Ayrılarmı könül candan?!
“Azərbaycan” şeiri ilə mənsub olduğu millətin birlik-bütövlük rəmzinə çevrilən Səməd Vurğun 1906-cı ilin bahar bayramında, martın 21-də Qazax mahalında, Yuxarı Salahlı kəndində dünyaya gəldi. Tale onu Füzulidən Vaqifə bitib-tükənməyən yol gələn Ana dilli poeziyanın sarvanına çevirdi. 30-cu illərin dəhşətli repressiyalarında Səməd Vurğunun incə ruhlu şeirləri, mükəmməl poemaları Cümhuriyyət adında müqəddəsliyi əlindən alınan Azərbaycan xalqının Vətən dili adlı nur çeşməsi oldu. Ölkədə bütün kargüzarlıq işlərinin rus dilində aparıldığı bir dönəmdə dünya Azərbaycan türkcəsini Səməd Vurğunun lirik-romantik misralarında tanıdı. Səməd Vurğunun poeziyası tarixlə müasirlik arasında körpü olmaqla yanaşı, taleyin sərt üzündən özü öz tarixi torpaqları ilə həmsərhəd olan Vətənin bütövlük rəmzinə çevrildi. “Kürəkçay”dan, “Türkmənçay”dan, “Gülüstan”dan sonra heç bir şair üzünü imperiyalara tutub: “El bilir ki, sən mənimsən, Yurdum, yuvam, məskənimsən, Anam doğma Vətənimsən, Ayrılarmı könül candan? Azərbaycan! Azərbaycan!” deyib, zamana, quruluşa meydan oxumamışdı. O, vurğun idi, Vətənin hər daşına, sal qayasına, axar çayına belə vurğun olan Vurğun! Soyu, soy-kökü, şəcərə dəftəri ilə ana tərəfdən Molla Pənah Vaqif ucalığına, müqəddəsliyinə bağlı olan Səməd Vurğun bütün ruhu, duyğuları ilə Molla Pənah Vaqifin “Vəziri-azam” əzəmitini, şair əlçatmazlığını mənəvi dünyasında yaşadırdı.
Firudin bəy Köçərlidən dərs almışdı
Səməd Vurğun ustad aşıqların, azman sənətkarların, qüdrətli pedaqoqların, adını hərb tarixinə qızıl hərflərlə həkk edən sərkərdələrin diyarında dünyaya gəlmişdi. Zamanının ən böyük müəllimindən, Firudin bəy Köçərlidən dərs almışdı. 1918-ci ildə Qori Müəllimlər Seminariyasını Qazaxa köçürən Firudin bəy Köçərlinin ən istedadlı tələbələrinin, Mirqasım Əfəndiyev, Mehdixan Vəkilov kimi gələcəyin qüdrətli pedaqoqlarının sırasında yer almışdı. Övlad həsrəti ilə yaşasa da, mənəvi varisləri ilə qürur duyan Firudin bəy Köçərlinin və Badisəba xanımın sevimli şagirdlərindən olmuşdu. O, həm də ilk məhəbbətin oduna yanmışdı.
İki dəfə Stalin mükafatı aldı
30-cu illərdə, həm də mütərcim kimi ədəbi mühitə öz möhrünü vuran Səməd Vurğun Aleksandr Puşkinin, Maksim Qorkinin, Şota Rustavelinin məşhur əsərlərini, Nizami Gəncəvinin “Leyli və Məcnun” əsərini fars dilindən Türkcəmizə çevirməklə Nizaminin irsini öz millətinə təqdim etdi. 1930-cu ildə işıq üzü görən “Şairin Andı”, 1934-cü ildə işıq üzü görən “Könül dəftəri”, 1935-ci ildə çap olunan “Şeirlər” adlı kitabları ilə milli-mənəvi dəyərlər xəzinəmizi zənginləşdirən Səməd Vurğun, təkcə 1935-ci ildə qələmə aldığı 7 poema və 100-dən çox şeirlə şair əzəmətini dünyaya nümayiş etdirdi. 1930-1940-cı illərdə fitri istedadının yelkəni ilə geniş ədəbiyyat nəhrinə baş vuran şairin 1933-cü ildə qələmə aldığı “Azərbaycan” şeiri mənsub olduğu millətin, məmləkətin birlik-bütövlük rəmzinə, “Manifest”inə çevrildi. Onun Taras Şevçenkodan, İlya Çavçavadzedən, Canbul Cumayevdən etdiyi tərcümələr ölkənin ədəbi-mədəni əlaqələrinə bir töhfə oldu. 1937-ci ilin dəhşətli repressiyaları ilə burulğana düşən, Hüseyn Cavid, Mikayıl Müşfiq, Əhməd Cavad, Seyid Hüseyn, Salman Mümtaz, Firudin bəy Köçərli, Hənəfi Zeynallı kimi fikir, düşüncə və qələm sahiblərini itirən Azərbaycanın möcüzələr nəticəsində xilas olan dahilərindən idi Səməd Vurğun.
