Nəşr edilmişdir 06/11/2025

Paylaşın

TARIXI ŞƏXSİYYƏTLƏR

Məhbubə xanım Mahmudbəyova – Elm, vətən və ailəyə həsr edilmiş ömür

Махбуба ханым Махмудбекова, Məhbubə xanım Mahmudbəyova

Cıdır düzündə doğulan ümid – Məhbubə xanım Mahmudbəyova

Şuşanın cıdır düzü, Topxana meşəsi o səhər daha nurlu idi. 1902-ci il iyulun 11-də Mehmandarovların imarətində doğulan balaca qız uşağı – Məhbubə, sonradan Azərbaycan qadınlarının elmdəki bayraqdarı olacaq, mama-ginekoloq, alim və fədakar ana kimi tarixdə iz qoyacaqdı. O doğulanda atası – Kərim bəy Mehmandarov namaz üstündə imiş. Xəbər gələn kimi pul kisəsini çıxarıb, muştuluq kimi bir qızıl onluğu eşikağasının ovcuna qoyur, tapşırır ki, dərhal qurbanlar kəsilib ehtiyacı olanlara paylanılsın. Adını da “istəkli”, “sevimli” anlamında Məhbubə qoyub.

Vətənə, torpağa, insanlara sevgi bəsləyən ailə

Kərim bəy Mehmandarov bütün ömrünü xalqının tərəqqisi və rifahına həsr etmiş vətənpərvər azərbaycanlı idi. Həkim və maarifçi olan Kərim bəyin 1905-1906-cı illərdə ermənilərin Qarabağda müsəlmanlara qarşı başladıqları qırğınların qarşısını almaqda müstəsna xidmətləri olub. O, “Difai” təşkilatının liderlərindən biri kimi fəaliyyət göstərib, eyni zamanda, təşkilatın Şuşa şöbəsini yaradıb. Kərim bəy həm də böyük xeyriyyəçi idi. Şuşada evində xəstəxana və kimsəsiz uşaqlar üçün məktəb, qiraətxana açıb. 1911-ci ildə Şuşada ilk dəfə qızlar məktəbinin açılması da Kərim bəyin təşəbbüsü ilə olub. Ümumiyyətlə isə, Mehmandarovlar nəsli Azərbaycana bir çox tanınmış ziyalılar bəxş edib. Hüquqşünas, çar dövründə dövlət qulluqçusu olmuş Sadıq bəy Mehmandarov, Lənkəran şəhərinin rəisi Nağı bəy Mehmandarov, Azərbaycan Xalq Cümhuriyyətinin hərb naziri, General Səməd bəy Mehmandarov, SSRİ Tibb Elmləri Akademiyasının həqiqi üzvü Mixail Tuşinski-Mehmandarov və bir sıra dövlətimizin qurulması, qorunması inkişafı və maariflənməsi uğrunda can qoymuş parlaq simalar bu nəslə mənsub idilər.

Məhbubə xanımın anası Zəringül xanım isə Fətəli şahın nəvəsi, Abbas Mirzənin oğlu Bəhmən Mirzə Qacarın qızı idi. Məhbubə xanım bu cür gözəl, kübar, vətənpərvər, xeyirxah, sevgi və hüzur dolu bir ailədə böyüyürdü.

Şuşada alovlanan maarif sevdası

Məhbubə xanım elə uşaqlıqdan atasının yolunu davam etdirmək – həkim olmaq istəyirdi. 1911-1914-cü illərdə Şuşada rus-tatar qız məktəbində ibtidai təhsilini alan Məhbubə xanım daha sonra Bakıda oxuyur. 1919-cu il noyabrın 1-dən Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Kabineti katibliyində birinci dərəcəli dəftərxana xidmətçisi vəzifəsinə qəbul edilir. Burada yaranmış ictimai-siyasi vəziyyətlə əlaqədar bir neçə ay sonra Şuşaya qayıdır. Şuşada üçaylıq pedaqoji kursu bitirib müəllimlik hüququ qazanır. Məhbubə xanım fəal şəkildə qızların, qadınların arasında maarifçilik ideyalarını yayır. Hətta gənc qızlardan ibarət “Maarif ocağı” adlı qadınlar klubu da yaradır.

