Şəhər üçün parkların və yaşıllıqların əhəmiyyəti ölçüyəgəlməzdir və onu az qiymətləndirmək mümkün deyil. Sevindirici haldır ki, bu gün parklar və skverlər şəhərin ayrılmaz hissəsinə çevrilib və ekoloji (təmiz hava, günəşdən qorunma, biomüxtəliflik), sosial-psixoloji (ünsiyyət məkanı, psixoloji sağlamlıq, fiziki aktivlik), iqtisadi (turizm, mədəniyyət, daşınmaz əmlak) və təbii ki, şəhərsalma baxımından (rayonların balanslı inkişafı, “yaşıl” dəhlizlər, şəhər səs-küyündən qorunma) böyük rol oynayır.
Baki-baku.az xəbər verir ki, bu barədə şəhərsalma sahəsində tanınmış mütəxəssis, memar, sənətşünaslıq doktoru, professor Elçin Əliyev deyib.
O bildirib ki, Mədəniyyət Nazirliyi və digər dövlət qurumlarının heç bir memarlıq abidəsinin sökülməyəcəyi barədə bəyanatlarına inanmamaq üçün heç bir əsas yoxdur: “Buna qətiyyən şübhə etmirəm: bu gözəl binalara bircə dəfə baxmaq kifayətdir ki, onların hansısa ağıllı adam tərəfindən sökülməsi fikrinin belə, absurd olduğunu anlayaq. Ümumiyyətlə, bu “hər şey söküləcək” məlumatı haradan yayılıb axı?”
Mütəxəssis qeyd edib ki, hər bir şəhər, xüsusilə də paytaxt canlı orqanizmdir və daim inkişaf prosesindədir: “Köhnə memarlıq getdikcə yerini yenisinə verir. İstəsək də, istəməsək də bu belədir. Başqa məsələ isə yeni memarlığın keyfiyyətidir. Lakin, bu, ayrı müzakirənin mövzusudur. Şəhərdə hər daşdan yapışıb onu qorumaq mümkün deyil. Gələcək Mərkəzi Parkın ərazisinə daxil ediləcək bəzi binalar nə estetik, nə də tarixi baxımdan dəyər kəsb edir və fiziki baxımdan qəzalı vəziyyətdədir. Belə binaların sökülməsi niyə mümkün olmasın? Sadəcə ona görə ki, XIX əsrdə tikilib? Sabir parkını xatırlayın. Bu gün bakılıların sevimli istirahət məkanına çevrilmiş həmin yaşıl guşə bir vaxtlar bir və iki mərtəbəli tikililərlə dolu idi. Bəs o vaxt həmin binalar sökülməməli idi?”.
E. Əliyev hesab edir ki, memarlıq abidəsi hesab olunmayan bəzi tarixi tikililərin sökülməsi mümkündür və yolveriləndir.