Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 07/10/2026

Paylaşın

HƏR ŞEYDƏN

Minilliklərin şahidi olan şəhərlər: müasir dünyanın ən qədim paytaxtları

Paytaxt, Şəhər

Dünyada elə paytaxt şəhərlər var ki, onların tarixi müasir dövlətlərin yaranmasından çox-çox əvvələ gedib çıxır. Bu şəhərlər bu gün siyasi və inzibati mərkəzlər kimi tanınsa da, onların müasir görünüşünün arxasında minilliklər boyu davam edən həyat, sivilizasiyaların, imperiyaların və müxtəlif mədəniyyətlərin izləri dayanır.

Baki-baku.az bu günədək öz əhəmiyyətini qoruyub saxlayan dünyanın bu gün də mövcud olan ən qədim paytaxtlarından bəhs edir.

Dəməşq — Suriya

Dəməşq çox vaxt dünyanın ən qədim, minilliklər boyu yaşayışın davam etdiyi paytaxtlarından biri kimi təqdim edilir. Onun tarixi çox qədim dövrlərə gedib çıxır. Şəhər mühüm mərkəz kimi hələ eramızdan əvvəl III minillikdə xatırlanır. Dəməşq Asiya, Afrika və Aralıq dənizi arasında mühüm yol ayrıcında yerləşirdi.. Buradan tacirlər, karvanlar, ordular və səyyahlar keçirdi. Müxtəlif dövrlərdə şəhər arami, Roma, Bizans və İslam sivilizasiyaları ilə bağlı olub. Dəməşq xüsusilə Əməvilər dövründə böyük əhəmiyyət qazanaraq İslam dünyasının əsas mərkəzlərindən birinə çevrilib.

Əmman — İordaniya

Əmman bu gün İordaniyanın paytaxtı kimi tanınır. Bu şəhərin tarixi isə daha qədimdir. Qədim dövrlərdə şəhər Rabbat-Ammon adlanırdı. Sonralar, ellin və Roma dövrlərində isə Filadelfiya kimi tanındı. Əmmanda müxtəlif tarixi mərhələlərin izləri qorunub saxlanılıb. Burada qədim yaşayış məskənlərindən tutmuş Roma, Bizans və erkən İslam dövrlərinə aid abidələrə qədər çoxsaylı tarixi izlər var. Şəhərin əsas tarixi məkanlarından biri Cəbəl əl-Qala (və ya Qala Dağı) təpəsində yerləşən qaladır. Onun ətəyində isə Roma teatrı yerləşir. Bu teatr bu gün də paytaxtın ən tanınan görməli yerlərindən biri hesab olunur.

Afina — Yunanıstan

Afina Avropanın ən qədim paytaxtlarından biridir. Şəhərdə hələ neolit dövründə yaşayış olub və onun tarixi bir neçə min ili əhatə edir. 1834-cü ildə Afina müasir Yunanıstan dövlətinin paytaxtı elan edilib. Bu şəhərin adı demokratiya, fəlsəfə, antik teatr və klassik memarlıqla bağlıdır. Afinanın əsas simvolu Akropoldur. Bu ərazi də çox qədim dövrlərdən yaşayış yeri olub. Bu gün Afina müasir həyatın antik dünya irsi ilə yanaşı mövcud olduğu şəhər kimi tanınır.

Beyrut — Livan

Beyrut Livanın paytaxtı və Şərqi Aralıq dənizi bölgəsinin ən qədim şəhərlərindən biridir. Onun tarixi beş min ildən çoxdur. Bu müddət ərzində şəhər dəfələrlə dağıdılıb və yenidən bərpa olunub. Buna görə də Beyrutu tez-tez fenikslə müqayisə edirlər. Qədim dövrlərdə Beyrut finikiyalılar və Roma sivilizasiyası ilə bağlı mühüm liman şəhəri idi. XX əsrdə isə şəhər Yaxın Şərqin mədəni və intellektual mərkəzlərindən biri kimi tanındı. Çətin tarixinə baxmayaraq, Beyrut regionda öz xüsusi yerini qoruyub saxlayıb.

