Ölkə başçısı cənab İlham Əliyevin sərəncamı ilə ötən ildən 46 ha sahəsi olan Mərkəzi Nəbatat Bağında əsaslı təmir-yenidənqurma işlərinə başlanılıb. Bağın 1937-ci ildə tikilmiş inzibati binası əsaslı təmir edilib, parkın ərazində yerləşən Botanika İnstitutunun inzibati binası isə sökülərək yenidən tikilib. Parkda müasir tipli oranjereya inşa edilib, oranjereya isitmə, soyutma və nǝmləndirmə avadanlıqları ilə təchiz olunub.
Ərazidə göl kompleksi, dünyanın müxtəlif nadir bitki növləri üçün istixanalar tikilib. Yerdən 3 metr hündürlüyündə əlillər üçün müəssər körpü və hər iki qiriş qapısını birləşdirən piyada yolu salınıb.
1934-cü ildə Azərbaycan florasında mövcud olan bitki növlərinin və genofondunun qorunması məqsədilə yaradılan, Bakı sakinləri və şəhərimizin qonaqları üçün əvəzsiz olan bu parkda 247 növ ağac və 162 növ kol bitkisi, o cümlədən yerli bitkilərlə yanaşı, digər ölkələrin 600 minə yaxın flora növü də qorunur.
Hazırda parkdakı işlər başa çatmaq üzrədir. İşlərin qısa müddətdə, keyfiyyətlə bitirilməsi məqsədi ilə əlavə işçi qüvvəsi cəlb edilib və təcrübəli landşaft dizaynerləri, ekoloji mütəxəssislər tərəfindən yaşıllıq işlərinin aparılması nəzarətdə saxlanılır. Mərkəzi Nəbatat Bağının istifadəyə verilməsi ayın sonunda nəzərdə tutulub.