Azərbaycan mədəniyyət tarixində bir soyad var – hamının tanıdığı, hamının sevdiyi. O soyad təkcə bir ailəni yox, bütöv bir dövrü, düşüncə tərzini və sənət məktəbini ifadə edir. Maqomayevlər məhz belə nadir nəsillərdəndir. Bu soyadın arxasında klassik musiqinin təməli, dövlət idarəçiliyində məsuliyyət, səhnə sənətinin romantik ruhu və nəhayət, milyonların sevdiyi bənzərsiz bir səs dayanır.
Üç nəslin – Dörd şəxsiyyətin taleyi bir-birindən fərqli yollarla cərəyan etsə də, hamısını birləşdirən ortaq xətt var: xidmət, fədakarlıq və sənətə sədaqət.

Bəstəkar Müslüm Maqomayev – Azərbaycan klassik musiqisinin təməl daşı
Əbdülmüslüm Məhəmməd oğlu Maqomayev (1885–1937) Azərbaycan professional musiqisinin banilərindən biri kimi tarixə düşüb. Qroznıda dəmirçi ailəsində doğulan Müslüm Maqomayev uşaqlıqdan musiqiyə bağlı idi. Onun istedadı ailə mühitində formalaşdı, böyük qardaşı ilk müəllimi oldu.
Qori Müəllimlər Seminariyasında təhsil aldığı illər onun taleyini müəyyənləşdirdi. Məhz burada Üzeyir Hacıbəyovla tanışlığı başladı və bu dostluq Azərbaycan musiqi tarixində nadir yaradıcılıq birliyinə çevrildi. Seminariyada skripka və qaboyda mükəmməl ifası, orkestrə dirijorluq etməsi gənc Müslümün musiqi potensialını açıq göstərirdi.
Maqomayev müəllimlik fəaliyyətini Şimali Qafqazda, Lənkəranda və Bakıda davam etdirərək təkcə dərs demədi – xorlar, orkestr və teatr truppaları yaratdı. Onun fəaliyyəti bir şəhərin deyil, bütöv bir regionun mədəni həyatına təsir göstərirdi.
Bəstəkarın yaradıcılığının zirvələri olan “Şah İsmayıl” və xüsusilə “Nərgiz” operaları Azərbaycan musiqi tarixində yeni mərhələ açdı. “Nərgiz” Avropa klassik opera forması ilə milli musiqi elementlərini birləşdirən ilk nümunə kimi yadda qaldı. Bu əsərlə Maqomayev sübut etdi ki, Azərbaycan musiqisi dünya səhnəsinə klassik dillə çıxa bilər.
O, üç yüzdən artıq xalq mahnı və rəqsini toplayıb simfonik işləmə verdi, folkloru qorudu, sistemləşdirdi. Müslüm Maqomayev 1937-ci ildə Nalçikdə vəfat etsə də, onun adı bu gün də Azərbaycan Dövlət Akademik Filarmoniyası ilə birlikdə yaşayır.

Cəmaləddin Maqomayev – sənətdən dövlətə uzanan yol
Bəstəkarın böyük oğlu Cəmaləddin Müslüm oğlu Maqomayev (1910–1977) atasının sənət yolunu deyil, dövlətçilik və sənaye sahəsini seçdi. Lənkəranda doğulan Cəmaləddin Maqomayev texniki təfəkkürü, təşkilatçılıq bacarığı ilə fərqlənirdi.
Azərbaycan Sənaye İnstitutunu bitirdikdən sonra Leninqradda ağır maşınqayırma zavodunda çalışdı, müharibə illərində isə Azərbaycanın hərbi sənaye potensialının formalaşmasında mühüm rol oynadı.
O, müxtəlif illərdə Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini, yerli sənaye naziri, Dövlət Plan Komitəsinin rəhbər heyətində çalışdı, uzun illər SSRİ Nazirlər Soveti yanında Azərbaycan SSR-in daimi nümayəndəsi oldu.
Cəmaləddin Maqomayev üçün soyad məsuliyyət idi. O, bu məsuliyyəti səssiz, amma nəticəli xidmətlə daşıdı.

Məhəmməd Maqomayev – yarımçıq qalan sənət, bütöv bir qəhrəmanlıq
Müslüm Maqomayevin kiçik oğlu Məhəmməd Maqomayev (1916–1945) ailənin ən romantik, ən ziddiyyətli siması idi. Rəssam, teatr və kino rəssamı, şair ruhlu bir insan…
Atasının xatirələrində Məhəmməd qaynar təbiətli, sərbəst ruhlu, sənətə vurğun bir gəncdir. O, Qafqazın müxtəlif şəhərlərində tamaşalar hazırlayır, teatr mühitində istedadı ilə seçilirdi.
Amansız müharibə onun həyatını yarımçıq qoydu. Şimali Qafqazdan Berlinə qədər döyüş yolu keçən çavuş Məhəmməd Maqomayev kəşfiyyatçı kimi böyük şücaət göstərdi. Dörd döyüş ordeni aldı və 1945-ci ilin aprelində Berlin yaxınlığında həlak oldu.
O, səhnəni yarımçıq qoydu, amma tarixdə bir qəhrəman kimi tamamlandı.

Müslüm Maqomayev – səsə çevrilən taleyin zirvəsi
Bu nəslin ən parlaq nümayəndəsi, dünya miqyasında tanınan sənətkar – Müslüm Məhəmməd oğlu Maqomayev (1942–2008) oldu.
Babası musiqinin təməlini qoymuşdu, atası sənət eşqi ilə yaşamışdı – Müslüm isə bütün bu irsi səsə çevirdi. Bariton səsi ilə opera səhnələrini, estrada ilə milyonların qəlbini fəth etdi.
“La Skala” təcrübəsi, “Olimpiya” səhnəsi, SSRİ stadionları, qrammofon valları, televiziya ekranları – o, bir dövrün musiqi simvoluna çevrildi. Rəşid Behbudovdan sonra SSRİ məkanında bu qədər sevilən ikinci azərbaycanlı səs məhz Müslüm Maqomayev idi.
Onun ifasında mahnılar təkcə oxunmurdu – yaşanırdı. Klassika, estrada, kino musiqisi, dünya hitləri – hamısında eyni dərəcədə inandırıcı idi.
2008-ci ildə dünyadan köçsə də, heykəlləri, filmləri, adına verilən parklar, küçələr və ən əsası, yaddaşlarda qalan səsi ilə yaşayır.
Xanım Aydın