Leonardo da Vinçinin “Sonuncu Şam Yeməyi” (L’Ultima Cena) (1495–1498) əsəri Renessans dövrünün ən möhtəşəm və simvolik sənət nümunələrindən biridir. Bu divar rəsmi Milan şəhərindəki “Santa Maria delle Grazie” monastırının yeməkxanasında yerləşir və xristian dünyası üçün böyük mənəvi əhəmiyyət daşıyır.
Əsərdə İsa Məsihin çarmıxa çəkilməzdən əvvəl həvariləri ilə birlikdə sonuncu dəfə şam etməsi təsvir olunur. Da Vinçi bu səhnədə o anı seçmişdir ki, İsa “Sizdən biri məni satacaq” deyir. Bu dramatik anın təsviri həvarilərin üz ifadələrində və bədən hərəkətlərində ustalıqla əks olunub. Hər biri fərqli reaksiya verir – qorxu, şübhə, qəzəb və təəccüb.
Rəssam burada perspektiv və simmetriya qaydalarından məharətlə istifadə edərək tamaşaçının baxışını birbaşa İsanın fiquruna yönəldir. Leonardo ənənəvi freska texnikasından fərqli üsul tətbiq etdiyi üçün əsər zamanla zədələnib və dəfələrlə bərpa olunub.
Bu şah əsər sadəcə dini mövzulu təsvir deyil, həm də insan duyğularının və psixologiyasının incə müşahidəsi kimi sənət tarixində əvəzolunmaz yer tutur.
Xanım Aydın