Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 11/12/2026

Paylaşın

TARIXI ŞƏXSİYYƏTLƏR

Məlik Dadaşov: Səhnədə yaratdığı düşmən, həyatda daşıdığı ağrı və heç vaxt susmayan sənətkar

Bəzən aktyorun taleyinə qəribə bir yazı yazılır: tamaşaçı onu sevmədiyi obrazlarla tanıyır, yaratdığı qəhrəmanlara nifrət edir, hətta ekrandan çıxıb gündəlik həyatına qarışan həmin insanı da o obrazlardan ayıra bilmir. Amma sənətkarın böyüklüyü bəlkə də elə bundadır – özünə nifrət qazandıracaq qədər inandırıcı oynamaq, yaratdığı obrazın arxasında özünü görünməz etmək…

Azərbaycan teatr və kino sənətinin belə sənətkarlarından biri də Məlik Dadaşov idi. Onun simasında səhnəyə çıxan, ekranda canlanan Qəmloya, Molla Sadığa, Şeyx Nəsrullaha baxanda aktyorun özünü deyil, xarakterin bütün sərtliyini, hiyləgərliyini, qəddarlığını görürdün. O, mənfi obrazları elə məharətlə yaradırdı ki, bəzən tamaşaçı aktyorla qəhrəman arasındakı sərhədi unudurdu. Halbuki həmin obrazların hər birinin arxasında böyük istedad, zəhmət və sənətə sonsuz bağlılıq dayanırdı.

Müharibədən səhnəyə uzanan yol

Məlik Yusif oğlu Dadaşov 1924-cü il iyunun 7-də Bakıda dünyaya göz açıb. Uşaqlıqdan musiqiyə maraq göstərib, kontrabasda ifa edib. Orta məktəbi bitirdikdən sonra Tibb İnstitutuna daxil olsa da, həkimlik onun taleyinə yazılmayıb. Birinci kursdan təhsilini yarımçıq qoyaraq sənət yolunu seçib.

Lakin gəncliyinin ilk illəri səhnənin işıqları ilə deyil, müharibənin qaranlığı ilə üzləşib. İkinci Dünya müharibəsində iştirak edən Məlik Dadaşov 1943-cü ildə kontuziya alıb. Uzun müddət müalicə olunduqdan sonra hərbi hissələrdə musiqiçi kimi fəaliyyətini davam etdirib.

Müharibədən qayıtdıqdan sonra, 1945-ci ildə Gənc Tamaşaçılar Teatrında aktyor kimi işə başlayıb. Ardınca Zaqatala və Şəmkir teatrlarında çalışıb, 1947-ci ildə Teatr İnstitutuna daxil olaraq Adil İsgəndərovun kursunda təhsil alıb. 1950-ci ildə isə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının kollektivinə qoşulub.

Bu, Azərbaycan səhnəsinin qüdrətli sənətkarlarla zəngin olduğu bir dövr idi. Ələsgər Ələkbərov, Adil İsgəndərov, Mehdi Məmmədov kimi sənət korifeylərinin əhatəsində püxtələşən Məlik Dadaşov qısa zamanda özünəməxsus ifa tərzi ilə seçilməyə başladı.

Qəmlo, Molla Sadıq, Şeyx Nəsrullah – nifrətin arxasındakı istedad

Məlik Dadaşovun kino yaradıcılığı Azərbaycan ekran sənətinin ən yaddaqalan səhifələrindəndir. O, 35-ə yaxın bədii filmdə çəkilib. Ancaq onun adını çəkəndə ilk yada düşən obrazlardan biri, şübhəsiz, “Axırıncı aşırım” filmindəki Qəmlodur.

Qəmlo adi bir mənfi qəhrəman deyildi. O, öz sərtliyi, təkəbbürü, amansızlığı və davranışları ilə filmin dramatik gərginliyini artıran, hadisələrin axarına təsir edən mürəkkəb xarakter idi. Məlik Dadaşov bu obrazı elə canlı yaratmışdı ki, onun Kərbəlayi İsmayılla dialoqları filmin hüdudlarını aşaraq xalqın yaddaşına köçmüşdü. “Abbasqulu bəyin nazı ilə çox oynayırsan, a… Kərbəlayi!” ifadəsi bu gün də kino həvəskarlarının yaddaşındadır.

Aktyorun yaratdığı Qəmlo tamaşaçıda elə güclü nifrət doğurmuşdu ki, onun ifası keçmiş İttifaq səviyyəsində keçirilən festivalda mükafata layiq görülməsə də, sənət baxımından diqqətdən kənarda qalmamışdı. Hətta Adil İsgəndərovun Kərbəlayi roluna görə ona verilən mükafatdan imtina edərək, bu mükafatın Qəmlonu yaradan Məlik Dadaşova verilməli olduğunu söylədiyi bildirilir.

“Dəli Kür” filmindəki Molla Sadıq da aktyorun parlaq yaradıcılıq nümunələrindəndir. Burada o, riyakarlığı, mənəvi ikiliyi və dini nüfuzdan öz maraqları üçün istifadə edən insanın xarakterini açırdı.

“Ölülər” əsərində Şeyx Nəsrullah obrazı isə Məlik Dadaşovun teatr yaradıcılığının xüsusi səhifəsidir. İllərlə Akademik Dram Teatrının səhnəsində oynadığı bu obrazı sonradan Tofiq Tağızadənin “O dünyadan salam” filmində də canlandırıb. Maraqlıdır ki, aktyorun qızı Gülnarənin sözlərinə görə, atası ömrünün son illərində namaz qıldığı üçün Şeyx Nəsrullah rolunu oynamağa tərəddüd edirmiş. Onun düşüncəsində bu obrazın mənəvi məzmunu ilə şəxsi inancı arasında ziddiyyət yaranırmış.

Məlik Dadaşovun istedadı yalnız mənfi obrazlarla məhdudlaşmırdı. “İyirmialtılar” filmində Məşədi Əzizbəyov, “Ulduzlar sönmür” filmində Nəriman Nərimanov obrazlarını yaradaraq tarixi şəxsiyyətlərin xarakterini ekrana gətirib. “Koroğlu”da Bolu bəy, “Nəsimi”də Şirvanşah İbrahim, “Babək”də İbn Bəis kimi obrazlar da onun zəngin aktyor palitrasını nümayiş etdirir.

Öz obrazlarının qurbanına çevrilən aktyor

Məlik Dadaşovun sənət taleyinin ən ağrılı tərəflərindən biri yaratdığı obrazlara görə bəzən real həyatda da mühakimə olunması idi. Tamaşaçıların bir qismi aktyoru oynadığı qəhrəmanlardan ayıra bilmirdi.

Bu hal xüsusilə Ceyhun Mirzəyevin “Fəryad” filmindəki erməni Armen Xaçaturyan rolundan sonra daha qabarıq şəkildə özünü göstərdi. Aktyor əvvəlcə bu rolu oynamaq istəməsə də, rejissorun təkidindən sonra razılaşmışdı. Filmdə düşmən obrazını elə inandırıcı yaratmışdı ki, ekran əsəri nümayiş olunandan sonra küçədə onu təhqir edənlər də tapılırdı. Hətta bir qadının aktyoru gördükdə onun ünvanına ağır sözlər söylədiyi, filmə baxarkən yaşadığı qəzəbi gizlədə bilmədiyini bildirdiyi xatirələrdə yer alır.

Qızı Gülnarənin danışdığına görə, film Ermənistanda da nümayiş etdirildikdən sonra Məlik Dadaşovun yaratdığı obraz yanlış şəkildə təbliğ olunmuş, aktyor hətta erməni milli qəhrəmanı kimi təqdim edilmişdi. O isə bu addan açıq şəkildə imtina etmişdi.

Beləliklə, aktyor bəzən yaratdığı obrazın yaratdığı təəssüratla mübarizə aparmalı olurdu. Halbuki səhnədə və ekranda düşməni oynamaq düşmən olmaq demək deyildi. Bu, sənətin həqiqətinə xidmət etmək idi.

Gec tapılan xoşbəxtlik

Məlik Dadaşovun şəxsi həyatı da sənət yolu qədər mürəkkəb və ziddiyyətli olub. İlk evliliyindən oğlu, gələcəyin tanınmış aktyoru Rafael Dadaşov dünyaya gəlib. Sonralar aktyorun ailə həyatı dəyişib, taleyində yeni bir sevgi səhifəsi açılıb.

Dolores xanımla tanışlığı isə sanki bir filmin romantik səhnəsini xatırladır. Hər ikisi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dərs deyirdi. Bir gün Dolores xanım dəhlizdən gələn piano səsinə aludə olur. Musiqinin ardınca gedərək yarıaçıq qapıdan içəri baxır. Pianoda ifa edən Məlik Dadaşov idi. Musiqi bitəndə göz-gözə gələn iki insanın həyatında yeni bir hekayə başlayır.

Əslində, onların yolları bundan təxminən iyirmi il əvvəl də kəsişmişdi. Dolores xanım uşaq yaşlarında Məlik Dadaşovu məhəllələrində görmüş, yaraşıqlı, gənc aktyoru heyranlıqla seyr etmişdi. İllər sonra həmin gənc onun həyat yoldaşına çevriləcəkdi.

1964-cü il dekabrın 28-də ailə quran cütlük 32 il sevgi və bağlılıq içində yaşayıb. Məlik Dadaşov həyatının bu dövründə nəhayət, axtardığı ailə xoşbəxtliyini tapmışdı. Birlikdə məclislərə, dükan-bazara gedir, gündəlik həyatın ən sadə anlarını belə paylaşırdılar.

Ancaq xoşbəxtlik də bəzən taleyin ağır sınaqlarından keçməli olur. Aktyor qızının vaxtsız ölümünü yaşayır. Bu itki onun qəlbində sağalmayan yaraya çevrilir. Üstəlik, ömrünün sonuna yaxın teatrdan uzaqlaşdırılması da sənətkara ağır təsir göstərir. Yaşamaq və yaratmaq eşqi ilə dolu olan aktyor üçün səhnəsiz qalmaq, sanki həyatının bir parçasını itirmək idi.

Son pərdə

Məlik Dadaşov ömrünün son günlərində də sənətdən ayrılmamışdı. 1996-cı il dekabrın 2-də tələbələrlə məşq zamanı qəfil yıxıldı. Aldığı ağır zədədən sonra xəstəxanaya yerləşdirildi. Altı gün davam edən mübarizədən sonra, 72 yaşında dünyasını dəyişdi.

Onun son günləri ilə bağlı danışılan bir məqam xüsusilə təsirlidir: aktyor son istəyini yazmaq üçün qələm-dəftər istəyib. Həyatının son anlarında belə sözlə, yazı ilə vidalaşmaq istəyən sənətkarın bu hərəkəti sanki onun xarakterinin daha bir cizgisini açır.

Məlik Dadaşovun ölümü ilə Azərbaycan teatrı və kinosu böyük bir sənətkarını itirdi. Amma aktyorun yaratdığı obrazlar səhnədən və ekrandan çəkilib getmədi. Qəmlo yenə Kərbəlayi ilə mübahisə edir, Molla Sadıq öz riyakarlığı ilə yaddaşlarda yaşayır, Şeyx Nəsrullah isə İsgəndərin qarşısında dayanır.

Aktyor ömrünün ən böyük möcüzəsi elə budur: özü həyatdan getsə də, yaratdığı obrazların ömrü davam edir. Məlik Dadaşov da bu gün Azərbaycan tamaşaçısının yaddaşında məhz belə yaşayır – bəzən nifrət edilən, bəzən heyranlıq doğuran, amma heç vaxt unudulmayan obrazların arxasındakı böyük sənətkar kimi.

Xanım Aydın

Bənzər Xəbərlər

Jurnalist, yazıçı-tərcüməçi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Paytaxtımızdan bir qədər aralıda xalq arasında “Bakının qulaqları” adlandırılan qeyri-adi bir dağ var. Onun iki zirvəsi sanki yerdən

Ən son

TARIXI ŞƏXSİYYƏTLƏR

Bəzən aktyorun taleyinə qəribə bir yazı yazılır: tamaşaçı onu sevmədiyi obrazlarla tanıyır, yaratdığı qəhrəmanlara nifrət

TARIXI ŞƏXSİYYƏTLƏR

Bəzən aktyorun taleyinə qəribə bir yazı yazılır: tamaşaçı onu sevmədiyi obrazlarla tanıyır, yaratdığı qəhrəmanlara nifrət
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin