II yazı
“İndi hər bir dağıstanlının qəlbində Əziz Əliyev abidəsi var. Bu onların sevə-sevə yaşatdıqları, yaddaşdan-yaddaşa ötürdükləri bir abidədir. Hörmət, ehtiram hissindən ucalan bu abidə mənim Vətənimin hər yerindən görünür”.
Maqomedsalam Umaxanov
Əziz Məmmədkərim oğlu müharibənin ən dəhşətli günlərində, müharibə dövründə olduğu kimi ondan sonrakı illərdə də özünəməxsus tükənməz enerji ilə çalışmışdır. Onun həmin illərdə Dağıstanda iqtisadiyyatın, mədəniyyətin, elm və təhsilin inkişafına göstərdiyi böyük qayğını Dağıstan xalqları heç zaman unutmayacaqlar. Mahaçqala elmi-tədqiqat bazası olan Akademik Mərkəzin, sonra isə SSRİ Elmlər Akademiyasının Dağıstan filialının yaranmasına o, xeyli səy göstərmişdir. Ali məktəblər bazasının genişləndirilməsində də onun təsiri az olmamışdır. Dağlı qızların orta və ali təhsil məsələsi, mütəxəssis qadın kadrların hazırlanması, onların respublikanın təsərrüfat və ictimai həyatına cəlb olunması işində Əziz Məmmədkərim oğlu Əliyev yoldaşın əməyi misilsizdir. Onun bilavasitə iştirakı ilə Dağıstanda Qadın Müəllimlər İnstitutu və Qadın Pedaqoji Məktəbi açılmışdır. Yüksək ziyalı mədəniyyətinə malik olan Əziz Məmmədkərimoğlu yaradıcı ziyalılara da müstəsna qayğı göstərmişdir” Maqomedsalam Umaxanovun sadaladığı nailiyyətlərin təməlini Əziz Məmmədkərim oğlu məhz Vilayət Partiya Komitəsinin 8 yanvar 1943-cü il qərarı ilə qoymuşdu.
1943-cü ilin əvvəlində müharibənin göydən yerə od ələdiyi bir ərəfədə Vilayət Partiya Komitəsinin birinci katibi ölkəni, əhalini bu dəfə yenidən səfərbərliyə alır. Bu elmin, təhsilin, mədəniyyət və incəsənətin, pedaqoji mühitinin inkişafı üçün yürüdülən siyasətin təməl prinsipindən soraq verən məsələlər idi.
Kadrlarını hər bir xalqın nümayəndəsindən seçməklə onların mütəşəkkilliyinə nail olur
İnsanın xarakteri onunla doğulur, mühitində formalaşır. Əziz Əliyev milli-mənəvi dəyərlər və milli dövlətçilik tariximizdə özünəməxsus yeri olan, İrəvanın elmi-mədəni mühitində yetişmişdi. İbadulla bəy Muğanlinskinin məktəbində dövrünün görkəmli dilçi alimi Fars Abbasdan – Cabbar Məmmədzadədən dərs almışdı. Onun xüsusi qayğısını öz üzərində hiss etmişdi. İrəvan Gimnaziyasının qızıl medalla başa vurduqdan sonra Hacı Zeynalabdin Tağıyevin dəstəyi ilə Petroqrad Hərbi Tibbi Akademiyasına daxil olmuşdu. Mühitin insan şəxsiyyətinə təsirindən xəbərdar idi. Bu səbəbdən də Dağıstanın inkişafı, dağlıların irəliyə getməsi, tarixi əzəmətinə qayıtması üçün elmi-mədəni, ictimai-siyasi mühitin sütunları olan kadrları arayıb-axtarıb tapır, zərgər dəqiqliyi ilə seçir, yetişdirir, irəli çəkir, vəzifə etibar edir. Əbdülvahab Süleymanov, Şahruddin Şamxalov, Maqomedsalam Umaxanov Əziz Əliyev məktəbinin ən qüdrətli müdavimləri kimi sonralar da Dağıstan üçün böyük işlər gördülər.
Umaxanov xatirələrində Əziz Əliyevin kadr seçimini zərgər dəqiqliyi ilə müqayisə edərək deyirdi: “Əziz Məmmədkərim oğlu Əliyev Dağıstanda işləyəndə respublikanın spesifik şəraitini son dərəcə dərindən qavrayır, həssas davranış nümayiş etdirir. Xalqlarımızın dostluğuna, birliyinə, qardaşlığına çalışır. Kadrlarını hər bir xalqın nümayəndəsindən seçməklə onların mütəşəkkilliyinə nail olur. İnsanı insandan, xalqı-xalqdan ayırmır. Onların hər birinin irəli getməsi, özünü göstərməsi üçün şərait yaradır. Yüksək ziyalı mədəniyyətinə malik olan Əziz Məmmədkərim oğlu yaradıcı ziyalılara müstəsna diqqət, qayğı göstərir. Onların əsərlərinin çapına nail olur. Mükəmməl təhsil almaları üçün əlindən gələni əsirgəmir. Ən ucqar dağ kəndlərindən, aullardan onları bir-bir tapır, yetişdirir, inkişaf etdirir. Xeyir işlərində, yaradıcılıq gecələrində ailə üzvləri ilə iştirak edir, onların sevincinə şərik olurdu. Bu idi onu biz dağıstanlılara sevdirən. İndi hər bir dağıstanlının qəlbində Əziz Əliyev abidəsi var. Bu onların sevə-sevə yaşatdıqları, yaddaşdan-yaddaşa ötürdükləri bir abidədir. Hörmət, ehtiram hissindən ucalan bu abidə mənim Vətənimin hər yerindən görünür”.
Sovet İttifaqında Şeyx Şamilə münasibətdən asılı olmayaraq onun adının əbədiləşdirilməsi üçün göstəriş verir
Əziz Məmmədkərim oğlu Əliyev qüdrətli dövlət xadimi, sənət-mədəniyyət xiridarı, insan sərrafı, Yaddaş Memarı idi! Müharibənin dəhşətli illərində Dağıstan xalqlarından ibarət könüllü batalyonları, partizan dəstələrini, Melitopol kimi Reyxstaqa qədər gedib çıxan diviziyaları yaradan, ali və orta ixtisas məktəblərinin, institutların, akademik mərkəzin, sənət-mədəniyyət ocaqlarının Qurucusu, on minlərlə milli kadrın Ustadı Sovet İttifaqında Şeyx Şamilə münasibətin necə olmasından asılı olmayaraq, qanın-qadanın içərisində “Şamil” pyesini səhnəyə qoydurmaqla kifayətlənmir, onun müəllifi Maqamed Rəsulovu ön cəbhədən geri çağıtdırıb Maarif naziri təyin edir. Şeyx Şamilin adının ədəbiyyatda, incəsənətdə, bəstəkarlıq nümunələrində, rəsm əsərlərində əbədiləşdirilməsi üçün göstəriş verir. 1943-cü ildə Zaqafqaziya cəbhəsinin şimal qrupu orduları hücuma keçən zaman Əziz Əliyevin Ali Baş Komandan marşal Stalindən xüsusi xahişi ilə dağlılardan ibarət “Şamil” tank taqımı yaradılır. Mahaçqala Şəhər Müdafiə Komitəsi onun üçün 25 milyon manat vəsaiti hərbi fonda köçürür.

Qurucu Əziz – birliyin, bütövlüyün rəmzi
Əhalinin bütövlüyünə, Xalq-İqtidar birliyinə nail olan Əziz Əliyev bir dövlət xadimi, ölkə rəhbəri kimi Dağıstanın torpaq siyasəti, kadastr məsələləri, statistika problemləri ilə də öncədən məşğul olduğundan əhalinin oturaqlığını təmin etmişdi ki, bu da regionların inkişafında əsas şərtlərdən idi. Dağıstanda yeni neft yataqlarının kəşfi, ölkənin nüfuzunu bir qədər də artırmış, neft strategiyasının müəyyənləşdirilməsi məsələlərini gündəmə gətirmişdir. Əziz Əliyev qüdrətli dövlət xadimi idi. Rəhbərlik etdiyi ölkənin kompleks inkişafına nail olmaq üçün iqtisadiyyatın şaxələndirilməsi prinsipini əsas götürmüş, Neft sənayesi, Ağır və yüngül metallurgiya, kənd təsərrüfatının müxtəlif sahələri, tərəvəzçilik, taxılçılıq, heyvandarlıq, ipəkçilik, ən əsası toxumçuluq təsərrüfatını qurmuşdu ki, bu da ölkənin iqtisadi potensialının intellekt kapitalına çevrilməsi, ordu quruculuğu, elm-təhsil, mədəniyyət məsələlərinin həlli üçün təkan idi. Bütün bunlar bu gün bəlkə də, adi və sadə məsələlər kimi görünə bilər. Müharibənin ən dəhşətli illərində, repressiyadan təzə çıxmış, deportasiyanın ağzında olan bir məmləkətdə – Dağıstanda, dağlar diyarında yaşananlar məhz Lider – Xalq birliyinin, bütövlüyünün, məhəbbətinin gerçəkliyi idi.
Burada tarix yaradan dağlıların Yaddaş Memarı idi
Qarşıda isə qələbə dolu 1945-ci il var idi. Mozdokdan Reyxstaqa yollar görünür, Melitopol diviziyası Mahaçqala Müdafiə Komitəsinin sədrinin, 47-ci və 58-ci Orduların Hərbi Şuralarının, Hava Hücumundan Müdafiə Ordusunun Bakı dairəsinin üzvü polkovnik Əziz Əliyevin inamla, qələbə ümidi ilə onlara təqdim etdiyi, Dağıstanın məğrurluğunun, dağlıların sədaqətinin, etibarının, qüdrətinin, cəsarətinin simgəsi, bəlgəsi olan bayrağı səngərdən səngərə, qələbədən qələbəyə qürurla daşıyır, Şeyx Şamilin, Hacı Muradın, Mahaç Dahadayevin məğlubedilməzliyini, əyilməzliyini dünyaya nümayiş etdirir. Onları inamsızlıqda, etibarsızlıqda ittiham edənləri, doğmalarına repressiyanın əcəl şərbətini içirənləri, deportasiya dəhşətləri ilə təhdid edənləri Vicdanları ilə baş-başa qoyurlar. Bura dağlar diyarı Dağıstandı! Burada tarix yaradan isə dağlıların Yaddaş Memarı, sərkərdə-xaqan ucalığı Əziz Məmmədkərim oğlu Əliyevdi!
Mümkün olmayanları mümkünə çevirən Lider
Polkovnik Əziz Əliyev sıradan bir rəhbər, dövlət xadimi deyildi. Onun zabit şərəfi, sərkərdə-xaqan ucalığı vardı. Müharibənin qələbə ilə nəticələnməsi üçün əlindən gələni etmiş, hətta edilməsi mümkün olmayanları belə mümkünə çevirməyə iradəsi, cəsarəti çatmış Lider idi! Dağıstanın, Dağıstan qarışıq Azərbaycanın, Bakı neftinin xilaskarı Sovet İttifaqı qəhrəmanı, Bakı isə qəhrəman şəhər adını haqq etsə də, haqq yerini almadı. Onun tək bir dərdi, problemi vardı. O, Azərbaycanlı, Türk, Müsəlman idi. Məsələnin bu yönü ilə bağlı cənab Hidayət Orucov haqqlı olaraq qeyd edir ki, Moskvanın müdafiəsindəki xidmətləri ilə bağlı marşal Jukovun Stalin haqda bir sözü var: “O mümkün olmayan işləri həyata keçirirdi. Bu fikiri eyni ilə böyük eloğlumuzun həyatına, fəaliyyətinə də şamil etmək olar”.
Əziz Əliyev Azərbaycanın dövlət xadimləri arasında fərqlənən bir neçə adamdan biri, bəlkə də yeganə adam idi
Əziz Məmmədkərim oğlu Əliyev 1942-ci ildə Azərbaycanın birinci katibi Mircəfər Bağırovun təqdimatı, İosif Stalinin dərkənarı ilə etibarlı, inanılmış kadr kimi Dağıstan Vilayət Partiya Komitəsinin birinci katibi vəzifəsinə təyin olunmuşdu. 1947-ci ilin 14 oktyabrında Dağıstan Vilayət Partiya Komitəsinin plenumu onun təkrar seçkisini alqış sədaları altında təsdiq etmişdi. On minlərlə dağlını Dağlar diyarının Xilaskarından ayıra bilməmişdilər. Marşal Stalin “belini dağlar diyarında bərk saxlamaq”, onsuz da inadkar doğulan dağlıları bir daha Şura hökumətindən incik, narazı salmamaq üçün hər cür güzəştə getməyə hazır idi. Bunun həm də bir səbəbi vardı: “Göydə Allah, Dağıstanda Əziz Əliyev, Moskvada Stalin” olduğunu SSRİ məkanında hamı, hər kəs bilirdi!
Əziz Əliyev qüdrətli dövlət xadimi, əvəzolunmaz şəxsiyyət, Böyük Vətən müharibəsinin taleyini dəyişən tarixi simalardan, Sovet xalqlarının monolit birliyini təmin edən liderlərdən idi. O, eyni zamanda iki ölkənin Dağıstan və Azərbaycan xalqlarının dostluğunun, qardaşlığının simvollarından idi. Ulu Öndər Heydər Əliyev polkovnik–komissar Əziz Məmmədkərim oğlu Əliyevin 100 illik yubiley mərasimindəki çıxışında haqlı olaraq, bu barədə vüqarla qeyd edirdi: “İkinci Dünya müharibəsi bəşər tarixində ən ağır müharibədir. Böyük Vətən müharibəsi faşizmə, cəhalətə, təcavüzə qarşı müharibə idi. Faşizmə qarşı vuruşanlar, qələbənin təmin olunması işinə öz töhfəsini verənlər, öz fəaliyyəti ilə bu qələbənin çalınmasına kömək edənlər, şübhəsiz, ən yüksək qiymətə və ən yüksək hörmətə layiqdirlər. Belə görkəmli insanlardan biri də Əziz Əliyev idi. O, ön xəttdə, Dağıstanda olmuşdur. Onun qismətinə olduqca çox çətin vəzifələr düşmüş və o, bu vəzifələrin öhdəsindən uğurla gəlmişdir. Dağıstanlılar 1942-ci ilin sentyabrında onların respublikasında vəziyyətin necə olduğunu yaxşı bilirlər. Orada əvvəllər yaşamamış, işləməmiş olan bu adam oraya gəldi və qısa müddətdə bu çoxmillətli diyarı öz ətrafında sıx birləşdirməyə, hamını öz ətrafına toplamağa və onları Dağıstanın müdafiəsinə, deməli, həm də Zaqafqaziyanın, Bakı neftinin müdafiəsinə qaldırmağa müvəffəq oldu”.
Azərbaycan və Dağıstan xalqları arasında dostluq və qardaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsi Əziz Əliyevin adı ilə sıx bağlıdır
Polkovnik-komissar Əziz Əliyev 1942-ci ildən 1948-ci ilə qədər Dağıstanda tarix yaratdı. Azərbaycan və Dağıstan xalqlarının dostluğu və qardaşlığının simvoluna çevriləcək qədər müqəddəs bir tarix. İkinci Dünya Müharibəsində mümkün olmayanları mümkünə çevirənlərin sırasında yer almasına baxmayaraq, bir anın içərisində milli məsələlərə qurban getdi. Əziz Məmmədkərim oğlu Əliyev Dağıstandakı ali vəzifəsindən 1948-ci ildə Moskvada – Mərkəzdə Mikoyan – Beriya tərəfindən qaldırılan, Stalin tərəfindən icra olunan Qərbi Azərbaycan, Zəngəzur məsələsinə, azərbaycanlıların tarixi torpaqlarından deportasiyasına etirazına görə alındı. Komissar Nəriman Nərimanov 1930-cu illərdə Dağlıq Qarabağ, Naxçıvan, Zaqatala, Ulu Öndər Heydər Əliyev ötən əsrin 80-ci illərində Qarabağ məsələsinə görə hədəfə alındığı kimi.
1962-ci il iyulun 27-də 65 yaşında dünyaya vida nəğməsi oxuyan polkovnik-komissar Əziz Məmmədkərim oğlu Əliyev varlığı qədər sevdiyi Azərbaycanın birliyi, bütövlüyü uğrunda ürəyindən getdi. Vida mərasiminə minlərlə dağıstanlı gəldi. Bu, onların rəhbər kimi çağırışına müntəzir olduqları, qardaş kimi sevdikləri liderlərinə sonsuz sevgilərinin göstəricisi, əlaməti idi. Əziz Məmmədkərim oğlunun adı bu gün də Dağıstan dövləti və xalqları tərəfindən hörmətlə çəkilir, xatirəsi əziz tutulur. Onun adını daşıyan küçə, tibb texnikomu, Mahaçqalanın mərkəzində ucaldılan abidəsi, haqqında dərc olunan kitablar, elmi-publisistik yazılar dediklərimizə əyani sübutdur.
Şərəf Cəlilli