Bir milyon kərpiclə hörülən, yüz min əsirin göz yaşı ilə sulanan “Ölüm Arenası”
Adı çəkiləndə insanda kədər hiss doğuran, qanın rəngini və ahəngini andıran Kolizey Qədim Romanın bu gün ən çox ziyarət olunan ünvanlarından biridir. 2000 ildir köhnə və yeni dünyanın sirlərini qoruyan, qədim dünyanın ən böyük amfiteatrı və stadionu, antik Romanın ölüm arenası adlanan Kolizey və ya Flavi amfiteatrı latın dilindən tərcümədə “nəhəng” və “əzəmətli” deyə səslənir. Bu ad vaxtilə İmperator Neronun Qızıl sarayının yanında ucaldılan “Rodos nəhəngi” -Kolos heykəli ilə əlaqələndirilir. Tarixi mənbələrə istinad edərək onu da deyə bilərik ki, amfiteatr bir zamanlar İmperator Nerona məxsus nəhəng sarayın ərazisində salınmış süni gölün yerində tikilib.
Əldə olunan məlumatlaradan bəlli olur ki, inşasına 72-ci ildə Flavi sülaləsindən olan İmperator Vespasianın dövründə başlanıb. Vespasian amfiteatrı müharibədə əldə edilən hərbi qənimətlər hesabına tikdirib. Kolizey Vespasianın oğlu, İmperator Titin dövründə, 80-ci ildə tamamlanıb. Vespasianın qladiator məktəblərinin təşəbbüskarı olan digər oğlu Domisianın dövründə isə Kolizeyə daha bir mərtəbə əlavə edilib.

Kolizeyin 36 liftini qullar endirib-qaldırıb
Üç futbol meydançası boyda olan amfiteatrın hündürlüyü 50 metrdir. Uzunluğu 190, eni isə 155 metr olan Kolizeyin tikintisində əhəngdaşı, mərmər, daş bloklar, xüsusi beton və polad bəndlərdən istifadə olunub. 240 tağlı amfiteatrın bünövrəsinin dərinliyi isə 13 metrdir. İnşasında 1 milyon bişmiş gil kərpiçdən istifadə edilib. Əsas ağır işləri 100 min əsir görüb. Bayır tərəfdən mərmərlə örtülən amfiteatr heykəllərlə bəzədilib. Günəşli və yağmurlu havada Kolizeyin üzərinə çadır çəkilib, 36 liftini qullar endirib-qaldırıb.

Aktyorlara, qəbirqazanlara və keçmiş qladiatorlara giriş qadağan edilib
Amfiteatrı 50 min tamaşaçı tutan Kolizeyə insanlar 5-10 dəqiqə ərzində 80 girişdən amfiteatra daxil olub, 5-10 dəqiqə ərzində isə onu tərk ediblər. Aşağı sıralara aparan 4 giriş imperator ailəsi, zadəganlar və kahinlər üçün nəzərdə tutulub. Yuxarı sıralar isə 3 mərtəbəli olub: ilk yarusta şəhər rəhbərliyi və süvari təbəqəsi, ikinci mərtəbədə xüsusi imtiyazlı Roma vətəndaşları, üçüncü mərtəbədə isə aşağı təbəqənin nümayəndələri əyləşiblər. Oturacaqsız ən yuxarı hissələrdə şəhər yoxsulları, gəlmələr və qullar dayana bilib. Kolizeyə gah buraxılan, gah da buraxılmayan qadınlar isə səhnəni arxa cərgələrdə dayanmaqla seyr edibər. Aktyorlara, qəbirqazanlara və keçmiş qladiatorlara giriş isə ümumiyyətlə qadağan olunub.

Açılış günü qladiator savaşları ilə yanaşı, minlərlə müxtəlif vəhşi heyvanlar boğuşdurulub
Əldə olunan məlumatlardan o da bəlli olur ki, Kolizeyin açılışı 100 gün davam edən genişmiqyaslı oyunlarla müşayiət olunub. İlk açılış günü qladiator savaşları və dəniz döyüşlərindən başqa, minlərlə müxtəlif vəhşi heyvanlar boğuşdurulub. Heyvanlarla döyüş səhər oyunları, qladiatorların savaşı isə axşam oyunları adlanıb. Döyüşçülər arenaya xüsusi mexanizmlər vasitəsilə qaldırılıb. Bəzən arenaya vəhşi heyvanlarla döyüşmək üçün məhkumlar da çıxarılıb. İştirakçılar zəfər qapılarından arenaya daxil olub, həlak olanlar isə Libitina, yəni ölüm qapılarından yola salınıb. Qladiatorların 80 faizi ilk 10 döyüşdən sonra həlak olub. Həmin günlərdə minlərlə qladiator və minlərlə yırtıcı heyvan öldürülüb.
Navmaxiya adlanan Dəniz döyüşləri üçün arenanı su ilə doldurmağa imkan verən o dövrün texnologiyaları böyük xərc tələb edib. Amfiteatrın yeraltı mərtəbəsində vəhşi heyvanlar üçün qəfəslər, qladiatorlar, yaralılar və cəsətlərin toplanması üçün otaqlar olub.

XVIII əsrə qədər amfiteatrdan bir çox tarixi tikili üçün inşaat materialı mənbəyi kimi istifadə olunub
Bir neçə əsr romalıların “çörək və tamaşa” məkanı olan amfiteatrda 405-ci ildə xristianlığa zidd olduğu üçün qladiator döyüşlərinin qarşısı alınıb. Lakin heyvan boğuşdurmaları VI əsrə qədər davam edib. 410-cu ildə Romanı tutan qotlar Kolizeyi talan ediblər. VIII əsrə kimi tikili Flavi amfiteatrı adlanıb. XI əsrin əvvəllərindən XII əsrin başlanğıcına qədər Romanın zəngin ailələri Kolizey uğrunda mübarizə aparıblar. Yanğınlar və üç böyük zəlzələyə, xüsusilə 1349-cu ildə baş verən zəlzələyə qədər Kolizey həm bazar, həm zibillik, həm də insanların yaşadığı yer olub. XVIII əsrə qədər amfiteatrdan bir çox tarixi tikili üçün inşaat materialı mənbəyi kimi istifadə olunub.

Kolizey Romanın tarixi hissəsi ilə birlikdə UNESCO-nun Ümumdünya Mədəni İrsi Siyahısına daxil edilib
Dünyanın yeddi möcüzəsi qədər məşhur olan Kolizeyin arenası əsasən ilk xristianlara qarşı təqiblər və işgəncələrlə yadda qaldığı üçün, Roma papaları bu məkana xüsusi diqqət yetiriblər. XVIII əsrdə Roma papası XIV Benedikt Kolizey arenasında bir neçə xaç ucaldıb. 1874-1875-ci illərdə Vatikanın Roma şəhəri üzərindəki hökmranlığına son qoyulduğunu bildirmək üçün həmin xaçlar sökülüb. Lakin Mussolini dövründə arenada yenidən xaç ucaldılıb, həmin xaç hələ də orada qalmaqdadır.
1938-1939-cu illərdə Kolizey qismən bərpa olunub. 1980-ci ildə Romanın tarixi hissəsi ilə birlikdə UNESCO-nun Ümumdünya Mədəni İrsi Siyahısına daxil edilib. Hər il 5 milyona yaxın turist ziyarət etdiyi tarixi abidənin inşasında istifadə edilən texnologiyalar bu gün də stadionların və arenaların tikintisində tətbiq edilir.
Əldə olunan məlumatlar onu da sübut edir ki, 2007-ci ildə Roma Kolizeyi Dünyanın Yeni Yeddi Möcüzəsindən biri seçilib. 2013-cü ildə isə Kolizeydə milyonlarla avroya başa gələn genişmiqyaslı bərpa işlərinə start verilib.

Ölkəmizdə ölüm hökmü ləğv olunan zaman Kolizey qızılı rəngə boyanıb
Qədim Romanın “Ölüm Arenası” kimi tarixdə qalan, Roma papalarının dövründə isə ölüm hökmünə etirazın simgəsinə, bəlgəsinə çevrilən Kolizey müasir tarixi əhəmiyyəti ilə daha maraqlıdır. Dünyanın hər hansı ölkəsində ölüm hökmü ləğv ediləndə və ya icrası dayandırılanda İmperator Neronun Qızıl Sarayının “Qan Teşti” sayılan, bir milyon kərpiclə hörülən, yüz min əsirin göz yaşı ilə sulanan Kolizeyin işıqları ağ rəngini qızılı rəngə dəyişir. 1998-ci ildə ölkəmizdə ölüm hökmü ləğv olunan zaman da Kolizey bu tarixi qərarın şərəfinə qızılı rəngə boyanmışdı.
Şərəf Cəlilli