Ləzgi mətbəxi Azərbaycanın və ümumiyyətlə bütün Qafqazın qədim və zəngin kulinariya ənənələrindən biridir. Bu mətbəx həm öz dadlı yeməkləri, həm də xalqın tarixini və həyat tərzini əks etdirən spesifik təamları ilə tanınır. Bu yazıda Ləzgi mətbəxinin sevilən və unikal yeməklərindən biri olan Tsikan haqqında danışacağıq.
Tsikan nədir?
Tsikan əsasən Ləzgi xalqının bayram və xüsusi günlərində hazırladığı ənənəvi ət yeməyidir. Bu yemək adətən qoyun və ya mal ətindən hazırlanır və xüsusi üsulla bişirilir. Tsikan həm dad baxımından, həm də hazırlanma prosesi ilə fərqlənir və Ləzgi kulinariyasının dərin köklərini əks etdirir.
Tərkibi və hazırlanması:
Əvvəlcə un, süd, yumurta, duz və sudan ibarət gözəl, yupyumşaq bir xəmir yoğrulur. Onu bir tərəfə özünə gəlməyə qoyurlar. Həmin arada Tsikanın içliyi hazırlanır. Ət xırda doğranaraq soğanla birlikdə qızardılır. Bəzən istəyə görə, kartof da əlavə olunur. Üzərinə müxtəlif ədviyyatlar səpilir. Zəif odda bişirilir ki, ət tam yumşalsın və bütün ləzzətlər bir-birinə qarışsın. Xəmirin üstünə çəkilmək üçün qarışıq da su, yağ, yumurtadan hazırlanır. Onları bir qabda yaxşı-yaxşı çalıb ümumi bir kütlə hazırlamaq lazımdır. İçlik və qarışıq hazır olana kimi xəmir də özünə gəlir.
Tskanın hazırlanması üçün xəmirdən kündələr tutub yaymaq lazımdır. Xəmirə hazırlanan qatışıqdan çəkib, qatlamaq, arasına içlikdən bol-bol qoymaq lazımdır. Üstünə küncüt və qaraçörəkotu səpib 150 dərəcə qızdırılmış sobada təxminən 1 saata yaxın bişirilmək yaxşıdır ki, tsikan hərtərəfli bişsin.
Qeyd edək ki, tsikan bəzi hallarda təndirdə və ya qapaqlı gil qabda bişirilir. Bu isə ona xüsusi ləzzət verir. Yemək süfrəyə isti halda təqdim edilir.
Tsikanın özəllikləri
Zülal və yağ baxımından zəngin olan bu yemək soyuq iqlimdə enerji mənbəyi kimi də istifadə olunur. O, həm də bir mədəniyyət rəmzidir. Toylarda, bayramlarda və qonaqlıqlarda mütləq təqdim olunan yeməklərdəndir. Ləzgi ailələri bu resepti (bir qədər fərqli də ola bilər) nəsildən-nəslə bu resepti ötürür və hər ailənin tsikanı özünəməxsus olur.
Tsikan, Ləzgi mətbəxinin zənginliyini və xalqın mədəni dəyərlərini özündə əks etdirən unikal bir yeməkdir. Bu təam yalnız mədəyə deyil, eyni zamanda ürəyə də xitab edir. Çünki o, birlik, ailə və bayramların simvoludur. Ləzgi mətbəxini tanımaq istəyən hər kəs üçün Tsikan mütləq dadılmalı olan yeməklərdən biridir.
Xanım Aydın