XIX əsrin sonu – XX əsrin əvvəlləri Bakının sürətlə inkişaf etdiyi və şəhərin memarlıq simasının formalaşdığı dövr idi. Bu dövrdə neft sənayesinin yüksəlişi ilə yanaşı, bir sıra varlı sahibkarlar və xeyriyyəçilər şəhərin görünüşünü dəyişdirən möhtəşəm binaların tikintisinə böyük vəsait sərf edirdilər. Onlardan biri də məşhur neft milyonçusu və xeyriyyəçi Musa Nağıyev idi.
Onun Bakıda inşa etdirdiyi çoxsaylı tikililər arasında 28 May küçəsində yerləşən “Əkiz binalar” xüsusi yer tutur. Memarlıq gözəlliyi və orijinal planlaşdırma həlli ilə seçilən bu tikililər şəhərin tarixi memarlıq irsinin ən maraqlı nümunələrindən hesab olunur.
Tikilmə tarixi və memarı
“Əkiz binalar” 1908–1910-cu illərdə Musa Nağıyevin sifarişi ilə məşhur memarİosif Ploşkonun layihəsi əsasında inşa edilmişdir.
Dördbloklu və çoxmənzilli yaşayış kompleksi kimi nəzərdə tutulan bu tikililər o dövr üçün həm planlaşdırma, həm də memarlıq baxımından olduqca müasir sayılırdı. Binaların fasadları bir-birinin güzgü əksi kimi qurulduğuna görə xalq arasında onlar “Əkiz binalar” və ya “güzgü simmetriyalı binalar” kimi tanınmağa başlayıb.

Memarlıq xüsusiyyətləri və üslub
Bu binalar Bakıda yayılmış modern üslubunun parlaq nümunələrindən biri hesab olunur. Fasadların quruluşunda şaquli oxların ritmi, erkerlərin istifadəsi və incə dekorativ xətlər memarlıq kompozisiyasına xüsusi dinamika və zəriflik verir.
Dekorativ elementlər və dərin relyefli plastik həllər fasadın ümumi kompozisiyasını zənginləşdirir. Hər bir detal – pəncərə çərçivələri, bəzək ornamentləri və memarlıq elementləri – sanki heykəltəraş dəqiqliyi ilə işlənmişdir.
Kompleks memarlıq-planlaşdırma həlli bu binaların şəhər mühitinə ahəngdar şəkildə daxil olmasına imkan yaratmış və 28 May küçəsinin memarlıq ansamblında mühüm rol oynamasına səbəb olmuşdur.
İtaliyadan gətirilən materiallar
Rəvayətlərə görə, binaların tikintisində istifadə olunan bir çox materiallar – daş elementlər, parket döşəmələri, dekorativ hissələr və digər detallar İtaliyadan gətirilmişdir.
Bu səbəbdən tikililər həm material keyfiyyəti, həm də bədii görünüş baxımından saray memarlığını xatırladırdı. Gözəlliyi və möhtəşəmliyi ilə seçilən “Əkiz binalar” həm keçmişdə, həm də bu gün 28 May küçəsinin ən diqqətçəkən tikililərindən biri sayılır.

Emblemlər və həyat hekayəsini xatırladan simvolika
Binanın giriş hissəsində daş üzərində kiril əlifbası ilə həkk olunmuş “MN” baş hərfləri yerləşir. Bu yazı Musa Nağıyevin adının və soyadının baş hərfləridir.
Ümumiyyətlə, Musa Nağıyevin tikdirdiyi bir çox binaların üzərində xüsusi venzel və ya emblem yerləşdirib. Bu emblemlərdə hambal palanı və kənarlarında saman şələsi təsvir olunur.
Bu simvolika təsadüfi deyildi. Belə ki, Musa Nağıyev atasının saman satdığını və özünün vaxtilə hamballıq etdiyini unutmadığını göstərmək istəyirdi. Bu detallar onun həyat yolunun – sadə zəhmətkeşlikdən böyük sərvət və nüfuza doğru yüksəlişinin rəmzi kimi qəbul edilir.
Bakının memarlıq irsində yeri
Bu gün “Əkiz binalar” Bakının tarixi memarlıq nümunələri sırasında xüsusi yer tutur. Binaların fasadlarının zərifliyi, memarlıq harmoniyası və dekorativ zənginliyi onları şəhərin ən maraqlı tikililərindən birinə çevirir.
Zaman keçsə də, bu binalar öz gözəlliyini qoruyub saxlayaraq paytaxtın memarlıq tarixinin canlı şahidi kimi qalır. Onlar həm memarların yüksək peşəkarlığını, həm də Musa Nağıyevin uzaqgörənliyini və şəhərin inkişafına verdiyi töhfəni nümayiş etdirir.
Xanım Aydın