“Yemək hazırlamaq mənim üçün sevgi dilidir”.
Bu sözləri Baki-baku.az-a müsahibəsində qısa zamanda məşhurlaşan və açıldığı gündən bəri inanılmaz dadlı keyfiyyəti saxlayan qluten cənnəti – “Nomad”ın yaradıcısı Həcər Əliyeva bildirib. Özünü tanıyandan, lap uşaq yaşlarından mətbəxə, biş-düşə marağı olduğum deyən xanım uşaqlıqda xalasıyla mətbəxdə oyunlar oynadığın xatırlayır: “O vaxtlar kiçik tapşırıqları yerinə yetirdikcə xoşbəxt olardım. Böyüdükcə mətbəxin verdiyi azadlıq və əyləncə hissi məni tərk etmədi, əksinə mənimlə birgə böyüdü”. Həcər Əliyeva ilə müsahibəni təqdim edirik:
Yemək hazırlamaq mənim üçün…
Sevgi dilidir. Bişirdiyim yeməklərlə ətrafımdakı insanlara qayğımı, diqqətimi və sevgimi ötürürəm. İnsanları məmnun etmək məni sevindirir, ona görə də bişirdiyim yeməkləri insanlar daddıqda dünyalar mənim olur.
Nomad nədir?
Bura mənim bir parçamdır, davamımdır. Özümü ifadə etdiyim yerdir. Həm məcazi, həm də həqiqi mənada evimdir. Mən özümü evimdə nə qədər rahat və güvəndə hiss edirəmsə, gələn qonaqlarımın da o cür hiss etməsini istəyirəm – doğma, isti, mehriban…
İlham mənbəyim…
Marta Stüartdır. Təcrübəli və ya yeni başlayan olmağında asılı olmayaraq, hər kəsə aydın və asan dildə yazması ən çox bəyəndiyim özəlliyidir.
Uşaqlıqda…
Ən zövq aldığım xatirələrim yeməklə bağlı olanlardır. Tək yeməyin özü deyil, ətrafında toplaşan insanlar, ailə və aid olma hissi düşünəndə üzümə gülüş qondurur.
Bakıda ən sevdiyim yer…
Qeyri-obyektiv səslənsə də, yalnız həqiqəti deməyə razılaşdığımızdan yalan deməyəcəyəm. Mənim üçün ən sevimli məkan şübhəsiz, Nomaddır.
Ən sevdiyim kompliment…
“Elə bil öz evimdəyəm”. Əlbəttə bişirdiklərimi təriflədikdə və dadlı olduğunu deyəndə ürəyimə yağ kimi yayılır. Belə anlarda nələrisə düzgün etdiyimi anlayıram.