Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 07/16/2026

Paylaşın

Mədəniyyət

“Kimlər gəldi, kimlər getdi…” – Mirzə Babayevin ömür adlı nəğməsi

WhatsApp Image 2026-07-16 at 12.32.21

Bu gün Azərbaycan estrada musiqisinin banilərindən biri, unudulmaz müğənni, aktyor, memar və Xalq artisti Mirzə Babayevin doğum günüdür. Səsi, ifa tərzi və bənzərsiz səhnə mədəniyyəti ilə bir neçə nəslin yaddaşında silinməz iz qoyan sənətkar təkcə mahnıları ilə deyil, çoxşaxəli fəaliyyəti və ziyalı şəxsiyyəti ilə də Azərbaycan mədəniyyətinin tarixində xüsusi yer tutur.
1913-cü il iyulun 16-da Bakının Maştağa kəndində dünyaya gələn Mirzə Babayev əslən İçərişəhərin məşhur “ağşalvarlılar” məhəlləsindən idi. O, bakılı olmasına baxmayaraq, “mən bakılıyam” deməyi sevməz, həmişə “mən Bakıdanam” ifadəsini işlədərdi. Bu yanaşma onun şəhərə və onun tarixinə xüsusi münasibətini əks etdirirdi.


Mirzə Babayev maarifçi və ziyalı ailəsində böyümüşdü. Atası Əbdülcabbar kişi dövrünün tanınmış diş həkimlərindən biri olmaqla yanaşı, övladlarının təhsilinə böyük önəm verirdi. Ailədə musiqiyə sevgi də güclü idi. Anası Sona xanım qarmon ifa edər, evlərinə gələn qonaqlar üçün musiqi çalardı. Mirzə Babayevin musiqiyə olan ilk sevgisinin də məhz anasından qaynaqlandığı bildirilir.
O, əvvəlcə M.Əzizbəyov adına Sənaye İnstitutunun Memarlıq fakültəsində təhsil aldı. Tələbəlik illərində institutun bədii özfəaliyyət kollektivində çıxış edir, səsi ilə diqqət çəkirdi. Sonralar Əzimzadə adına Rəssamlıq Məktəbində də oxuyan Mirzə Babayev uzun müddət memar və rəssam kimi fəaliyyət göstərdi. Bakıda “Vətən” kinoteatrı, eləcə də Gəncə, Ağdam, Sumqayıt və digər şəhərlərdə inşa edilən bir sıra binaların layihələrinin müəllifi oldu, Nizami Muzeyinin zallarının tərtibatında iştirak etdi.
Böyük Vətən müharibəsi onun həyatını da dəyişdirdi. Cəbhədə döyüşən Mirzə Babayev leytenant rütbəsi aldı, bir neçə orden və medalla təltif olundu. Müharibədən qayıtdıqdan sonra isə həyatını tamamilə musiqiyə həsr etdi. 1948-ci ildə Azərbaycan Dövlət Konservatoriyasına daxil olaraq Bülbülün sinfində təhsil aldı. Böyük sənətkar Bülbül onu opera müğənnisi kimi görmək istəsə də, Tofiq Quliyev Mirzə Babayevin səsinin estrada üçün daha uyğun olduğunu düşünürdü. Məhz onun dəvəti ilə Mirzə Babayev caz orkestrində fəaliyyətə başladı və Azərbaycan estradasında yeni bir səhifənin əsasını qoydu.
Mirzə Babayev sonralar etiraf edirdi: “Tofiq Quliyev olmasaydı, yəqin ki, memar kimi fəaliyyətimi davam etdirəcəkdim”.


Onun estrada səhnəsinə gətirdiyi ifa tərzi dövrü üçün tamamilə yenilik idi. Sovet dövründə müğənnilərdən səhnədə sakit və hərəkətsiz dayanmaq tələb olunduğu halda, Mirzə Babayev mahnını yaşayır, onu kiçik bir tamaşaya çevirirdi. Bu səbəbdən bəzən tənqid olunsa da, məhz həmin fərqli üslub sonralar onun sənət vizit kartına çevrildi. O, Azərbaycanda estrada janrının banilərindən biri olmaqla yanaşı, şanson üslubunun da ən parlaq nümayəndələrindən sayılırdı. Tofiq Quliyev və Emin Sabitoğlu onun üçün xüsusi mahnılar yazır, digər bəstəkarların əsərləri də Mirzə Babayevin ifasında tamamilə yeni çalar qazanırdı.
“Limanlar”, “Saçlarına gül düzüm”, “Uzaq yaşıl ada”, “Kəpənək”, “Bir axşam”, “Kimlər gəldi, kimlər getdi”, “Möcüzələr adası”, “Dayan, zaman”, “Düşürsən yadıma”, “Könlüm sənindir” və onlarla başqa mahnı bu gün də Azərbaycan estrada musiqisinin qızıl fonduna daxildir.
Mirzə Babayev kino tariximizdə də silinməz iz qoyub. O, 40-dan çox filmdə rol alıb, təkcə Azərbaycanda deyil, Odessa, Daşkənd və Aşqabad kinostudiyalarında da çəkilib. “Dəli Kür”, “Dərviş Parisi partladır”, “Qorxma, mən səninləyəm”, “Bəyin oğurlanması”, “Qayınana”, “Qızmar günəş altında”, “Telefonçu qız”, “Ulduz” və digər filmlərdə yaratdığı obrazlar tamaşaçı yaddaşında yaşayır.
Maraqlı faktlardan biri də odur ki, “O olmasın, bu olsun” filmində Məşədi İbad rolunu canlandırmaq üçün əvvəlcə Mirzə Babayev nəzərdə tutulmuşdu. Sonradan bu baş tutmasa da, filmdə Məşədi İbadın bütün musiqi nömrələrini məhz o ifa etdi. Həmçinin Tofiq Quliyev “Dərviş Parisi partladır” filmində ssenaridə olmayan xüsusi bir mahnını yalnız Mirzə Babayevin ifası üçün bəstələmişdi.


Sənətkar şəxsi həyatda da sədaqətli insan kimi tanınırdı. Həyat yoldaşı Güllü xanımı vaxtsız itirdikdən sonra bir daha ailə qurmadı və ömrünün sonuna qədər onun şəklini özü ilə gəzdirdi.
Uzun illər Azərbaycan Dövlət Filarmoniyasında çalışan Mirzə Babayev milli musiqi mədəniyyətinin inkişafındakı xidmətlərinə görə “Əməkdar artist”, “Xalq artisti” fəxri adlarına, iki dəfə “Humay” mükafatına layiq görüldü, Prezident təqaüdçüsü oldu və “Şöhrət” ordeni ilə təltif edildi.
Mirzə Babayev zarafatla deyirdi ki, 100 yaşında səhnəyə çıxıb oxuyacaq. Taleyi buna imkan vermədi. Böyük sənətkar 2003-cü il yanvarın 13-də, ömrünün 90-cı ilində vəfat etdi.
Lakin onun ömrü ifa etdiyi mahnılar kimi davam edir. Azərbaycan estradasının tarixindən danışarkən Mirzə Babayevin adını çəkməmək mümkün deyil. O, yalnız gözəl səs sahibi yox, həm də memar, aktyor, ziyalı və bütöv bir sənət məktəbi yaradan şəxsiyyət idi. İllər keçsə də, onun səsi, filmlərdə yaratdığı obrazlar və musiqiyə gətirdiyi yeniliklər Azərbaycan mədəniyyətinin ən dəyərli irslərindən biri kimi yaşayacaq.

Xanım Aydın

Bənzər Xəbərlər

Jurnalist, yazıçı-tərcüməçi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Baki-baku.az Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 26 % azdır

Ən son

GÜNDƏM

"Zirə" UEFA Konfrans Liqasında növbəti oyununu bu gün keçirəcək.

GÜNDƏM

"Zirə" UEFA Konfrans Liqasında növbəti oyununu bu gün keçirəcək.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin