Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 08/02/2026

Paylaşın

Mədəniyyət

Kadrlarla yazılan tarix: Azərbaycan kinosu 128 yaşını qeyd edir

Bu gün – 2 Avqust Azərbaycan Kinosu Günüdür. Bu tarix təkcə peşə bayramı deyil, həm də Azərbaycanın zəngin mədəni irsinin, milli yaddaşının və ekran sənətinin doğum günüdür. Ümummilli Lider Heydər Əliyevin 18 dekabr 2000-ci il tarixli Sərəncamı ilə hər il avqustun 2-si Azərbaycan Kinosu Günü kimi qeyd edilir. Bu il isə milli kinematoqrafiyamızın yaranmasından 128 il ötür.
Baki-baku.az xatırladır ki, Azərbaycan kinosunun tarixi 1898-ci il avqustun 2-də başlayır. Fransada ilk kinoseansın keçirilməsindən cəmi iki il sonra Bakı artıq kino sənətinin nəfəsini hiss edirdi. Həmin gün Bakı Elmi-Foto Dərnəyinin katibi, fotoqraf və publisist Aleksandr Mişonun lentə aldığı “Bibiheybətdə neft fontanı yanğını”, “Əlahəzrət Buxara əmirinin yolasalma mərasimi”, “Qafqaz rəqsi” və “İlişdin” adlı süjetlər nümayiş etdirildi. Məhz bu nümayiş Azərbaycan milli kinosunun başlanğıcı kimi tarixə düşdü.
Neft şəhərindən kino şəhərinə
XX əsrin əvvəllərində Bakı dünyanın diqqət mərkəzində idi. Neft sənayesinin sürətli inkişafı şəhəri iqtisadi baxımdan cazibədar etdiyi kimi, mədəni həyatını da canlandırmışdı. Məhz buna görə də Avropanın məşhur “Pate”, “Pirone” və “Filma” kino şirkətləri Bakıda fəaliyyətə başladılar.
Bu dövrdə milli bədii kinonun ilk uğurları da əldə edildi. 1916-cı ildə İbrahim bəy Musabəyovun eyniadlı povesti əsasında “Neft və milyonlar səltənətində”, bir il sonra isə Üzeyir Hacıbəylinin məşhur operettası əsasında “Arşın mal alan” ekranlaşdırıldı. Bu filmlər Azərbaycan kino tarixində ilk bədii ekran əsərləri kimi xüsusi yer tutur.
İlk studiyadan “Azərbaycanfilm”ə uzanan yol
Sovet hakimiyyəti illərində kino dövlət siyasətinin mühüm istiqamətlərindən birinə çevrildi. 1923-cü ildə Azərbaycan Foto-Kino İdarəsinin (AFKİ) yaradılması və Birinci Dövlət Kinofabrikinin fəaliyyətə başlaması milli kino sənayesinin formalaşmasında dönüş nöqtəsi oldu.
Burada istehsal edilən ilk film xalq əfsanəsinin motivləri əsasında çəkilən “Qız qalası” idi.
Sonrakı onilliklər ərzində kinostudiya müxtəlif adlarla fəaliyyət göstərdi. 1960-cı ildən isə o, böyük dramaturq Cəfər Cabbarlının adını daşıyan “Azərbaycanfilm” kinostudiyası kimi fəaliyyətini davam etdirir.
Yaddaşımızı yaşadan filmlər
Bir əsrdən artıq müddətdə “Azərbaycanfilm” kinostudiyasında iki mindən çox bədii, sənədli və cizgi filmi ərsəyə gəlib. Bu ekran əsərləri təkcə müxtəlif dövrlərin bədii salnaməsi deyil, həm də xalqın düşüncə tərzini, həyatını, sevincini və ağrılarını gələcək nəsillərə çatdıran qiymətli irsdir.
“Arşın mal alan”, “Şərikli çörək”, “Bizim Cəbiş müəllim”, “Ögey ana”, “Axırıncı aşırım”, “Nəsimi”, “Ad günü”, “Yaramaz”, “İstintaq”, “Nabat”, “Çölçü”, “Buta”, “Ovsunçu” kimi filmlər həm ölkə daxilində, həm də beynəlxalq festivallarda böyük uğurlar qazanaraq Azərbaycan kino məktəbinin nüfuzunu dünyaya tanıdıb.
Dövlət qayğısı yeni mərhələ açdı
Azərbaycan kinosunun inkişafı hər zaman dövlətin diqqət mərkəzində olub. Ümummilli Lider Heydər Əliyevin kino sənətinə göstərdiyi qayğı bu sahənin dirçəlişinə güclü təkan verdi.
Prezident İlham Əliyevin 23 fevral 2007-ci il tarixli Sərəncamı və 2008–2018-ci illəri əhatə edən Dövlət Proqramı nəticəsində kino infrastrukturu yeniləndi, müasir texnologiyalar tətbiq olundu, milli filmlərin istehsalı genişləndi və gənc kinematoqrafçılar üçün yeni imkanlar yarandı.
Son illərdə dövlət dəstəyi ilə 250-dən çox bədii, sənədli və animasiya filmi istehsal edilib. Bu filmlər 60-a yaxın ölkədə keçirilən 230-dan çox beynəlxalq festivalda nümayiş olunaraq 146 mükafat qazanıb. Bu uğurlar Azərbaycan kinosunun artıq dünya kino məkanında öz sözünü dediyini göstərir.
Kino yaşayır, inkişaf edir
Azərbaycan kinosu bu gün təkcə zəngin keçmişi ilə deyil, həm də gələcəyə inamla baxan yaradıcı nəsli ilə seçilir. Yeni rejissorlar, müstəqil studiyalar, rəqəmsal platformalar və beynəlxalq layihələr milli kinematoqrafiyaya yeni nəfəs gətirir.
Kino artıq sadəcə ekran sənəti deyil. O, xalqın tarixini, kimliyini, mədəniyyətini və milli dəyərlərini dünyaya çatdıran ən güclü vasitələrdən biridir. Hər film bir dövrün aynası, hər kadr isə gələcək nəsillər üçün qorunan yaddaşdır.
2 Avqust – Azərbaycan Kinosu Günü münasibətilə bütün rejissorları, ssenaristləri, operatorları, aktyorları, kino işçilərini və milyonlarla kinosevəri təbrik edirik. Qoy Azərbaycan kinosu yeni uğurları, yeni ekran əsərləri və yeni zirvələri ilə bundan sonra da milli mədəniyyətimizin qürur mənbələrindən biri olaraq yaşamaqda davam etsin.

Xanım Aydın

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

İyulun 31-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov mətbuata bəyanatlarla çıxış ediblər.

Ən son

Mədəniyyət

Baki-baku.az xatırladır ki, Azərbaycan kinosunun tarixi 1898-ci il avqustun 2-də başlayır

Mədəniyyət

Baki-baku.az xatırladır ki, Azərbaycan kinosunun tarixi 1898-ci il avqustun 2-də başlayır
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin