Birinci yazı:
Aleksandr Düma: “Mahmud bəyin evi Dərbənddən Tiflisə qədər gördüyüm evlərin ən gözəli idi. O, Şərq memarlıq üslubunda tikilmiş qiymətli bir imarət idi.
Şəcərə dəftəri ilə Əfşarlara, Şirvan şahlarına, Osmanlı sultanlarına, Səfəvi hökmdarlarına bağlı olan Mahmud ağa ata tərəfdən Nadir şah Əfşarın xəzinədarı, indiki dilnən desək, maliyyə naziri vəzifəsini tutmuş Hacı Sadıq ağanın yadigarı idi.
Səfəvilər dövləti qardaş qılıncına doğrandıqdan, Şah İsmayıl Xətai qılıncı qına qoymaq məcburiyyətində qaldıqdan sonra, birliyi-bütövlüyü pozulan o taylı – bu taylı Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün iki tarixi şəxsiyyət, Sərkərdə-xaqan Nadir şah Əfşar və Ağa Məhəmməd şah Qacar qılınc sıyırıb imperiyaların üzərinə yeridi. Səfəvilər İmperiyasının tarixi torpaqlarını yenidən bir Bayraq altına birləşdirmək məqsədi ilə Şirvanşahlar İmperiyasına, Dərbəndin Qala divarlarına qədər gələn Nadir şah Əfşarın bu böyük arzusunun gerçəyə çevrilməsində Hacı Sadıq ağanın və onun soyuna bağlı tarixi simaların xüsusi rolu olmuşdu. Şamaxıda və Dəmirçilər kəndində binə salan Hacı Sadıq ağadan oğlu Hacı Cavad ağaya və nəvəsi Əhməd Sultan ağaya kifayət qədər mülklər, malikanələr qalmışdı. Hacı Cavad ağa dövrünün yüksək təhsilini görmüş, saray, siyasət dilini mənimsəmiş, ərəb, fars dillərində mühüm mənbələri vərəqləmişdi. Onun bir mülkədar kimi mülkləri və malikanələri olmaqla yanaşı, həm də, çoxsaylı karvansaraları var idi. Oğlu Əhməd Sultan ağaya miras qalan həmin karvansaraların dördü Şamaxının son zəlzələsinə qədər qalırmış. Karvanları Yaxın və Orta Şərqə, Xəzər hövzəsinə, Türküstana qədər işləyən Əhməd Sultan ağa iri-iri toxuculuq fabriklərinə, mülk və malikanələrə, əkin-biçin sahələrinə malik olmaqla yanaşı, onun Şamaxının bir çox kəndlərində – Mərzəndə, Çarhan, Şıxzərli və Dəmirçilərdə mülkləri də mövcud idi.

Firudin bəy Şuşinski: “Mahmud ağa musiqi tarixində görkəmli musiqişünas kimi yer tutur, pəsdən oxuyur, tar çalırdı
Tanrı bu xeyirxah, qüdrətli simaya, vətənpərvər insana özü kimi ləyaqətli övladlar bəxş etmişdi. Elə övladlar ki, onların hər biri ruhu, duyğuları, sevgiləri ilə Vətən – Azərbaycan olacaqdı. Tarixdə Azərbaycan muğamlarının himayədarı, xilaskarı kimi qalan, xeyirxahlıq, yaxşlıq missiyası ilə şöhrət qazanan Hacı Mahmud ağa Hacı Əhməd Sultan ağa oğlu genetik kodlarının diqtəsi ilə tarix yaratdı. Təkcə mülklərə, malikanələrə, karvanlara sahib olmadı. Mədrəsələr, məktəblər açdı. Kitabxana, qiraətxana qurdu. Adı ilə bağlı Muğam Məktəbini – Mərkəzini yaratdı. Pəsdən ifası, şirin tar çalması ilə dövrünün ustad sənətkarlarını belə heyrətə saldı. Azərbaycan muğamlarının mahir bilicisi, professor Firudin bəy Şuşinski Hacı Mahmud ağanın irsi və şəxsiyyəti ilə bağlı qeyd edirdi: “Mahmud ağa musiqi tarixində görkəmli bir musiqişünas kimi yer tutur. O, pəsdən oxuyur, tar çalırdı. Mahmud ağa bir gününü musiqisiz keçirməz, “Şüştər”lə yatıb, “Osmanlı” ilə oyanardı.” Bu bir tarixi şəxsiyyətin, muğam bilicisinin, mütəfəkkir alimin digər bir qüdrət sahibinə verdiyi dəyər idi.

Xanəndə Əbülhəsən və Hacı Nəcəf bəy Mahmud ağanın bir musiqişünas, ifaçı kimi yetişməsində əmək sərf etmişdirlər
Mahmud ağa Əhməd Sultan Ağa oğlu 1826-cı ildə “Türkmənçay”dan, “Gülüstan”dan iki il öncə dünyaya gəlmişdi. Azərbaycanı imperiyalar arasında o taya – bu taya bölüb parçalayanlar, sinəsinə Dərbənd, Təbriz, Borçalı, İrəvan, Zəngəzur dağı çəkənlər unudurdular ki, tarixin bütün dönəmlərində onun birlik-bütövlük rəmzinə dönən, xilaskarlıq missiyasını öz üzərinə alan simaları doğulur. Əhməd Sultan ağanın babası Hacı Sadıq ağanın, atası Hacı Cavad ağanın duyğularının davamçısı olaraq gördüyü oğlu Hacı Mahmud ağa belə şəxsiyyətlərdən idi. Əhməd Sultan ağa oğluna mükəmməl təhsil vermişdi. Öncə onu, özünün himayə etdiyi, İmamlı məscidində açdığı mədrəsədə, sonra Şamaxının Qəza məktəbində oxutdurmuşdu. Bununla kifayətlənməmişdi. Ona həm də ciddi musiqi təhsili vermişdi. Mustafa xanın sarayından tanıdığı, dostluq etdiyi xanəndə Əbülhəsən və nüfuzlu musiqişünas, şair, xanəndə Hacı Nəcəf bəy Mahmud ağanın bir musiqişünas, ifaçı kimi yetişməsində əmək sərf etmişdirlər.

Atasının istəyi ilə Mustafa xanın nəslindən olan Sultan bəyin qızı Gövhər xanımla ailə qurmuşdu
Əhməd Sultan ağa Hacı Cavad oğlu XIX əsrdə Şamaxıda qeyd etdiyimiz kimi nüfuzlu mülkədar və tacir Hacı Cavad ağanın ailəsində doğulmuşdu. Mollaxana və mədrəsə təhsili almışdı. Atasının istəyi ilə Mustafa xanın nəslindən olan Sultan bəyin qızı Gövhər xanımla ailə qurmuşdu. Mustafa xanın kürəkənlərindən biri, həm də Şamaxının mənəvi dəyərlərinin himayədarı kimi tarix yaratmışdı. Övladlarını da bu ruhda yetişdirmişdi. Eynən özü kimi şair və musiqiçi olan oğlunun – Mahmud ağanın – musiqiyə, ədəbiyyata marağını, istəyini nəzərə alıb, onun adına Şamaxının İmamlı məhləsinin Pirani –Şirvan məhəlləsi səmtindəki bağlarında xüsusi bir malikanə – mülk tikdirən Əhməd Sultan ağa Şamaxının məşhur memar və daşyonanlarını malikanəsinə dəvət edib bu tarixi arzusunu gerçəkləşdirmişdi. “Təəssüf ki, Azərbaycan memarlığının əsrarəngiz nümunələrindən biri olan bu saray 1859-cu il zəlzələsində yerlə-yeksan olmuş, Mahmud ağa sarayı ikinci dəfə bərpa etdirmişdi. Qəzavü-qədərin tərsliyindən 1902-ci il zəlzələsi də divarlarına Azərbaycanın qüdrətli sənətkarlarının səsi, avazı hopan, ən gözəl və unudulmaz musiqi məclislərinə qollarını açan və bənzərsiz səhnələrə şahidlik edən sarayı minlərlə hədiyyə, əlyazma, musiqi alətləri və şəkilləri ilə birlikdə təkrarən yerlə-yeksan edir. O zaman artıq nə Əhməd Sultan ağa, nə də ki Mahmud ağa sağ idilər. Ata və oğulun ucaltdığı saray dağılsa da, onlar özləri ilə axirət dünyasına gördükləri saysız-hesabsız nəcib işlərin, xeyirxah əməllərin və yaxşılıqların uzun siyahısı ilə qovuşmuşdular”.

Aşıq Bilalın “Mahmud ağa gərayı”sı ilk dəfə məhz bu salonda səslənmişdi
Bu məşhur üç mərtəbəli malikanənin ikinci mərtəbəsində mövcud olan böyük salonu Əhməd Sultan ağa məhz muğam ifaçıları üçün nəzərdə tutmuşdu. Tarixdə “Qızıl Salon” adı ilə qalan bu sənət məbədində Mahmud ağanın Muğam Məktəbi – Mərkəzi qurulmuşdu. Bu mərkəzdə saysız-hesabsız muğam müsabiqələri keçirilmişdi. O müsabiqələrin dünyaşöhrətli ifaçıları olmaqla yanaşı, məşhur ziyarətçiləri də olmuşdu. Dəmirqapı Dərbənddən Borçalıya, Türküstandan İrəvana, Təbrizdən Naxçıvana, Qarabağdan Qaradağa yüzlərlə ifaçı sənət imtahanına çəkilmişdi. Mahmud Ağanın nə az, nə çox, düz bir ömür, 40 il rəhbərlik etdiyi Muğam Mərkəzindən Cabbar Qaryağdıoğlunun, Sadıqcanın, Bülbülcanın, Şahnaz Abbasın, Məşədi Əkbərin, Mirzə Məhəmməd Həsənin, Aşıq Bilalın, Topal Nəcəfqulunun, Davud Səfiyarovun, Mirzə Güllərin, Güllər Pərisinin səsi asimana bülənd olmuşdu. Mirzə Məhəmməd Həsənin “Şur”u, “Çahargah”ı, Zülfüqarın “Gərayı”sı, Çopur Nəcəfqulunun “Hümayun”u, Cabbarın “Orta Mahur”u, Hacı Hüsünün “Kürdü Şahnaz”ı, Aşıq Bilalın “Peşro”ları, ustad ifaları “Qızıl Salon”un zinətinə, həm də, möhnətinə çevrilmişdi. Bahar Şirvaninin, Raqibin, Bixudun, Qafilin, Salikin, Səfanın, Sağərinin, Binəva Şirvaninin, Zühurinin, Seyid Əzim Şirvaninin ruhun qida yeri olan qəzəlləri məhz Mahmud ağanın sarayında dinləyicilərə, ifaçılara təqdim olunmuşdu. Sənətin, mədəniyyətin xiridarlarının könlünə yol tapmışdı. Firudin bəy Şuşinskinin dili ilə desək: Aşıq Bilalın “Şüştər”lə yatıb, “Osmanlı” ilə oyanan Mahmud ağaya həsr etdiyi “Mahmud ağa gərayı”sı da ilk dəfə məhz bu salonda səslənmişdi.

Mahmud ağanın malikanəsi Şirvan şahlığının mikro modeli idi atası
Mahmud ağanın malikəsini, Muğam Məktəbini – Mərkəzini Şirvan şahlarının və Şamaxı xanının saraylarının mikro modeli hesab edən tədqiqatçılar qeyd edirlər ki, bura həm də, nüfuzlu musiqiçilərin, rəqqas və rəqqasələrin, rəssamların, səyyahların cəm olduğu bir məbəd idi. Mahmud ağanın Muğam Məktəbindən kimlər gəlib keçməmişdi, kimlər imtahana çəkilməmişdi ki!? Dövrünün tanınmış rəqqasələri, Nisənin, Rənanın, Sonanın, Səkinənin, Məleykənin, rəqqas Hikmətin unudulmaz ifaları sənət əsərlərinə çevrilərək günümüzə qədər gəlib çıxmışdır. Knyaz Qaqarinin “Şamaxılı rəqqasə” adını verdiyi əsərində əks olunan Şamaxı gözəlləri bu gün də sərgi salonlarını işvəsi, nazı, incə rəqsi ilə süsləyir.
