Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 10/12/2026

Paylaşın

HƏR ŞEYDƏN

Kolumbun okeanın o tayına səyahəti qitələrin taleyini dəyişdi

Kolumb, Xristofor Kolumb

O, Şərq ədviyyatları və sərvətlərinin ardınca yola çıxmışdı, lakin avropalıların dünya haqqında təsəvvürlərini dəyişən sahillərə çatdı. Xristofor Kolumb Hindistana aparan yolu tapa bilmədi. Bununla belə, onun səyahəti qitələr arasında əlaqə yaratdı və təsiri bu gün də hiss olunan dəyişikliklərin başlanğıcı oldu.

1492-ci il oktyabrın 12-də Atlantik okeanında həftələrlə üzən ekspedisiya üzvləri nəhayət, quru gördülər. Bu, yerli sakinlərin Quanahani adlandırdığı Baham adalarından biri idi. Kolumb ona San-Salvador adını verdi. Dəniz səyyahı Asiya sahilləri yaxınlığındakı adalara çatdığını düşünürdü.

Avropada Şərq mallarına yüksək qiymət verilirdi, onları birbaşa əldə etmək imkanı isə böyük qazanc vəd edirdi. Kolumb qərbə doğru üzərək Asiyanın zəngin torpaqlarına çatmağı təklif etdi. İspaniya monarxları Kastiliyalı İzabella və Araqonlu Ferdinand ekspedisiyanı dəstəklədilər. 1492-ci ilin avqustunda Palos limanından üç gəmi — “Santa-Mariya”, “Pinta” və “Ninya” yola çıxdı.

Geniş yayılmış yanlış təsəvvürün əksinə olaraq, Kolumb Yerin kürə şəklində olduğunu sübut etmək niyyətində deyildi. Təhsil almış avropalılar bunu ondan çox əvvəl bilirdilər. Onun səhvi başqa məsələdə idi: Asiyaya qədər olan məsafənin əslində olduğundan xeyli az olduğunu düşünürdü.

Yolda ekspedisiya üzvləri mövcudluğundan xəbərsiz olduqları torpaqlarla qarşılaşdılar. Halbuki Amerikada çoxdan insanlar yaşayırdı, Skandinaviya dənizçiləri isə Kolumbdan təxminən beş əsr əvvəl onun şimal sahillərinə çatmışdılar. Kolumbun səyahətinin əhəmiyyəti onda idi ki, bundan sonra Atlantik okeanı üzərindən müntəzəm səfərlər başladı və davamlı əlaqələr quruldu.

Dəyişikliklər tədricən gündəlik qidalanmaya da təsir etdi. Kartof, pomidor, qarğıdalı və kakao Amerikadan dünyaya yayıldı. Əks istiqamətdə isə buğda, şəkər qamışı, atlar və iribuynuzlu mal-qara daşınırdı. Əsrlər boyu davam edən bu proses “Kolumb mübadiləsi” adını aldı. Bu mübadilə olmasaydı, bir çox ölkənin bu gün tanıdığımız mətbəxi tamamilə fərqli olardı.

Yeni dövrün isə faciəli tərəfi də vardı. Müstəmləkəçilik yerli xalqlar üçün torpaqlarının ələ keçirilməsi, məcburi əmək və zorakılıqla nəticələndi. Kənardan gətirilən infeksiyalar kütləvi insan tələfatına səbəb olan epidemiyalar törədirdi. Ticarətin genişlənməsi və müstəmləkəçi dövlətlərin varlanması böyük insan itkiləri ilə müşayiət olunurdu.

 Kolumb Atlantik okeanını keçərək dörd səyahət etdi, lakin ömrünün sonunadək çatdığı torpaqların Asiyaya aid olduğunu düşünürdü. 1507-ci ildə isə Martin Valdzemüllerin xəritəsində Ameriqo Vespuççinin şərəfinə verilmiş “Amerika” adı yer aldı.

Kolumb artıq məlum olan Şərqə yol axtarırdı. Onun səyahəti isə Avropa üçün tamamilə başqa bir istiqamət açdı və okeanın hər iki tərəfində yaşayan milyonlarla insanın taleyini dəyişdi.

Hacı Cavadov

Bənzər Xəbərlər

Tərcüməçi-müxbir

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Baki-baku.az xəbər verir ki, mətndə deyilir:

Ən son

GÜNDƏM

Oktyabrın 12-də Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulit Azərbaycana rəsmi səfərə gəlib.

GÜNDƏM

Oktyabrın 12-də Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulit Azərbaycana rəsmi səfərə gəlib.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin