Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 12/01/2025

Paylaşın

TARIXI ŞƏXSİYYƏTLƏR

Məmməd Araz – Heç kimin olmayan dünyanın əbədi sakini!

Məmməd Araz

Qələm gəldi əlimə- Araz gəlir dilimə

Tanrının bircə “Ol!” kəlamından xəlq etdiyi dünyaya kimi fani dünya, kimi yalan dünya, kimi də Səməd Vurğun kimi “ Biz gəldi gedərik, sən yaşa dünya!” dedi.  Araz boyda ağrısı, qara sevdası olan Məmməd Arazın dünyaya münasibəti isə dastana döndü. “Dünya sənin, dünya mənim, dünya heç kimin!”misrası musiqi kəhkəşanında  yeni bir dünya yaratdı. Məmməd Araz dühası “Röya”nın röyasına, ustad sənətkarımız Niyammədin Musayevin ehtişamınlı dünyasına çevrildi. Sərkərdə-xaqanların, Ulu Öndər Heydər Əliyev kimi dahilərin belə əli üzündə qaldı. “Dünya sənin, dünya mənim, dünya heç kimin!” dedi. Bu “Səndən, məndən ötən güllə, Vətən, Vətən sənə dəydi!” nidası ilə içindən bölünən Vətənin ağrısı ilə içində bölünən, “Vətən daşı olmayandan, olmaz ölkə vətəndaşı!” deyib tarix yaradan, Tanrının “Şüara” və “Qələm” surələri ilə müjdələnən şairin- Məmməd Arazın  ən böyük mükafatı idi.  

Azərbaycan ədəbiyyatı tarixinə adını qızıl hərflərlə həkk edən Məmməd Arazın “poeziyası nə qədər fərqli, nə qədər səmimi, nə qədər milli duyğularla yoğrulubsa, bir o qədər də xalqın özü qədər qədim, özü qədər yenidir. Məmməd Araz təkcə şeir yazmayıb; o, Azərbaycan adlı bir dünyanın mənəvi xəritəsini çəkib. “Məni şeirimdə gəz bir insan kimi…”  deyən şair öz şeirini qəlbinin açarı, iç dünyasının güzgüsü bilib. Özünün və mənsub olduğu xalqının qeyri-adi tərcümeyi-halını yaradıb.”

Vətən daşı olmayandan olmaz ölkə vətəndaşı!

Ötən əsrin 50-cı illəri Milli İstiqlalın təməlini qoyan qələm sahiblərinin adı ilə bağlıdır. Ulu Öndərin siysi hakimiyyətə gəlişi ilə Meydanı genişlənən İsitqlal şairləri əbədiyyət dastanları yaratdılar.Bəxtiyar Vahabzadə, Xəlil Rza Ulutürk,  Məmməd Araz isə bir başqa dünya, aləm idi.  Onlar qələmini süngüyə çevirən, “mamır olub Vətənin qayasında bitməyi” özlərinə şərəf bilən dahilər, mücahidlər idilər. Mənsub olduqları milləti, məmləkəti qram-qram, zərrə-zərrə deyil, əbədi və bütöv İstiqlala qovuşdurmaq üçün onlar “Gülüstan”dan, “Türkmənçay”dan, Arazdan gəlirdilər…

Məmməd Araz “üçün Vətən sadəcə coğrafi məkan deyil, insanın nəfəsi, alın yazısı, ruhunun aynası idi. O, Vətəni bir səcdəgah kimi sevən, daşına da, çiçəyinə də könlünü verən sənətkar idi. Onun misralarında hər daş bir insan xarakteri, hər dərə bir taleyin hekayəsi, hər ağac bir yaddaş yeri kimi canlanırdı. “Vətən daşı olmayandan olmaz ölkə vətəndaşı”  misrası onun vətəndaşlıq fəlsəfəsinin ən dolğun ifadəsidir. Məhz buna görə də şair: “Vətən mənə oğul desə nə dərdim, Mamır olub qayasında bitərdim…” deyən şairin poeziyasında vətəndaşlıq sadəcə vətəndaşa aid titul deyil, vicdan, vəfa borcudur. Sapanda qoyulub yağıya atılan daşdır, oxdur, nizədir!

Məmməd Araz

Milli İstiqlalın Araz  nehri

Bütöv Azərbaycanın paralandığı, həm də sərhəd sınırının qopaqrıldığı ünvanlardan biri Naxçıvandı. Orada əl uzadanda əlin Araza daha tez çatdığı kimi, sanki Təbrizə, Savalana da daha  tez yetir.  Vətənin digər guşələrindən fərqli olaraq Naxçıvanda Təbrizin havasını, iyini ətrini aldığın kimi, davasını da ruhunun başında bilirsən. “ Məmməd Arazın yaradıcılığının ən qüdrətli obrazlarından biri Arazdır. Araz onun şeirində təkcə çay deyil, həm də qırılmış Vətən yaddaşı, iki yerə bölünmüş millətin nisgilidir. Məmməd Arazın  “Arazın nəğməsi”, “Bu gecə yuxumda Arazı gördüm”, “Araz axır” poemalarında sanki  Araz danışır, ağrıyır, çağırır. “Qələm gəldi əlimə — Araz gəlir dilimə”  deyən sənətkar üçün Araz həm təxəllüs, həm də taledir. Araza su kimi, tarix kimi, bütöv Azərbaycan  kimi baxdığından idi ki, Tanrı Milli İstiqlalın Araz adlı nehrində sökülən sınırı taleyin xoş üzündən Məmməd Araza göstərdi. Ötən əsrin 80-ci illərində sınırlar ilk dəfə onun doğulduğu, Arazı özünə təxəllüs etdiyi ünvanda – Naxçıvanda söküldü.

Ayağa dur, Azərbaycan!

70 illik işğaldan, intizardan sonra Azərbaycan xalqı yenidən milli kimlik uğrunda mücadiləyə qalxdı. 1988-ci ilin Meydan hərəkatına imza atanların əksəriyyəti həm də Məmməd Araz misralarını əyinlərinə kəfən kimi geyinib Azadlıq Meydanına, Xəzərin yaxasına gəldilər. Məmməd Arazın “Ayağa dur, Azərbaycan!” nidası  yalnız misra deyildi, bu bütöv bir xalqın oyanış manifesti idi. Şair “Atın məni tank altına, Qundaqdakı bir körpəni xilas edim…” deyirdi. Bu misralar o illərin ən alovlu şüarlarından biri oldu. Məmməd Arazı İstiqlal mücadiləsinin mücahidlərindən birinə çevirdi.

Milli İstiqlal uğrunda mücadilə Qarabağ savaşı ilə  müşaiyət  olundu.  Məmməd Araz  bu böyük kədərin, dərdin poetikasını yaratdı. Onun “Dilənçi qaçqın”, “Əsgər oğul”, “Kəlbəcər qaçqınlarına” kimi əsərləri dövrün mənəvi səlnaməsinə çevrildi.

Məmməd Araz

Sabir Rüstəmxanlı : Məmməd Arazın ana dili şeirində Vətənin özü kimi məbədgahdır, saf və toxunulmazdır

 Bütün ruhu, duyğuları ilə Azərbaycan olan Məmməd Arazın irsi anadilli poeziyanın şah əsərlərindən ibarətdir.  “Məmməd Arazın poeziyasında dil, sanki özünün ən saf, ən canlı, ən obrazlı formasında yaşayır. Onun misralarındakı hər söz yerini itirməyən daş kimidir. Kərpic-kərpic qurulub, incəliklə hörülüb. O, az işlənən, demək olar, unudulmaqda olan sözləri tapıb yaddaşa qaytarır, onlara yenidən nəfəs verir. Bu səbəbdən də xalq şairi  Sabir Rüstəmxanlı haqlı olaraq qeyd edir: “Məmməd Arazın ana dili şeirində qanadlıdır, qalxıb-qabarır, ümman kimi ləngər vurur.”Bu dil sadəcə danışıq vasitəsi deyil, Vətənin özü kimi bir məbədgahdır; müqəddəs, saf, toxunulmaz…”

Qəlbimdə nə varsa ona demişəm…

Xalq şairi Məmməd Araz 1933-cü ildə ruhunu cisminə geyib yer üzünə endi.  2004-cü ildə dünyaya vida nəğməsi oxudu.  Azərbaycan ədəbiyyatında çoxcəhətli və zəngin ədəbi irsinə, sənətkarlıq qüdrətinə görə özünəməxsus yeri və mövqeyi olan görkəmli söz ustadlarından birinə çevrildi.

“Məni şeirimdə gəz bir insan kimi, Qəlbimdə nə varsa ona demişəm. Anadan-bacıdan gizlətdiyimi, Kağızdan, qələmdən gizlətməmişəm”, – deyən Məmməd Araz  səmimi və zəngin bir yaradıcılığa malik olmaqla yanaşı həm də, həqiqət şairi, istiqlal carçısı vətən şairi kimi yaddaşlara yazıldı. “Məmməd Araz şeirinin hər sətri, hər misrası, təqdim və təsvir olunan hər obrazı, detalı vətən qüdsiyyətini ifadə edir. Ədibin əsərlərinə gətirdiyi hər daş parçası, qaya, hər kol, ağac, dərə, dağ, quş, heyvan, ot – bir sözlə: hər xilqət vətən əzəməti, el sevgisi, yurd müqəddəsliyinə xidmət edir. Bu baxımdan professor Yaşar Qarayev həqiqəti ifadə edib: “Məmməd Arazın şeiri düşüncədə, əxlaqda və qeyrətdə yaddaşın şeirdə ifadəsidir”.

Məmməd Arazın yaradıcılığında vətən sevgisi, vətənpərvərlik, ümumiyyətlə, azərbaycançılıq məfkurəsi, öndə gəlir. Şairin ilk sözü Vətəndən başlayıb, Vətəndə də bitir. “Ürəyimsiz kəlmə yazan deyiləm”, – deyən sənətkar bütün varlığı ilə özünü Vətənə həsr etdiyi şeirlərində böyük vətəndaş kimi ifadə edir, xalqına bağlı olan ədib bütün yaradıcılığı boyu əsərləri ilə sanki vətəndaşlıq himnləri yaradır. Akademik Kamal Abdullanın dili ilə desək: “Məmməd Arazın sevgisinin kökündə yalnız və yalnız vətən dayanır”. “Ana yurdum, hər daşına üz qoyum, Hər dərəndə çaldığım saz yaşayır”-  deyən şair, həm də o sənətkardır ki, “Vətən daşı olmayandan olmaz ölkə vətəndaşı”, –  nidası  ilə vətəndaşlıq konsepsiyasını irəli sürüb. Hər bir oxucusunun üzərinə vətəndaşlıq misyası kimi bir məsuliyyət hissi qoymağa nail olub.

Azərbaycan çiçəklərin içində bir Qaya!

Məmməd Araz Şuşadan, Qarabağdan, dədə- baba yurdu Zəngəzurdan nigaran getdi. 44 günlük Vətən müharibəsində, haqq davasında “Qarabağ Azərbaycandır!” nidası ilə tarix yaradan igirlərin sırasında Məmməd Araz dühasından, Məmməd Araz dünyasından qopub gələn, balalarına “Vətən daşı olmayandan, olmaz ölkə vətəndaşı”, –  nidası  ilə öyüd verən valideynlərin övladları vardı. Məhz onlar Ali Baş Komandan iradəsinə  “Çiçəklər içində bir Qaya olan!” Odlar Yurdu Azərbaycanın xilaskarına çevrildilər. Şuşa qalasına ruh bədənə girən kimi girdilər. Mənsub olduğu milləti Şuşa qalasında, Xüdafərin körpüsündə  Bayrağa döndərən Ali Baş Komandan Prezident İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın Arazda əlini suya çəkdiyi gün “Savalanda Yatan İgid!” oyandı. O gün həm də, “Ayağa dur Azərbaycan!” , “Bu gecə yuxumda Arazı gördüm”, “ Araz üstə çinarı gördüm”, “ Mən Araz şairiyəm” deyən Məmməd Arazın nigaran ruhu hüzura qovuşdu.

Ulu Öndər Heydər Əliyev siyasi hakimiyyətinin ikinci mərhələsində “İstiqlal” ordenini təsis etdi. Eyni sərəncamla üç istiqlal şairini – Bəxtiyar Vahabzadəni, Xəlil Rza Ulutürkü və Məmməd Arazı təltif etdi. Ulu Öndər bununla Qələmini süngüyə çevirən Haqq aşiqlərinin istiqlaliyyət tariximizdəki yerini və rolunu müəyyənləşdirdi. Üstəlik onları bir-birindən ayırmadı, fərqləndirmədi… Bu gün Məmməd Arazın – heç kimin olmayan dünyanın Əbədi Sakininin yad edilən, xatırlanan günüdür! Məkanı cənnət, məqamı uca olsun!

Şərəf Cəlilli

Yazıçı-publisist

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Baki-baku.az şirkətə istinadən xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə həyata keçirilən tədbirdə hər iki
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin