Dördüncü yazı
Mahmud ağa bütün həyatını millətin, məmləkətin, Şamaxının tərəqqisinə həsr etmişdi. Məşhur mesenat, nüfuzlu ictimai xadim kimi Şamaxı xanlığının ənənələrini, idarəçilik təlimini fəaliyyətində yaşatmışdı. Dövrünün nüfuzlu ictimai xadimləri, fikir və düşüncə sahibləri, sənət-söz adamları kimi millətin irəli getməsi, cəhalətdən qurtuluşu, dirçəlişi üçün əlindən gələni əsirgəməmişdir. Naxçıvan Milli Şurasının, Naxçıvan Müdafiə Komitəsinin sədri, Naxçıvan Qızlar Seminariyasının təsisçisi, Araz-Türk Cümhuriyyətinin qurucularından biri Mirzə Nəsrulla bəy Əmirov Şərur düzündən Naxçıvana, Xurşudbanu Natəvan Sarıbaba dağından Şuşa qalasına saxsı borularla su çəkdiriyi kimi, Mahmud ağa və oğlu Hacı İbrahim Xəlil ağa da Şamaxıya saxsı borularla su çəkdirmiş, kəhriz və ovdanlar qazdırmışdı. Bu ənənəni sonralar Millət Atası Hacı Zeynalabdin Tağıyev Xaçmazdan Bakıya Şollar suyunu çəkdirən, Azərbaycanda ilk Qız Məktəbini qurarkən, ilk teatr binasının, ilk mətbu orqanın təməlini qoyarkən davam etdirmişdir.

Mahmud ağa 74 il ömür sürdü. İradənin gücü, xarakterin əyilməzliyi, genetik kodların diqtəsi, sonsuz millət, məmləkət sevgisi ilə tarix yaratdı. O tarixin səhifələrinə adını mütəfkkir alim, muğam bilicisi, incə, pəsdən ifaları ilə seçilən ifaçı, ən əsası xeyirxahlıq, yaxşılıq nümunəsi, müasir dillə desək mesenat kimi yazdı. İrsi, şəxsiyyəti və varisləri ilə sübut etdi ki, millət, məmləkət qurucusu olaraq tarix yaratmaq əbədiyyət çeşməsindən şərbət süzmək kimi bir müqəddəslikdir. Mahmud ağa 1901-ci ildə öz malikanəsində, daha doğrusu iki zəlzələdən, bir soyqırımdan sonra yenidən qurulan malikanəsində dünyaya vida nəğməsi oxudu. Öncə onun könül bağçasını iki doğması, anası Gövhər xanım Sultan bəy qızı və oğlu Ağa bəy, sonra da Qəmər xanım tərk etdi. Oğlunun vaxtsız gedişi Mahmud ağanı qəm dəryasına saldı. Hətta da, o dərəcədə saldı ki, 40 il rəhbərlik etdiyi Muğam Məktəbinin – Mərkəzinin, “Qızıl Salon”un qapısını bağladı. Bütün gününü Laləzarda, bir də Şahxəndanda keçirdi. Laləzarda Gövhər xanım, Ağa bəy, Qəmər xanım, Şahxəndanda “Beytüs-Səfa”nın nur bəlgəsi Seyid Əzim Şirvani uyuyurdu. Mahmud ağa sərt, soyuq, qarlı bir qış günündə torpaq müqəddəsliyinə qovuşdu. Onu yola salanların sırasında təkcə Şamaxının yox, Bakının məşhur simaları var idi. O simaları ki, onlar, millət, məmləkət qurucusu kimi tarix yaratmışdılar. Həsən bəy Zərdabi, Hacı Zeynalabdin Tağıyev, Əlimərdan bəy Topçubaşov, İsa bəy Aşurbəyov, Şəmsi Əsədullayev, Sultan Məcid Qənizadə, Abbas bəy Minəsazov, Şamaxının axundu Seyid Əli ağa, Ağa Əli Naseh, Məmmədtağı Əlizadə, Mirzə Ələkbər Sabir, Abbas Səhhət, Mahmud bəy, qardaşı Ağa bəyin cismani ayrılığından 2 il sonra atasının xeyir-duası ilə Mahmud Ağanın Muğam Məktəbinə – Mərkəzinə rəhbərlik edən Cavad bəy və daha kimlər, kimlər… Unudulmaz Firudin bəy Şuşinski qeyd edirdi ki: “Mahmud ağanın malikanəsində Qafqazda, Orta Asiyada nüfuz sahibi olan bütün sənətkarlar, xanəndələr olmuşdu. Onun 40 gün davam edən təziyələrində Qarabağdan, Naxçıvandan, Dərbənddən, Orta Asiyadan sayı-hesabı bilinməyən insanlar, sənətkarlar, xeyriyyəçi şəxslər gəlmişdi…”

Əhməd Sultan oğlu Mahmud ağanın şərəfinə “Qızıl Salon”u bina etmişdi. Ona, onun adına layiq təntənəli bir toy qurmuşdu. Seyid Əzim Şirvaninin yaxın dostu və qohumu Qəmər xanımla evləndirmişdi. Dünyanın dörd bir yanından gələn qonaqların iştirak etdiyi məşhur toyun idarəsini Mirzə Nəsrulla bəy Didəyə həvalə etmişdi. Didə qüdrətli şair, tərcüməçi olmaqla yanaşı, həm də, Şamaxı Quberniyasının katibi idi. O dövrlərdə bir məmurun toy idarə etməsinə icazə verilməzdi. Kimsə belə bir addım atardısa, vəzifədən alınardı. Didəyə icazə Əhməd Sultan ağaya hörmət əlaməti kimi Qafqaz Canişinliyi tərəfindən verilmişdi. Didə ərəb, fars və rus dillərini bilməklə yanaşı, həm də, Əhməd Sultan ağanın və Mahmud ağanın yaxın dostu idi.
Mahmud ağanın vida mərasiminin başında duran da sıradan bir şəxs deyildi. Seyid Əzim Şirvaninin adına “Ey nuri dideyi – seyid” deyə xitab edib şeirlər həsr etdiyi oğlu Seyid Cəfər Şirvani bu ağır və məsuliyyətli vəzifəni öz üzərinə almışdı. Məclisdən gələn qəribə və qaibanə bir səs vardı. O, Bəyim xanımın səsi idi. Bəyim xanım Mahmud ağanın tək və yeganə qızı idi. Zilxan səsi olsa da, ilk dəfə atasının vida mərasimində oxumuşdu…

Mahmud ağadan sonra dünyanın, quruluşun, zamanın rüzgarı dəyişdi. Hələ sağ ikən, təkcə övlad yox, həm də, nəvə qüruru, vüqarı yaşadı. 1874-cü ildə xalq və vətən qarşısındakı xeyirxah əməllərinə görə oğlu Hacı İbrahim Xəlil ağa Qafqaz Canişini Varantsov-Daşqov tərəfindən bəy tituluna layiq görüldü. Bəylik titulunu Bakı Bəy İdarəsi təsdiq etdi. Bu azmış kimi, Hacı İbrahim Xəlil bəyə atasının şərəfinə Mahmudbəyov soyadı verildi. İbrahim Xəlil bəy Mahmudbəyova və qardaşı Zeynalabdin bəy Xəlil bəy oğlu Mahmudbəyova Ali Gildiyalı Tacir titulu ilə təltif olundu. O titulu alanların sırasında iki tarixi şəxsiyyət də var idi: Hacı Zeynalabdin Tağıyev və Mirzə Nəsrulla Əmirov. Bu bütün həyatını saraylarda sultan olaraq keçirən nəslin bir nümayəndəsinin simasında onların xeyirxahlıq, yaxşılıq dolu dünyasına verilən qiymət idi. Həbib bəy Mahmudbəyovun oğlu Xəlil bəy 1979-cu ildə qələmə aldığı xatirələrində bu barədə qeyd edirdi: “Babamın gördüyü nəcib işlərin sırasında Şamaxıda məktəbin açılmasını və şəhər əhalisini içməli su ilə təmin etmək üçün 3 kilometrlik