İkinci yazı
Firon III Senustret Misiri yenidən hərbi, mədəni və iqtisadi cəhətdən qüdrətli dövlətə çevirdi
Qədim Misirin orta dövr tarixi Tebes şəhərinin On birinci sülaləsinin hökmdarlarının güclənməsi ilə başlamışdı. Onlar cənub vilayətlərini öz hakimiyyətləri altında birləşdirmişdilər. Tebes hökmdarı Mentuhotep Helliopolisdəki zəifləmiş firon sülaləsini devirmiş və özünü firon elan etmişdir. Sonra isə onun vəziri Amenemtah hakimiyyəti ələ keçirmiş və bu hadisə ilə On ikinci sülalənin hakimiyyəti başlamışdır. Çox vaxt bu sülaləni “Amenemtah”lar və ya ”Senustret”lər sülaləsi adlandırırlar. Firon III Senustret Misiri yenidən hərbi, mədəni və iqtisadi cəhətdən qüdrətli dövlətə çevirmişdir. O dövrdə fironlar başqa xalqlara qarşı hərbi yürüşlər həyata keçirmişlər. Cənubda Nubya ölkəsini – müasir Sudanı fəth etmiş, orada qızıl mədənlərini ələ keçirmişlər. İstilalar zamanı Misirə küllü miqdarda maddi sərvət və qullar gətirilmişdir. Bunun nəticəsi olaraq, ölkədə iri miqyaslı inşaat işləri görülmüş, yollar çəkilmiş, suvarma kanalları qazılmışdır. Misirin Aralıq dənizi hövzəsində də nüfuzu artmış, qonşu xalqlar misirlilərlə hesablaşmaq məcburiyyətində qalmışlar. Girit və Kıbrıs adaları, Yunanıstan və İtaliya şəhərləri ilə intensiv ticarət və mədəni əlaqələr quran Misir o dövrdə Yaxın Şərqin ən güclü ölkələrindən biri olmuşdu.

Hiksos tayfalarının istilası gərgin anlar yaşatmışdır
Əldə olunan nailiyyətlərə,uğurlara baxmayaraq 1785- 1580-ci illərdə İkinci keçid dövrü zamanı yüksəliş yaşayan Misirdə istibdad və ədalətsizlik halları artmış, ətrafda yaşayan xalqlar isə qarət olunmuşdur. Buna görə Misirdə ədalətsizlikdən bezən xalq üsyana qalxmış və fironları devirmişdir. Bundan sonra ölkə parçalanmış və e.ə. 1640-cü ildə şərqdən gələn hiksos adlanan tayfalar tərəfindən istila edilmişdir. Bu tayfaların mənşəyi bilinmir. Bəzi alimlər onların sami, bəziləri isə hurri, hitti, mitannili, hətta elamlı olduqlarını iddia edirlər. Bəlkə də onlar bu xalqların qarışması nəticəsində yaranan bir tayfalar olmuşlar. Bundan sonra hiksosların başçıları özlərini firon elan etmiş və yüz ilə yaxın ölkənin başında durmuşlar. Əldə olunan məlumatlardan bəlli olur ki, On beş və On altıncı sülalələr hiksos sülalələri olmuşdur. Onlar Avaris şəhərini baş şəhər edərək, Misirin bir çox vilayətlərini ələ keçirə bilsələr də, misirliləri tam məğlub edə bilməmişdirlər. Tebes şəhərinin hokmdarları qüvvələrini toplayaraq, hiksoslara qarşı böyük savaşa qalxmışlar. Bu savaş misirlilərin qələbəsi və hiksosların ölkədən qovulması ilə başa çatmışdır. Hiksoslara sonuncu sarsıdıcı zərbəni endirən və Avarisi ələ keşirən I Ahmosdan başlayaraq Misiri növbəti, On yeddinci sülalə idarə etmişdir.

Fironlar III Amenofis və III Tutmosun hakimiyyəti dövründə Misir qüdrətin zirvə nöqtəsinə çatmışdır
Eramızdan əvvəl 1580-1805-ci illəri əhatə edənYeni çarlıq dövründə də Misir mədəni, iqtisadi və hərbi cəhətdən güclü və inkişaf etmiş bir dövlətə çevrilmişdir. Hiksoslardan alınmış cəng arabalarından istifadə edilməsi, Misir ordusunu regionun ən güclü ordusu kimi tanınmışdır. Bu dövrdə Misir həm də elm və mədəniyyət sahəsində intibah dövrü yaşamışdır. O zaman ölkəni Amenhoteplər, Tutmoslar, Ramseslər, Ehnaton, çariça Hatşepsut kimi bacarıqlı hökmdarlar idarə etmişlər. Fironlar III Amenofis və III Tutmos hakimiyyəti dövründə Misir qüdrətin zirvə nöqtəsinə çatmışdır. Misir orduları şimalda Suriyani işğal edərək, Mesopotamiyaya qədər irəliləmişlər. Cənubda isə ölkə sərhədləri Nubiyanın Kerma və Nalata məntəqələrinə qədər genişlənmişdir. Firon I Tutmosun qoşunu Suriya, Fələstin və Fərat çayının sahillərini fəth etmişdir.
Setinin oğlu II Ramzes Misiri 66 il idarə etmişdir
Davamlı inkişafdan, əldə olunan nailiyyətlərdən sonra Misir hittilərlə uğursuz savaşlar aparmışdır. Lakin hitti qoşununun arasında yayılmış yoluxucu xəstəlik onlara ölkəni işğal etməyə imkan verməmişdir. Bu zaman Firon I Seti eramızdan əvvəl 1312—1298 illər də əks hücuma keçmişdir. Setinin oğlu II Ramzes Misiri 66 il idarə etmişdir. Onun xaraci siyasətində bəzi uğursuzluqlara baxmayaraq, ölkə daxilində iri miqyaslı quruculuq işləri aparmışdır. Onun yeni baş səhəri Nilin deltasında yerləşən Per-Ramzes – Tanis şəhəri olmuşdur. Onun varislərinin dövründə isə Misirin daxili və xarici problemləri artmışdır. Ölkədə rüşvətxorluq, korrupsiya, kahinlərin həddən artıq artmış nüfuzu böyuk narazılıqlara səbəb olmuşdur. Xalq hətta çörək qıtlığı problemi ilə üzləşmişdir. Eyni zamanda şimaldan müxtəlif tayfalar Misirə basqınlar etmişlər.
Firon XI Ramzesin hakimiyyəti dövründə, yəni eramızdan əvvəl 1085 ildə ölkədə vətəndaş qarşıdurması baş vermiş, bunun nəticəsində firon sülaləsi devrilmiş, hakimiyyət Amon tanrısının kahinlərinin əlinə keçmişdir.