Mahmud ağanın qüdrətli bir mesenat, sənətin, mədəniyyətin himayədarı kimi yetişməsində qeyd etdiyimiz kimi atası Əhməd Sultan ağanın xüsusi yeri və rolu olmuşdu. Özü də gözəl şair olan Əhməd Sultan ağa atasından miras qalan karvansara və mülklərində dövrünün məşhur kitabxana və qiraətxanalarını yaratmış, Nəcəfdə, Kufədə, Səmərqənddə təhsil almaq niyyətində olan gəncləri dəstəkləmişdi. Əldə olunan məlumatlardan bəlli olur ki, həmin dövrdə Şamaxının nüfuzlu bəylərindən biri Əkbər ağanın təşəbbüsü ilə Seyid Əzim Şirvani “Beytüs-Səfa” ədəbi məclisini qurur. Məclisin himayədarlıq missiyasını öz üzərinə alan Əhməd Sultan ağa Seyidin rəhbərlik etdiyi Şamaxı Qəza məktəbinin himayədarı olmasına baxmayaraq, bu məsələdə də ona yardım əlini uzadır. “Beytüs-Səfa”ya karvansaralarının birində yer ayırır. Məşhur dostlarını: Xəlil bəyi, Mürsəl bəyi, Nəcəf bəyi, Nağı bəyi səfərbər edərək şairlərin əsərlərinin üzünün köçürülməsi, onların məişət qayğılarının azaldılması kimi xeyirxahlığa, yaxşılığa dəvət edir. Hacı Əhməd Sultan ağanın təşəbbüsü ilə bu məşhur bəylər təkcə Şamaxının yox, digər yörələrin də ədəbi, mədəni mühitlərinin inkişafına töhfələr verirlər. Mahmud ağa 24-25 yaşlarında olanda atası Əhməd Sultan ağanın sayəsində dövrünün nüfuzlu ağa və bəyləri, imkan sahibləri, xeyirxah insanları, şair və musiqiçiləri ilə yaxından dost olmuşdu. Onların sırasında Seyid Əzim Şirvani, Bixud, Sağəri, Qafil, Molla Əliabbas kimi simalar var idi. Şamaxının elmi, mədəni, ədəbi mühitinin inkişafında xüsusi xidmətləri olan bu qələm sahibləri tarixlə müasirlik arasında körpüyə çevrilir, Şirvani imzası, künyəsi ilə qələm çalan dahilərin hördükləri sənət məbədinin tavanına dönürlər.

Şamaxıda qurulan “Beytüs-Səfa”nın və Muğam Məktəbinin səsi Qarabağa – Xurşudbanu Natəvana yetir
Seyid Əzim Şirvaninin rəhbərlik etdiyi “Beytüs-Səfa” ədəbi məclisi Əhməd Sultan ağanın mülkündə, onun və oğlu Mahmud ağanın himayəsində sənət gülzarına çevrildi. Belə bir ədəbi məclis Şuşada, Mirzə Kərim Fənanın rəhbərliyi ilə qurulmuşdu. Şuşada təməli qoyulan “Xanəndələr Məclisi”nə isə Mirmövsüm Nəvvab rəhbərlik edirdi. Hər iki məclisin himayəyə ehtiyacı var idi. Seyid Əzim Şirvaninin “Beytüs-Səfa”sının, Mahmud ağanın Muğam Məktəbinin səsi, sorağı Qarabağa, Xurşudbanu Natəvana, Qarabağ xanlığının son vərəsəsinə çatır. Uzun müddətli məktublaşmadan sonra Seyid Əzimi öz doğma yurdunda ziyarətə gələn Xurşudbanu Natəvan Əhməd Sultan ağanın ruhunun aynası, Mahmud ağanın sənət, mədəniyyət dünyası olan “Qızıl Salon”da olur. 1874-cü ildə Xanqızını sonsuz ehtiram və ehtişamla qarşılayan Mahmud ağa onun şərəfinə ziyafət təşkil edir, qurban kəsib sədəqə ayırır. Şamaxının əsilzadələrini, zadəganlarını, sənət camiasının pərvanələrini onun şamının şöləsinə yığır. Bu əzəmətli malikanədən, sənətin, mədəniyyətin himayə olunduğu məbəddən ayrılanda Xanqızı qəlbində tarixi qərar alır: Mirzə Kərim Fənanın rəhbərlik etdiyi “Məclisi-Üns”ə, Mirmövsüm Nəvvabın ruhunun qida yeri – “Musiqi və Muğam Məclisi”nə malikənasində xüsusi guşə ayırmaq barədə qərar alır. “Məclisi-Üns”ə rəhbərlik etməklə isə onun nüfuzuna nüfuz gətirir. Bu həm də onun şair şöhrətini göylərə qaldırır. Mahmud ağa Xurşudbanu Natəvanı Qalaya – Şuşaya Qızılı Faytonda yola salır. Zər-zibanın, al qumaşın içərisində. O, Hacı Sadıx ağanın, Mustafa xanın törəsi idi. Yola saldığı da, sıradan bir tarixi şəxsiyyət deyildi. Şuşanın binəsini qoyan Pənahəli xanın, İbrahim Xəlil xanın, Cavad xanın, Mehdiqulu xanın varisi, Qarabağın son vərəsəsi idi.

Seyid Şuşinski həmin qavalla 1918-ci il Soyqırımı zamanı Təzəpir məscidində yuyulub-kəfənlənən Şəhidləri Çəmbərəkəndə qaldırır
Mahmud ağa dövrünün nüfuzlu şəxsiyyəti, mesenatı, himayədarlıq missiyası ilə adını milli-mənəvi dəyərlər tariximizə yazan qüdrətli simalardan idi. 40 il rəhbərlik etdiyi Muğam Məktəbində – Mərkəzində keçirilən Muğam müsabiqələrində qaliblərə bağışlanan hədiyyələrin siyahısını təqdim etmək kifayət edir ki, onun geniş qəlbinin, səxavətinin, sonsuz sənət, mədəniyyət sevgisinin, hüdudları məlum olmayan məhəbbətinin şahidi olursan. Qızıl saatlar, üzüklər, təsbehlər, bazübəndlər, kəmərlər, sinəbəndlər, qızılı işləməli araqçınlar, arxalıqlar, çuxalar, çərkəzi papaqlar, zəncirli cib saatları, tütün qabları, tütün kisələri barədə düşündükcə özü də ustad sənətkar, musiqişünas olan Hacı Mahmud ağanın sənət, mədəniyyət sevgisinə heyrət edirsən. Bu məşhur müsabiqələrin yekun konsertlərinin birində Mahmud ağa Cabbar Qaryağdıoğluna qızıldan qaval, Sadıxcana qızıldan tar hədiyyə edir. Cabbar Qaryağdıoğlu qavalı 1913-cü ildə Şəmsi Əsədullayevin qızının toyunda Seyid Şuşinskiyə hədiyyə edir. Seyid Əmi həmin qavalla təkcə yüzlərlə istedadlı muğam ifaçısı yetişdirmir, ağır-ağır məclislərin başında durur, toy-büsatlarda xeyir-dua verir, bu hələ nədir ki? Seyid Şuşinski həmin qavalla 1918-ci il Soyqırımı zamanı Təzəpir məscidində yuyulub-kəfənlənən Şəhidləri Çəmbərəkəndə qaldırır. “Zəminxarə”nin səsi asimana bülənd olur. Qəribəsi, daha maraqlısı isə odur ki, Şəhidlərin vida törənində Hacı Zeynalabdin Tağıyevlə birlikdə nitq irad edən tarixi şəxsiyyətlərin biri də Vida Komissiyasının üzvü Mahmud ağanın nəvəsi Həbib bəy İbrahimxəlil bəy oğlu Mahmudbəyovdu.

Mahmud ağa təkcə sənəti, mədəniyyəti deyil, həm də imkansız ailələrin istedadı övladlarını himayə edirdi
Mahmud ağanın Azərbaycan muğamlarının, xalq mahnılarının, aşıq sənətinin qorunması qarşısındakı xidmətləri bununla bitmir. O, bir xeyirxah kimi həm də, imkansız ailələrin səsi, nəfəsi, istedadı olan övladlarını sarayında himayə edir. Qəyyumluq missiyasını öz üzərinə alır, ayrı-ayrı ifaçıları onlara ustad təyin edir. Onlardan biri də, elə həmin “Qızıl Salon”da Mahmud ağadan mükafat kimi qızılı bazübənd və saat alan Davud Səfiyarovdu. Davud atasız, arxasız, istedadlı bir uşaq olur. Bakıda iş tapmayan anası onun əlindən tutub Mahmud ağanın malikanəsinə gedir. Orda xidmətçi kimi işə başlayır. Davud ağanın sürülərini otaran çobanların yanında çörək qazanır. Zənguləsinin sorağı Mahmud ağaya çatır. Onu Şamaxının məşhur sənətkarı, ən yaxın dostu Mirzə Məhəmməd Həsənə həvalə edir. Mirzə Məhəmməd Həsənin sayəsində Davud Səfiyarov sonralar Azərbaycanın məşhur xanəndələrindən birinə çevrilir. Üstündən 100 il ötəndən sonra Mahmud ağanın nəvəsi rus-tatar məktəbinin qurucusu Həbib bəy İbrahimxəlil bəy oğlu Mahmudbəyov mədrəsədən imkansızlığa görə qovulan, şəhərdə ayrı-ayrı evlərdə nökərçilik edən kasıb bir qadının oğlunu – Hüseyni məktəbinə alacaq, onu əyin-başla, dərsliklə təmin edəcək, ilk teatr truppasını quranda isə ona kiçik bir rol verəcəkdi. Ustad sənətkarımız Nəsibə xanım Zeynalovanın atası Cahangir Zeynalovun rəhbərliyi ilə qurulan o tamaşadan sonra Hüseyn sənətin və səhnənin əbədiyyət qapısını açacaq, Hüseyn Ərəblinski kimi şöhrət qazanacaqdı.
Şərəf Cəlilli