Mərkəzi Nəbatat Bağında Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib. Tədbirdə Mərkəzi Nəbatat Bağının İdarə heyətinin sədr müavini İlkin Qəhrəmanlı, müşavir Nicat Babayev, Oduncaqlı bitkilər laboratoriyasının müdiri b.ü.f.d., dos. Asif Mehralıyev, Dekorativ bitkilərin introduksiyası və seleksiyası laboratoriyasının müdiri b.ü.f.d., dos. Ofeliya Qafarova və Bağın digər əməkdaşları iştirak edib.
Əvvəlcə respublikamızın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin və Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan Mərkəzi Nəbatat Bağının İdarə heyətinin sədr müavini İlkin Qəhrəmanlı çıxışında Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olan Xocalı soyqırımı haqqında məlumat verib. O bildirib ki, artıq 2 ilə yaxındır ki, Xocalı şəhərində Azərbaycan Bayrağı qürurla dalğalanır. Lakin tariximizin qanlı səhifələrindən biri olan Xocalı soyqırımı heç vaxt unudulmur.

Daha sonra Oduncaqlı bitkilər laboratoriyasının müdiri b.ü.f.d., dos. Asif Mehralıyev 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda baş verən hadisələrdən ətraflı danışaraq, bu soyqırım aktının təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı törədilmiş ən ağır cinayətlərdən biri olduğunu vurğulayıb. O, qeyd edib ki, Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, bu qanlı hadisəyə obyektiv qiymət verilməsi istiqamətində dövlətimiz bütün zəruri addımları atır.