Şeşonk oğlunu Tebesdə Amon-Ra tanrısının baş kahini elan edir
Ramzeslərin sonuncu nümayəndələrinin fironluğu zamanı Misirin siyasi və iqtisadi vəziyyəti ağırlaşmışdır. Mərkəzi hakimiyyət öz keçmiş nüfuzunu itirmiş və faktiki olaraq parçalanmışdır. Cənub vilayətlər Karnak şəhərində yerləşən Amon tanrısının məbədinin kahini Herihor tərəfindən idarə olunmuşdur. Şimalda isə hakimiyyəti Deltada yerləşən Tanis şəhərinin hökmdarı Smendes ələ keçirmiş, Tanisin başqa hökmdarı Nesubanebced İyirmi birinci sülalənin yaradıcısı olmuşdur.
Daha sonra Misir əslən Liviyalı olan İyirmi birinci sülalə tərəfindən idarə edilmişdir. Liviyalılar uzun müddət ərzində Misirə köçmüşlər, bir hissəsi isə savaşlar zamanı kölə salınmışdır. Onlar əsasən Deltada məskunlaşmışlar. Misir qoşununda əsgərlərin çoxu liviyalı olmuşdur. Liviya sülaləsinin yaradıcısı Şeşonk İyirmi birinci sülalənin sonuncu fironunun sərkərdəsi olmuş, sonra isə hakimiyyəti ələ keçirmişdir. Sonra o, öz oğlunu Tebesdə Amon-Ra tanrısının baş kahini elan etmiş və baş şəhəri Tanisdən Bubastisə köçürmüşdür. Daha sonra ölkə bir qədər möhkəmlənmişdir. Şeşonkun qoşunu Fələstin istiqamətində hücuma keçmişdir. Bu ərəfədə onlar Qüdsü işğal və qarət etmişdir. Bu dövrdən başlayaraq, Assur İmperiyası genişlənmiş və bir qədər sonra Misirin ciddi rəqibinə çevrilmişdir.

Nubyalı fironların dövründə Misirin Assur İmperiyası ilə ixtilafları başlamışdır
Lakin sonra liviyalıların hakimiyyəti zəifləməyə başlamışdır. Cənubda Nubyanın Napata şəhərində yeni bir hakimiyyəti qurulmuşdur. Onlar eramızdan əvvəl 750-ci ildə onlar Tebesi alaraq, şimala doğru hərəkətə keçmişlər. Gərgin savaşlar nəticəsində nubyalılar Memfisi və Deltanı ələ keçirərək, liviyalıların hakimiyyətinə son qoymuşlar. Hakimiyyətləri dövründə, onlar çoxsaylı inşaat işləri aparmış, yeni piramidalar ucaltmışlar.
Nubyalı fironların dövründə Misirin Fələstini və Suriyanı ələ keçirməyə cəhd edən Assur İmperiyası ilə ixtilafları başlamışdır. Getdikcə tərəflərin qarşıdurması gərginləşmiş və e.ə. 671-ci ildə Assur qoşunu misirliləri məğlub edərək, Sina yarımadasını, sonra isə Memfisi ələ keçirmişdir. Beləliklə, şimali Misirdə nubyalıların hakimiyyətinə son qoyulmuşdur və bu ərazilər Assurun tərkibinə qatılmışdır. Misirin cənubu isə Assur hakimiyyətini qəbul etməmişdir. Deltada yerləşən Sais şəhərinin hökmdarı, əslən liviyalı olan, I Psamatik bir sıra xarici dövlətlərdən yardım alaraq assurlulara qarşı savaşa başlamış və onları ölkədən qova bilmişdir. Sonra onun oğlu II Nexo eramızdan əvvəl VII əsrin sonunda Assur İmperiyasının dağılması zamanı qısa müddətə Fələstini və Suriyanı ələ keçirmişdir. Bundan sonra isə Babil çarı Nəbukadnəzara məğlub olaraq geriyə çəkilmək məcburiyyətində qalmışdır. Nexo Aralıq dənizini Qırmızı dənizlə birləşdirmək fikrinə düşmüşdür. Bu kanalın qazılması 120 000 yaxın qulun həyatı bahasına başa qəlməsinə baxmayaraq, işlər yalnız 150 ildən sonra, iranlıların istilasından sonra başa çatmışdır.
550-ci ildə yunanlar Misirdə Navkratis adlanan ilk polislərini yaratmışlar. E.ə. 527-525 illərdə isə Misir Fars İmperiyası tərəfindən istila edilmiş, Fars imperiyasının vilayətinə çevrilmişdir.
Şərəf Cəlilli