Sevgi və əqidənin – yarla yarın qovuşması

Məhbubə xanımın eşqi də özü kimi kübar və zərafətli idi. 1922-ci ildə – o, 20 yaşında olanda Şuşada çəmənlikdə xarıbülbül dərəndə bir oğlanın ona baxdığını hiss edir. Acıqla gözlərini qaldırıb narazılığını bildirmək istəyərkən 22 yaşlı Şamil bəyi görür. Şamil bəyin yaraşığı, şux duruşu, mehriban və sevgi dolu baxışları, xəfif təbəssümü onun ürəyini bir andaca yumşaldır. Həmin o xarıbülbül onların sevgisinin ilk şahidi olur. Bir-birlərinə gözəl bir yaz günündə aşiq olan bu iki cavan çox qısa bir müddətdə hər iki tərəfdən böyüklərinin razılığı və xeyir-duası ilə ömürlük ailə bağı ilə bağlanırlar. 1898-ci ildə Bakıda doğulan Şamil bəy Azərbaycanın ilk maarifçilərindən olan, görkəmli pedaqoq və ictimaiyyətçi, rus-tatar məktəbinin və Azərbaycanda ilk teatr truppasının əsasını qoyan, xalq müəllimi Həbib bəy Mahmudbəyovun oğlu, görkəmli ictimai xadim idi. Azərbaycanda sovet hakimiyyəti qurulduqda N.Nərimanovun katibi, Şuşa İcraiyyə Komitəsinin sədri, Qarabağ və Zəngəzurun fövqəladə komissarının müavini, Naxçıvan daxili işlər xalq komissarı, Naxçıvan SSR-in Xalq Komissarları Şurasının sədrinin müavini və sədri, Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin işlər müdiri olub.
Məhbubə xanım və Şamil bəy – hər ikisi olduqca vətənpərvər, maarifçi, özlərini elm və vətənin rifahı uğrunda fəda edən, bu yolda gecə-gündüz yorulmadan çalışan, bir amal eşqinə döyüşən insanlar idi. Yəni onların qarşılaşması və izdivacı iki ruhun və əqidənin bir-birini tamamlaması, vəhdəti və bütövlüyü idi. Sözün əsl mənasında bir-birlərinin yarı idilər və birlikdə bütöv, tam oldular. Elmira adlı qızlarının dünyaya gəlişi isə sevgilərinə sevgi qatdı, xoşbəxtlikləri də birə-beş artdı.

Arzudan zirvəyə – Addım-addım elm yolunda

Şamil bəy Məhbubə xanım evləndikdən sonra Bakıya köçürlər. Məhbubə xanım bu şəhərdə də gecə-gündüz ictimai fəaliyyətlə məşğul olur, eyni zamanda təhsilini  davam etdirib ali pedaqoji institutun məzunu olur. Lakin atası kimi həkim olmaq arzusu xəyallarından çıxmır. Buna görə də Azərbaycan Dövlət Universitetinin Tibb fakültəsinə qəbul olur. 1929-cu ildə həkimlik diplomu alan Məhbubə xanım Tibb İnstitutunun mamalıq-ginekologiya klinikasında ordinator saxlanılır, daha sonra kafedranın birinci assistenti vəzifəsinə keçirilir. Mövzu götürüb dissertasiya üzərində çalışmağa başlayır. 1935-ci ildə elmi işini müdafiə edərək ilk azərbaycanlı qadın alimlərdən biri kimi tanınmağa başlayır. Həmin dövrdə Tibb İnstitutunun Mamalıq və ginekologiya kafedrasının dosenti olan Məhbubə xanım Bakının orta tibb məktəblərində dərs deyir, tələbələr qarşısında Azərbaycan və rus dillərində ginekologiyaya aid mühazirələr oxuyur.
 

Bir anda solan xoşbəxtlik – Sınaqlarla səssiz güc

Həyat Məhbubə xanıma təkcə uğur deyil, ağrılı sınaqlar da yaşatdı. Sevgiləri yerə-göyə sığmayan, xoşbəxt bir ailənin üzərinə qara buludlar çökməyə başlayır. Şamil bəy təqiblərə məruz qaldığından 1930-cu illərin əvvəllərində Bakıda qalıb işləməyin onun üçün çox təhlükəli olduğunu anlayır. M.Bağırovun təhlükəli təqiblərindən yayınmaq üçün 1932-ci ildə Moskvaya Qırmızı Professorlar İnstitutunda oxumaq qərarına gəlir. Lakin burada da onu rahat buraxmırlar. O, Marksizm-Leninizm İnstitutunda (MLİ) siyasi təhsilini davam etdirmək üçün Qorkı şəhərinə gəlir. Burada həmçinin institut partiya təşkilatının katibi olur. Qardaşı Xəlil Mahmudbəyov xatirlərində yazır: “1935-ci ilin 31 dekabrında institutun direktoru onu Yeni ili birlikdə qeyd etmək üçün evlərinə dəvət edir. Aradan 10 gün keçməmiş “Pravda” qəzetində belə bir məqalə dərc edilir ki, Qorki şəhərindəki MLİ-nin filialında başda institutun direktoru olmaqla əksinqilabi trotskist təşkilatının üstü açılmışdır. Bu təşkilatın üzvləri sırasında başqa adamlarla yanaşı, qardaşım Şamilin də adı var idi”. Beləliklə, 1936-cı ilin fevral ayında Şamil bəy də aralarında olmaqla Qorki filialının kollektivi “antisovet təbliğatçıları” adı altında həbs edilir. Şamil bəy Mahmudbəyovun sonrakı taleyi heç kimə məlum olmur.

Məhbubə xanımın mətanəti – Gecikən bəraət

Şamil bəydən faciəvi ayrılıq – həyatdan aldığı bu ağır zərbə Məhbubə xanımın ömrünü iki yerə böldü: bir tərəfdə elm, xidmət, övlad sevgisi; digər tərəfdə qürbətdə, susqunluqda əridilən gənc bir həyatın ağrısı. Amma o, sınmadı. Qızı Elmira xanımı tək böyütdü, öz adını layiqincə daşıyacaq nəsil yetişdirdi.
Onun “xalq düşməni”nin arvadı damğasına baxmayaraq, qorxmadan, çəkinmədən, mətanətlə fəaliyyətinə davam etməsi əsl cəsarət və insanlıq dərsidir. Respublikanın Əməkdar həkimi, professor, Azərbaycan Tibb Universitetinin kafedra müdiri oldu. Elmi işi, “Ürək-damar sistemi xəstəlikləri zamanı hamiləlik və doğuş” monoqrafiyası illər boyu bir çox gənc həkimə yol göstərdi. Keçdiyi elm yolunda “Böyük Vətən müharibəsində şərəfli əməyə görə”, “Lenin” yubiley medalları, “Səhiyyə əlaçısı” döş nişanı və Azərbaycan SSR Ali Sovetinin, Azərbaycan SSR Səhiyyə Nazirliyinin fəxri fərmanları ilə təltif edildi. Qızı Elmira xanım da anası kimi həkimlik peşəsinə yiyələndi, kardiologiya elminin sirlərinə yiyələnərək Tibb İnstitutunun dosenti oldu.
Azərbaycanın görkəmli ictimai xadimi Şamil bəy Mahmudbəyova 1957-ci il aprelin 30-da bəraət verildi…

Mirasdan məsuliyyətə – Adın şərəfini layiqincə daşımaq

Bu gün onun adını daşıyan nəticəsi – Məhbubə xanım da eyni kafedrada çalışır. Nəvənin diliylə desək: “Belə ziyalı, xeyirxah bir qadının adını daşımaq həm böyük şərəf, həm də böyük məsuliyyətdir”. Bu ad bir miras deyil yalnız, həm də bir məsuliyyətdir – qadınlıq, vətənpərvərlik və elm qarşısında məsuliyyətdir.

Yeni ruh, yeni həyat…

Ölkəmiz müzəffər Ali Baş Komandanımız, Prezident İlham Əliyev və ordumuzun şücaəti sayəsində torpaqlarını işğaldan azad, suverenliyini bərpa edib. Qarabağ torpağı, başımızın tacı Şuşa bu gün xoşbəxt nəfəs alır! İşğaldan azad olunan ərazilərimizdə dövlətimizin həyata keçirdiyi nəhəng yenidənqurma, o cümlədən Şuşada aparılan bərpa və quruculuq işləri çərçivəsində Mehmandarovların malikanə-kompleksi də təmir və bərpa olunub. Həmin evə, həmin həyətə, sanki ikinci nəfəs, yeni ruh, yeni həyat gəlib. Sevinc və qürurla açan hər bir xarıbülbüldə Məhbubə xanımın sevgisi yenidən dünyaya gəlir…

Xanım Aydın

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Baki-baku.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanda öz əksini tapıb.

Ən son

GÜNDƏM

Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən paytaxtda bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsi layihəsi uğurla

GÜNDƏM

Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən paytaxtda bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsi layihəsi uğurla