“Vaqif” dramı Səməd Vurğunu Stalin-Mikoyan-Beriya qəzəbindən qorudu
30-cu illərin qara yelləri onun təkcə şair ilhamının imtahan ili deyildi, həm də şəxsiyyətinin, ləyaqətinin sınağı idi. Onu, bu dəhşətli illərdən 37-38-ci illərin Qırmızı Terrorundan məhz fitri istedadı xilas etdi. Üzeyir bəyi “Koroğlu” operası xilas etdiyi kimi “Vaqif” dramı da Səməd Vurğunun xilaskar mələyinə döndü. Hər iki dahini Stalin-Mikoyan-Beriya qəzəbindən qorudu. Həttə o dərəcədə qorudu ki, hər iki qüdrətli sənətkar Stalin mükafatına layiq görüldü. Bu dahilərin divanı idi. Baş sarayda Stalin adında “Sultan” olsa da, söz və sənət mülkündə Sultan Üzeyir bəy və Səməd Vurğun idi.
“Vaqif” dramı SSRİ-nin düşüncə sistemini dəyişdi. Şura Hökuməti Qafqazlara, Azərbaycana gələrkən sübut etmək istəyirdi ki, elmi, mədəniyyəti, dövlətçilik ideologiyasını məhz Lenin inqilabı gətirib. Səməd Vurğun “Vaqif”lə sübut etdi ki, Sovetlər gələnə qədər də onun, Vaqif kimi nəinki dövlət xadimi olub, o, həm də Xaqani, Nizami, Nəsimi, Füzuli, Şah İsmayıl Xətai kimi qüdrətli şair olub. Nə saraylara, nə də imperiyalara baş əyib. “Mütləq doğru halət görmədiyi” dünyadan incisə də, xalqdan dönməyib.
Nizami Gəncəvinin 800 illik yubileyi ərəfəsində mühüm vəzifələrin öhdəsindən ləyaqətlə gələn, “Leyli və Məcnun” poeamasını Azərbaycan türkcəsinə çevirən Səməd Vurğun “Xanlar” dramı ilə təkcə bir inqilabçının, Xanlar Səfərəliyevin deyil, azadlıq və hürriyət duyğuları ilə alışıb-yanan bir qəhrəmanın obrazını qələmə aldı. “Azad İlham” kitabından sonra, 1941-ci ildə Nizami Gəncəvinin “Xosrov və Şirin” poemasının motivləri əsasında mənzum dramını qələmə alan şair əsl məhəbbəti Fərhadın Şirinin eşqinə çapdığı Bistun dağında deyil, saf duyğuda, sevgidə, halal zəhmətdə olduğunu sübut etdi. 1942-ci ildə Səməd Vurğun məhz bu əsərə görə 2-ci dəfə Stalin mükafatına layiq görüldü.
Bakı qəhrəman şəhərlər sırasında yer almasada
Bu il Faşizm üzərində Qələbənin 80 illiyidir. Bakı qəhrəman şəhərlər sırasında yer almasada, Azərbaycan xalqı bu müthiş müharibədə 300 min oğul və qızını Şəhid verdi. Səngərlərə sipər olan 600 min insanı, məşhur diviziyaları ilə Bakıdan Berlinədək savaşdı. Bakı nefti SSRİ Silahlı Qüvvələrinin qan damarına çevrildi. Stalin, Molotov, Jukov, Rokasovski kimi mümkün olmayanları mümkünə çevirənlərin sırasında Dağıstan Vilayət Partiya Komitəsinin Birinci Katibi polkovnik-komissar Əziz Məmmədkərim oğlu Əliyev ilə yanaşı, “Neftin Oktan ədədi”ni və “Molotov kokteyli”ni ixtira edən Akademik Yusif Məmmədəliyevlə birlikdə həm də hər bir əsəri bir dastana, orduya bərabər olan Səməd Vurğun yer aldı. Müharibə dövrü ədəbiyyatının ən qiymətli incilərini yaradan Səməd Vurğun Qroznıdan, Mozdokdan, Krım və Novorasiski cəbhələrindən keçib qələməni süngüyə çevirdi. “Ananın öyüdü”, “Ukrayna partizanlarına” şeirləri təkcə müharibə dövrü ədəbiyyatının şah əsərləri hesab olunmadı, həm də, dünya ədəbiyyatını incisi kimi 1943-cü ildə ABŞ-da keçirilən müharibə əleyhinə yazılmış ən qiymətli əsərlər kimi müsabiqələr qalibi oldu. 1943-cü ildə onun təşəbbüsü ilə yaradılan Füzuli adına Ziyalılar evi hərbi vətənpərvərliyin təbliği üzrə tək və yeganə məkan olaraq dünya tədqiqatçılarının maraq dairəsinə çevrildi. Məhz bu təşəbbüsünə görə Səməd Vurğun SSRİ-nin rəhbəri marşal Stalinin ali mükafatlarına layiq görüldü.
Akademiyanın 15 təsisçisindən biri
1945-ci ildə Azərbaycan SSR-də Elmlər Akademiyası təsis olunanda ilk 15 təsisçidən biri kimi rəsmi dövlət sənədinə imza atan Səməd Vurğun SSRİ və Azərbaycan rəhbərinin qərarı ilə İkinci Dünya müharibəsindəki fəal iştirakına, ədəbiyyat sahəsindəki nəaliyyətlərinə görə Akademiyanın həqiqi üzvü seçilmişdir. 1945-ci ildə şairin qələmə aldığı “İnsan” poeaması təkcə bir fəlsəfi-dram əsəri deyildi. Bu gün də dünyanın ehtiyac duyduğu insanlıq adlı ali duyğunun təbliği və təşviqi üçün müqəddəs vasitə idi.
Səməd Vurğun təkcə şair, müəllim və alim deyildi, o, həm də qüdrətli ictimai-siyasi xadim idi. İranla Mədəni Əlaqələr Cəmiyyətinə rəhbərlik edən Səməd Vurğunun 1945-ci ildə Güney Azərbaycana gəlişi İran-Azərbaycan münasibətlərində yeni mərhələnin əsasını qoyduğu kimi, həm də Güney Azərbaycan məsələləri ilə bağlı problemləri gündəmə gətirmişdi.
Səməd Vurğun qüdrətli şair, fikir və düşüncə sahibi, ictimai-siyasi xadim idi. Bir deputat kimi fəaliyyəti təkcə ölkədə deyil, Sovet İttifaqında belə təqdir edilirdi. Çünki, o, bu dünyaya sevginin, məhəbbətin, dostluğun, qardaşlığın simvollarından biri kimi gəlmişdi. Bir alim, eyni zamanda ədəbiyyatşünas kimi onun gördüyü möhtəşəm işlər Azərbaycan Elmlər Akademiyasının qurulmasında mühüm nailiyyətlərdən olmaqla yanaşı, həm də təməl prinsiplərdən idi. Ulu Öndər Heydər Əliyevin Xalq şairi Səməd Vurğunun 90 illik yubileyinə həsr olunan tədbirdəki çıxışı da dediklərimizə əyani sübutdur: “Səməd Vurğun, eyni zamanda böyük alim, filosof idi. Səməd Vurğun Azərbaycan Elmlər Akademiyasının təsisçilərindən, yaradıcılarından biridir. O, sadəcə akademik seçilmiş bir adam deyil. Səməd Vurğun və məhz onun kimi Üzeyir Hacıbəyov, Heydər Hüseynov, Yusif Məmmədəliyev, Mustafa bəy Topçubaşov, Mirzə İbrahimov və başqa belə insanların təşəbbüsü nəticəsində 1945-ci ildə Elmlər Akademiyası yaranıbdır. Bu böyük tarixi hadisədir. Burada Səməd Vurğunun xidmətləri böyükdür. Ən böyük xoşbəktlik ondadır ki, Səməd Vurğun ömrünün son illərində həmin akademiyanın vitse-prezidenti vəzifəsini daşımışdır və Azərbaycan elminin, ədəbiyyatşünaslığının inkişafında çox əvəzsiz xidmətlər göstərmişdir.”
50-ci illər üçün xərçəngin bir adı, ünvanı vardı QƏHƏR!
Səməd Vurğunun “Zəncinin arzuları”, “Avropa xatirələri”, “Muğam”, “Aygün”, “Zamanın Bayraqdarı” poemaları bu gün də sevilərək oxunan ədəbi nümunələrdi. Onun 1954-cü ildə Sovet Yazıçılarının İkinci Ümumittifaq Qurultayında “Sovet poeziyası haqqında”kı məruzəsi öz mənəvi tutumuna görə ciddi elmi əsərlərdən biri kimi qəbul olunmuş, SSRİ-də xüsusi nüfuz sahibi olan şairə şöhrət gətirmişdi.
Səməd Vurğun yaradıcılığının bütün yönləri ilə tək və yeganə idi. Əvəzsiz idi. Onu istənilən səviyyələrdə sevdilər. Xalqın və dövlətin sevimlisi olan Səməd Vurğun dünya şöhrətini yuxarıda qeyd etdiyimiz kimi fitri istedadı ilə qazandı.
Mübtəla olduğu ağır xəstəlik günümüzün reallığı olsa da, 50-ci illər üçün xərçəngin bir adı, ünvanı vardı QƏHƏR! Səməd Vurğun 30-cu illərin Qəhərini də, kədərli gecələrini də, qaranlıq səhərlərini də görmüşdü. Yan-yörəsindən aparılan Nargin adasında güllələnən, Sibirə sürgün edilən dostlarının ağrısı onu, içindən çürütmüşdü. Yoxsa 50 il nə idi ki!?
İmam Mustafayev “Xalq şairi” fəxri adını məhz onun üçün təsis etdi
Quruluşun, zamanın rənginə-ahənginə baxmayaraq Bakıda Bağırov, Moskvada Stalin onu etiraf edirdi. Onun fitri istedadına, bir orduya bərabər qələminin qüdrətinə ehtiyac var idi. Abbas Mirzə Şərifzadənin zindandan xilası üçün Bağırova müraciət edən, hər dəfə Birinci katibin əllərinin ortasında sıxılan “Qara Qələmlər”dən biri kimi sındırılacağını, daha doğrusu gedər-gəlməzə göndəriləcəyini bilsə belə, Cavidin, Müşfiqin, Əhməd Cavadın adını tutmaqdan çəkinmirdi. Dövrün cöhrü onu dərmansız dərdə mübtəla etmişdi. Stalinizm başa çatdıqdan, Bağırov rejimi bitdikdən sonra iqtidara gələn akademik İmam Mustafayev digər istedadlı insanlar kimi Səməd Vurğunuda xüsusi qayğı ilə əhatə etmişdi. Amma artıq gec idi. 1956-cı ilin martında, Onun ölkənin Birinci şəxsi kimi aldığı tarixi qərar akademik səviyyəsinin və Vətən pərvər hissinin ən böyük nümunəsidir. Səməd Vurğunun 50 illik yubileyi həmin ilin mart ayına təsadüf etmişdi. Azərbaycan KP MK-nın Birinci katibi İmam Mustafayev Şairin şərəfinə Azərbaycan SSRİ-də “Xalq Şairi” fəxri adının təsis olunması üçün qərar almışdı. Qərara əsasən 001 nömrəli vəsiqə Mirzə Fətəli Axundova adına Opera və Balet Teatrında mayın 12-də Azərbaycanın ilk xalq şairi Səməd Vurğuna təqdim olunmuşdu. SSRİ-nin nüfuzlu sənət, mədəniyyət, incəsənət və elm xadimlərinin iştirak etdiyi təntənəli yubiley mərasimindən sonra unudulmaz Səməd Vurğun mayın 27-də 19:30-da dünyaya vida nəğməsi oxudu. Onunla Vida mərasimi Azərbaycan Dövlət Filarmoniyasında təşkil olundu. Üç gün davam edən Vida mərasimindən sonra Şair Fəxri Xiyabanda torpaq müqəddəsliyinə qovuşdu.
Bakının biri-birindən qiymətli ünvanları, məkanları var. Fəxri Xiyabanın yeri, məqamı isə Şəhidlər Xiyabanı qədər müqəddəsdir, əzizdir. Burada millət, məmləkət qurucuları, Vətəni Vətən edən dahilər uyuyur. Fəxri Xiyabanın geniş darvazasının açıldığı qapıda isə hər kəsi bir möhtəşəm abidə qarşılayır. Bu “Ayrılarmı könül candan!? Azərbaycan! Azərbaycan!” nidası ilə milləti əbədi birliyə-bütövlüyə səsləyən Xalq şairi Səməd Vurğunun abidəsidir. Məkanı cənnət, məqamı uca olsun!
Heydər Əliyev – Əminəm ki, Səməd Vurğunun ədəbi irsi daima yaşayacaq
Səməd Vurğunun vəfatından sonra adı təkcə ölkəmizdə deyil, keçmiş SSRİ məkanını çevrələyən respublikalarda, xarici ölkələrdə əbədiləşdirilib. Möhtəşəm abidələri, büstləri ucaldılıb. Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətinin birinci mərhələsində aldığı rəsmi qərarla yaşadığı mənzil Səməd Vurğunun Ev-Muzeyinə çevrilib. 1974-cü ildə alınan bu qərardan sonra, 1975-ci il oktyabrın 6-da Ulu Öndər Heydər Əliyevin iştirakı ilə təntənəli şəkildə açılışı olub.
Açılış mərasimində çıxış edən Ulu Öndər Heydər Əliyev şairin milli-mənəvi dəyərlər tariximizdə yeri və rolu barədə mühüm məqamları diqqətə çatdırıb. Şairin 90 illik yubileyinin keçirilməsi ilə bağlı xüsusi Sərəncam imzalayan Ulu Öndərin Muzeyin rəy kitabına yazılan fikirləri isə Xalq şairi Səməd Vurğunun irsinə, şəxsiyyətinə verilən dəyər kimi hər birimiz üçün qiymətlidir: “Bu gün böyük şair Səməd Vurğunun 90 illiyini qeyd edərkən 1975-ci ilin oktyabr ayını xatırlayıram. O günlər dahi şairin Ev-Muzeyinin təntənəli açılışı oldu. Ötən illər ərzində muzey Səməd Vurğunun həyat və yaradıcılığını təbliğ etmək üçün çox iş görüb. Xalqımızın mədəniyyətinin inkişafına böyük xidmət göstərib. Əminəm ki, Səməd Vurğunun ədəbi irsi daima yaşayacaq. Muzey ölkəmizin görkəmli mədəniyyət ocağı kimi şərəfli işə bundan sonra da xidmət edəcəkdir.
Ulu öndər Heydər Əliyevin hər iki siyasi hakimiyyəti dövründə aldığı qərarlar Müzəffər Ali Baş Komandan Prezident cənab İlham Əliyev tərəfindən bu gün bütün mənalarda uğurla davam etdirilir. Ulu Öndərin Səməd Vurğunun irsinə və şəxsiyyətinə münasibətinin əlaməti kimi Prezident İlham Əliyevin 13 dekabr 2011-ci ildə “Xalq şairi Səməd Vurğunun ev-muzeyinin əsaslı təmiri haqqında” sərəncamı da dediklərimizə əyani sübutdur. Onu da qeyd edək ki, Sərəncama əsasən həm də, Səməd Vurğunun irsi dövlət varidatı elan olunan əsərlərin siyahısına daxil edilib, əsərləri latın qrafikası ilə nəşr olunub.
Səməd Vurğun tək və yeganə şairimiz, alim və ictimai-siyasi xadimimizdir ki, qalxdığı bütün kürsülərdə iki qoşa qanadı, varisləri ilə görünüb. Ondan sonra onlu dünyamızı, həm də Yusif və Vaqif Səmədoğlunun yaradıcılığı zinətləndirib. Atalarının şair və ictimai xadim kimi qalxdığı ali kürsülər onlarla şərəflənib. Fəxri Xiyabanda da belədir. Kəlam və Qələm adına üç müqəddəs məzar eyni ocağa, ailəyə, həm də Səməd Vurğun dəyərinə, əyarına bağlıdır!
Şərəf Cəlilli