Nəşr edilmişdir 04/29/2025

Paylaşın

GÜNDƏM

Mexiko, dəbdəbə, yaddan çıxmayan lülə kabab – “Mirvari” kafesinin tarixi

IMG-20250429-WA0136

Bakı şəhərinin Dənizkənarı Milli Parkında yerləşən “Mirvari” kafesi, şəhərin simvollarından biri olmaqla yanaşı, həm də Bakının incisidir. Xəzər dənizinin sahilindəki bu gözəl kafe, yalnız öz arxitekturası ilə deyil, həm də unikal tarixi və atmosferi ilə də ziyarətçiləri cəlb edir.

“Los Manantiales” stilində “Mirvari”


“Mirvari” kafesinin tarixi 1962-ci ilə dayanır. Bakı Şəhər İcraiyyə Komitəsinin sədri Əliş Ləmbəranskinin təşəbbüsü ilə inşa edilən bu kafe, orijinal dizaynı ilə xüsusilə diqqət çəkir. Ləmbəranski bu kafenin layihəsi üçün ilhamı Skandinaviya ölkələrində gəzən zaman aldığı ilə bağlı fərziyyələr var. Deyilənlərə görə, Əliş Ləmbəranski səyahəti çox sevirmiş və bütün gəzintilər zamanı fotoaparatla şəkillər çəkirmiş. Skandinaviya ölkələrinə səfəri zamanı 1958-ci ildə ispan memarı Feliks Kandela tərəfindən Mexikoda inşa edilmiş “Los Manantiales” restoranın fotosunu görür. O restoran Bakı merinin o qədər çox xoşuna gəlir ki, eyni gözəl və müasir memarlıq üslubunu Bakıda həyata keçirmək qərarına gəlir. Və Bakıya yeni gözəllik verən, modern üslubda olan “Mirvari” kafesi Vadim Şulqinin rəhbərliyi altında tikilir. Kafenin tikintisində əsasən strukturun orijinallığına və yerli mənzərəyə uyğunluğa diqqət yetirilir. Onun interyerində isə böyük dalğa şəklində formalaşan dizayn, yerli müasir memarlıq stilini tamamlayır. Kafenin xarici görünüşü, mirvarinin qabığına bənzəyən dəmir-betondan tikilmiş strukturu ilə xüsusi bir hava yaradır. Bu konstruksiya, Xəzər dənizinin sahilinə mükəmməl uyğunlaşır. Kafenin terrasından gözəl Bakı buxtası görünür.

Bakının dəbdəbəsinin simvolikası

“Mirvari” kafesi, açıldığı ilk illərdən etibarən, şəhər sakinləri və turistlər arasında məşhur bir məkana çevrilir. Sovet dövründə, bu kafe Bakının dəbdəbəli qərb hissəsini simvolizə edirdi. Burada vaxt keçirmək, sadəcə yemək yemək deyil, həm də Bakının mədəniyyətini və sosial həyatını yaşamaq demək idi. 1960-cı illərdə, bu məkan həm də cavanların bir araya gəldiyi, “Qaya” vokal-instrumental ansablının çıxışları və hind kinosunun melodiyaları altında rəqs etdiyi bir yer idi. “Mirvari” kafesi, həm də dostlarla görüşmək və yeni təəssüratlar toplamaq üçün ideal bir məkan olmuşdu.

Köhnə bakılıların xatirəsində “Mirvari”

Köhnə bakılılar danışır ki, burda sevgililər, təzə nişanlanmış və ailə qurmuş cütlüklərin yeməyə gəlməsi də bir dəb halını almışdı. Sanki hər bir kişi sevdiyi qadına bir dəstə gül alıb bura gətirməyi özünə borc bilirdi. Bakı sakini Sürəyya Ağayevə danışır ki, o zamanlar həftə sonları teatra gedən cütlüklər də tamaşadan əvvəl Bulvara gəzməyə çıxar, sonra “Mirvari”də nahar edərmişlər: “Biz də rəhmətlik yoldaşımla gənc yaşlarımızda orada çox olmuşuq. Bir dəfə də “Hicran” tamaşasının premyerasına oradan çıxıb getmişdik. Bir də ora gələn hamı şəkil çəkdirirdi. O dövrdə çəkilən şəkillər ağ-qara olsa da çox rəngli xatirələri özündə cəmləşdirir. Gözəl günlər idi”.
Bir başqa sakin – Ofeliya Quliyeva danışır ki, kafe tikiləndə Xəzərin suları onun ətəyini yuyurmuş. Yəni kafe dənizin lap sahilində olub. O zamanlar gənc oğlanlar özlərini qızlara göstərmək üçün kafenin başından suya tullanmağı özlərinə qürur bilirmişlər. Sonradan Xəzərin suyu çəkildikcə “Mirvari” də quruda qalıb.

Dəbli məkan, yaddan çıxmayan lülə kabab

“Mirvari” kafesi açılan gündən yerli sakinləri və turistləri özünə həmişə cəlb edib. Bura sanki həm də Bakının ən multikultural bir yeri idi. Yeni və fərqli interyerlə yanaşı, yeməklərinə də doyum olmayıb bu kafenin. Peşəkar aşpazın əlindən çıxan ən dadlı yeməkləri ilə məşhurlaşan bu məkanın lavaş arasında verilən lülə kababı isə dillər əzbəri olub. O qədər dadlı olub ki, üstündən yarım əsrdən çox vaxt keçməsinə baxmayaraq, hələ də müştərilərinin yaddaşındadır. Həmin o köhnə müştərilərin həm də yadındadır ki, kafenin böyük populyarlığına görə, burada masa tapmaq çox çətin olurdu.

Kafenin cazibəsi

Bakı bulvarında yerləşən “Mirvari” kafesi, yalnız şəhərin ən gözəl mənzərələrini təqdim etmir, eyni zamanda, həm də bənzərsiz anlar yaşadır. Burada yemək yemək və ya bir içki içmək, sadəcə fiziki ehtiyacları ödəmək deyil, həm də bir mədəniyyət və tarix içində bir səyahətə çıxmaq deməkdir. Zərif mirvari forması, böyük dalğalar şəklində interyeri və əfsanəvi Xəzər dənizi mənzərəsi ilə “Mirvari”, heç şübhəsiz, Bakının ən prestijli və müasir məkanlarından biridir.
Xanım Aydın

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Sabah Bakının Binəqədi rayonunun bəzi ərazilərində qaz təchizatı dayandırılacaq.

Ən son

GÜNDƏM

Bəstəkar, Əməkdar incəsənət xadimi, sükutu eşidə bilən bir insanla – Cahangir Zülfüqarovla müsahibə.

GÜNDƏM

Bəstəkar, Əməkdar incəsənət xadimi, sükutu eşidə bilən bir insanla – Cahangir Zülfüqarovla müsahibə.