Azərbaycanın milli oyanış tarixi yalnız siyasi hadisələr və iqtisadi yüksəlişlə deyil, fikrin və maarifin gücü ilə də yazılıb. XIX əsrin sonu və XX əsrin əvvəllərində xalqın şüurunda dönüş yaradan, milli düşüncə və təhsil ideyasını önə çəkən iki böyük şəxsiyyət – Həsən bəy Zərdabi və Hacı Zeynalabdin Tağıyev bu inqilabi mərhələnin, keyfiyyətcə yeni dövrün memarlarıdır. Onların hər ikisi öz sahəsində hansısa təmənna güdməyən, eyni zamanda hər cür çətinlikləri gözə alan təşəbbüskarlar idi: biri qələmi ilə xalqın ruhuna toxunaraq qəflət yuxusundan oyadır, digəri isə maarifçiliyə, təhsilə meydan açırdı. Zərdabi düşüncə toxumları səpirdisə, Tağıyev o toxumların cücərməsi üçün zəmin yaradırdı. Sanki bu iki fəaliyyət bir-birini tamamlayırdı.
Təhsil və mətbuat – eyni mücadilənin iki qolu
Həsən bəy Zərdabi (1837–1907) maarifçilik ideyasını yalnız nəzəri düşüncə səviyyəsində deyil, konkret ictimai fəaliyyətlə reallaşdırmağa çalışan ilk ziyalılardan idi. O, Moskva Universitetində təbiət elmləri üzrə qazandığı bilikləri xalqın maariflənməsi üçün istifadə etməyi özünə missiya seçmişdi. Ən böyük arzusu xalqın fikrində dönüş yaratmaq, onu savadsızlıq və cəhalətdən qurtarmaq idi. Bu fikirlərin real nəticəsi isə 1875-ci ildə təsis etdiyi “Əkinçi” qəzeti oldu. “Əkinçi” Azərbaycan türkcəsində nəşr edilən ilk qəzet olmaqla, xalqın gündəlik həyatı, insanların hüquqları, maarif və elmi biliklərə dair məqalələrlə çıxış edirdi. Qəzetin dili sadə, üslubu aydın idi. Çünki məqsəd xalq üçün yazmaq, xalqın dilində danışmaq idi.
Hacı Zeynalabdin Tağıyev (1823–1924) isə elə həmin illərdə öz zəhməti və bacarığı ilə qazandığı sərvəti cəmiyyətin inkişafına sərf edirdi. O, yeni dünyagörüşü olan maarifin insanlar arasında yayılması və qəbul edilməsinin vacibliyini anlayır, bu sahəyə sistemli, strateji şəkildə sərmayə qoyurdu. Ən önəmli təşəbbüslərindən biri – 1901-ci ildə müsəlman Şərqində ilk dünyəvi qız məktəbini açmaq idi. Bu, sadəcə bir təhsil ocağı deyildi. İlk növbədə cəmiyyətin düşüncə sərhədlərini dağıdan, savadlı qadının yerini və önəmini vurğulayan ideoloji inqilab, ilk addım idi.
Beləcə, xalqımızı qaranlıqdan aydınlığa doğru aparan mətbuat və maarifin inkişafı bir-birinə dəstək olaraq, addım-addım irəliləyirdi.
“Əkinçi” Azərbaycan tarixində hadisə idi…
“Hər kəsi çağırıram gəlmir, göstərirəm görmür, deyirəm qanmır. Axırda gördüm ki, onları haraylayıb çağırmaqdan, onlara deməkdən başqa bir qeyri-əlac yoxdur. Olmaz ki, mənim sözümü eşidənlərdən heç bir qanan olmasın. Necə ki, bir bulağın suyunun altına nə qədər bərk daş qoysan, bir neçə ildən sonra su tökülməkdən o bərk daş mürur ilə əriyib deşilir, habelə söz də, ələlxüsus da doğru söz. Belədə qəzet çıxarmaqdan savayı bir qeyri-əlac yoxdur”, – deyən Zərdabi Azərbaycan xalqının maariflənməsi – mətbuatının yaranması və inkişaf etməsi naminə illərlə “suyun daşı parçalaması” üçün fədakarlıq etmişdi.
XIX əsrin sonlarında Azərbaycan milli ideologiyasının, azərbaycançılıq məfkurəsinin nəzəri-praktik əsaslarını hazırlayan nəhəng simaların biri kimi mühüm layihələrə imza atan bu şəxs haqqında Sorbonna Universitetinin professoru, şərqşünas, fransalı alim Fransua Jorjon yazırdı: “Həsən bəy Zərdabi və onun “Əkinçi”si Azərbaycan tarixində hadisədir”, “XIX əsrin 70-ci illərində Zərdabinin redaktorluq etdiyi “Əkinçi” qəzeti heyrətamiz dərəcədə inkişaf etmiş müasir mətbuat vasitəsi idi”. Azərbaycanda mətbuatın inkişaf etdiyini görən Çar Rusiyası və Qafqaz canişinliyi bunun qarşısını almaq üçün “Əkinçi” qəzetinin fəaliyyətini dayandırır. Qəzetin 1877-ci ildə çıxan 20-ci nömrəsində “Biz xəstə olduğumuza görə bu ilin axırıncı nömrələri öz vaxtında çıxmayacaq və onların haçan çıxması məlum deyil!” – yazılır və ondan sonra bir daha çap olunmur.
Qısa zamanda qoyulan dərin izlər
Zərdabinin “Əkinçi”si yalnız iki il fəaliyyət göstərdi. Çar senzurası, dini fanatizm və digər amillər onun ideyalarının qarşısında sədd çəkdi. Amma bu qısa dövr belə kifayət etdi ki, xalq mətbuatla tanış olsun, fikir azadlığının nə demək olduğunu hiss etsin. Bir sözlə, “Əkinçi” əkdiyini əkmişdi. Zərdabi isə qəzetin bağlanmasından sonra təbliğat işini müəllimlik, yazıçılıq və ictimai fəallıq yolu ilə davam etdirdi. Paralel olaraq, bu dövrdə Tağıyev yalnız məktəblərlə kifayətlənmir, eyni zamanda maarifçi mətbuatı dəstəkləməklə, Zərdabinin açdığı cığırı geniş yola – magistrala çevirirdi.
Maarifçilik ruhunun ittifaqı
Zərdabi və Tağıyevin yolları bir-birindən fərqlənsə də, eyni ideala xidmət edir, eyni məqsədə doğru aparırdı. Zərdabi fikirlə, sözlə, Tağıyev isə maddi resurslarla cəmiyyətin transformasiyası uğrunda çalışırdı. Zərdabi qadınların təhsilsizliyini cəmiyyətin geriliyinin səbəbi sayır, Tağıyev isə bu problemi aradan qaldırmaq üçün məktəblər tikdirirdi. Zərdabi xalqın fikirlərini, düşüncələrini aydınlatmaq istəyir, Tağıyev isə bu məqsədə xidmət edən kitab, müəllim və məktəb təmin edirdi. Zərdabi maarifçilik ideyalarının yayılmasında mətbuatı təsirli bir alət kimi ortaya qoymuşdusa, Tağıyev də bu ideyaların daha geniş təşəkkül tapması üçün qəzetlərə maliyyə dəstəyi verir, onların yaşamasına zəmin yaradırdı.
Həqarətə ləyaqətli cavab – Tağıyevin səssiz inqilabı
Hacı Zeynalabdin Tağıyev çar III Aleksandrın tacgüzarlıq mərasiminə dəvət alır. Mərasimə təşrif buyuranlar, təbrikə gələnlər, çara bir-bir təqdim olunurlar. Tağıyevi milli geyimdə görən protokol nümayəndəsi düşünür ki, o, rus dilini bilməz. Onu çara “Tağıyev, vəhşi xalqın nümayəndəsi”, – deyə təqdim edir. Bu zaman Tağıyev sərt bir baxışla çarın hüzurunda protokol nümayəndəsinə dönüb deyir: “Mənim xalqım vəhşi deyil, onun qüdrətli tarixi, zəngin mədəniyyəti var!” Tağıyev həmin gün qarşısına məqsəd qoyur: millətin oyanışı, cəhalətdən qurtuluşu, gerilikdən, savadsızlıqdan xilası, sivil dünyayla ayaqlaşması üçün vasitələr tapılmalı, imkanlar səfərbər edilməlidir. Və o, böyük bir yola çıxır. Peterburqdan dönəndən sonra Bakı əsilzadələri, ziyalıları ilə məsələlər müzakirə olunur.
