Bakının mərkəzində – Səid Rüstəmov və Lermontov küçələrinin Bünyad Sərdarov küçəsi ilə kəsişməsinin arasında yerləşən Mirzə Fətəli Axundov bağı paytaxtın ən qədim və ən mənalı istirahət məkanlarından biridir. Bu bağ həm də Azərbaycan maarifçiliyinin və dramaturgiyasının banisinin xatirəsini yaşadan mədəni məkandır. Burada Azərbaycanın ilk monumental bürünc heykəli – Azərbaycan dramaturqu, maarifçi, şair, materialist filosof və ictimai xadim Mirzə Fətəli Axundovun abidəsi ucalır. Məkan həm tarix, həm ədəbiyyat, həm də incəsənətin vəhdətini özündə birləşdirir.

İlk bürünc heykəl – bir dövrün başlanğıcı
Axundovun heykəli 1930-cu ildə Bakı şəhər parkında ucaldılıb və Azərbaycanın ilk bürünc heykəli kimi tarixə düşüb. Abidənin müəllifi sonradan SSRİ Dövlət mükafatı laureatı olacaq məşhur heykəltəraş Pinxos Sabsaydır. Bu, onun ilk böyük əsəri idi və eyni zamanda Axundovun təsviri incəsənətdə ilk monumental obrazı sayılır.
Abidənin yaradılması ideyası 1928-ci ildə, ədibin vəfatının 50 illiyi münasibətilə irəli sürülmüşdü. Xalq Təhsili Komissarlığının kollektivi Bakıda yeni meydanın salınmasını və burada monumental heykəlin ucaldılmasını təklif etmişdi. Hökumət tərəfindən bu məqsədlə 13 min rubl vəsait ayrılmışdı.
Sabsay Axundovun obrazını yaratmaq üçün onun əsərlərini, həyat yolunu və fəlsəfi düşüncələrini dərindən öyrənmişdi. Nəticədə ədibi kresloda oturmuş, düşüncəli və ağır təmkinli vəziyyətdə təsvir edib. Dizləri üzərində açıq kitab yerləşir – bu detal onun maarifçi və dramaturq kimliyinin simvoludur.
Qeyd edək ki, may 1930-cu ildə açılan bürünc fiqurun hündürlüyü 3 metr, çəkisi 16 ton, postamenti Kutaisi qranitindəndir. Postament üzərində qızılı hərflərlə “Mirzə Fətəli Axundov” sözləri yazılıb. Abidənin yerləşdiyi parkın üçpilləli quruluşu isə heykəli məkanda daha möhtəşəm göstərir.

Bağ – şəhərin nəfəsi
Axundov bağı XIX əsrin sonlarından mövcuddur. Əvvəllər “Mədəniyyət bağı” kimi tanınan bu yer sonradan böyük dramaturqun şərəfinə adlandırılıb. Bu gün bağ həm bakılıların, həm də turistlərin sevimli istirahət məkanlarından biridir. Burada böyük, qədim, kölgəli ağaclar, mövsümə uyğun gül kolları və dekorativ bitkilər, həmçinin rahat skamyalar var. Axşam saatlarında estetik işıqlandırma mövcuddur. Ölçüsü kiçik olsa da, bağın sakit atmosferi kitab oxumaq, düşünmək və ya sadəcə şəhərin ritmindən uzaqlaşmaq üçün ideal mühit yaradır.

2008-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Bakı parklarının əsaslı bərpası çərçivəsində Axundov bağı da yenidən qurulub, müasir infrastruktura uyğunlaşdırılıb. 2024-cü ildə isə bağ daha da abadlaşdırılaraq rahat oturacaqlar və dekorativ elementlərlə zənginləşdirilib.
Bağın yaxınlığında yerləşən Azərbaycan Milli Kitabxanası bu məkana xüsusi intellektual aura qatır. Sanki heykəldəki kitab motivi bağın ümumi ruhu ilə vəhdət təşkil edir.

Mirzə Fətəli Axundov kim idi?
Bağın və heykəlin mərkəzində dayanan şəxsiyyət – Mirzə Fətəli Axundov (1812–1878) Azərbaycan dramaturgiyasının banisi, maarifçi filosof və ictimai xadim idi. Şəkidə doğulan Axundov həyatının böyük hissəsini Tiflisdə keçirib, Şərq dilləri üzrə mütərcim kimi çalışıb.
O, Azərbaycan dramaturgiyasının əsasını qoyub, Realist ədəbi tənqidin banisi olub,
Altı məşhur komediya yazıb, Əlifba islahatı ideyasını irəli sürüb. “Müsəlman Molyer” adlandırılan Axundovun əsərləri təkcə ədəbiyyat deyil, ictimai fikir tariximiz üçün də dönüş nöqtəsi olub. Onun məqsədi xalqın maariflənməsi və tərəqqisi idi.

Abidənin simvolik mənası
Axundov bağındakı heykəl Azərbaycan maarifçiliyinin rəmzi, Milli dramaturgiyanın başlanğıc nöqtəsi, Bakının mədəni yaddaşının ayrılmaz hissəsidir. Kresloda oturmuş, düşüncəli Axundov obrazı sanki gələcək nəsillərə “Tərəqqi yalnız elm və düşüncə ilə mümkündür” mesajını ötürür.
Bu gün Axundov bağı Bakının mərkəzində həm yaşıl istirahət məkanı, həm də milli yaddaşın canlı simvoludur. Günəşli bir yaz günündə skamyada oturub heykələ baxarkən insan anlayır ki, bu bağ bir ideyanın, bir maarifçi ruhun yaşadığı məkandır.
Xanım Aydın