Son illər dünyada gənclər arasında təhsilə və çalışmağa maraq azalır. Bu gənclər həyatlarını valideynlərinin maliyyə dəstəyi hesabına yaşayır və ya evdən onlayn platformalarda vaxt keçirərək pul qazanırlar. Onlar “NEET” (Not in Education, Employment or Training) nəsli adlandırılır və bunun da mənası təhsil almayan, işləməyən və ya hər hansı peşə kurslarında iştirak etməyən deməkdir.
Aparılan sorğulara əsasən insanların əksər hissəsi gənclərin bu cür davranışının tamamilə aradan qaldırılmalı olduğunu düşünür. Digər hissə isə bu problemlə daha radikal mübarizə aparılmalı olduğunu, əks təqdirdə vəziyyətin daha da pisləşəcəyini güman edir. Həmçinin bu məsələdə dövlətin gənclərin məşğulluğu ilə bağlı xüsusi proqramlar hazırlamasını istəyənlər, gənclərin belə yanaşmasının keçici olduğunu və müdaxilə etməyə ehtiyac olmadığını hesab edənlər, onların məşhurlaşdırılmasına qarşı çıxanlar da var.
Baki-baku.az bu yazısında dünyada və Azərbaycanda gənclərin təhsilə marağının azalması, işləməyə həvəslərinin olmaması səbəblərini araşdırıb.
Əvvəla qeyd edək ki, “NEET” nəsli ilk dəfə Böyük Britaniyada gündəmə gəldi və bu anlayış qısa müddətdə bütün dünyaya yayıldı. 2015-ci ildən BMT Dayanıqlı İnkişaf Məqsədləri hesabatında bunu qlobal təhdid adlandırdı.
Bəzi məlumatlara görə, bu cür yaşam tərzinin yaranmasında sosial-iqtisadi amillərin rolu olub. Belə ki, “NEET” nəslinə, əsasən azgəlirli və aşağı təhsilli ailələrin üzvlərinin daxil olduğu düşünülür. Digər tərəfdən isə bu anlayışın formalaşmasında yüksək həyat standartlarının və geniş sosial yardımların rol oynadığı hesab edilir. Nəticədə belə vəziyyətin gənclərin işləmək və şəxsi inkişaf motivasiyasının itməsinə səbəb olduğu fikri səsləndirilir.
Psixoloq Adil Xəlilov bu məsələ ilə bağlı fikirlərini və Azərbaycanda bununla bağlı mövcud vəziyyəti dəyərləndirib.
O qeyd edib ki, bu fenomenin yaranmasının müxtəlif səbəbləri var: “Bəzi gənclər, təhsildən və ya standart işlərdən (dövlət və ya özəl sektor) qəsdən imtina edirlər. Çünki bu istiqamətlərdə gələcək perspektiv və uğur görmürlər. Mənim fikrimcə, bunun əsas səbəblərindən biri təhsil sisteminin dünyada sürətlə dəyişən dəyərlərdən və tendensiyalardan çox geridə qalmasıdır. Həmçinin gənclər müşahidə edirlər ki, məsələn, bir savadlı mütəxəssis bütün həyatını elmə və yaxud öz işinə həsr edir, uğur və “xoşbəxtlik” qazananlar isə sosial şəbəkələrdə yumor, əyləncə və çox zaman cəmiyyətə heç bir elmi, mənəvi fayda verməyən digər tipli videolar çəkən şəxslərdir”.
Psixoloqun sözlərinə görə, bununla belə “koqnitiv dissonans” yaranır, yəni, müəllimlər və valideynlər inandırırlar ki, oxumaq və karyera qurmaq lazımdır. Blogerlər və “uğur kouçları” isə əksinə, inandırırlar ki, alternativ yollar axtarmaq lazımdır. Gənclərin çoxu da, sözsüz ki, daha maraqlı və məntiqli variantı seçirlər.
Azərbaycandakı mövcud vəziyyətə toxunan A. Xəlilov diqqətə çatdırıb ki, ölkəmizdə də bu kimi hallar müşahidə olunur: “Xüsusilə işsizlik, keyfiyyətli təhsil və ya peşə hazırlığı imkanlarının məhdud olması bu problemləri daha da dərinləşdirir. Sözsüz ki, bəzi valideynlər tərəfindən övladlara yetəri qədər maliyyə dəstəyi olunur və bu, gənclərin passiv həyat tərzi seçməsinə səbəb olur. Psixoloji baxımdan “NEET” gənclərində tez-tez motivasiya çatışmazlığı, gələcəklə bağlı qorxu, depressiya və özünürealizasiya imkanlarının məhdudluğu müşahidə olunur, çünki reallıqla üzləşən bəzi gənclər yaşamaq üçün çox zaman ideal bir variant tapa bilmirlər”.
O bildirib ki, bu problemi həll etmək üçün cəmiyyətdə gəncləri dəstəkləyən proqramların yaradılması, keyfiyyətli təhsil və peşə hazırlığı imkanlarının artırılması, psixoloji dəstək mexanizmlərinin gücləndirilməsi mühüm rol oynayır.
Bakıdakı mövcud vəziyyətdən də söz açan psixoloq vurğulayıb ki, bu istiqamətdə paytaxtdakı mühit heç də yaxşı deyil: “Çox şey özəl sektorun üzərində dayanır (restoranlar, ticarət mərkəzləri, taksi və s.). Rayonlardan Bakıya köçən gənclərin çoxu bu sahələrdə özlərinə müvəqqəti iş axtarırlar. Lakin qeyri-adekvat rəhbərliklər (biznesmenlər) gəncləri istismar edirlər. Bu da gəncləri “Tik-Tok”a, onlayn işlərə və s. kimi platformalara keçməyə və qeyri-ciddi fəaliyyətlə məşğul olmağa vadar edir”.
Son zamanlar bir çox ölkələrdə gənclərin təhsilə marağının azaldığını, onların dərs oxumağı məntiqsiz hesab etdiyini söyləyən psixoloq Vüsalə Əmiraslanovanın fikrincə isə bu vəziyyətlə əlaqədar dövlət qurumları da fəaliyyətə keçməlidirlər: “Bu istiqamətdə gənclərlə dəfələrlə görüşlərimiz olur. Hətta məktəblərdə də şagirdlərlə görüşüb, söhbətlər aparırıq. Ancaq bu, kifayət etmir. Uşaqların motivasiyası, təhsilə həvəslərinin artırılması üçün xüsusi proqramlar hazırlanmalıdır.
Hazırda gənclər rahat yolla pul qazanmaq istəyirlər. Onlar təhsil barədə düşünmürlər. Bəzən yalnız valideynlərin istəyinə görə universitetə qəbul olur, istəmədikləri ixtisası oxuyurlar”.
V.Əmiraslanova qeyd edib ki, son zamanlar Azərbaycandakı gənclərdə təhsilə həvəsin azalması çox müşahidə edilir: “Onlar nə istədiklərini bilmirlər, valideynlərin tövsiyəsinə uyğun hərəkət edib, ixtisas seçirlər. Sonda isə ana-atalarını günahlandırırlar, oxumaq istəmirlər. Oğlanlar təəssüflər olsun ki, bir sıra hallarda əsgərlikdən yayınmaq üçün məcburi şəkildə hansısa universitetə daxil olurlar. Bu cür gənclərin bir neçəsini müşahidə etdikdə çoxlu kəsrlərinin olduğunu görürük. Mobil telefonlara olan asılılıq, həyata marağın itməsi gələcəyə olan hədəf və məqsədləri azaldır. Gənclər artıq gələcəklərini düşünmür, həyatı axarına buraxıb vecsiz yaşamağı üstün tuturlar”.
Psixoloq onu da əlavə edib ki, bunların öhdəsindən gəlmək üçün həm Elm və Təhsil Nazilriyi, həm də müəyyən edilmiş psixoloqlar qrupu birgə işlər görməli, layihələr icra etməli və xüsusi proqramlar hazırlanmalıdır.
Sonda qeyd edək ki, gənclərin təhsil və işləməkdən uzaqlaşması təkcə fərdi deyil, həm də cəmiyyət üçün geniş miqyaslı bir problemdir. Bu, təkcə iqtisadiyyatın zəifləməsi və sosial yükün artması ilə məhdudlaşmır, həm də gənclərin özünürealizasiya, yaradıcılıq və cəmiyyətin ümumi inkişafına töhfə vermək imkanlarını məhdudlaşdırır.
Dünyada “NEET” nəsli problemini həll etmək üçün təhsil sisteminin müasir dövrün çağırışlarına uyğun yenilənməsi, gənclərə real karyera perspektivləri təqdim edən peşə proqramlarının genişləndirilməsi və eyni zamanda, psixoloji dəstək mexanizmlərinin gücləndirilməsi vacib hesab edilir. Həmçinin valideynlərin, müəllimlərin və cəmiyyətin gənclərə motivasiya verən, onların potensialını ortaya çıxarmağa dəstək olan mühit yaratmalı olduğu bildirilir.
Gənclərin həyatlarına və seçimlərinə biganə yanaşmaq gələcəyimizə biganə olmaq deməkdir. Unutmayaq ki, gənclik sabah bizi irəli aparacaq qüvvədir. Ancaq bunun üçün indi onları doğru yola istiqamətləndirmək, dəstək olmaq və inanmaq hər zamankından daha çox əhəmiyyətlidir.