Şəmsi Əsədullayev hər yeni malikanənin təməlini qoymazdan öncə ailə üzvlərini bir masa ətrafına yığar, ortasına qızıl sikkələr və kəllə qəndlə dolu iki küp qoydurardı. Hər kəs oradan pay götürüb yeni binanın təməlini atardı
Bakının imzasına çevrilən məşhur binalar çoxdur. Dövlət mirası elan edilən həmin binaların sırasında biri də var ki, o həm də adı, ünvanı ilə məşhurdur. “Neft Kralının Sarayı” adlanan, Bakının Qoqol, Tolstoy və Həzi Aslanov küçələrinin kəsişməsində yerləşən bu bina neft maqnatı və mesenat Şəmsi Əsədullayevə məxsusdur. Saray 1896-cı ildə alman memar Yohon Vilelim Edemin layihəsi əsasında tikilib. Dövrünün ən məşhur və dəbdəbəli tikililərindən sayılan saray zəngin memari quruluşu, bəzəkli salonları, ecazkar pəncərələri, klassik üslubda hörülən divarları, daş eyvan və məhəccər detalları onu bütün dövrlərin sənət incisinə çevirib.
Bu məhşur saraya şöhrət gətirən isə başqa bir məqamdır. Deyilənə görə Şəmsi Əsədullayev hər yeni malikanənin təməlini qoymazdan öncə ailə üzvlərini bir masa ətrafına yığar, ortasına qızıl sikkələr və kəllə qəndlə dolu iki küp qoydurardı. Hər kəs oradan pay götürüb yeni binanın təməlinə atardı.
Şirinliyə, ruzi-bərəkətə, sağlam cana, möhkəm iradəyə hesablanan bu məqam dünyaşöhrətli mühəndis – memarın, neft maqnatının, mesenatın, milli keyfiyyətlərini, əski gələnəklərdən gələn dəyərlərə münasibətini özündə ehtiva etməklə yanaşı həm də onun ailə bağlarına, övlad məhəbbətinə bir nümunədir.

Üç küçənin birləşdiyi nöqtədən boy verən gözəllik
Qoqol, Tolstoy və Həzi Aslanov küçələrinin kəsişməsində, Bakının mərkəzində yerləşən, onun zinətinə, həm də möhnətinə çevrilən bu binanın önündən hər gün olmasa da , hər bir şəhər sakini ayda bir neçə dəfə keçir. Zəngin memari quruluşu, məhəcərinə, pəncərəsinə yaraşıq verən meynəsi ilə fərqlənən bu binaya baxanda bəlkə də onun “Neft Kralının Sarayı”, Hacı Zeynalabdin Tağıyev, Nabat xanım Aşurbəyli, Murtuza Muxtarov kimi millətinin mariflənməsi, şəhərinin gözəlləşməsi üçün əlindən gələni əsirgəməyən Şəmsi Əsədullayevə məxsus olduğunu bilmir. Bundan xəbəri olmayanlar, heç onun təməlinə möhrəsinə atılan ovuc-ovuc qızıl sikkədən , kəllə qənddən də xəbərsizdir. Ən əsası, Şəmsi Əsədullayevin bir kübar , əsilzadə kimi həm də genetik kodlara adət-ənənələrə nə qədər bağlı olduğundan da xəbərsizdirlər.

Cabbar əminin Seyidə qızıldan qaval bağışladığı toyun mülkü
Bakının ürəyinin başında, Qoqol, Tolstoy və Həzi Aslanov küçələrinin kəsişməsində bir bina var: Bakı milyonçusu, mühəndis- memar kimi Xəzərin yaxasından Bulvarı inciyə çevirən Şəmsi Əsədullayevə məxsus bir malikanə.Təməlinə kəllə qənd və qızıl sikkələr atılan bu mülk bir zamanlar Mülkü-Turanın, 20-ci illərin Bolşevik Rusyasının gəlişindən sonra isə Mülkü-viranın –Şəmsi Əsədullayevin dünyası , sevinc, səadət adına dağılan röyasıdır.
Ötən əsrin əvvəlində bu malikanədə dillərə dastan bir düyün – toy süfrəsi açılmış, qabağında bəy kəcavəsi dayanmışdı. Dünyanın naz-nemətinin töküldüyü süfrənin baş köşəsində Buxara əmiri, Hacı Zeynalabdin Tağıyev, Şamaxılı İbrahımxəlil bəy, Naxçıvan Milli Şurasının və Qızlar Seminaryasının qurucusu Mirzə Nəsirulla bəy Əmirov, Qarapapaq Türk Cümhuriyyətinin qurucusu Emin ağa Acalov, Şahnaz Abbas, Sadıqcan, Cabbar Qaryağdıoğlu, Seyid Şuşinski kimi dahilər əyləşmişdi. Şəmsi Əsədullayev həmin gün nüfuzlu qonaqların ayaqları altında qoç kəsdirmiş, ustad sənətkarları qızıla tutmuşdu. Həmin gün bu tarixi binada bir tarixi hadisə də yaşanmışdı : Məşhur mesenat, Şamaxı əsilzadəsi, ata tərəfdən Nadir şah Əfşara, ana tərəfdən Şamaxı xanı Mustafa xana bağlı olan, məşhur malikanəsində ilk Muğam Mərkəzini, kitabxana və qiraətxananı, üsuli – cədid yolu ilə qurulan yeni tipli məktəbin təməlini qoyan, saxsı borularla dağlardan Şamaxıya bulaq çəkdirən, kəhrizlər qazdıran, karvansaraları ilə Yaxın və Orta Şərqdə məşhur olan Mahmud ağanın Cabbar Qaryağdıoğluna bağışladığı qızıl işləməli qavalı Cabbar əmi Seyid Şuşinskiyə bağışlamışdı.

1918-ci ilin Mart soyqrımı zamanı Hacı Zeynalabdin Tağıyevin, Təzəpir məscidinin axundu Ağa Əlizadənin və ilk Rus- tatar Məktəbinin, kitabxana, qiraətxana və teatrın qurucusu Bakı Dumasının üzvü Müsəlman Xeyriyyə Cəmiyyətinin sədri, ilk Müəllimlər Qurultayının təşkilatçısı Həbib bəy Mahmudbəyovun rəhbərliyi ilə Mart soyqrımının qurbanları Təzəpirdən Çəmbərəkəndə, indiki Şəhidlər Xiyabanına qaldırılmışdır. Şəhidlərin son duasını Ağa Əlizadə tutmuş, məzarlarının baş ucunda isə Seyid Şuşinski “Zəminxarə” ni ifa etmişdi.
Mahmud ağanın Cabbar Qaryağdıoğluna, Cabbar əminin Seyidə bağışladığı qavalın ünvanından tez-tez keçirik. Bilənlər o əhvalatı bilir, bilməyənlər də Mövlana Cəlaləddin Ruminini qeyd etdiyi kimi bildiyi qədər bilir…

Saray kimi qurulan,nisgil, həsrət kimi yadda qalan İmarət
“Neft Kralının Sarayı “ saray kimi quruldu. Nisgil, həsrət, haray kimi yadda qaldı. Sahibinin son mənzili doğulduğu Xilədə – Əmircandadır. Sarayın yaddaşlardakı, qəlblərdəki yeri də fərqlidir. Təməlinə şirin qənd , qızıl sikkələr atılan, daşından, divarından, tavanından, meynəli – məhəccərindən, ecazkar pəncərələrindən belə min xatirə boylanan bu sarayda indi özgələr, başqa adamlar yaşayır. Quruluş dönüb, dövran dəyişsə də, xatirələr şirindir, əzizdir. Əziz olanlar isə qəlbimizdə, gözbəbəyimizdədir.

“Seyid, “Zəminxarə”dən müğayat ol…”
“Neft Kralının Sarayı”nın önündən elə-belə keçməyin. Ayaq saxlayın! Onun eyvanından təkcə Şəmsi Əsədullayevin qüdrəti, əzəməti, millət sevgisi boylanmır. Buradan həm də Mahmud ağanın sevdası, Cabbar əminin, Seyidin nəvası, havası, davası boylanır. Cabbar əmi bu zəngin saraydan üzü İrəvana Gəncəyə sarı baxıb: “ İrəvanda xan qalmadı, Gəncədə sultan qalmadı, daha məndə can qalmadı, o xal nə xaldır, qoşa düzdürmüsən?” deyir. Cabbar əmi İrəvandan sonra bu mahnını Şəmsi Əsədullayevin qızının, digər bir Bakı milyonçusu Musa Nağıyevin qardaşı oğlunun toyunda oxumuşdu. Qavalı Seyid Şuşinskiyə təqdim edəndə isə “Seyid, “Zəminxarə”dən müğayat ol,” demişdi. Hava da , dava da, bina da taleyimiz olmuşdu.
Qoqol da, Tolstoy da var olsun. Kaş, bir gün gözümüzü açaq ki, üç küçənin kəsişdiyi ünvanda ikisindən birini götürüb yerinə Şəmsi Əsədullayevin adını yazıblar. Qoqolsuz ədəbiyyat, Şəmsi Əsədullayevsiz Azərbaycan dünyası olmaz!
Bakını xəzrisi, gilavarı, qırlı damları, sadə, əzəmətli adamları, meynəli bağları Xəzərin yaxasına kəhrəba kimi dolanan Bulvarı ilə sevənlər də belə düşünür yəqin…
Şərəf Cəlilli