Köhnə Bakının bazarları təkcə alver edilən yer deyildi. Ora şəhərin səsinin, qoxusunun, rənginin bir yerə toplandığı başqa bir dünya idi. Səhər tezdən bazara gedən adam əvvəlcə uzaqdan gələn səsləri eşidərdi: satıcıların çağırışı, alıcıların sualları, tərəzinin cingiltisi, arabaların daş döşəməyə toxunan təkərlərinin səsi…
– Buyur, ay bacı, təzədi, səhər bağdan gəlib!
– Yaxşısından ver, amma gözümün qabağında çək!
– Al, apar, peşman olmazsan!
Köhnə Bakı bazarının öz dili vardı. Bu dil nə kitabda yazılırdı, nə də məktəbdə öyrədilirdi. Alıcı ilə satıcının illərlə formalaşdırdığı, bir az zarafat, bir az tərif, bir az da “alver bicliyi” qarışmış canlı bir danışıq idi.
“Bir qaşığı min dərdin dərmanı bal”
Satıcı malını elə tərifləyərdi ki, adamın heç almaq fikri olmasa belə, əli cibinə gedərdi. Pomidor sadəcə pomidor olmazdı — “bağın gözü”, qarpız “şəkər kimi”, pendir “dağ havasında hazırlanmış”, bal isə “bir qaşığı min dərdin dərmanı” olardı.
Alıcı da asanlıqla razılaşmazdı. Bazarlıq ayrıca bir məharət sayılardı.
– Neçəyədir?
– Sənə görə bu qədər.
– Mənə görədirsə, bir az da düş.
– Vallah, qazancım qalmır.
– Sən qazancını düşünürsən, mən də cibimi…
Bu dialoqların sonunda kimin qalib gəldiyini müəyyənləşdirmək çətin olardı. Satıcı “qazandım” deyə evinə gedər, alıcı isə “ucuz aldım” deyə sevinərdi.
Ən maraqlısı isə bazarda insanların bir-birini tanıması idi. Eyni satıcıdan illərlə alış-veriş edənlər vardı. “Bu pendiri filankəsdən başqa heç kimdən alma” deyən evdar qadınlar, müştərisini uzaqdan görüb onun nə alacağını bilən satıcılar…
Bazar həm də xəbər yeri idi. Kim evləndi, kimin oğlu əsgər getdi, hansı məhəllədə toy olacaq, kim yeni evə köçdü — bir az meyvə, bir az tərəvəz, bir az da söhbət alınardı.
“Mənim hinduşkam deyil, mənimki olsaydı, yanıma gələrdi”
Bazarlar Azərbaycan film və tamaşalarında da həmişə maraq doğurub. “Alma-almaya bənzər”, “Bizim Cəbiş müəllim”, “Evləri köndələn yar”, “Qayınana”, “Yuxu”, “Bəxt üzüyü” və s kimi ekran əsərlərində bazar xüsusi yer tutur, həmin kadrlar ən sevilən kadrlardan sayılır. “Təki siz bizdən gül alın”, “Üç badam, bir qoz”, “Utanmırsan, üç dənə noxud boyda turpu bir-birinə bağlamısan, satırsan?”, “Əncirin vedrəsi beş yüz manatdır? Yox, ərəbəsi”, “Adə, kürən, ordan indeyski balıqdan pürrəngi çay dəmlə”, “İstəyirsən, bazarı bağlatdırım”, “İndiqooo”, “Mənim hinduşkam deyil, mənimki olsaydı, yanıma gələrdi” və s. kimi ifadələr isə artıq gündəlik həyatımız bir hissəsinə çevrilib.
“Gəl, ay müştəri! Qızıldandır dişləri!”
İndi bazarlarda qiymətlər elektron tərəzidə görünür, alış-veriş bir neçə dəqiqəyə başa gəlir. Və bazara üz tutanların sayı da azalıb indi. Aha çox marketlərin meyvə-tərəvəz bölməsindən alış-veriş edir camaat. Amma köhnə Bakı bazarının o səs-küyü, satıcının uzaqdan gələn çağırışı, “ay bacı, bir bax da, belə mal heç yerdə yoxdur” və ya ən məşhuru və ən şirini “Gəl, ay müştəri! Qızıldandır dişləri!” sözləri şəhərin yaddaşında qalıb.
Bəlkə də köhnə Bakı bazarının ən qiymətli malı elə bu səslər idi. Çünki o səslərlə birlikdə şəhərin özü danışırdı.
Xanım Aydın