Azərbaycanda azad edilmiş ərazilərdə aparılan yenidənqurma və bərpa işləri dayanıqlılıq, “ağıllı şəhər” konsepsiyası, yaşıl inkişaf yanaşması və insan ləyaqəti prinsipləri əsasında həyata keçirilir.
Baki-baku.az xəbər verir ki, bu fikirləri Ümumdünya Şəhərsalma Forumunun (WUF13) milli koordinatoru, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev forum çərçivəsində keçirilən mətbuat konfransında səsləndirib.
Onun sözlərinə görə, Azərbaycanda dağıdılmış şəhər və kəndlərin yenidən qurulması müasir urbanizasiya standartlarına uyğun şəkildə aparılır.
“Bu proses təkcə bərpa deyil, eyni zamanda yeni şəhər inkişaf modelinin formalaşdırılmasıdır. WUF13 Azərbaycana öz təcrübəsini beynəlxalq ictimaiyyətlə bölüşmək, həmçinin digər ölkələrin yanaşmalarından faydalanmaq imkanı verir. Forum iştirakçıların sayına görə də böyük maraq doğurur. Mayın 17-dək tədbirə qatılmaq üçün 182 ölkədən 42 min 367 nəfər qeydiyyatdan keçib, ilk gün – mayın 17-də isə 21 min 108 iştirakçı qeydə alınıb”, – deyə Anar Quliyev bildirib.
Komitə sədri əlavə edib ki, forum çərçivəsində təşkil olunan “Urban Expo” beynəlxalq təşkilatları, hökumətləri, bələdiyyələri, akademik qurumları, innovatorları və özəl sektor nümayəndələrini bir araya gətirir. Onun sözlərinə görə, sərginin ümumi sahəsi təxminən 35 min kvadratmetrdir və bunun yarısı sərgi ekspozisiyalarına ayrılıb.