Nəşr edilmişdir 05/28/2025

Paylaşın

GÜNDƏM

İstiqlaldan böyük sərvət, Azadlıqdan şirin nemət yoxdur!

Müstəqillik Günü, Respublika Günü

Sən bizimsən, bizimsən durduqca bədəndə can,

Yaşa-yaşa çox yaşa, ey şanlı Azərbaycan!

1918-ci il Mayın 28-də Tiflisdə imzalanan “İstiqlal Bəyannaməsi”nə Məhəmməd Əmin Rəsulzadənin öndərliyi ilə Azərbaycanın 44 tarixi şəxsiyyəti, istiqlal mücahidi imza atdı. Onların sırasında Fətəli xan Xoyski, Əlimərdan bəy Topçubaşov, Nəsif bəy Yusifbəyli, Firudin bəy Köçərli, Əliəsgər bəy Mahmudbəyov, Şeyxzamanovların, Rəfibəyovların, Xasməmmədovların, Qənizadələrin məşhur varisləri vardı. Milli Şuranın üzvü olan bu qüdrətli simalar təkcə “İstiqlal Bəyannaməsi”nə imza atmadılar, milli dövlətçilik tariximizin yeni mərhələsinin əsasını qoydular. Yoxdan bir dövlət qurub, Bayraq yapmağın əzəmətini yaşadılar. İstiqlaldan böyük sərvətin, Azadlıqdan şirin nemətin olmadığını dünyaya nümayiş etdirdilər.

Azərbaycan Xalq Cümhuriyyəti Türk və İslam dünyasında ilk parlament tipli respublika kimi fəaliyyətə başladı. Demokratik, hüquqi və dünyəvi dövlət kimi ilklərə imza atdı. İlk parlamanın, ilk nazirliklərin, Avropa tipli ilk universitetin qurucusu kimi tarixdə qaldı. İlk Anayasanın, dövlət rəmzlərinin yaradılması ilə Əbədi İstiqlalın təməl prinsiplərini müəyyənləşdirdi.

Hökumətin ilk başçısı Fətəli xan Xoyski, Parlamanın sədri Əlimərdan bəy Topçubaşov, Təhlükəsizlik Şurasının sədri Nağı bəy Şeyxzamanov, Müdafiə Naziri Səməd bəy Mehmandarov Milli Şuranın sədri Rəsulzadə qədər dövlət qurmaq kimi müqəddəs vəzifənin yükünün altına çiyinlərinə verdilər.

Tiflisdə elan olunan Milli hökumət Milli Şuranın tərkibində Tiflisdə 10 gün fəaliyyət göstərdikdən sonra Gəncəyə köçürülərək Şeyxzamanovların mülkündə yerləşdi. 1918-ci ilin sentyabrında Bakı Nuru Paşanın komandanlığı ilə XXI Qafqaz İslam Ordusu və Bakı qoçuları tərəfindən erməni daşnaklarından rus ordu birləşmələrinin işğalından azad olunduqdan sonra paytaxta köçdü.

1918-ci il Mayın 28-də ilk iclasını Tiflisdə keçirən Milli Şura “Azərbaycanın İstiqlaliyyəti haqqında Aktı” – “İstiqlal Bəyannaməsi”ni qəbul etmişdi. Bakı dövrü isə qanunvericilik bazasının yaradılması, dövlət rəmzlərinin təsdiqi ilə bağlı məsul vəzifələrin öhdəsindən gəldi. Cəmi 23 ayda bütün parametrləri ilə qüdrətli bir dövlətin sütunlarını yaratdı. Tarixdə ilk dəfə, hətta Avropadan 100 il öncə qadına seçmək, seçilmək hüququ verən Azərbaycan Xalq Cümhuriyyətinin mənsubları, bu gün dəb halını alan gender bərabərliyi məsələsini gündəmə gətirdi. Ana dili dövlət dili elan olundu. Milli Ordu, milli pul vahidi, demokratikləşmə, Avropa dəyərlərinə inteqrasiya, milli bank, azad seçkilər, beynəlxalq əlaqələr, dünya ictimaiyyəti tərəfindən Azərbaycanın İstiqlalının tanınması, ərazi bütövlüyünün təmin olunması, qorunması, islahatların həyata keçirilməsi kimi ciddi məsələlər həllini tapdı.

Azərbaycan Bayrağı ilk dəfə neft milyonçusu, mesenat-müğənni Seyid Mirbabayevin mülkündən qaldırıldı

1918-ci il 9 Noyabr tarixində Məhəmməd Əmin Rəsulzadənin təklifi əsasında Azərbaycan Demokratik Respublikasının üç rəngli, hilallı-ulduzlu Bayrağı qəbul edildi. Bayrağın ideya müəllifi, “Türkləşmək, islamlaşmaq, müasirləşmək!” nidası ilə tarix yaradan Əli bəy Hüseynzadə idi.  Bu zamana qədər Azərbaycan Demokratik Respublikasının Bayrağı qırmızı rəngdə idi. Azərbaycan Demokratik Respublikasını ilk dəfə rəsmi surətdə tanıyan dövlət Osmanlı Dövləti olmuşdur. 1918-ci ilin 4 iyununa təsadüf edən bu unudulmaz tarix Azərbaycan Əbədi İstiqlala qovuşandan sonra da təkrarlandı. 1991-ci ildə ölkədə Müstəqillik Aktı qəbul olunduqdan sonra onu tanıyan ilk dövlət Türkiyə Cümhuriyyəti olmuşdu.

Taleyin sərt üzündən özü öz torpaqları ilə həmsərhəd olan Təbrizə, Dərbəndə, Borçalıya, İrəvana, Zəngəzura, Anadoluya bölünən Odlar Yurdu Azərbaycanın milli mənlik, milli kimlik uğrunda mücadiləsinin təntənəsi sayılan hilallı-ulduzlu, üçrəngli Bayrağımız ilk dəfə 1918-ci il Noyabrın 9-da Bakıda, Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının yerləşdiyi binada – məşhur neft milyonçularından biri, mesenat-müğənni Seyid Mirbabayevin mülkündə – indiki Azərbaycan Dövlət Neft Şirkətinin – SOCAR-ın binasında qəbul edildi və qaldırıldı.  Azərbaycan Bayrağının tarixində ən şərəfli, unudulmaz, yaddaqalan günlərdən biri 7 Dekabr 1918-ci ildə Şərqdə və Türk-İslam dünyasında ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyəti Parlamanının açılışı zamanı olmuş, Bayrağımız Parlamanın binasından dalğalanmışdır. İstiqlaliyyət küçəsində yerləşən bu məşhur bina bütün sərvətini mənsub olduğu millətin cəhalətdən qurtuluşuna həsr edən, milli mətbuatı, teatrı, məktəbi, milli məfkurədən milli dövlətçiliyə yol bilən, millətin Ruhunun Atası – Hacı Zeynalabdin Tağıyevin İstiqlaliyyət küçəsində yerləşən məşhur Qız Məktəbinin – indiki Məhəmməd Füzuli adına Əlyazmaları İnstitutunun binası idi.

“Bir kərə yüksələn bayraq, bir daha enməz!”

1920-ci ilin aprelində bolşeviklər Xalq Cümhuriyyətinin ömrünü yarımçıq kəsdilər. Müstəqillik sükutla əvəz olundu. Amma bu sükut içində istiqlal ruhu heç vaxt sönmədi. Hər evdə, hər ürəkdə, hər duada yaşadı. 70 illik sovet əsarətindən sonra, 1991-ci ildə Azərbaycan “Bir kərə yüksələn bayraq, bir daha enməz!” nidası ilə yenidən dirçəldi. SSRİ dağıldı və xalq bir daha azad nəfəs aldı. Bu dəfə 28 Mayın ruhu daha güclü idi. Çünki artıq bu torpaqda müstəqillik uğrunda şəhidlər verilmişdi. 20 Yanvar dəhşətləri yaşanmışdı. Heydər Əliyev – Müstəqilliyin Qoruyucusu, Xilaskarı kimi imperiyaya iradəsini nümayiş etdirmişdi. Tarix böyük liderləri nadir hallarda yetirir. Ancaq bəzi liderlər vardır ki, onların adı yalnız bir dövrü deyil, bütöv bir xalqın taleyini dəyişdirir. Ümummilli Lider Heydər Əliyev belə şəxsiyyətlərdən idi. Azərbaycan xalqının milli iradəsini, dövlətçilik ənənələrini və istiqlalını qoruyan, gələcəyə aparan dahi lider idi. Heydər Əliyevin Azərbaycanın rəhbərliyinə ilk gəlişi 1969-cu ilə təsadüf edir. Sovet İttifaqı daxilində, milli maraqları qorumağın, Azərbaycanı inkişaf yoluna çıxarmağın nə qədər çətin olduğunu tarix şahiddir. Amma o dövrdə belə: Sənaye və kənd təsərrüfatında böyük irəliləyişlərə nail olundu; Elm, təhsil və mədəniyyət sahəsində əsaslı islahatlar aparıldı;Minlərlə azərbaycanlı gəncin SSRİ-nin ən nüfuzlu ali məktəblərində təhsil almasına şərait yaradıldı; Azərbaycanın elmi və mədəniyyət elitası formalaşdı. Bu illər ərzində Heydər Əliyev Azərbaycanın iqtisadi-sosial göstəricilərini SSRİ-nin qabaqcıl respublikaları səviyyəsinə çatdırdı. O, eyni zamanda milli kimliyin və şüurun qorunmasında böyük rol oynadı.1990-cı illərin əvvəllərində Azərbaycan ağır bir dönəmdən keçirirdi. Yeni müstəqilliyini qazanmış dövlət xaosun, daxili qarşıdurmaların, Ermənistanın təcavüzünün və iqtisadi çöküşün girdabında idi. Belə bir məqamda xalqın təkidli çağırışı ilə Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıtdı. Bu qayıdış sadəcə bir liderin yenidən vəzifəyə gəlməsi deyildi – bu, Azərbaycan dövlətçiliyinin dirçəlişi idi. Dövlət institutları möhkəmləndirildi, idarəetmədə sabitlik təmin olundu; Milli Ordu formalaşdırıldı və dövlətin təhlükəsizliyi təmin olundu; 1994-cü ildə atəşkəs elan edildi – müharibənin genişlənməsinin qarşısı alındı; “Əsrin müqaviləsi” imzalandı – bu neft strategiyası Azərbaycanı beynəlxalq enerji xəritəsinə çıxardı və ölkəyə milyardlarla dollar sərmayə cəlb olundu; Konstitusiya qəbul olundu, hüquqi dövlətin əsasları qoyuldu; Milli ideologiya formalaşdırıldı – “Azərbaycançılıq” məfkurəsi dövlətin təməl dəyərinə çevrildi. Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan müstəqilliyini yalnız qoruyub saxlamadı, eyni zamanda onu dönməz və davamlı hala gətirdi. Heydər Əliyev Azərbaycanın müstəqil dövlət kimi tanınması və beynəlxalq birliyə inteqrasiyası sahəsində də mühüm addımlar atdı: Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq qurumlarla əlaqələr genişləndi; Azərbaycanın regionda və dünyada strateji tərəfdaş kimi tanınmasına nail olundu; Türkiyə, ABŞ, Avropa ölkələri ilə möhkəm siyasi və iqtisadi əlaqələr quruldu. Onun rəhbərliyi ilə Azərbaycan beynəlxalq münasibətlər sistemində müstəqil və etibarlı tərəfdaş obrazı qazandı. Heydər Əliyevin uzaqgörənliyinin ən mühüm təzahürlərindən biri də Azərbaycanın gələcəyini sağlam əllərə əmanət etməsi idi.

“Qarabağ Azərbaycandır!” nidası təkcə siyasi bəyanat deyil, xalqın iradəsinin ifadəsi oldu

Ulu Öndər siyasi kursunu davam etdirəcək, ölkəni inkişaf etdirməyə qadir olan lider olaraq İlham Əliyevi irəli sürdü. Bugünkü müstəqil, güclü və qalib Azərbaycan bu etimadın nə qədər düzgün olduğunu sübut etdi. 2003-cü ildə xalqın böyük etimadı ilə Azərbaycan Respublikasının Prezidenti seçilən İlham Əliyev, atasının siyasi irsini yalnız qoruyub saxlamaqla kifayətlənmədi – onu yeni çağırışlara uyğun şəkildə inkişaf etdirdi. Onun rəhbərliyi ilə: Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf etdi, qeyri-neft sektoru genişləndi; Yoxsulluq və işsizlik azaldı, sosial rifah layihələri həyata keçirildi; Dövlət idarəçiliyində modernləşmə, rəqəmsallaşma, şəffaflıq prinsipləri önə çəkildi; Gənclərin təhsili, elm və texnologiyalara yönəlməsi üçün geniş imkanlar yaradıldı. Prezident İlham Əliyev modern Azərbaycanın siyasi, iqtisadi və hərbi əsaslarını yenidən formalaşdırdı, xalq-dövlət birliyini daha da möhkəmləndirdi. Prezident İlham Əliyevin həyata keçirdiyi balanslaşdırılmış xarici siyasət nəticəsində Azərbaycan: Qoşulmama Hərəkatına sədrlik etdi və beynəlxalq səviyyədə prinsipial mövqeyini nümayiş etdirdi; Türk Dövlətləri Təşkilatı daxilində inteqrasiyanı gücləndirdi; Avropa, Asiya və İslam dünyası ilə münasibətlərdə strateji tərəfdaşlığa çevrildi; Enerji diplomatiyası vasitəsilə ölkəmizi Avrasiyanın enerji təhlükəsizliyində əsas oyunçuya çevirdi. Onun uğurlu diplomatik addımları nəticəsində Azərbaycan beynəlxalq müstəvidə öz sözünü deyən, prinsipial, etibarlı və müstəqil siyasət yürüdən dövlət kimi tanındı. İlham Əliyevin adını Azərbaycan tarixinə əbədi həkk edən ən böyük nailiyyət Qarabağın azad olunması oldu. 2020-ci ilin 27 sentyabrında başlanan və 44 gün davam edən Vətən Müharibəsində, onun Ali Baş Komandan kimi liderliyi sayəsində:300-dən çox yaşayış məntəqəsi işğaldan azad olundu; Şuşa kimi strateji və mədəni şəhərimiz geri qaytarıldı; Ermənistan kapitulyasiya sənədinə imza atmağa məcbur edildi. İlham Əliyevin soyuqqanlılığı, qətiyyəti və xalqla birliyi sayəsində bu müharibə sadəcə hərbi zəfər deyil – milli ruhun, ədalətin və suverenliyin qələbəsinə çevrildi. Onun “Qarabağ Azərbaycandır!” nidası təkcə siyasi bəyanat deyil, xalqın iradəsinin ifadəsi oldu. Zəfərdən sonra müzəffər Ali baş komandan, prezident İlham Əliyev Qarabağ və Şərqi Zəngəzurun bərpasına başladı. Onun rəhbərliyi ilə: Yeni yollar, hava limanları, məktəblər, xəstəxanalar tikildi; “Böyük Qayıdış” proqramı çərçivəsində minlərlə insan öz yurduna qayıtdı; “Ağıllı kənd” və “ağıllı şəhər” layihələri ilə müasir texnologiyaya əsaslanan yaşayış məntəqələri yaradıldı; Mədəniyyət abidələri, dini məkanlar bərpa olundu. Bu proseslər yalnız torpaqların bərpası deyil, xalqın öz ruhuna, tarixinə və gələcəyinə qovuşmasıdır. Prezident İlham Əliyev hər zaman xalqla təmasda olan, onun dərdini, sevincini paylaşan bir lider olmuşdur. Onun fəaliyyəti sübut etdi ki: Müstəqil siyasət mümkündür – yalnız milli maraqlara söykənən qərarlar uğur gətirir; Səbr və strateji baxış qalibiyyətin əsas şərtidir. İllər ərzində Qarabağın azadlığı uğrunda gerçəkləşən layihələr qələbə ilə nəticələndi.

Şura hökuməti gələndə üçrəngli Bayrağımız bolşeviklər tərəfindən endiriləndə Rəsulzadə tarixi bir cümlə işlətmişdi: “Bizim xalqımız müstəqil yaşamaq vərdişinə alışmış xalqdır, uzun müddət bu xalqı müstəmləkə zülmü altında saxlamaq olmaz. Çünki onun tarixi yaddaşı var. O, müstəqillik həyatını yaşayıb”. Ulu Öndər Heydər Əliyevin dili ilə desək, bu gün Azərbaycan müstəqildir, azaddır, özü öz taleyini həll edən qüdrətli dövlətdir!

Müstəqillik Günü, Respublika Günü

Şərəf Cəlilli

Loading

Bənzər Xəbərlər

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

2025-ci ilin yanvar-mart aylarında sənayedə istehsal olunan malların və göstərilən xidmətlərin həcmi 12,8 milyard manat təşkil edib.

Ən son

GÜNDƏM

Bəzi binalar var ki, onlar təkcə memarlıq deyil, milli yaddaşın daşlaşmış obrazına çevrilir.

GÜNDƏM

Bəzi binalar var ki, onlar təkcə memarlıq deyil, milli yaddaşın daşlaşmış obrazına çevrilir.