Mən İlham Əliyevə özüm qədər inanır və onun gələcəyinə böyük ümidlər bəsləyirəm
Bütün həyatını mənsub olduğu millətin, məmləkətin tərəqqisinə, inkişafına, beynəlxalq nüfuzunun möhkəmlənməsinə həsr edən, əbədi istiqlaliyyətinə nail olmaq üçün əlindən gələni əsirgəməyən müasir Azərbaycanın memarı Ulu Öndər Heydər Əliyevin xalq qarşısındakı ən böyük xidmətlərindən biri, bəlkə də birincisi Azərbaycanın taleyində əvəzsiz rolu, xidmətləri olan Müzəffər Ali Baş Komandan İlham Əliyev kimi qüdrətli bir dövlət xadimini, mənəvi və siyasi Varisini yetişdirməsi olmuşdur.
Hər bir azərbaycanlının Prezidenti
Ulu Öndərin varlığını fəda etdiyi, qurduğu, memarı olduğu müasir Azərbaycanın taleyini etibar edəcəyi dövlət xadiminin seçilməsində nümayiş etdirdiyi “müdrikliyin miqyası illər keçdikcə daha aydın görünür, seçimin uğuru təkzibolunmaz şəkildə öz təsdiqini tapır”. Onun 2003-cü ilin prezident seçkiləri ərəfəsində prezidentliyə namizəd İlham Əliyev haqqında dediyi “Mən İlham Əliyevə özüm qədər inanır və onun gələcəyinə böyük ümidlər bəsləyirəm. Əminəm ki, mənim başa çatdıra bilmədiyim işləri o, başa çatdıracaqdır” kəlamı Ulu Öndərin uzaqgörənliyinin sübutudur. Heydər Əliyevin idarəçilik məktəbinin layiqli davamçısı Prezident İlham Əliyevin keçdiyi həyat yolu, ictimai-siyasi proseslərdə fəal iştirakı, idarəetmədə qazandığı təcrübə, intellektual potensialı və müasir dövrün siyasi xadimləri üçün xarakterik olan bütün yüksək keyfiyyətləri mənimsəməsi 2003-cü il oktyabrın 15-də Azərbaycanda keçirilən prezident seçkilərində onun qələbəsini təmin etdi. Hələ 2003-cü ildə dövlət başçısı kimi səlahiyyətlərinin icrasına başlayarkən “Mən hər bir azərbaycanlının Prezidenti olacağam” nidası ilə əlini “Qurani-Kərim”ə və Anayasaya basaraq and içən Prezident İlham Əliyev qısa zaman kəsiyində xalqın böyük rəğbət və etimad göstərdiyi liderə çevrildi. “Ötən illərin reallıqları Ulu Öndər Heydər Əliyevin siyasi kursunun diktə etdiyi sülh, sabitlik və tərəqqi yolunun əvəz olunmazlığını sübuta yetirməklə kifayətlənmədi, inam və etimad üzərində qərarlaşan, gələcəyə hesablanan güclü dövlət konsepsiyasını gerçəyə çevirdi”.
Bu səbəbdən də Odlar Yurdu Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə gələcəyə, yüksəlişə və inkişafa doğru Heydər Əliyevin əsasını qoyduğu yolla inamla irəliləyir və ölkənin hər bir vətəndaşının fəxr edəcəyi, qürur duyacağı, örnək bir məkana çevrilir.

Gücün, qüdrətin rəmzi
“Biz məqsədyönlü, düşünülmüş addımlar atırıq ki, ölkəmizin inkişafına yeni təkan verək, hələ də həll olunmamış problemləri həll edək, nöqsanları, xoşagəlməz halları, çatışmayan məqamları aradan götürək və bunu edirik” nidası ilə tarix yaradan, idarəçilik təlimini təkmilləşdirən Prezident İlham Əliyev 2018-ci il aprelin 18-də andiçmə mərasimində qeyd etdiyi bu prioritetlərlə islahatların yeni mərhələsinin başlanğıcını qoymuş, ölkənin ictimai-siyasi, mədəni həyatının hər bir sahəsini əhatə edən çoxşaxəli islahatların təməl prinsiplərini müəyyən etmiş, üstündən ötən yeddi il ərzində bir dövlət başçısı olaraq istəyinə nail olmuşdur.
Azərbaycanın iqtisadi potensialını intellekt kapitalına çevirən Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin ətrafında sıx birləşərək müasir Azərbaycan tarixinin ən böyük uğurunu qazanan, dünyaya gücünü, qüdrətini nümayiş etdirən Azərbaycan xalqı 44 günlük Vətən müharibəsində “Qarabağ Azərbaycandır!” nidası ilə tarix yaratdı, dünyanın düzənini, mizanını dəyişdi. 44 gün davam edən və işğal altındakı ərazilərimizin azad olunması ilə nəticələnən Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. Prezident İlham Əliyevin yürütdüyü daxili və xarici siyasətin nəticəsində Azərbaycan 30 illik işğala, intizara son qoydu, ərazi bütövlüyünü bərpa etdi. “Prezident İlham Əliyev yalnız hərb meydanında müzəffər sərkərdə kimi deyil, diplomatik cəbhədə də böyük strateq nümunəsi ortaya qoydu”, informasiya müharibəsində Azərbaycanın haqq səsi oldu, cəsarətlə bütün təzyiqlərə sinə gərdi, Lider – Xalq birliyinə nail olaraq birliyin, bütövlüyün rəmzinə çevrildi. Azərbaycan xalqı dövlət başçısının xalqın, dövlətin maraqları naminə böyük qətiyyətini bir daha dərk etdi. Prezidentin xarici televiziya kanallarına verdiyi müsahibələr dünyanın dörd tərəfinə yayılan haqq səsimiz olmaqla yanaşı, illərin informasiya blokadasına son qoydu. “Bavariya sizin üçün nədirsə, Qarabağ da bizim üçün odur. Bioresurslarsa burada – Bakıdadır!” cavabı ilə alman jurnalisti susdurduğu kimi hər qarış torpağın Vətən üçün nə qədər dəyərli, qiymətli olduğunu sübut etdi. Şuşanın fəthi ilə Ata vəsiyyətinə əməl edən Liderin Fəxri xiyabanda Ulu Öndəri ziyarəti isə bir başqa dünya, aləm idi. Həmin gün Müzəffər Ali Baş Komandan təkcə general atasına, sərkərdə xaqan ucalığı ilə hesabat vermədi. Ana sevgisindən, Ana Vətən sevgisinə körpü saldı.
“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2024-cü il 19 sentyabr tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis olunması, Qarabağda aparılmış qısamüddətli antiterror əməliyyatı nəticəsində əzəli yurdlarımızın erməni separatçılarından tam təmizlənməsi, Xankəndidə dövlət bayrağımızın ucaldılması, Azərbaycanın qəlbindəki illərin yarasının sağalması ilə yaddaşımıza yazılmış böyük bir gün əlamətdar tarix kimi təqvimə qovuşdu”. Ulu Öndər Heydər Əliyevin vəsiyyətini yerinə yetirərək, xalqımıza özünün çoxəsrlik tarixində ən böyük uğuru və xoşbəxtliyi yaşatdı. “Bir kərə yüksələn bayraq bir daha enməz” nidası ilə Şərqin ilk Demokratik Cümhuriyyətini quran liderlərin ruhunu şad etdi.

Qurtuluşun, Qayıdışın memarı
44 günlük Vətən müharibəsi və 2023-cü ilin antiterror tədbirləri nəticəsində ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası həm regionda, həm də ölkəmizdə yeni reallıqlar yaratdı, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etdi, üçrəngli bayrağımız Xankəndidə, Şuşada, Xocalıda, Laçında, Kəlbəcərdə, Cəbrayılda, Zəngilanda, Füzulidə və digər rayonlarda qürurla dalğalandı. Məcburi köçkünlər tikilib-qurulan, qarış-qarış dirçələn ata-baba yurdlarına qayıtdı.
“Xalqın öz liderinə yüksək inamının nəticəsi idi ki, 2024-cü il fevralın 7-də keçirilən prezident seçkilərində cənab İlham Əliyev inamlı qələbə qazanaraq növbəti müddətə dövlət başçısı seçildi. Bu seçki Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin özünə inamının, xalqın siyasi dəstəyinə əminliyinin göstəricisi idi. Son 22 ildə bütün bu uğurların şahidinə çevrilən Azərbaycan xalqı əldə olunan nailiyyətləri ölkə Prezidenti İlham Əliyevin ümummilli maraqlara söykənən məqsədyönlü siyasətinin məntiqi nəticəsi hesab edərək səsini İlham Əliyevə verməklə Heydər Əliyev irsinə etibarını, sədaqətini nümayiş etdirdi”.

Respublikamızı inkişaf yoluna çıxarmaqla onun beynəlxalq aləmdə nüfuzunu artırdı
Nadir şah Əfşarın fütuhatlarından 300 il sonra Azərbaycan bu gün tarixinin ən qüdrətli dövrünü yaşayır. Dünya artıq Azərbaycanı regionun lideri, qlobal layihələr həyata keçirən, islahatlar aparan, əməkdaşlığa və Avropanın enerji təhlükəsizliyinə əhəmiyyətli töhfələr verən etibarlı tərəfdaş kimi qəbul edir. Prezident İlham Əliyevin yürütdüyü müstəqil siyasətlə Azərbaycan beynəlxalq əlaqələrini, siyasi-iqtisadi, hərbi, humanitar və digər sahələrdə müttəfiqlərini, əməkdaşlıq etdiyi ölkə və beynəlxalq təşkilatları özü seçir. Təbii sərvətlərinin sahibi kimi enerji sahəsində əməkdaşlıq əlaqələrini dövlət maraqları və qarşılıqlı faydalılıq prinsipləri əsasında reallaşdırır. “Digər tərəfdən, Azərbaycan bölgədə və beynəlxalq səviyyədə əməkdaşlığa, təhlükəsizliyə mühüm töhfələr verir. Məhz bütün bunlara görə dünya siyasətinin aparıcı qurumları, həmçinin mötəbər beynəlxalq təşkilatlar Azərbaycanın xarici siyasətini regional təhlükəsizlik və qlobal inkişafa mühüm töhfə kimi qiymətləndirirlər, ölkəmizlə əməkdaşlığa önəm verirlər.”
Bu gün Azərbaycan Respublikasının mühüm geosiyasi uğurlarından biri dünya birliyində güclü mövqeyə malik olması, beynəlxalq aləmdə söz sahibinə çevrilməsidir. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi kurs ölkəmizi inkişaf yoluna çıxarmaqla yanaşı, regional və beynəlxalq miqyasda nüfuzunu daha da artırıb. Azərbaycan qüdrətli dövlətə çevrilib.
Beynəlxalq təşkilatlara rəhbərlik etməkdə zəngin təcrübə qazanan Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi müxtəlif vaxtlarda bu quruma iki dəfə sədrlik edib. Qoşulmama Hərəkatının sədri olduğu müddətdə həyata keçirilən tədbirlər qurumun üzv dövlətləri tərəfindən yüksək dəyərləndirilib. Mötəbər tədbirlərə uğurlu ev sahibliyi etmək Azərbaycanın beynəlxalq aləmdə olan nüfuzu getdikcə artırıb. Ölkəmizin iqlim dəyişiklikləri ilə mübarizə prosesinə ciddi töhfə verən ölkə kimi tanınması onun COP29-a ev sahibliyi etmək imkanını daha da gücləndirdi. Azərbaycanın bu sahədə uzun illərdir, həyata keçirdiyi ardıcıl siyasət və layihələr, enerji mənbələrinin inkişaf etdirilməsi, o cümlədən külək və günəş enerjisi stansiyalarının qurulması baxımından ölkəmiz böyük işlər reallaşdırdı.

Xalqı yaşadır ki, dövlət yaşasın
Qarabağda, Şərqi Zəngəzurda əldə olunan tarixi zəfər, möhtəşəm qələbələr sübut etdi ki, Azərbaycan Respublikasının Prezidenti qarşıya qoyduğu və bəyan etdiyi strateji hədəflərə nail olmaq üçün istər ölkə daxilində, istərsə də beynəlxalq aləmdə düşünülmüş və məqsədyönlü siyasət həyata keçirərək “Azərbaycanın timsalında “Güclü dövlət” konsepsiyasını reallaşdırmağa nail olmuşdur”. Bu səbəbdən də dilindən, dinindən, siyasi mənsubiyyətindən asılı olmayaraq bütün analitiklər qeyd edirlər ki, həqiqətən də, Prezident İlham Əliyev qurucu, Azərbaycan xalqının bütün istək və arzularını həyata keçirən, öz siyasətində dövlətin və xalqın maraqlarını ən ali məqsəd kimi qarşıya qoyan və bütün qüvvəsini bu vəzifələrin reallaşmasına səfərbər edən, milyonların sevgisini qazanan alternativsiz Liderdir.
“Ağıl olan yerdə zora ehtiyac yoxdur!” nidası ilə tarix yaradan, mənsub olduğu millətin haqq səsinə dönən, siyasi hakimiyyətinin hər iki mərhələsində Odlar Yurdu Azərbaycanın kompleks inkişafına nail olan Ulu Öndər Heydər Əliyev haqqında ölkənin I vitse-prezidenti xanım Mehriban Əliyevanın tarixi bir kəlamı var: “Heydər Əliyevin varlığı Azərbaycan xalqı üçün Tanrının tale payıdır.” Bu müdrik kəlamı tərəddüt etmədən, 22 ildir mütəfəkkir dövlət xadimi, Müzəffər Ali Baş Komandan kimi millətinin imzasına, Zəfər, Qələbə memarına çevrilən “Qarabağ Azərbaycandır!” nidası ilə tarixi ədaləti bərpa edən, “Şərqi Zəngəzur varsa, Qərbi Zəngəzur da, Qərbi Azərbaycan da var!” hikməti ilə “Beynəlxalq sülh və rifah naminə Tramp marşrutu”na imza atan, Zəngəzur dəhlizini Turanın, türk dünyasının, Asiya ilə Avropanın körpüsünə, Naxçıvanın blokadadan xilasına, Ulu Öndərin “Azərbaycanda dövlətin mənbəyi xalqdır”, Platonun “Xalqı yaşat ki, dövlət yaşasın” kəlamlarını gerçəyə çevirən Zəfər, Qələbə memarımızın irsinə, şəxsiyyətinə aid etmək olar.
Prezident İlham Əliyev əyilməz iradəsi, bütöv xarakteri, mütəfəkkir dövlət xadimlərinə xas xüsusiyyətləri ilə sübut edir ki, həqiqətən də Tanrı onu mənsub olduğu millətin, məmləkətin birlik, bütövlük rəmzi olaraq dünyaya gətirib!