Dağa, daşa köçən dünyamız Qurani-Kərimin səhifələrində
Müqəddəs kitablarda adı keçən nemətlərlə müjdələnən Odlar Yurdu Azərbaycan pirlərin, övliyaların diyarı olmaqla yanaşı, həm də Tanrının dağ, daş, od, atəş, işıq, su, torpaq ucalığına könül açıb. Sərt, sıldırım qayaların, başı qarlı dağların ətəyində binə tutan Vətənimiz Əshabi-kəhf, Babadağ, Şahdağ, Kəpəz, Qoşqar, Küpüç, Haçadağ, Haçaqaya, İlandağ, Murov, Savalan, Ərk, Əlincə, Sarıbaba, Məngələnata kimi zirvələri ilə mələklərin köç əylədiyi, Tanrının niqabını qaldırıb üzünü göstərdiyi məqamlardan, müqəddəs məkanlardandır. Səngəri, sipəri, rübəndi, gərdəyi dağlar, qalalar olan gözəl diyarımızın özəlliyinin ünvanı, qışda qarı, yayda barı ilə seçilən bu gözəlliklər Tanrının ad verib, ordum dediyi Türklərin – Oğuz oğlunun diyarıdır həm də.
Müqəddəs kitablarda, dastan və bayatılarda, poeziya nümunələrində adı çəkilən bu dağlar, qalalarla təkcə öyünmürük, yaxasında yurd-yuva salır, ürüyüb – artırıq. Dünya bina olandan dağ, daş od, işıq, su və torpaq müqəddəsliyi ilə bağlı mifik düşüncəyə malik olan insanlar üçün Qurani-Kərimdə adı keçən Tur dağı ilə bağlı anlamlı düşüncə Kasas surəsinin 29-cu ayəsində özündə yer alır. Musa Peyğəmbərin vəhy aldığı, çiyninə Peyğəmbərlik xirqəsi saldığı bu dağ Tanrının əlamətini, möcüzələrini, Peğəmbərin hikmətini dəfələrlə onun qövmünə hiss etdirib. Qurani-Kərimin Ali-İmran surəsinin 121 və 122-ci ayələrində adı keçən Uhud dağı İslam tarixində mühüm mərhələ olan Uhud savaşının şahidi olan müqəddəs dağ kimi bu gün də ziyarətə çevrilib. Nuh peyğəmbərin gəmisinin toxunub dayandığı, nəfəs dərdiyi Cudi dağı da Qurani-Kərimdə keçən Tanrının dağ ucalıqlarındandır. Hud surəsinin 44-cü ayəsində adı çəkilən bu dağı da dünya insanını ən çox ziyarət etmək istədiyi, dini-tarixi yerlərdəndir.
Qurani-Kərimin Tin surəsinin 2-ci ayəsində adı çəkilən Sina dağı vəhy və təcəllaların ünvanı olmaqla yanaşı, İbrahim peyğəmbərlə İsmayıl peyğəmbərin müqəddəs məqamı, məkanıdır. Burada İbrahim peyğəmbər təkcə Tanrısına verdiyi sözü tutmaq üçün qurbangaha qədəm qoymur, İsmayıl peyğəmbərin də ilahi eşqi, Tanrı sevgisi sınaqdan çıxır. Sina dağı hər il on minlərlə müsəlmanın Tanrıya əl açdığı, 12 ayın sultanı – Ramazanın təntənəsini yaşadığı, Həcc ziyarətində bulunduğu, Kəbəyə üz sürtdüyü, Həcərül – əsvətin nuruna qərq olduğu, Şeytanı daşladığı, arınıb – durulduğu məqamdır.

Boxçada altın yox, altından dəyərli hikmət var
Doğruluq, düzlük, mənəvi saflıq və paklıqla bağlı düşüncələrlə zəngin olan kitablarda, həm də irfan əhli olan üləmalarla ilgili işarələr yer alıb.
Onlardan biri də “Ölümü ağlından çıxarma”, “Sahibsiz mala əlini uzatma”, “İki insanın arasına girmə”, “Gecə kimi sirləri gizlin tut” nidası bir-birindən qiymətli, hikmətli, fəlsəfi əsərləri, traktatları ilə ruhumuzun qida yeri olan Ağ Şəmsəddindir. Fateh Sultan Mehmetin mürşidi Ağ Şəmsəddin bir gün dərgahda oturub müridlərinə dərs verirmiş. Bu zaman bir adam içəri girib salam vermədən küncdəki boxçanı götürüb qaçmağa başlayır. Müridlər həmin an yerlərindən durub: “Xocam, xırsızdır yaxalayaq”. Ağ Şəmsəddin üzünü olara tutub deyir: “Durun, buraxın getsin”. Çaşıb qalan müridlər onun sözünü iki etmirlər, baxmayaq ki, oğru adam xocalarının boxçasını çalmışdı…
Deyirlər, heç nə olmayıbmış kimi Xoca əfəndi dərsinə davam edir. Həmin gecə dərgahın qapısı döyülür, qapı açılanda müridləri heyrət bürüyür. Qapını döyən günorta dərgahdan boxçanı çalan adam idi. Ağlayaraq: “Əfəndim, əhfinizə sığınıram. Boxçanı açdım içindən sadəcə bir hırka, bir də bir-iki kitab çıxdı. Heç bir dəyərli şey yoxdu. Sonra düşündüm ki, Sən, bu qədər imkansız yaşayırsan, amma müridlərin sənə sayğısı var. Məni yaxalayırlar, amma səni buraxıb getmirlər. Demək, bir bildiyin var. Oğrunu dinləyən Ağ Şəmsəddin: “Gəl, oğlum otur” deyib, ona köşəsində yer göstərir və deyir: “Oğlum, bu boxçada altın yox amma altından dəyərli hikmət var. Səni bura qaytaran o hikmətdir. Onu itirmə”…
Həmin gecə oğrunun həyatında yeni bir səhifə açılır. O, mürşidinin – Ağ Şəmsəddinin müridi kimi dərgahında qul olur, mürşid-mürid müqəddəsliyi yaşayır, düşüncə çələngini başına qoyur…

Quşlar ruzisinə deyil, Tanrısına güvənən varlıqlar
Müqəddəs kitablarda adı keçən Peyğəmbərlərin, şahların, padişahların, sərkərdə- xaqanların müjdə elçisinə dönən quşlar təbiətin ayılmaz tərkib hissəsi olduğu kimi, həm də ruhumuzun qida yeridir. Quş dili bilən Süleyman peyğəmbərə mələklərdən xəbər gətirən quşlar ruzisini ancaq Tanrıdan uman varlıqlardır. Əldə edilən məlumatlara əsasən qeyd edə bilərik ki, quşlar doyduqdan sonra uçub gedir. Geridə qalan qidada gözü qalmır. Yanıma alım, saxlayım, aparım gedim, sabah yeyərəm kimi bir düşüncələri də yoxdur. Hər yer od-alov içərisində, qar-boranda olsa, yağış, dolu yağsa belə yemək tapa bilərəmmi?” sualı ilə də çırpınmayan quşlar dünya binan olandan qida, ruzi- bərəkət dərdi çəkmirlər. Mənəvi dəyərlərlə bağlı tədqiqatlar aparan alimlər, irfan sahibləri bu faktı belə şərh edirlər. “Quşlar ruzisinə deyil, Rəbbinə güvənir”. Ruzinin sahibinin varlığına şühbə ilə yanaşmırlar. Alanın da, verənin də Tanrı olduğunu qəbul edirlər. Ona inanır, ona güvənir, verməsini nemət, verməməsini hikmət bilirlər.
Şərəf Cəlilli