Bakı küçələrinin adlarını daşıyanlardan biri də ilk azərbaycanlı alim-cərrah, Azərbaycan SSR EA-nın ilk prezidenti, ölkənin ilk tibb elmləri doktoru, professor, Azərbaycan SSR əməkdar elm xadimi Mir Əsədulla Mir Ələsgər oğlu Mirqasımovdur.
Baki-baku.az həmin şəxsin həyatına nəzər yetirir.
Mir Əsədulla Mirqasımov 1883-cü il noyabrın 17-də Bakı şəhərində ruhani seminariyasının müəllimi ailəsində anadan olub. Gimnaziyanın yuxarı siniflərində oxuyarkən ictimai fəaliyyətə başlayıb, qəzet və jurnallara məqalələr yazıb. Bu məqalələrdə müəllif, əsasən, Şərq ölkələrində müsəlman qadınlarının acınacaqlı vəziyyəti məsələsindən bəhs edib.
1913-cü ildə Odessa şəhərində yerləşən Novorossiya İmperator Universitetinin (hazırda İ.İ.Meçnikov adına Odessa Milli Universiteti) tibb fakültəsini bitirib. 1916-cı ilədək Odessada həkim, 1916–1929-cu illərdə Bakıda hərbi lazaretdə, indiki Əzizbəyov adına 1 №-li doğum evində cərrah, Azərbaycan Dövlət Universitetinin tibb Fakültəsində dosent işləyib.
1916 ildə əsaslı cərrah peşəsinə yiyələnən gənc Bakıya qayıdır.
Azərbaycanda müasir tibb təhsilinin və elminin banilərindəndir. 1927-ci ildə Mirəsədulla Mirqasımov tədqiqatlarını birləşdirərək “Azərbaycanda sidik daşı xəstəliklərinin öyrənilməsinə dair materiallar” mövzusunda ilk dəfə doktorluq dissertasiyası müdafiə edir. M. Mirqasımov Azərbaycanda uroloji xəstəliklər üzrə doktorluq dissertasiyası müdafiə edən ilk milli mütəxəssis kimi səhiyyə tariximizdə özünə layiqli və əbədi yer tutub. İstedadlı alim müvəffəqiyyətlə müdafiə etdiyi doktorluq dissertasiyasının motivləri əsasında 1928-ci ildə monoqrafiya çap etdirib və indi də öz praktiki əhəmiyyətini, aktuallığını itirməmişdir. Bununla da ilk azərbaycanlı alim-cərrah adına yiyələnir, tibbi cərrahiyyə elmi məktəbinin əsasını qoyur. 1929-cu ildə isə professor adını alır.
1945–1947-ci illərdə Azərbaycan SSR Elmlər Akademiyasının ilk prezidenti olub.
Azərbaycanda tibbi cərrahiyə elmi məktəbinin təşkilatçısıdır. Alimin elmi fəaliyyəti əsasən sidik daşı xəstəliklərinin etiologiyası, klinikası və müalicəsinin öyrənilməsinə, irinli peritonitləri, anesteziologiya, travmotologiya, urologiya və cərrahlığın aktual məsələlərinə həsr olunub. Yüksəkixtisaslı kadrlar hazırlanmasında xidməti var. Cərrahlıq sahəsində Azərbaycan dilində yazılmış ilk dərsliyin müəllifidir.
Ümumiyyətlə, 6 monoqrafiya və dərsliyi, 50 elmi əsəri nəşr olunub.
Mirqasımov Mir Əsədulla Mir Ələsgər oğlu 1958-ci il 20 iyulda Bakı şəhərində vəfat edib