məsafədən saxsı borularla su kəmərinin çəkilməsini qeyd etmək olar. Onun nəcib işləri, xeyriyyəçilik əməllərini şamaxılılar heç zaman unutmadılar. Aradan onilliklər keçdikdən sonra belə Şamaxıdan rast gəldiyimiz adamlara yeri düşəndə Mahmud ağanın nəslindən İbrahim Xəlil bəyin nəvələrindən olduğumuzu deyəndə, babamızı hörmətlə xatırlar, onun xeyriyyəçiliyindən, əliaçıqlığından ürəkdolusu danışar, hətta ulu babamızın Qala-Bazardan olduğunu deməyi də unutmazdılar. O zamanlar Tiflisdə yaşayan Qafqaz canişini babamın xeyirxah əməllərindən xəbər tutur və onu yanına dəvət edir. Qafqaz canişini çar Rusiyasında ən ciddi vəzifələrdən biri idi və bütün ərazidəki hökumət idarələri və hətta ordu birləşmələri də ona tabe idi. Canişin yerli əhalinin idarə olunmasına, rusların işğal edilmiş ərazilərə köçürülməsinə, ümumiyyətlə bütün işlərə rəhbərlik edirdi. Qafqaz canişini vəzifəsinə adətən rus imperiyasında dərin bilikləri və yüksək nüfuz sahibi olan məşhur dövlət xadimləri təyin olunardı. Bu baxımdan hər hansı bir adamın Tiflisə canişinin hüzuruna çağırılması da nadir və diqqətçəkən məsələ idi. Babamı qəbul edən Qafqaz canişini ona xeyirxah əməllərinə görə minnətdarlığını bildirir və gördüyü işləri imperiyanın təmsilçisi kimi dəyərləndirmək üçün mükafatlandırmaq istəyir. Babam ayağa duraraq pul mükafatından imtina edir, hər bir imkanlı adamın xeyriyyəçiliklə məşğul olmağa borclu olduğunu bildirir. Bu işlərın mükafat naminə yox, xeyirxahlıq üçün, insanlıq naminə görüldüyünü deyir. Xəlil bəyin cavabından razı qalan Qafqaz canişini babamı “bəy” titulu ilə mükafatlandırır. Ulu babam Mahmud olduğu üçün onun adının arxasına bəy sözü əlavə edilir və o zamandan bu günə kimi biz bu Mahmudbəyovlar familiyasını daşımağı özümüzə şərəf sayırıq. Qürurlanmağımın əsas səbəbi Qafqaz canişinin verdiyi “bəy” titulundan daha çox, ulu babalarımızın törəmələrinə qoyub getdiyi xeyirxah əməllərdir”.

Mahmud ağa sağ ikən tale ona başqa bir səadəti də yaşatmışdı. Nəvəsi Həbib bəy Mahmudbəyov onun böyük arzularından bir neçəsini gerçəyə çevirmişdi: Bakıda ilk rus-türk məktəbini, teatr truppasını, kitabxana və qiraətxananı qurmuşdu. Bakı Dumasına Qlasnı seçilmişdi. Bakı əsilzadələrinin şəxsən Hacı Zeynalabdin Tağıyevin diqtəsi ilə başçılarını itirmiş ailələrin Qəyyumu qismində Həsən bəy Zərdabi ilə birlikdə səs hüququ qazanmışdı. Bakı Dumasının Təhsil İdarəsinin rəisi, Müəllimlərin İlk Qurultayının təsisçilərindən biri, Müsəlman Xeyriyyə Cəmiyyətinin sədri kimi tarix yaratmaq da onun alın yazısı, Tanrıdan tale payı olmuşdu. Bu gün onun bir başqa törəsi babalarının ənənələrini böyük irsin davamçısı kimi, Bakı Dumasının yerləşdiyi binada uğurla davam etdirir.
Mahmud ağa millətini azad, məmləkətini Hürr görmək istəyirdi. Qafqaz Seymində Milli Şura elan olunanda, İstiqlal Bəyannaməsinə imza atılanda Cümhuriyyət Qurucularının sırasında bir tarixi şəxsiyyət də vardı: Əliəsgər bəy Hacı İbrahim Xəlil bəy oğlu Mahmudbəyov. O, İstiqlal Bəyannaməsinə imza atmaqla yanaşı, həm də ilk Parlamanın – Məclisi-Məbusanın üzvü kimi tarixdə qalacaqdı. Mahmud Ağanın genetik kodlarının digər bir daşıyıcısı, nəticəsi Şamil bəy Həbib bəy oğlu Mahmudbəyov Yusif Vəzir Çəmənzəminli ilə birlikdə Musavat Partiyasının Kiyev Şəhər Təşkilatını qurmuş, Zəngəzurun nüfuzlu şəxslərindən biri kimi tarix yaratmış, Cəbrayılın Polis rəisi kimi ərazinin təhlükəsizliyinə təminat vermiş, Qarabağın Hərbi Valisi – Qubernator Xosrov bəy Sultanovun müşaviri kimi Cümhuriyyətin nüfuzlu simalarından birinə çevrilmişdir. Şura Hökuməti illərində komissar Nəriman Nərimanovun təqdimatı ilə öncə Şuşa Rayon İcraiyyə Komitəsinin sədri təyin olunan Şamil bəy Mahmudbəyov sonralar Naxçıvanın Daxili İşlər Komissarı və Naxçıvan Mərkəzi İcraiyyə Komitəsinin rəhbəri kimi Muxtar Respublikanın quruculuq işlərində yaxından iştirak etmişdir.

Mahmud ağa sənətin-mədəniyyətin, muğamların himayədarı olaraq min il bundan sonra da sevgi ilə xatırlanacaq, sayğı ilə anılacaq. Tanrının kəlam və qələm müqəddəsliyinə tapınan, Qurani-Kərimin “Şüara” və “Qələm” surəsinin əzəmətini yaşadan muğam bilicisi və ifaçısı kimi tarixdə qalan Mahmud ağanın ənənələri bu istiqamətdə də davam edir. Mahmud ağanın cismani yoxluğundan 50 il sonra, soyuna bağlı Gövhər xanım Sultanzadənin ömür-gün yoldaşı “Bakı” və “Baku” qəzetlərinin qurucusu professor Nəsir İmanquliyev Radio-İnformasiya Baş İdarəsinin rəisi kimi muğama qarşı erməni daşnakları tərəfindən Səlib yürüşü elan olunanda, “Oxuma tar, səni sevmir proletar” etirazı ilə Bakının üstünə Mərkəzdən, Moskvadan qara yellər əsəndə “Oxu tar, səni kim unudar!” radio müsabiqəsini təşkil edən, Seyid Şuşinski, Xan Şuşinski, Sara Qədimova, Şövkət Ələkbərova kimi əvəzsiz xanəndələri münsiflər heyətinin başında əyləşdirib, muğamın himayədarına çevrilən, 1958-ci ildə Moskvada keçirilən Dekadaya göndəriləcək gənclərin mükafatlandırılmasını öz üzərinə alan Nəsir İmanquliyev əslində Mahmud ağa ənənələrinin davamçısı qismində çıxış edirdi. Seyid Şuşinskinin iştirakçılara xeyir-dua verən zaman əlində tutub sinəsinə sıxdığı Qızıl Qavalı ona Mahmud ağa “Qızıl Salon”da bağışlamışdı.
Mahmud ağanın muğam müsabiqələrindən 100, Nəsir İmanquliyevin tarixi muğam müsabiqəsindən 50 il sonra ölkənin Birinci vitse-Prezidenti, Heydər Əliyev Fondunun Prezidenti xanım Mehriban Əliyeva Azərbaycan muğamlarının xilaskarı kimi tarix yaratdı. Muğam Mərkəzinin, “Muğam Portalı”nın, “Muğam” jurnalının təməlini qoydu. Beynəlxalq Muğam müsabiqələrinin təşkili, “Qarabağ xanəndələri albomu”nun nəşri, muğamın dövlət himayəsinə alınması üçün bütün imkanları səfərbər etməklə kifayətlənmədi, onun dünyanın maddi-mədəni irsi siyahısına yazılmasına nail oldu. Ölkənin Birinci xanımı soyu, soy-kökü, şəcərə dəftəri ilə ana tərəfdən həm də, Mahmud ağa ucalığına, əzəmətinə, irsinə və şəxsiyyətinə bağlıdır. Bu nəsillərin, fəsillərin görüşü, genetik kodların diktəsi, Lider – Varis prinsiplərinin müqəddəsliyidir!

Şərəf Cəlilli