Gözümüzü açandan tanrının evində müqəddəs örpəyə bürünən bir gözəllik görür, ömrümüzdə bir dəfə olsa da onun başına dolanmağını dua edirik. Həcərül-əsvət, Hera və Sina kimi səcdəsində durmağı arzulayırıq. Kəbənin örtüyünün hər zaman təravətli qalması isə bizi düşündürür. Bunun səbəbi çox sadə imiş. Kəbənin örtüyü hər il bayram öncəsi bir dəfə dəyişdirilir, köhnə örtük bir an içərisində götürülmür, hissə-hissə sökülür.
Əldə olunan məlumatlardan o da bəlli olur ki, Kəbənin örtüyü ipəkdən hazırlanır və qızıl ipliklərlə bəzədilir. Dəyişdirilmiş köhnə örtük isə atılmır, bərpa edilir, hissələrə bölünür, nüfuzlu insanlara hədiyyə göndərilir.

Bu kənddə Oruc 3 saat tutulur
Müqəddəs Ramazan ayında tutulan oruc Sahurla başlayır, İftarla bitir. Gün doğmadan başlayan bu müqəddəs ayin gün batandan sonraya qədər davam edir. El arasında ona ağ sapla qara sapın bir-birindən ayrılmadığı məqam deyilir. Orucun tutulması və açılması ərazinin vaxt hesabı ilə müəyyənləşir. Elə yerlər var ki, qısa oruc saatı, elə yerlər var ki, uzun oruc saatı insanların imtahanına çevrilir. Yer üzündə yeganə bir kənd var ki, orada orucun müddəti 3 saat yarım çəkir. Bu qaydanı özləri qoymayıblar. Bu kənddə günəş saat 11-də doğur, 14:30-da batır. Söhbət dağlar arasında yerləşən Omanın Vəkan kəndindən gedir. Dünyada ən qısa oruc müddəti 2 minə yaxın müsəlman əhali yaşayan bu ərazidədir.

Asif Əzizdən Hacı Zeynalabdin Tağıyevə
Bir gün məşhur türk iş adamı Asif Əziz Londonda beşulduzlu bir hotelə girir. İkindi namazını qılmaq istəyir, amma icazə vermirlər. O, da çölə çıxıb hotelin sahibini çağırır və həmin hoteli satın alır. Ondan sonra hoteli məscidə çevirir.
Belə bir hadisə yüz il öncə mesenat Hacı Zeynalabdin Tağıyevin başına gəlir. Parisdə yemək sifarişi etdiyi masadan onu qiyafəsinə görə qaldırmaq istəyirlər. Zeynalabdin Tağıyev restoranı satın alır. Üstəlik yüz illik xərcini ödəyir. Yüz il boyu istənilən Azərbaycanlı həmin restoran da ödənişsiz yemək hüququ qazanır. Asif Əziz Osmanlı, Hacı Zeynalabdin Tağıyev Azərbaycan türküdür. Hər ikisini birləşdirən isə bir dəyər var – İslam.
Şərəf Cəlilli