“Əkinçi” toxumu “Kaspi”yə səpilir
1881-ci ildən Bakıda “Kaspi” qəzeti V.V.Kuzminin redaktorluğu ilə rus dilində çap olunurdu. 1897-ci ildə redaksiyada bəzi dəyişikliklər baş verir. Qəzetin tarixində bu dövrdən sonrakı mərhələni “müsəlman Kaspi”si adlandırırlar. Belə ki, Əlimərdan bəy Topçubaşovun xüsusi istəyi ilə “Kaspi” qəzeti və mətbəəsi satın alınır. Bunu isə Hacı Zeynalabdin Tağıyev öz üzərinə götürür. O, bundan ötrü bir ovuc brilyant verir. Və elə onun istəyi və təkidi ilə də Həsən bəy Zərdabi “Kaspi”nin redaktor müavini və müəllif kimi yenidən mətbuat mogikanı ömrünü şərəflə davam etdirməyə başlayır. İki nəhəng şəxsiyyət əl-ələ verib, Azərbaycan mədəniyyəti və mətbuatının inkişafı, maarifçilik yolunda mübarizə aparır. Bu prosesin tərkibində milli teatrın binasının, Tağıyevin Qız məktəbinin təməli qoyulur. Həsən bəy Zərdabi İmperatriça Aleksandra Rus-Müsəlman Qız Məktəbinin nizamnaməsini yazır, təməl prinsiplərini müəyyənləşdirir. Tağıyevin sərmayəsi, Zərdabinin himayəsi ilə Şərqin, türk dünyasının və Azərbaycanın ilk Qız məktəbi yaranır. “Bir oğlana təhsil verməklə təhsilli bir insan qazanırsınız, bir qıza təhsil verməklə isə təhsilli bir ailə” – kimi dərin və parlaq şüarla fəaliyyətə başlayan məktəbin qurulması üçün Tağıyevlə Zərdabi çoxsaylı sınaqlardan, çətinliklərdən keçmişdi. Məqsəd müqəddəs, nəticə isə göz önündəydi: xalq, vətən naminə xəyalını qurduqları mənzərə reallaşırdı.
Tarixin bizə qoyduğu miras
Həsən bəy Zərdabi və Hacı Zeynalabdin Tağıyev – biri fikrin cəsarəti, o biri isə əməlin fədakarlığı ilə milli maarifçiliyin simvollarına çevrildilər. Onlar Azərbaycan xalqının şüurunda, düşüncə tərzində inqilab etdilər. Bu gün Zərdabinin “Əkinçi”si, Tağıyevin Qız məktəbi mövcud olmasa da, onların ideyaları minlərlə müasir məktəb və mətbuat orqanlarının timsalında yaşayır və o vaxt olduğu kimi, təhsil, maariflənmə, azad fikrin ifadəsi istiqamətində dövlətimiz və cəmiyyətimizin inkişafına xidmət edir. Onların bizə verdiyi dərs aydındır: bir millətin yüksəlişi onun düşüncə gücündən başlayır. Düşüncəni isə azad söz və təhsillə oyatmaq olar.
Mətbuatın ictimai gücü və bu gün
Bugünkü Azərbaycan mətbuatı, Həsən bəy Zərdabi və Hacı Zeynalabdin Tağıyev kimi şəxsiyyətlərin qoyduğu təməl üzərində ucalıb. Yubileyini qeyd edən milli mətbuat ötən 150 ildə hər cür çətinliklərə baxmayaraq, daim ictimai rəyin formalaşması, xalqın maariflənməsi və azad sözün təntənəsində həlledici rol oynayıb. Müasir dövrdə də jurnalistikanın missiyası dəyişməyib – hər bir məsələdə həqiqəti üzə çıxarmaq, insanların hüquqlarını qorumaq, ictimai və sosial dəyərlərin keşiyində dayanmaq, bir sözlə, dövlətin və cəmiyyətin inkişafına töhfələr vermək.
Bu yubiley həm keçmişə hörmət, həm də gələcəyə bir çağırışdır: ənənəyə sədaqətlə söz azadlığını qorumaq və mətbuatı cəmiyyətin inkişafında daha da təsirli vasitəyə çevirmək.
Xanım Aydın