Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 09/10/2026

Paylaşın

HƏR ŞEYDƏN

Meduza: bədheybət, yoxsa tanrıların cəzalandırdığı qadın?

Qədim yunan mifologiyasında minilliklər keçsə də yaddaşımızdan silinməyən obrazlar var. Onlardan biri də Qorqona Meduzadır – ilan saçlı, baxışları ilə insanı daşa çevirən sirli qadın.

Amma Meduzanın hekayəsi yalnız qorxunc bir məxluqun hekayəsi deyil. Mifə diqqətlə nəzər yetirəndə onun arxasında daha faciəli bir tale görünür: bir vaxtlar gözəl olan, sonra isə başına gələnlərin cəzasını özü çəkən qadın…

İlan saçlı qadından əvvəl…

Meduza üç Qorqondan biri, Forkis və Ketonun qızı idi. Bacıları Sfeno və Evrialadan fərqli olaraq ölümlü idi. Mifin xüsusilə Ovididə geniş yayılmış sonrakı versiyasına görə, Meduza əvvəlcə heç də bədheybət deyildi. O, qeyri-adi gözəlliyi və uzun, möhtəşəm saçları ilə tanınan gənc qız idi. Onun gözəlliyi dəniz tanrısı Poseydonun diqqətini çəkir. Rəvayətə görə, Meduza Poseydondan qaçaraq ilahə Afinanın məbədinə sığınır. Lakin Poseydon onu burada da yaxalayır.

Və bundan sonra mifin ən ədalətsiz məqamı başlayır.

Hadisə Afinanın məbədində baş verdiyi üçün Meduza cəzalandırılır. Poseydon yox, məhz Meduza… Çünki Afina onun gözəlliyinə paxıllıq edirdi. Afina onun gözəl saçlarını canlı ilanlara çevirir, sifətini dəhşətli hala salır və bundan sonra gözlərinə baxan hər kəsi daşa çevirmək gücü verir. Beləcə, gözəlliyi ilə seçilən bir qız Qorqona Meduzaya çevrilir.

Perseusun mümkünsüz missiyası

Meduzanın taleyinin sonunu isə gənc qəhrəman Perseus gətirir. Serifos kralı Polidekt ondan demək olar ki, mümkünsüz bir hədiyyə istəyir: Meduzanın kəsilmiş başını. Tapşırığın çətinliyi aydındır: Meduzaya baxan insan daşa çevrilirdi. Perseusa Afina və Hermes kömək edir. Afina ona güzgü kimi parıldayan qalxan, Hermes isə iti silah verir. Perseus Meduzaya birbaşa baxmır, onun yalnız qalxandakı əksini izləyir. Meduza yatarkən ona yaxınlaşır və başını kəsir. Beləcə, dünyanın ən məşhur qəhrəmanlıq səhnələrindən biri yaranır: qəhrəman canavarı onun gözlərinə baxmadan məğlub edir. Lakin Meduzanın hekayəsi burada bitmir.

Ölümdən doğulan Peqas

Meduza öldürülərkən Poseydondan hamilə idi. Başının kəsilməsindən sonra onun bədənindən Poseydonun övladları – qanadlı at Peqas və Xrisaor doğulur. Bu, mifin ən qəribə ziddiyyətlərindən biridir: Ölüm gətirən Meduzanın ölümündən həyat doğulur. Rəvayətə görə, Meduzanın qanının da iki fərqli gücü vardı. Bədəninin bir tərəfindən axan qan ölümcül, digər tərəfindən axan qan isə dirildici və şəfalı idi. Afina bu qandan təbabət tanrısı Asklepiyə verir.

Meduzanın başı isə ölümdən sonra da öz gücünü itirmir. Perseus ondan düşmənlərini məğlub etmək üçün istifadə edir. Sonda başı Afinaya verir və ilahə onu öz qalxanına yerləşdirir. Beləcə, bir vaxtlar cəzalandırılmış qadının üzü qoruyucu simvola çevrilir.

Meduzanın üzü niyə hər yerdə idi?

Qədim Yunanıstanda və Romada Meduzanın başı qorqoneyon adlanan qoruyucu təsvir kimi geniş istifadə olunurdu. Onu qalxanlarda, silahlarda, sikkələrdə, binalarda və müxtəlif əşyalarda görmək mümkün idi. Qorxunc üzün qoruyucu amuletə çevrilməsi ilk baxışda paradoksal görünür. Amma qədim insan üçün şəri qorxutmağın ən yaxşı yolu ondan daha qorxunc bir simvol yaratmaq idi. Meduza artıq yalnız qorxulu bədheybət deyildi. O, qorxunun özünü qoruyan bir gücə çevirən simvol idi.

Göydəki Meduza

Meduzanın izi hətta göydə də qalıb. Perseus bürcündə yerləşən Alqol ulduzu ənənəvi olaraq Meduzanın gözü ilə əlaqələndirilir. Qədim insanlar gecə səmasına baxanda Perseusu əlində Meduzanın kəsilmiş başını tutmuş qəhrəman kimi təsəvvür edirdilər. Sanki Perseus onu öldürsə də, Meduza göydən dünyaya baxmağa davam edirdi. Onun obrazı sonrakı əsrlərdə də rəssamları və yazıçıları ilhamlandırdı. Karavacco və Bernini Meduzanı sənətdə əbədiləşdirdilər, Dante və Höte öz əsərlərində ona müraciət etdilər. XX əsrdə Ziqmund Freyd də “Meduzanın başı” essesində bu obrazın psixoloji mənasını araşdırdı.

Bəs Meduza əslində kim idi?

Minilliklərdir ona “bəheybət” deyirik. Amma mifin sonrakı versiyasına baxanda başqa bir mənzərə görünür. Gözəlliyi ilə seçilən gənc qız, zorakılığın qurbanı, sonra isə tanrıların cəzalandırdığı qadın oldu. Onun gözəlliyi əlindən alındı, saçları ilana çevrildi, sifəti qorxunc oldu və sonda öldürüldü. Amma ölüm belə Meduzanı tarixdən silə bilmədi. Onun qanından Peqas doğuldu, başı qoruyucu simvola çevrildi, üzü qalxanlarda yaşadı, göydə gözü ulduza çevrildi, sənətkarlar isə əsrlər boyu onun üzündə qorxu ilə yanaşı ağrını da axtardılar. Perseus Meduzanın başını kəsdi. Amma onun hekayəsini öldürə bilmədi. Bəlkə də buna görə Meduza bu gün də yaşayır. Və hər dəfə onun gözlərinə baxanda qarşımızda yalnız bir canavar deyil, qədim dünyanın ən böyük suallarından biri dayanır:

İnsan bədheybət doğulur, yoxsa onu həyat bədeybətə çevirir?

Xanım Aydın

Bənzər Xəbərlər

Jurnalist, yazıçı-tərcüməçi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bakının Babək prospektində yol nişanı artıq 1 aydır ki, aşıb.

Ən son

GÜNDƏM

Baki-baku.az AZƏRTAC-a istinadən xəbər verir ki, məktubda deyilir:

GÜNDƏM

Baki-baku.az AZƏRTAC-a istinadən xəbər verir ki, məktubda deyilir:
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin