Daha əvvəl xəbər verdiyimiz kimi, Xətai rayonunda Rəşid Bağırov küçəsində yerləşən diametri 1200 millimetr olan tullantı su kollektorunun çökməsi nəticəsində ciddi qəza baş verib. Kollektorun üzərində inşa edilmiş ev komissiyanın qərarı əsasında sökülüb.
Baki-baku.az-ın sorğusuna cavab olaraq Xətai Rayon İcra Hakimiyyətindən bildirilib ki, evi sökülən sakinlər kirayəyə çıxarılıb və hazırda təhlükəsiz şəraitdə yerləşdirilib.
Hadisədən bir müddət əvvəl həmin ünvanda evlərin altında qalan infrastruktur da yenilənib. Belə ki, 500 millimetr diametrli çuğun xəttin 100 metr hissəsi polietilen boru ilə əvəzlənərək yeri dəyişdirilib.
Qəzalı vəziyyətdə olan evin altında qalan 100 və 150 millimetr diametrli köhnə polad borular ləğv edilib və onların yerinə diametri 110 və 160 millimetr olan yeni polietilen borular quraşdırılıb.
Qeyd edək ki, hazırda ərazidə vəziyyət nəzarət altındadır.