Gecələr səssiz olur. Amma bəzi səslər var ki, o səssizliyə qışqırır, ağlayır, çağırır. “Gecələr yuxusuz qoymusan məni” mahnısını ilk dəfə Rübabə Muradovanın səsində eşidənlər, o gecənin nə qədər uzun, nə qədər yaralı olduğunu bir daha anlayır. Bu qadın təkcə muğam oxumurdu – öz içinin dağını oxuyurdu.
Arazın o tayından – ağrı ilə gələn səs
1933-cü il martın 22-də, İranın Ərdəbil şəhərində doğulan Rübabə, hələ 16 yaşı olarkən ömrünün ilk sarsıntısını yaşadı. Atası siyasi səbəblərlə həbs olunmuşdu. Anası ümidini o vaxtkı zindan rəisi Xəlilağaya bağladı. Gecənin qaranlığında Araz çayını keçərək ailəsini gizli yollarla bu taya – Azərbaycana gətirən Xəlilağa, bu fədakarlığı ilə Rübabənin atasının inamını qazandı… və çox keçmədən on altı yaşlı qıza aşiq oldu. Ailə bu taya keçəndə heç nəsiz qalmışdı və həm də Xəlialağa bir can borcu da vardı. Bütün bunlar səbəb oldu ki, balaca bir qızı yaraşıqlı olan Xəlilxağaya verdilər. Beləcə, Rübabənin səsi hələ açılmamışkən ilk susdurulma ilə üzləşdi.
Xəlilağa onu səhnəyə çıxmağa qoymurdu. Amma sənət çağıranda susmaq olmur. Gənc Rübabə ilk dəfə Gəncədə səhnəyə çıxanda, ərinin qəzəbi onu yenidən susdurmağa çalışdı: “Mən müğənni arvad istəmirəm!” Lakin bu, onun qırılma nöqtəsi oldu. Ailə dağıldı. Səhnə isə onu qucaqladı.
“Mən səhnəsiz qala bilmərəm”
Az sonra Ələsgər Ələkbərov onu təsadüfən Sabirabadda tamaşada gördü. Təsadüf deyilmiş – bu görüş onu Bakıya, Filarmoniyaya gətirdi. Seyid Şuşinskinin sinfində oxudu, sonra isə ömrünü Azərbaycan Opera və Balet Teatrına həsr etdi. İlk gündən son günə qədər – 1954-dən 1983-ə qədər.
Səhnədə Leyli oldu, Əsli oldu, Ərəbzəngi oldu. Amma hər obrazın içində özü idi. Ən çox sevdiyi “Leyli və Məcnun” operasında oynadığı Leyli rolu onun həyatının izlərini daşıyırdı. 1975-ci ildə Mehdi Məmmədovun quruluş verdiyi tamaşada, Şam səhnəsində necə nalə çəkdisə, bütün zal ağladı. Özü də… O səhnədə nə süni hiss vardı, nə süni göz damcısı, nə süni səs… Heç nəyə ehtiyac duymadan ağlayırdı – çünki bu, onun içindən gəlirdi. Onun Leylisi ağlayan qadın idi – sevgi üçün, azadlıq üçün, qürbət üçün.
Səhnəyə düşmən olan ikinci sevgi
Bakıda olanda Tələt adlı bir tacirlə tanış oldu. Tanışlıq hekayəsi qaranlıq idi. Rübabənin konsertinə gedən bacısını izləyən Tələt, ikinci dəfə konsertdən qayıdan bacısını döyür. Bacı bu şiddətə dözməyib özünü asır. Tələt deyir: “Rübabənin üstündə oldu”. Və sonra o qadına özü vurulur. Evlənirlər. Lakin ikinci həyat yoldaşı da onun səhnəyə çıxmasına dözə bilmir. Ailə bir daha dağılır. Rübabə bu dəfə hökumətin ona bağışladığı evdə tək yaşayır.
Qürbət həsrəti – “Heydərbabaya salam”
Onun həyatında qürbət yarası heç sağalmadı. Ərdəbildəki evlərini, həyətindəki ağacları unuda bilmirdi. Mərdəkandakı bağını o evə oxşatmağa çalışırdı, eyni ağaclardan əkdirirdi. Bir dəfə Astaraya qastrola gedəndə, sərhədin kənarında dayanır və o taylara baxaraq hönkür-hönkür ağlayırdı…
Və məhz o ağrı Məhəməmmədhüseyn Şəhriyarın “Heydərbabaya salam” poemasında olan nisgili Rübabə Muradovanın ifasında dilə gətirir. O şeirin hər bir misrası xanəndənin dilində həsrət himninə çevrilir, torpağa, uşaqlığa, keçmişinə, qoparıldığı taleyə çağırış olurdu.
Bir başqa sevda hekayəsi…
Deyilənlərə görə, Rübabə Muradovaya bir gənc oğlan da vurulubmuş. Amma müğənni olduğu üçün ailəsi onu qəbul etməyibmiş. Oğlan ömrü boyu xanəndəyə sevgisinə sadiq qalaraq evlənməyibmiş. Bu hekayə daha çox yazıçı Anarın “Qaragilə” əsəri çap olunandan sonra yayılıb. Həm də deyilənlərə görə, bu əsər məhz Rübabə Muradovaya həsr olunub. Hekayədə bir gənc oğlan radioda “Qaragilə” xalq mahnısını oxuyan müğənniyə qulaq asıb, köks ötürərək “mən bu qadını sevirəm” deyir. İstər real, istər bədii – bu hekayə də onun səsinə yazılan sevda izlərindəndir.
Son nəfəsində belə səs idi…
Şəkər xəstəliyi, sonradan keçirdiyi qaraciyər serrozu onu lap əldən salmışdı. Ölümündən bir neçə ay əvvəl dodaqları parça-parça olur, heç nə yeyə bilmirdi. Səsi çəkilsə də, nəfəsində hələ də musiqi vardı. 1983-cü ilin avqustunda, cəmi 50 yaşında, bu dünya səhnəsindən ayrıldı. Amma son nəfəslərində belə səssiz deyildi. İki vəsiyyət qoydu:
Məzarı üstünə Ərdəbildən torpaq səpilsin,
Habil Əliyev onun məzarında ifa etsin.
Torpaq gətirildi. Amma Habil Əliyevin kamançası dilənmədi. Niyə? “Ürəyim gəlmədi”, dedi. Kamança da bu itkinin qarşısında dinə bilmədi, susqun qaldı, içində ağladı…
Sonda…
Rübabə Muradova – muğamı yaşamaqla oxuyan bir qadın idi. Onun səsində iztirab vardı, taleyin rəsmi vardı. Leyli kimi sevdi, Əsli kimi yandı, Ərəbzəngi kimi mübarizə apardı. Ən çox da gecələr yuxusuz qaldı. Səsi bir qapıdır – açdıqca o yuxusuz gecələrin içindən bir qadının qırıq, titrək naləsi gəlir.
Xanım Aydın