Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 10/02/2026

Paylaşın

HƏR ŞEYDƏN

Keçmişdə qış fəslinə hazırlıq: istilik sistemi yaranmazdan əvvəl insanlar soyuqdan necə qorunurdular

Qış fəslinə hazırlıq, Qış

Qış bu gün evlərimizdə radiator, isti döşəmə və ya qızdırıcının işə salınması ilə başlayır. Bir neçə hərəkət kifayətdir ki, soyuq pəncərənin o tayında qalsın. Bir neçə əsr əvvəl isə hər şey tamam başqa cür idi. Soyuq hava daş divarlardan, taxta qapılardan və pəncərələrin aralarındakı boşluqlardan evə dolur, istiliyi isə sözün əsl mənasında qoruyub saxlamaq lazım gəlirdi. Uzun və soyuq qış aylarını keçirmək üçün hər bir xalqın öz üsulları vardı.

Ən böyük xilaskar od sayılırdı. Orta əsrlər Avropasında ocaq çox vaxt evin mərkəzində çevrilirdi. Onun yanında yemək bişirir, paltar qurudur, bütün ailə bir yerə toplaşır, hətta yaxınlığında yatırdı. Sonralar istiliyi daha uzun müddət saxlamağa imkan verən sobalar və kaminlər meydana gəldi.

Varlı avropalıların evlərində divarlar ağır xalçalar və naxışlı toxumalarla örtülürdü. Bunlar yalnız bəzək məqsədi daşımırdı. Qalın parça daş divarlardan gələn soyuğun qarşısını müəyyən qədər alırdı. Pəncərələr taxta qapaqlarla örtülür, qapı yerlərinə qalın parçalar asılır, çarpayıların ətrafı isə çox vaxt pərdələrlə bağlanırdı.

Koreyada isə fərqli bir üsuldan istifadə olunurdu. Burada ondol adlanan sistem geniş yayılmışdı. Sobadan çıxan isti hava döşəmənin altındakı xüsusi kanallardan keçərək daş plitələri qızdırırdı. Döşəmə uzun müddət isti qaldığı üçün insanlar onun üzərində oturur və yatırdılar. Əslində, bu, müasir isti döşəmə sisteminin qədim forması idi.

Yaponiyada isə bütün evi deyil, ilk növbədə insanın özünü isitmək əsas götürülürdü.

Ən məşhur üsullardan biri kotatsu idi — qalın yorğanla örtülmüş və altında istilik mənbəyi yerləşdirilmiş alçaq masa. Ailə üzvləri onun ətrafında oturur, ayaqlarını yorğanın altına salırdılar.

Bu üsul həm yanacağa qənaət etməyə, həm də soyuq otaqda kiçik, isti bir məkan yaratmağa imkan verirdi.

Mərkəzi Asiya xalqlarında isə yurt mühüm rol oynayırdı. Onun üzəri küləkdən və şaxtadan yaxşı qoruyan qalın keçə ilə örtülürdü. Adətən, yurtun mərkəzində ocaq yerləşirdi, dairəvi quruluş isə istiliyin daha yaxşı qorunub saxlanılmasına kömək edirdi.

İnsanlar qışa hələ soyuqlar başlamamışdan əvvəl hazırlaşırdılar – odun tədarük edir, tərəvəz və meyvələri qurudur, əti duzlayır, taxıl ehtiyatı yığırdılar. İsti geyimlər yun, xəz və keçədən hazırlanırdı. Çox vaxt üst-üstə bir neçə qat paltar geyinilirdi.

Gecələr istiliyi qorumaq xüsusilə vacib idi. Qalın yorğanlardan, qızdırılmış daşlardan və müxtəlif növ isti saxlayan vasitələrdən istifadə olunurdu. Bəzən bir neçə nəfər eyni otaqda yatırdı ki, məkan daha gec soyusun.

Keçmişin qış evi müasir evlərə heç bənzəmirdi. Ocağın yanında hava çox isti ola bilərdi, lakin cəmi bir neçə addım kənarda artıq soyuq hiss edilirdi. İnsanlar bütün evi eyni dərəcədə isitmək üçün çalışmırdılar. Əvəzində kiçik isti sahələr yaradır və əldə olunan hər zərrə istiliyi qorumağa çalışırdılar.

Əsrlər keçdi, radiatorlar, qazanlar və elektriklə işləyən istilik sistemləri yarandı. Qədim üsulların isə bir çoxu yoxa çıxmadı. Koreyanın ondol sistemi müasir isti döşəmələrin sələfinə çevrildi, Yaponiyada kotatsudan bu gün də istifadə olunur, keçə isə istiliyi qoruma xüsusiyyətinə görə hələ də yüksək qiymətləndirilir.

Beləliklə, insanın qış soyuğu ilə mübarizəsi radiatorların yaranmasından çox-çox əvvəl başlayıb. Məhz isinmək zərurəti müxtəlif xalqları sadə, lakin olduqca düşünülmüş və səmərəli üsullar yaratmağa vadar edib.

Hacı Cavadov

Bənzər Xəbərlər

Tərcüməçi-müxbir

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Qeyd edək ki, qurultay oktyabrın 2-də Heydər Əliyev Mərkəzində keçiriləcək.

Ən son

HƏR ŞEYDƏN

Qış bu gün evlərimizdə radiator, isti döşəmə və ya qızdırıcının işə salınması ilə başlayır

HƏR ŞEYDƏN

Qış bu gün evlərimizdə radiator, isti döşəmə və ya qızdırıcının işə salınması ilə başlayır
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin