Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 10/08/2026

Paylaşın

ƏDƏBİYYAT

Marina Svetayeva – özünü sözə çevirən qadın və ya Gümüş dövrünün qızıl şairi

Marina Svetayeva

Marina Svetayeva… Həyatını şeirə çevirən qadın, şair, qeyri-adi insan…

Onun həyatı sanki başdan-başa yarımçıq qalmış görüşlərdən, ayrılıqlardan, sürgünlərdən, aclıqdan, sevgidən, xəyanətdən və heç bir yerə sığmayan bir ruhdan ibarət idi. Amma bütün bunların içindən elə misralar çıxırdı ki, insan Svetayevanı oxuyanda onun taleyinə yox, ilk növbədə səsinə heyran qalırdı. O səs heç kimə bənzəmirdi.

Svetayeva 1892-ci ilin bu günündə – 8 oktyabrda Moskvada, sənət və elm nəfəsi ilə yaşayan bir ailədə dünyaya gəlmişdi. Atası filoloq və sənətşünas İvan Svetayev sonralar Moskva İncəsənət Muzeyinin yaradıcılarından biri oldu, anası Mariya Meyn isə istedadlı pianoçu idi. Anası onun musiqiçi olmasını istəyirdi. Marina isə çox erkən yaşda öz yolunu seçdi – altı yaşında şeir yazmağa başladı. İlk kitabını isə cəmi 18 yaşında öz hesabına çap etdirdi. Kitabın adı da təsadüfi deyildi: “Axşam albomu”.

Svetayevanın içində əvvəldən bir narahatlıq vardı. O, adi xoşbəxtliyə sığmırdı.

Marina Svetayeva

Sevgini sevirdi, rahatlığı yox

1912-ci ildə Sergey Efronla evləndi. Ariadna adlı qızları dünyaya gəldi. Sonralar bir oğlu – Georgi də doğulacaqdı. Efron onu sevirdi. Svetayeva da ərinə bağlı idi. Amma bu bağlılıq onun başqa insanlara, başqa duyğulara, başqa ehtimallara qapısını bağlamırdı. Svetayevanın sevgisi qəribə idi: o, bəzən insanın özündən çox, insanın yaratdığı hissi sevirdi.

Onun həyatında şair Osip Mandelştamla yaxınlıq, daha sonra Sofiya Parnokla iki il davam edən romantik münasibət oldu. Parnokla əlaqəsi Svetayevanın yaradıcılığında dərin iz buraxdı. Bu münasibət sadəcə şəxsi həyat hadisəsi deyildi – iki şairin söz dünyasına da çevrildi. Ona “Rəfiqə” adlı şeirlər silsiləsi həsr etdi.

Boris Pasternak isə başqa idi. Svetayeva ilə Pasternakın münasibəti uzun müddət məktubların içində yaşayan bir sevgi oldu. Onlar bir-birinə illərlə yazdılar. Svetayeva Pasternakı real həyatdan daha çox öz xəyalında böyüdürdü. Onun üçün Pasternak bir insan olmaqdan çıxıb, çatılması mümkün olmayan bir mənzilə, bir uzaq ölkəyə, bəlkə də heç vaxt tam tapılmayacaq “o biri yarıya” çevrilmişdi.

Onların yazışmaları poeziya ilə məktub arasındakı sərhədi yox edirdi.

Svetayeva bir dəfə yazmışdı: “Mənə öz yarımı tapmaq çətindir. Çünki mən bu həyatda tək düşünülmüşəm.” Bəlkə də onun bütün həyatı bu cümlənin içində idi. Qızı Efron Ariadnanın “Mənim anam” kitabında Sevtayeva və Pasternak münasibətlərindən belə yazırdı: “İyirminci illərdə və otuzuncu illərin əvvəllərində, yaradıcılığının tam formalaşmış bir dövründə Svetayevanın yazdığı hər bir şey ürəkdən ürəyə Pasternaka ithaf olunmuş, ona istiqamətlənmiş və sanki bir dua kimi məhz ona yönəlmişdir”.

Marina Svetayeva

Axmatova ilə səssiz qohumluq

Svetayevanın ədəbi dünyasında Anna Axmatovanın da xüsusi yeri vardı. Bu iki qadın rus poeziyasının iki ayrı qütbü kimi görünürdülər. Axmatovanın şeirlərində sükut, dəqiqlik və təmkin vardı; Svetayevada isə külək, qasırğa, sıçrayış, içdən partlayan söz. Amma onların ikisi də Rusiya ədəbiyyatının gümüş dövrünün qızıl şairləridir. Maraqlıdır ki,  aralarında qəribə bir mənəvi yaxınlıq vardı. Svetayeva Axmatovanın poeziyasını yüksək qiymətləndirirdi və ona şeir həsr etmişdi. Axmatova da Svetayevanı öz nəslinin böyük şairlərindən biri kimi qəbul edirdi. Ədəbiyyat tarixində onların adları sonralar bir-birindən ayrılmaz şəkildə çəkildi. İki qadın, iki fərqli poetik səs, eyni dövrün ağır havası… Biri sükutun içindən danışırdı, o biri sükutu yarıb keçirdi. Onların məktubları da ədəbiyyat dünyasının ən dəyərli yazışmalarından biri kimi zamanın dalğalarında yaşayır.

Marina Svetayeva

Ariadna və İrina: Svetayevanın bağışlaya bilmədiyi günah

1917-ci ildən sonra həyat onun qarşısına ən qəddar üzünü çıxardı. Efron hərbi xidmətə getdi. Svetayeva iki qızı ilə Moskvada qaldı. Aclıq başladı. Ana uşaqlarını yaşatmaq üçün onları uşaq evinə verməyə məcbur oldu. Orada kiçik qızı İrina xəstələndi və 1919-cu ildə öldü. Bu ölüm Svetayevanın içində ömrünün sonuna qədər sağalmayan yara kimi qaldı. O, özünü bağışlamadı. Bəlkə də sonralar yazdığı bütün “məni bağışla”lar bir az da həmin balaca qıza ünvanlanmışdı. Svetayeva həyatda çox şeyə dözə bildi, amma öz vicdanından qaça bilmədi. Bir şeirində hisslərini belə ifadə edirdi:

Özüm öz əsarətimdə

Taqətsizlikdən çarpışırdım…

Və Marina olsa da adım

Ona əlavə edin: çox əzab çəkmiş qadın!..

(tərcümə: Xanım Aydın)

Sürgün, Paris və yenidən itirmək

1922-ci ildə ailəsi ilə birlikdə Rusiyanı tərk etdi. Berlin, Praqa, daha sonra Paris…

Amma Svetayeva üçün şəhərlər heç vaxt adicə şəhər deyildi. Paris ona gəncliyindəki Paris kimi yenə də bir qədər yad, bir qədər ögey görünürdü. Ailə yoxsulluq içində yaşayırdı. Ədəbiyyat onun əsas qazanc mənbəyi idi. Əri işləyə bilmirdi, qızı Ariadna ailəyə kömək etmək üçün müxtəlif işlər görürdü, oğlu isə hələ kiçik idi. Svetayeva məktublarının birində ailəsinin “asta-asta aclıqdan öldüyünü” yazırdı. Amma bütün bunlara baxmayaraq, onun içində başqa bir dünya yaşayırdı. Orada stansiyalar vardı, gecə fənərləri vardı, gözlədiyi adamlar vardı və heç vaxt baş verməyən görüşlər vardı. Şeirlərin birində deyirdi:

Səbirlə,  çınqılı döyürlərmiş kimi,

Səbirlə, ölümü gözlərmiş kimi,

Səbirlə, xəbərləri dinlərmiş kimi,

Səbirlə, intiqam göyərdirlərmiş kimi,

Gözləyəcəklər səni…

(tərcümə: Xanım Aydın)

Marina Svetayeva

Vətənə qayıdış və sonuncu qaranlıq

1939-cu ildə Svetayeva Sovet İttifaqına qayıtdı. Amma vətənə qayıdış onun üçün xilas olmadı. Əksinə, yeni bir faciənin başlanğıcı oldu. Qızı Ariadna həbs edildi. Əri Sergey Efron da həbs olundu və sonradan güllələndi. Ariadna uzun illər sonra bəraət aldı. Svetayevanın özü isə artıq əvvəlki Svetayeva deyildi. Şeirin səsi getdikcə susurdu. O, tərcümələrlə məşğul olurdu. Əsərləri qəbul edilmirdi. Bir vaxtlar öz kitabını çap etdirmək üçün pul tapan qadın indi Ədəbiyyat Fondunun yeməkxanasında qabyuyan işləmək üçün müraciət edirdi. Və sonra Yelabuqa… 1941-ci il, 31 avqust.

Svetayeva 48 yaşında həyatına son qoydu. Ardında isə rus dilinin ən özünəməxsus, ən ağrılı, ən üsyankar poetik səslərindən birini buraxdı. Onun son məktublarından biri oğluna idi. Sanki bütün həyatını bir neçə cümləyə sığdıraraq: “Məni bağışla…”

Bu, bəlkə də Svetayevanın bütün ömrü boyu axtardığı söz idi. Bağışlanmaq, anlaşılmaq… Və ən əsası – olduğu kimi sevilmək.

Çünki Svetayeva üçün insanı sevmək onun sakit, rahat, hamının qəbul etdiyi tərəfini sevmək deyildi. O, insanın içindəki fırtınanı da sevməyi istəyirdi. Bəlkə buna görə onun şeirləri yüz il sonra da köhnəlmir. Çünki Svetayeva öz dövrünün qadını deyildi yalnız. O, öz içində heç bir dövrə sığmayan qadın idi. Onun simvolu bəlkə də küləkdir, küləyi tutmaq olmur axı. Elə Svetayevanı da.

Onu yalnız oxumaq, dinləmək və gec də olsa anlamağa çalışmaq mümkündür.

Və bəlkə də o, bütün həyatı boyu buna inanırdı: “Məni deyil, mənim içimdəki dünyanı sevin.”

Xanım Aydın

Bənzər Xəbərlər

Jurnalist, yazıçı-tərcüməçi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Oktyabrın 8-də paytaxtın bir sıra ərazilərinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.

Ən son

ƏDƏBİYYAT

Marina Svetayeva... Həyatını şeirə çevirən qadın, şair, qeyri-adi insan...

ƏDƏBİYYAT

Marina Svetayeva... Həyatını şeirə çevirən qadın, şair, qeyri-adi insan...
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin