Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 10/15/2025

Paylaşın

TARİX, TARİXİMİZ

“İstiqlal Bəyannaməsi”ndən “Konstitusiya və Suverenlik ili”nə

“İstiqlal Bəyannaməsi”, “Konstitusiya və Suverenlik ili”

II yazı

Azərbaycanın azadlığı və istiqlaliyyəti uğrunda mübarizə Hökumətin başlıca vəzifəsi olur

Məmmədhəsən Hacınskinin Xarici işlər naziri, eyni zamanda, müvəqqəti olaraq Dövlət nəzarəti naziri, Nəsib bəy Yusifbəylinin Xalq maarifi və dini etiqad naziri, Behbud xan Cavanşirin Daxili işlər naziri, Xudadat bəy Rəfibəylinin Səhiyyə və sosial təminat naziri, Xudadat bəy Məlik-Aslanovun Yollar naziri, eyni zamanda, poçt və teleqraf naziri, Ağa Aşurovun Ticarət və sənaye naziri, Əbdüləli bəy Əmircanovun Maliyyə naziri, Əlimərdan bəy Topçubaşovun, Musa bəy Rəfiyevin və Xəlil bəy Xasməmmədovun Portfelsiz nazirlər kimi təmsil olunduğu müxtəlif partiyaların nümayəndələrindən təşkil olunan yeni hökumətdə Xoyski Baş nazir vəzifəsi ilə yanaşı, Ədliyyə naziri vəzifəsini də tutur. Fətəli xan Xoyski yeni Hökumətin rəsmi proqramı ilə çıxış edərək bildirir ki, Birinci Hökumətdə olduğu kimi Azərbaycanın azadlığı və istiqlaliyyəti uğrunda mübarizə onun Hökumətinin başlıca vəzifəsi olacaqdır.

Yaranmış siyasi durumu nəzərə alan Milli Şura hakimiyyəti Xoyskiyə həvalə edir

Cümhuriyyətin ən ağır dönəmində, taleyinin həll olunduğu ərəfədə Azərbaycan Milli Şurası 1918-ci il 17 iyun tarixli iclasında özünün buraxılması, bütün qanunvericilik və icra hakimiyyətinin Azərbaycan müvəqqəti hökumətinin əlində cəmləşdirilməsi haqqında iki mühüm qətnamə qəbul etdi. Milli Şuranın buraxılması haqqındakı birinci sənəddə göstərilirdi ki, həm daxili, həm də xarici siyasət sahəsində Azərbaycanda yaranmış ağır vəziyyəti nəzərə alaraq, Milli Şura bütün hakimiyyəti Fətəli xan Xoyskinin sədrliyi ilə yaradılmış Hökumətə həvalə edir və ona tapşırır ki, öz hakimiyyətini qısa müddətdə çağırılacaq Müəssislər Məclisindən başqa heç kimə güzəştə getməsin.

Fətəli xan Xoyskinin başçılıq etdiyi Hökumətin hüquq və vəzifələrindən bəhs edən ikinci sənəddə isə qeyd olunurdu ki, Azərbaycan Hökuməti Azərbaycanın istiqlaliyyətini və siyasi azadlıqları ləğv edə bilməz, aqrar və digər bu kimi mühüm inqilabi əhəmiyyətli qanunları dəyişməyə Hökumətə səlahiyyət verilmir; qalan məsələlərdə Hökumətə bütün hüquqlardan istifadə etmək səlahiyyəti verilirdi. Fətəli xan Xoyski Hökuməti altı aydan gec olmayaraq Müəssislər Məclisini çağırmalı idi. Beləliklə, müstəqil Azərbaycan Xalq Cümhuriyyətinin ilk addımlarını atmağa başladığı son dərəcə ağır daxili və beynəlxalq şəraitdə qanunverici və icra hakimiyyətinin əsas ağırlığı Xoyskinin üzərinə düşdü.

Nə zirehli maşın, nə texniki qurğular, nə də hər hansı bir qüvvə tarixin təbii gedişini dayandıra bilməz

Fətəli xan Xoyskinin ikinci Hökuməti Gəncədə çox çətin və mürəkkəb bir dövrdə fəaliyyətə başladı. Yaranmış mürəkkəb şəraitdə Hökumət, ilk növbədə, dövlət aparatının təşkili işini davam etdirdi, əsas diqqəti Nazirlər Şurasının və ayrı-ayrı nazirliklərin idarə aparatlarının yaradılmasına yönəltdi.

Hökumətin Gəncədə ilk rəsmi tədbiri iyunun 19-da bütün Azərbaycanda hərbi vəziyyətin elan edilməsi oldu. Azərbaycanın dövlət müstəqilliyini müdafiə edəcək ordunun yaradılması işinə başlandı. Əliağa Şıxlınskinin Cümhuriyyət qurulmamışdan öncə Çar Rusiyasında xidmət etmiş nüfuzlu hərbçilərdən, generallardan ibarət təməlini qoyduğu Azərbaycan Əlahiddə Korpusunun əsasında ilk Müdafiə Nazirliyi sisteminin konturları müəyyənləşdirildi. Xosrov bəy Sultanov ilk Hərbi nazir kimi fəaliyyətə başladı. Tam Artileriyya generalları Əliağa Şıxlınskinin və Səməd bəy Mehmandarovun diktəsi, iradəsi ilə avqustun 11-də hərbi mükəlləfiyyət haqqında qanun qəbul edildi. Qanuna uyğun olaraq, 19 yaşına çatmış vətəndaşlar ordu sıralarına çağırıldı. Hökumət iyunun 27-də, Milli Dövlətçilik tariximizdə Səfəvilərdən 500 il sonra ilk dəfə Ana dilini – Azərbaycan türkcəsini dövlət dili elan etdi. İyulun 15-də daşnakların Azərbaycan xalqına qarşı törətdikləri soyqırımı vəhşiliklərini aşkara çıxarmaq məqsədilə Fövqəladə Təhqiqat Komissiyası yaratdı. Avqustun 30-da Gəncənin və Cəbrayıl qəzasının tarixi adlarının özünə qaytarılması üçün əmr imzaladı. Fətəli xan Xoyskinin imzaladığı sənədlə Yelizavetpol-Gəncə, Qaryagin-Cəbrayıl adlandırıldı. Paytaxt Bakıya köçürülənədək Xoyski Hökuməti üzərinə düşən bütün vəzifələri yerinə yetirməklə yanaşı, rəsmi dövlət qurumlarını-nazirlikləri qurub onların bazasını formalaşdırdı.

Mülkümü, malikanəmi Azərbaycanın mülkünə-Xalq Cümhuriyyətinə ərməğan edirəm

1918-ci il sentyabrın 15-də Bakı türk və Azərbaycan hərbi qüvvələrindən ibarət XI Qafqaz İslam Ordusu tərəfındən azad olundu. Bu münasibətlə sentyabrın 16-da Təzəpir məscidindən Bakı əhlinə gözaydınlığı verildi. İsmailiyyə binasının önündə Zəfər paradı, Hacı Zeynalabdin Tağıyevin malikanəsində Bayram ziyafəti təşkil edildi. Sentyabrın 17-də isə Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti Bakıya köçdü. Bakının daşnaklardan, eser-menşevik qüvvələrindən ibarət olan və ingilislərə arxalanan Sentrokaspi Diktarurasından xilas olunması ilə Cümhuriyyətin, Milli Hökumətin Bakı mərhələsi başladı.

Bakı əsilzadələrinin, xüsusən də Hacı Zeynalabdin Tağıyevin və Seyid Mirbabayevin iradəsi ilə maddi və mənəvi qayğılarının çoxu azaldılan Azərbaycan Hökuməti Seyid Mirbabayevin, indi SOCAR-ın binası kimi tanınan malikanəsində fəaliyyətə başladı. Onun da qəribə, qürurverici bir tarixçəsi var. Deyirlər, XI Qafqaz İslam Ordusunun və onun qüdrətli paşalarının, eyni zamanda Cümhuriyyət qurucularının şərəfinə Tağıyevin malikanəsində açılan ziyafətdə malikanəsinin açarını və tapusunu Hökümətin başçısı Fətəli xan Xoyskiyə təqdim edən Seyid Mirbabayev tarixi bir cümlə işlədib: “Mən mülkümü, malikanəmi Azərbaycanın mülkünə-Xalq Cümhuriyyətinə ərmağan edirəm. Bundan sonra ölsəm də, dərdim yoxdur!”

Millətin hüququ, istiqlalı, hürriyyəti üzərində qurulan Hökumət

Bakıya köçdükdən sonra Daxili işlər naziri Xəlil bəy Xasməmmədovdan, Maliyyə naziri İvan Protasovdan, Yollar naziri Xudadat bəy Məlik-Aslanovdan, Ədliyyə naziri Teymur bəy Makinskidən, Maarif və dini etiqat naziri Nəsib bəy Yusifbəylidən, Poçt-teleqraf və əmək naziri Aslan bəy Səfikürdskidən, Hərbi nazir Səməd bəy Mehmandarovdan, Sosial təminat naziri Rüstəm xan Xoyskidən, Xalq səhiyyəsi naziri Yevsey Gindesdən, Ticarət və sənaye naziri Mirzə Əsədullayevdən, Dövlət nəzarəti naziri Məmmədhəsən Hacınskidən, Ərzaq naziri Konstantin Lizqardan, Əkinçilik və dövlət əmlakı naziri Xosrov bəy Sultanovdan ibarət III Hökuməti quran Fətəli xan Xoyski Baş nazir və Xarici işlər naziri kimi Məclisi-Məbusanın – Parlamanın çağırılması işinin təşkili üçün komissiya yaratdıqdan sonra ölkədə nəzarəti fəaliyyətini yenidən bərpa edən Azərbaycan Milli Şurasına həvalə edən Hökumət 1919-cu il noyabrın 9-da Xoyskinin məruzəsi əsasında Azərbaycanın Əli bəy Hüseynzadənin üç düsturuna – türkləşmək, islamlaşmaq, müasirləşmək nidasına söykənən, hilallı, ulduzlu üçrəngli bayrağını təsdiq edir. Noyabrın 19-da isə Milli Şura Məclisi-Məbusanın yaradılması haqqında Hökumətin qanun layihəsini qəbul edir. Məclisi-Məbusanın ilk iclası 1918-ci il dekabrın 7-də açılır. Xoyski çox mürəkkəb tarixi şəraitdə Hökumətin fəaliyyəti barədə Məclisi-Məbusana hesabat verir. “Millətin Hüququ, İstiqlalı, Hürriyəti!” üzərində qurulan Hökumətin Başçısı altı ayda görülən işlər, alınan taleyüklü qərarlar barədə hesabat verir. Çıxışının sonunda Xoyski istefasının qəbul edilməsini Məclisi-Məbusandan xahiş edir. Parlaman Hökumətin istefasını qəbul etsə də, onun təşkilini yenidən Fətəli xan Xoyskiyə tapşırır. Xoyski dekabrın 26-da Hökumətin proqramı və tərkibi barədə Parlamanda yenidən çıxış edir.

Hökumət bu az müddətdə, nə mümkündürsə, etmişdir!

Geniş müzakirələrdən sonra Parlaman Hökumətin proqramını qəbul etdiyini bildirir və onun yeni üzvlərinə etimad göstərir. Bu Hökumətdə Fətəli xan Xoyski yenə də Baş nazir və Xarici işlər naziri vəzifəsini də tutur. Məclisi – Məbusandakı bir sıra partiya fraksiyaları, xüsusilə Azərbaycanın istiqlalına qarşı çıxan qüvvələr, elə ilk aylardan Xoyski Hökumətinə qarşı kəskin müxalif mövqe tuturlar. “İttihad”, “Əhrar” və sosialistlər Hökuməti fəaliyyətsizlikdə günahlandırırlar. Tiflisdə qurulan, Gəncə dövründəki fəaliyyəti zamanı bütün çətinliklərə sinə gərən Xoyski Hökumətini müdafiə edən Milli Şuranın sədri, Cümhuriyyətin Memarı Məhəmməd Əmin Rəsulzadə “Hökumət bu az müddətdə, nə mümkündürsə, etmişdir!” nidası ilə tarixi ədaləti yerinə qoyur.

Müxalif partiya və fraksiyaların Hökumətə qarşı yaratdığı dözülməz vəziyyətlə bağlı 1919 il fevralın 25-də Xoyski Hökuməti yenidən istefa verir. “Parlaman istefasını qəbul edərək, yeni Hökumətin təşkilinə qədər Xoyski Hökumətindən fəaliyyətini davam etdirməsini xahiş edir. Hökumət fəaliyyətini martın 14-ə Nəsib bəy Yusifbəylinin təşkil etdiyi V Hökumətə qədər davam etdirir. Təcrübəli və səriştəli dövlət xadimi Fətəli xan Xoyskinin mürəkkəb və ağır şəraitdə istefa verməyə məcbur edilməsi Cümhuriyyətin müqəddəratını həll edir. İstefa etdikdən sonra Xoyski Məclisi-Məbusanın üzvü kimi bir sıra siyasi, iqtisadi və maliyyə məsələlərinin həllində yenə də fəal iştirak edir, Azərbaycan və Ermənistan arasında mübahisəli ərazi məsələlərinin araşdırılması üçün yaradılan Azərbaycan nümayəndə heyətinin sədri kimi üzərinə düşən vəzifəni yerinə yetirir. 1919-cu ilin dekabrında Nəsib bəy Yusifbəylinin təşkil etdiyi Hökumətin tərkibində Xarici işlər naziri vəzifəsini tutan Fətəli xan Xoyski Azərbaycan Xalq Cümhuriyyətinin Sovet Rusiyası tərəfindən tanınması üçün Rusiya Sovet Federativ Sosialist Respublikasının Xalq Xarici işlər komissarı Georgi Çiçerinə dəfələrlə notalar göndərir”. Xoyskinin heç bir notasına cavab, daha doğrusu əhəmiyyət verməyən Çiçerin ölkəsi adından Azərbaycan Xalq Cümhuriyyətini Denikin qüvvələri ilə mübarizə ittifaqına cəlb etmək istəsə də, Çiçerinə cavabında Xoyski bu məsələnin Sovet Rusiyasının daxili işi olduğunu və bunun heç bir beynəlxalq hüquq norması ilə üst-üstə düşmədiyini bildirir.

İstiqlaliyyətimizi elan edən zaman da Hökumətin başında mən idim

Bütün həyatını mənsub olduğu millətin cəhalətdən qurtuluşuna, milli mənlik və milli kimlik uğrunda mücadiləsinə həsr edən Fətəli xan Xoyski Xalq Cümhuriyyətinin ilk Hökumət başçısı kimi Azərbaycanın istiqlalının elanı barədə dünya dövlətlərinə ünvanlanan telefonoqramı imzaladı. V Hökumətin Xarici işlər naziri kimi isə həm də İstiqlalın Paris Sülh Konfransı tərəfındən tanınması haqqında Parlamana məlumat verdi. Məclisi – Məbusanın bu məsələyə həsr olunan 14 yanvar 1920-ci il tarixli təntənəli iclasında çıxış edərkən: “…Bu xəbər bizdən ötrü böyük bayramdır. Bu yalnız bizim üçün deyil, ümumi türk milləti və ümumi türk aləmi üçün böyük bir bayramdır. Böylə bir günü dərk etmək üçün qeyri millətlər on illərlə çalışmışlar. Biz isə onu az müddətdə, bir il yarım içərisində qazandıq. Böylə az müddətdə istiqlaliyyətini alan bir millətin onu möhkəm saxlayacağına əminəm. Bugünki bayram münasibətilə sizi hökumət tərəfindən təbrik edirəm. Özümü artıq dərəcədə xoşbəxt hesab edirəm ki, istiqlaliyyətimizi elan edən zamanda hökumət başında mən idim. Və indi də təsdiqini sizə mən elan edirəm.” nidası ilə səadət dolu anları yaşayan Fətəli xan Xoyskinin sevinci uzun sürmədi. “1920-ci il aprelin ortalarında XI Qızıl ordu Şimali Qafqazda Denikin qüvvələrini məğlub edərək Cümhuriyyətin şimal sərhədlərinə yaxınlaşdı. Aprelin 15-də Xoyski Hökumət adından Sovet Rusiyası hökumətinə nota göndərsə də, nota cavabsız qaldı və aprelin 27-də XI Qızıl ordu beynəlxalq hüquq normalarını pozaraq, ölkənin sərhədlərini aşaraq Bakıya doğru hücum əməliyyatına başladı. Dərbənd və Tiflis istiqamətindən gələn bolşevik cəlladlarının iradəsi ilə milli müqavimətə baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyətinin varlığına son qoyuldu.”

Cəmi 23 ay fəaliyyət göstərən, milli dövlətçilik tariximizdə yeni səhifə açan Cümhuriyyət qurucularının bir çoxu – Firudin bəy Köçərli, Xudadat bəy Rəfibəyli kimi yerində güllələndi. Əli bəy Hüseynzadənin, Əhməd bəy Ağaoğlunun, Əlimərdan bəy Topçubaşovun, Şeyxzamanovların, Ceyhun bəy Hacıbəylinin, Məhəmməd Əmin Rəsulzadənin taleyinə mühacirət yazıldı. “Yaşa, yaşa, çox yaşa, Azərbaycan!” nidası ilə mühacirətdə, Vətəndən qıraqda Vətən olan bu mücahidlərdən fərqli olaraq, Həsən bəy Ağayevə, Nəsib bəy Yusifbəyliyə, Fətəli xan Xoyskiyə dünyanın o başına gedib çıxmaq, Azərbaycan həqiqətlərini dünyaya yaymaq nəsib olmadı. Tiflisə mühacirət etmək məcburiyyətində qalan Fətəli xan Xoyski iyunun 19-da Həsən bəy Ağayev kimi Daşnaksutyun Partiyasının üzvləri, “Nemezis” təşkilatının qatilləri-Aram Erkanyan və Misak Torlekyan tərəfındən qətlə yetirildi.

Şərəf Cəlilli

Bənzər Xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Məhəmməd peyğəmbər əleyhissəlam dünyasını dəyişdikdən sonra dörd xəlifədən üçü sui-qəsd nəticəsində şəhid edildi.

Ən son

GÜNDƏM

Azərbaycan Milli İncəsənət Muzeyində Meksikanın Dieqo Rivera Anauakali Muzeyinin “Dieqo Rivera: Daha yaxşı gələcəyin vədi”

GÜNDƏM

Azərbaycan Milli İncəsənət Muzeyində Meksikanın Dieqo Rivera Anauakali Muzeyinin “Dieqo Rivera: Daha yaxşı gələcəyin vədi”
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin