyyələndirən əsas amillərdən biridir. Dil xalqın mənəvi dəyərlərinin keyfiyyət göstəricisidir. Heydər Əliyev müdrik qərarları ilə yanaşı, danışığı, nitqi ilə də bu dilin keşiyində duran böyük bir mütəfəkkir idi. Peşəkar siyasətçilər, əsl liderlər ünsiyyəti sevirlər. Ünsiyyət isə yalnız söhbətlər və uğurlu nitqlər vasitəsilə yarandıqda daha möhkəm olur. Hamıya məlumdur ki, dünyanın siyasi elitasının ən uca zirvələrindən birində qərar tutan, yüksək natiqlik mədəniyyəti, dinləyicilərin diqqətini özünə cəlb etmək qabiliyyəti ilə də yaddaşlarda qalan Ulu Öndər Heydər Əliyev ünsiyyət, əlaqə yaratmaq sahəsində çox böyük istedada malik idi. Saatlarla onun nitqini dinləyənlər yorulmurdular, diqqətlərini ondan çəkə bilmirdilər.
Təbiətən lider olan və ciddi çalışmalar nəticəsində liderlik zirvəsinə ucalanların uğurlarının əsas səbəblərindən biri də onların peşəkar kadrlardan ibarət möhkəm, monolit komandanı formalaşdırmaq kimi xüsusiyyətə malik olmaları ilə bağlıdır. Bu baxımdan, Heydər Əliyevin iş təcrübəsi özü də bir nümunədir. О, bütün rəhbərliyi dövründə ən yüksək dövlət vəzifələrindən tutmuş kiçik müəssisələrin müdirlərinə qədər hər bir rəhbər işçinin əsl lider kimi yetişməsinə, onların ətrafında işgüzarların olmasına ciddi tələbkarlıq göstərirdi. Ulu Öndər Heydər Əliyevin böyük ustalıqla yaratdığı dövlət mexanizmi öz funksiyasını ona görə uğurla yerinə yetirdi ki, o, özünün müəyyənləşdirdiyi idarəçilik təlimində daima ciddi və peşəkar kadrlara üstünlük vermiş, mükəmməl heyət formalaşdırmışdır. Heydər Əliyev yüksək liderlik potensialı ilə dünyaya gələn və daha çox liderlər yetişdirən dünya miqyaslı lider idi. İnsanlarda inam yaratmaq, etibar, sədaqət hissini aşılamaq baxımından da Heydər Əliyevin liderliyi əvəzsiz nümunə idi. O, Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə həmişə xalqın inamına arxalandı, onlara hörmətlə yanaşdı, bu qarşılıqlı inam ona və ölkəsinə uğur qazandırdı.
Odlar Yurdu Azərbaycanın, bütövlükdə isə türk dünyasının əvəzolunmaz lideri olan Heydər Əliyev Zəfərin, Qələbənin rəmzi idi. Onun bütün həyatı sonu qələbələrlə qurtaran mübarizələrlə zəngindir. O, hələ gənclik illərində ailə qurarkən Dövlət Təhlükəsizlik Komitəsinin ciddi təzyiqlərinə baxmayaraq, öz sevgisinə sadiq qaldı, bütün əzablara dözdü və qalib gəldi. Azərbaycana rəhbərlik etdiyi illərdə, Moskvada, SSRİ rəhbərliyində işlədiyi dövrdə, 1991-1993-cü illərdə Naxçıvanda, 1993-2003-cü illərdə yenidən Azərbaycana rəhbərlik etdiyi zamanlarda ən çətin, həlli mümkün olmayan problemləri aradan qaldıra bildi, ən ağır zamanlarda xalqı bir yumruq kimi birləşdirib mübarizəyə səfərbər etdi və bütün hallarda qarşıya qoyduğu məqsədə çatdı, qələbə qazandı. Bir məqamı xüsusi qeyd etmək istəyirəm. Keçmiş SSRİ tarixində Siyasi Büronun üzvlüyündən uzaqlaşdırılanlar içərisində Heydər Əliyev istisna olmaqla, başqalarının sonu çox faciəli olmuşdur. Ulu Öndər Heydər Əliyevin 1993-2003-cü illərdəki rəhbərliyi dövründə ölkənin kompleks inkişafına hesablanan dövlət siyasəti və proqramları nəticəsində Azərbaycanın müasir tarixi inkişafına nail olundu. Ölkədə siyasi sabitlik yarandı, iqtisadi-sosial dirçəlişin təməli qoyuldu, mədəni yüksəliş, ordu quruculuğu sahəsində uğurlara imza atıldı. Bu qeyd olunan tarixi faktlar nəticəsində Heydər Əliyevin rəhbərlik etdiyi ölkənin beynəlxalq aləmdə nüfuzu artdı.
Öz liderlik məharəti ilə dünyanı heyrətə salan, başladığı istənilən işi uğurla sona çatdıran Heydər Əliyevin uğurlarının əsas səbəblərindən biri də liderlik xüsusiyyəti ilə yanaşı, liderlər yetirmək qabiliyyəti ilə bağlı idi. Нər bir lider о zaman yüksək qiymətləndirilir ki, оnun rəhbərlik etdiyi dövrdə mənsub olduğu milləti, məmləkəti gələcəkdə yüksək səviyyədə idarə edə biləcək liderlər yetişdirir. Bu baxımdan da Heydər Əliyev şəxsiyyəti özünəməxsus, unikal keyfiyyətlərə malik idi. O, dövlətin bütün strukturlarında yüksək peşəkarlığa malik liderlər yetişdirməyə nail olmuşdu. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev uzun illər ərzində Heydər Əliyevin Liderlik Məktəbində yetişmişdi, idarəçilik sirlərinə yiyələnmişdi. Dövlət idarəçiliyində böyük təcrübə qazanmış, beynəlxalq əlaqələrin qurulmasında və möhkəmlənməsində uğurlara gedən yolun əsasını mənimsəmişdir. Ulu Öndərdən sonrakı siyasi fəaliyyəti ilə sübut etmişdir ki, O, Heydər Əliyev Məktəbi adında qüdrətli bir liderlik məktəbinin müdavimidir. 2003-cü ildən keçən 21 illik böyük bir zaman kəsiyindən sonra ölkəsini beynəlxalq aləmdə nüfuz sahibinə çevirərək, onu həmdə “Kosmos Ölkəsi” kimi şöhrətləndirmişdir. Birinci Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları, COP29 kimi möhtəşəm tədbirlərə ev sahibliyi etməsi ilə təkcə Ulu Öndər irsinə sədaqət hissini nümayiş etdirməmiş, həm də onun qoyduğu qaydalarla idarə olunan, özü də uğurla idarə olunan Azərbaycan Respublikasının kompleks inkişafına nail olmuşdur. Prezident İlham Əliyev istər Qoşulmama Hərəkatına, istər də Türk Təşkilatına rəhbərliyi dövründə sübut etmişdir ki, Azərbaycan təkcə Güney Qafqazın qüdrətli dövləti deyil, dünyanın inkişaf etmiş ölkələrindən biri olmaqla yanaşı, humanist prinsiplərə, demokratik dəyərlərə, multikultural ənənələrə hörmətlə yanaşan əzəmətli, qonaqpərvər, xeyirxah bir xalqın – Azərbaycan xalqının Vətənidir. O Vətən ki, onu 30 illik intizardan sonra, özünün ənənələrə sədaqət hissi, liderlik xüsusiyyəti, Qüdrətli Ordumuzun iradəsi, Əsgər və Qazilərimizin Vətən sevgisi, qəhrəman Şəhidlərimizin al-qanı ilə tarixi Vətən Müharibəsində cəmi 44 günə işğaldan azad etmişdir.
Elə tarixi şəxsiyyətlər, qüdrətli simalar var ki, onlar ölümü ilə ölümsüzlüyə qovuşurlar. Mənsub olduqları xalqın, millətin, məmləkətin Birlik-Bütövlük rəmzinə dönürlər. Corc Vaşinqton, Şarl De Qol, Cəvahirləl Nehru, Qazi Mustafa Kamal Paşa Atatürk və Heydər Əliyev kimi! Heydər Əliyev son gedişi ilə belə Birlik, Bütövlük rəmzimizə, Ulu Öndər, Ümummilli Lider sevgimizə, əbədi ziyarət yerimizə çevrildi!
Şərəf Cəlilli