Bu gün Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad İsrayıl oğlu Həşimovun doğum günüdür.
Baki-baku.az xatırladır ki, Polad Həşimov 2 yanvar 1975-ci ildə Qəbələ rayonunun Vəndam kəndində dünyaya göz açıb. Sonradan ailəsi ilə birlikdə Sumqayıt şəhərinə köçüb. Orta təhsilini Sumqayıtda – əvvəlcə 28, daha sonra isə 34 nömrəli orta məktəbdə alıb. Hərbi sahəyə marağı onu Heydər Əliyev adına Ali Hərbi Məktəbə gətirib və o, bu təhsil ocağını müvəffəqiyyətlə bitirib.
Azərbaycan Ordusunda müxtəlif məsul vəzifələrdə xidmət edən Polad Həşimov hər zaman ön xəttdə olmağı, əsgərləri ilə çiyin-çiyinə dayanmağı özünə borc bilib. O, 2020-ci il iyulun 14-də Ermənistan silahlı qüvvələrinin hücumunun qarşısını alarkən Tovuz istiqamətində gedən ağır döyüşlər zamanı qəhrəmancasına şəhid olub.
Şəhid generalın həlak olması xəbərini ictimaiyyətə müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev dərin hüznlə çatdırıb. Polad Həşimovun nəşi əvvəlcə doğulduğu Vəndam qəsəbəsinə, daha sonra isə yaşadığı Sumqayıt şəhərinə gətirilib. O, iyulun 15-də II Fəxri xiyabanda polkovnik İlqar Mirzəyevlə yanaşı torpağa tapşırılıb.
Prezident İlham Əliyev şəhid generalın anası ilə telefonla danışaraq ailəyə dərin hüznlə başsağlığı verib və Polad Həşimovun Vətən qarşısındakı xidmətlərini xüsusi vurğulayıb.
2020-ci il dekabrın 9-da Prezident İlham Əliyevin sərəncamı ilə Polad Həşimova ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.
Qeyd edək ki, Polad Həşimov hələ 2003-cü ildə mayor rütbəsində olarkən Prezident Heydər Əliyevin sərəncamı ilə “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilib. 2009-cu ildə polkovnik-leytenant kimi “Vətən uğrunda” medalına layiq görülüb. 2014-cü ildə III dərəcəli “Vətənə xidmətə görə” ordeni, 2016-cı ilin Aprel döyüşlərində göstərdiyi igidliyə görə isə II dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə mükafatlandırılıb.
Aprel döyüşləri zamanı Talış qəsəbəsi uğrunda gedən əməliyyatlarda 1-ci Ordu Korpusunun Qərargah rəisi kimi iştirak edən Polad Həşimov yaralansa da, xidmətini davam etdirib. 2019-cu il iyunun 25-də ona general-mayor ali hərbi rütbəsi verilib və daha sonra 3-cü Ordu Korpusunun Qərargah rəisi təyin olunub.
Milli Qəhrəmanın adı Azərbaycanda və qardaş Türkiyədə əbədiləşdirilib. Qəbələ şəhərində Şəhidlər xiyabanının yerləşdiyi küçə, Bakı şəhərindəki küçələrdən biri onun adını daşıyır. Türkiyənin Bursa vilayətinin Osmanqazi rayonunda isə Polad Həşimov adına park salınıb.
Polad Həşimovdan geriyə Davud və Teymur adlı oğulları, Aybəniz adlı qızı qalıb.
Bu gün doğum günündə xalq öz qəhrəman oğlunu dərin ehtiramla yad edir. Polad Həşimovun adı Azərbaycan tarixində cəsarətin, vətənə sədaqətin və əsl zabit şərəfinin simvolu kimi yaşayır.