Azərbaycan Dövlət Kukla Teatrı növbəti beynəlxalq teatr festivalına gedir. Budəfəki ünvan dost Qazaxıstan Respublikasıdır.
Baki-baku.az xəbər verir ki, 20-26 may 2025-ci il tarixlərində qardaş ölkənin Almatı şəhərində “Orteke” VII Beynəlxalq Kukla Teatrları Festivalı baş tutacaq.
Qazaxıstan Mədəniyyət və İdman Nazirliyinin dəstəyi ilə Almatı Dövlət Akademik Koreya Musiqili Komediya Teatrı bazasında artıq yeddincisi reallaşacaq festival nəinki türkdilli ölkələrdə ümumilikdə beynəlxalq teatr mühitində böyük nüfuza malikdir. Festivalın münsiflər heyətində Qazaxıstan və qonşu ölkələrdən teatr mütəxəssisləri ilə yanaşı, dünya kukla teatrı sferasında seçilən peşəkarlar təmsil olunurlar.
Nominasiyalı festivalda qaliblər “Ən yaxşı tamaşa”, “Ən yaxşı rejissor işi”, “Ən yaxşı aktyor işi”, “Ən yaxşı rəssam işi” və “Ən yaxşı musiqi tərtibatı” üzrə təltif olunacaqlar. Nüfuzlu teatr bayramında ölkəmiz Azərbaycan Dövlət Kukla Teatrı repertuarında özünə möhkəm yer tutan “Melisa” tamaşası ilə iştirak edəcək.
Qeyd edək ki, teatrın direktoru, Əməkdar mədəniyyət işçisi Rəşad Əhmədzadənin rəhbərliyi ilə 10 nəfərdən ibarət heyət bu beynəlxalq səfərdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə iştirak edəcək.