Pekin — Çin

Pekin dünyanın bu gün də paytaxt statusunu qoruyan ən qədim şəhərlərin dən biridir. Müasir Pekinin yerləşdiyi ərazidə yaşayış məskənlərinin tarixi bir neçə min il əvvələ gedib çıxır. Şəhər uzun müddət Çinin siyasi və mədəni mərkəzi olub. Pekinin əsas simvollarından biri XV əsrdə inşa edilən “Yasaq şəhər” və ya “Qadağan olunmuş şəhər”dir. Bir neçə əsr ərzində bu məkan Min və Tsin sülalələrinin imperatorlarının iqamətgahı olub. Bu gün Pekin qədim paytaxt ənənəsini müasir meqapolis görünüşü ilə birləşdirir.

Ankara — Türkiyə

Ankara 1923-cü ildə Türkiyənin paytaxtı elan edilib. Şəhərin tarixi müasir respublikanın yaranmasından xeyli əvvəl başlayıb. Ankaranın kökləri tunc dövrünə və Mərkəzi Anadolunun qədim mədəniyyətlərinə gedib çıxır. Müxtəlif dövrlərdə burada hattilər, hetlər, frigiyalılar, qalatlar, romalılar, bizanslılar, səlcuqlar və osmanlılar iz qoyublar. Antik dövrdə şəhər Ankira adı ilə tanınırdı. Bu gün Ankara daha çox Türkiyənin siyasi mərkəzi kimi qəbul edilir. Bu obrazın arxasında zəngin və çoxqatlı tarix dayanır.

Lissabon — Portuqaliya

Lissabon Qərbi Avropanın ən qədim paytaxtlarından biridir. Onun tarixi finikiyalılar, Roma dövrü, müsəlman hakimiyyəti və Böyük coğrafi kəşflər dövrü ilə bağlıdır. Şəhər Teju çayının mənsəbində və Atlantik okeanına çıxışı olan əlverişli ərazidə yerləşdiyi üçün inkişaf edib, böyüyüb. Qədim dövrlərdə Lissabon Alis-Ubbo, Roma dövründə isə Felicitas Julia Olisipo adı ilə tanınırdı. Şəhər XIII əsrdə Portuqaliyanın paytaxtı olub. Sonralar bəşəriyyətin dünyaya baxışını dəyişən dəniz səfərləri məhz buradan başlayıb.

Roma — İtaliya

Roma İtaliyanın paytaxtı və dünyanın ən məşhur qədim şəhərlərindən biridir. Əfsanəyə görə, şəhər eramızdan əvvəl 753-cü ildə salınıb. Sonralar Roma əvvəlcə Roma Respublikasının, daha sonra isə Avropa, Şimali Afrika və Yaxın Şərq tarixinə böyük təsir göstərən nəhəng imperiyanın mərkəzinə çevrilib. Romanı “Əbədi şəhər” adlandırırlar. Burada qədim xarabalıqlar, orta əsr küçələri, İntibah dövrünə aid meydanlar və müasir paytaxt həyatı bir yerdə mövcuddur. Buna görə də Romanın tarixi uzaq keçmiş kimi deyil, şəhərin gündəlik həyatının bir hissəsi kimi qəbul olunur.

Dəməşq, Əmman, Afina, Beyrut, Pekin, Ankara, Lissabon və Roma göstərir ki, paytaxt yalnız hakimiyyət mərkəzi deyil, həm də tarixin canlı şahidi ola bilər. Bu şəhərlər əsrlər boyu dəyişib, müharibələr və dağıntılar yaşayıb, fərqli dövrlərin izlərini daşıyıb, amma öz əhəmiyyətini itirməyib. Onların qədimliyi təkcə abidələr və xarabalıqlarla ölçülmür. Bu qədimlik küçələrdə, adlarda, ənənələrdə və əsrlər boyu formalaşmış şəhər atmosferində yaşayır.

Hacı Cavadov

Bənzər Xəbərlər

Tərcüməçi-müxbir

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Seyid Əzim Şirvani də məhz belə taleyi yaşayan böyük maarifçilərdən idi.

Ən son

GÜNDƏM

Bakının Qaradağ rayonunda 3 fərqli yol sahəsində yeni avtomobil körpüləri tikilir.

GÜNDƏM

Bakının Qaradağ rayonunda 3 fərqli yol sahəsində yeni avtomobil körpüləri tikilir.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin