Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 10/03/2025

Paylaşın

TARIXI ŞƏXSİYYƏTLƏR

Məcnun rəssam – Səttar Bəhlulzadənin rənglərlə yazılmış taleyi – BAKILILAR

Səttar Bəhlulzadə, Rəssam

Onun adı deyildikdə göz önünə möcüzəli Azərbaycan təbiətini xatırladan rəsm lövhələri gəlir. Dağlar, çaylar, qızılı günbatanlar, güllü çəmənlər… Amma bu rəngli səsi, sözü olmayan tablolarda əslində bir ruhun, bir təkliyin, bir eşqin ürək döyüntüləri var. O, yalnız fırçasıyla yox, həm də yaşadığı ömürlə sənətə çevrilmiş bir insan idi. O, Səttar Bəhlulzadə idi – Azərbaycan təsviri sənətinin Məcnunu.

Bir riyaziyyatçının rənglərə vurğunluğu

1909-cu ilin soyuq dekabr günlərindən birində Əmircan kəndində dünyaya gələn Səttarın məktəb illərində riyaziyyata marağı o qədər güclü idi ki, hər kəs onun gələcəyini bu sahədə görürdü. Amma onun içində bir rəngli aləm böyüyürdü. Hər kəs rəsm çəkməyi ötəri həvəs sayarkən, o bu “həvəsin” həyatına çevriləcəyindən bixəbər idi.

Onun rəssamlıq yolu Əzim Əzimzadənin rəhbərliyi ilə “Kommunist” qəzetində çəkdiyi karikaturalardan başlayır. Əzimzadə onu Moskvanın Surikov adına Rəssamlıq İnstitutuna yönləndirir. Orada aldığı klassik təhsil, Şaqal kimi müəllimlərin təsiri ilə birləşərək onun yaradıcılığına poetik dərinlik və rəng ekspressiyası qazandırır. Amma bu akademik təhsil Səttarın içindəki sərbəst ruhu cilovlaya bilmir. O, qaydalara sığmayan bir sənətkar idi.

Təbiətin vurğunu yox, aşiqi

Səttarın tabloları sadəcə mənzərə deyil – onlar duyğuların, fəlsəfənin, tənhalığın ifadəsidir. “Qudyalçay vadisi”, “Qızılbənövşəyə gedən yol”, “Babək üsyanı” kimi əsərləri onun təkcə gözlə gördüyünü deyil, ruhla hiss etdiyini göstərir. Hər ağac, hər dağ, hər çay onun iç dünyasının rəmzinə çevrilmişdi. O, təbiəti sadəcə çəkən deyil, onu yaşayan, onunla danışan, ona aşiq olan idi. Elə bir aşiq ki, hər kadrı ilə təbiətə bir sevgi məktubu yazırdı.

Eşqi gizli, tənhalığı sarsılmaz rəssam

Səttar Bəhlulzadə ömrü boyu evlənmədi. Amma onun da bir Məcnun kimi içində gizlətdiyi bir Leylisi var idi – Maral Rəhmanzadə. İkisi də eyni məktəbdə təhsil alır, eyni sənətlə nəfəs alırdı. Amma bu eşq Səttar üçün yalnız daxili bir aləmdə yaşadı. Maral ona dost gözü ilə baxdı, başqa biri ilə ailə qurdu, sonra ayrıldı. Amma Səttar heç vaxt bu məhəbbəti dilinə gətirmədi. Onun məhəbbəti rəsmlərində yaşadı, rənglərdə danışdı.

Mavi gözlü Məcnunun qəribəlikləri

Onun həyat tərzi də sıradan deyildi. Nimdaş geyimlər, beretinə atılmış sədəqə (bir dəfə yolda isti havada beretini çıxarıb yanına qoyur, yuxu aparan rəssam oyananda papağında xeyli pulun olduğun görür), xalça üzərində mürəbbə ilə çəkilmiş rəsm (gecə vaxtı dostu Bəxtiyar Vahabzadənin evinə qonaq gedən rəssama çay süfrəsi açılır. Səttar qəflətən barmağını mürəbbəyə batırıb yerdəki xalçanı qaldırır və döşəmədə ceyrana bənzər rəsm çəkir), qaranlıq otaqda yandırdığı şamlar fonunda Füzuli qəzəlləri… Səttar dünyaya bənzəmirdi, dünya da ona. O, yaşayışı ilə sənətini bir-birinə bürümüşdü. Sanki Məcnun çöllərdə dolaşdığı kimi, Səttar da fırçasıyla ruhun çöllərində dolaşırdı.

Axırıncı fəsil – Kədərli, amma ləyaqətli

Səttarın ömrünün son illərində sarılıq xəstəliyindən əziyyət çəkdi. Dostlarının hər gün gətirdiyi gül, meyvələrə baxıb otuz doqquz dərəcə qızdırma ilə rəsmlər çəkib xəstəxananın divarlarına yapışdırdı. 1974-cü ildə vəfat edən öz istəyinə ilə anasının yanında, Əmircan torpağında dəfn edildi.

Yaddaşda yaşayan rəssam

Səttar Bəhlulzadə yalnız fırçası ilə deyil, yaşam tərzi, düşüncə dərinliyi, məhəbbəti və sükutu ilə Azərbaycan sənətində əbədi iz qoydu. Onun həyatı – bir rəsm tablosu kimi zahirən sakit, içində isə tufanlı id…

O, bu dünyanın qanunlarına yox, öz ruhunun qanunlarına tabe idi.

Bəlkə də o, rəssam yox, rənglərlə yazan bir şair idi. Və bəlkə də, elə Səttar Bəhlulzadə idi bu torpağın sonuncu Məcnunu…

Xanım Aydın

Bənzər Xəbərlər

Jurnalist, yazıçı-tərcüməçi

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Baki-baku.az bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.

Ən son

GÜNDƏM

Cəbrayıl şəhəri 2020-ci il oktyabrın 4-də Ermənistan silahlı qüvvələrinin işğalından azad edilib.

GÜNDƏM

Cəbrayıl şəhəri 2020-ci il oktyabrın 4-də Ermənistan silahlı qüvvələrinin işğalından azad edilib.
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin