Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 03/13/2026

Paylaşın

TARİX

İstanbulu fəth edən komutan, nə mutlu komutan!

WhatsApp Image 2026-03-13 at 09.40.47

İkinci yazı

Tanrının tacı sayılan, Qızıl Qəfəsə çevrilən şəhər

İllər keçir. Latın idarəsi daxildən çökür. Yeni imperatorlar bir-birini zəhərləyərək öldürür. Venesiya gəmiləri limanları tərk edir. Artıq Konstantinopol köhnə, xəyali bir şəhər olmuş, ticarət zəifləmiş, əhali azalmış, küçələr səssizliyə qərq olmuşdu. Bir zamanlar dünyanın döyünən ürəyi olan bu şəhər indi yadların əsarətində unudulmuş bir guşəyə çevrilmişdi.

Bizans komandanı Aleksios Strategobulos 1261-ci ildə şəhərə doğru irəliləyir. Bu dövrdə artıq Latın ordusu səfərə çıxdığından sədlərdə demək olar ki, heç bir əsgər yox idi. Kiçik bir Bizans birliyi Blakernea Qapısından içəri girir. Konstantinopol möcüzəyə şahid oldu: Bizans İmperiyası geri dönmüşdü!

Ayasofyanın zəngləri yenidən çalınır, dualar yunanca səslənir. VIII Mixail Paleologos şəhərə daxil olanda göz yaşlarını saxlaya bilmir. Taxta əyləşir. Xarabalığa çevrilən şəhərə yeni bir ruh gəlsə də, Konstantinopol artıq heç vaxt əvvəlki kimi olmayacaqdı…

Bu səbəbdən də VIII Mixail Paleologos şəhəri yenidən ayağa qaldırmaq üçün xüsusi fərman imzalayır. Kilsələr təmir edilir, sədlər bərpa olunur, insanlar geri çağrılır. Amma Bizans artıq yalnız bir kölgə idi. Qərbdə Latın krallıqları, şərqdə isə türk bəylikləri yüksəlirdi. Kral üzünü Qərbə yönəldir, Papaya məktublar yazır, ittifaqlar qurmağa çalışır. Amma xalq bunu xəyanət olaraq qəbul edir. Çünki Bizans xalqı üçün Tanrının yolu bir idi: Provaslavlıq. Kralın məktubundan sonra şəhər bir daha ikiyə bölünür.

Qısa müddətdə Bursa, İznik, Ədirnə Bizansın əlindən çıxır

Paleologos sülaləsi əsrlər boyu hökm sürsə də, hər yeni gələn imperator əvvəlkindən zəif olaraq qalır. Vergilər artır, ordu kiçilir, iqtisadiyyat çökür, ticarət isə bütövlükdə Venetsiya və Genuyanın əlinə keçir. Bir zamanlar Aralıq dənizinin hakimi olan Bizans donanması indi bir neçə köhnə gəmidən ibarət tərsanəyə çevrilir. Bu azmış kimi imperatorlar bir-birinə arxa çevirir.

Şərqə doğan günəş, Osman Qazinin qüdrəti, Osmanlı İmperiyasının təməlinin qoyulması Anadoluya yeni bir düzən gətirir. Qısa müddətdə Bursa, İznik, Ədirnə Bizansın əlindən çıxır. Ədirnə Osmanlının paytaxtına çevrilir. Belə bir ərəfədə artıq Bizansın ətrafı tamamilə Türk torpaqları ilə əhatələnir. Hər il bir az da daralan Bizans İmperiyası Konstantinopolun sərhədləri daxilinə çəkilir.

İmperiya yalnız xarici düşmənlərlə deyil, daxildən də parçalanır. 1340-cı ildən başlayaraq vətəndaş müharibələrində imperatorlar, şahzadələr və dini rəhbərlər bir-birinə qarşı çıxırlar. Bu dövrdə Konstantinopolda iki ayrı idarəçəlik sistemi hökm sürür. Xalq aclıq içində idi, xəzinə isə boş. Hər üsyan şəhəri bir az da dağıdır. Bizans artıq bir imperiya, dövlət deyil, qüdrəti keçmişdə qalan qalıqlardan ibarət xarabalıq idi.

Belə bir ərəfədə İmperatorlar Qərbdən kömək diləyir. Papaya elçilər göndərir, katoliklərlə birləşmə təklifi edirdilər. Amma Qərb Bizansın təkliflərinə əhəmiyyət vermir. Avropa öz səlib müharibələri ilə məşğul idi. Onlar Bizansdan gələn elçilərlə belə bir xəbər göndərirdilər: “Əgər birləşməni qəbul etsəniz, bəlkə yardım edərik.” Bu sərt cavab xalqı qəzəbləndirir. Kilsə bölünür, xalq iki yerə ayrılır. Kimisi xilası Qərbdə, kimisi isə Tanrıda axtarır. Amma heç bir kömək görünmür. Osmanlı İmperiyasının qüdrətli ordusu isə artıq Bizansın sınırında, qapısında idi. Onlar sürətlə irəliləyir, İldırım Bayezidin Konstantinopolu mühasirəyə alması onun bütün nüfuzunu heçə endirir. Şəhər müqavimət göstərsə də, özünü ələ ala bilmir. Bizans diplomatiyası və Əmir Teymurun Anadoluya hücumu Bizansa qısa bir nəfəslik olur.

Osmanlı ordusu yenidən Sultan II Muradın dövründə Konstantinopolu mühasirəyə alır. Bizans bir daha şəhərin sədləri arxasına çəkilir.

1449-cu ildə isə taxta Bizansın son imperatoru X Konstantin Paleologos keçir. O, cəsur, qərarlı, amma ümidini itirmiş bir imperator idi. Hələ 20 yaşından imperator olan Konstantinin, Yustinianın və Feodosinin oturduğu taxtın uğrunda savaşmağı qərara alsa da, içindəki fırtına onu narahat edir. “Tanrı bizi imtahandan keçirir, amma biz sona qədər müqavimət göstərəcəyik” nidası ilə ayağa qalxır.

Yüzillər boyu Roma və Bizans İmperiyasının paytaxtı olan Konstantinopol indi yalnız və tək başına idi. Kilsə zəngləri çalınsa da, rahiblər dua etsə də, 1453-cü ilin baharında bir top səsi ilə yer yerindən oynayır, Konstantinopol İstanbula çevrilir, dünya türkün qüdrətini, əzəmətini Fateh Mehmetin simasında yenidən dərk edir. 

Rumeli hasarından İstanbulun fəthinə

Avropa ilə Asiya qitələrinin kəsişdiyi nöqtədə yerləşən Konstantinopolun   fəthi  Osmanlı İmperiyasının tarixində ən  mühüm hadisələrindəndi. Dünyanın qədim şəhərlərindən biri olan Konstantinopol 330-395-ci illərdə Roma İmperiyasının, 395-1204 və 1261-1453-ci illərdə Bizans İmperiyasının paytaxtı olmuşdu.

1453-cü ilin mayında Fateh Mehmetin qüdrəti, əzəməti ilə fəth edilən Konstantinopol öncə Bizantion, daha sonra Konstantinopol adlandırılımışdı. 1930-cu ildə İstanbul adlandırılan bu qüdrətli şəhərin adının dəyişdirilməsi üçün Türkiyə Böyük Millət Məclisi tarixi qərar almışdı. 1453-1922-ci illərdə, nə az, nə çox, düz 469 il Osmanlı İmperiyasının paytaxtı olan İstanbulun fəthində Rumeli hasarının mühüm rolu olub. Bu hasar Konstantinopolun dənizlə olan bağını tamamilə kəsmək və mühasirə vaxtı şəhərə dənizdən gələn yardımın qarşısının alınması üçün  Fateh Mehmetin xüsusi fərmanı işə çəklib. Rumeli hasarı – Konstantinopolun – İstanbulun fəthinə hazırlıq məqsədilə ağır şərtlər altında qısa müddətində – cəmi 4 aya tikilib. 

Osmanlı sultanlarının 400 il -1465-ci ildən 1856-cı ilə dək  iqamətgahı olan Topqapı Saray kompleksi  İstanbulun simgəsinə, bəlgəsinə çevrilib. Hazırda muzey kimi fəaliyyət göstərən sarayın inşasına 1459-cu ildə Sultan Fateh Mehmetin əmri ilə başlanılıb. Sultanların əvvəlki iqamətgahından fərqləndirilməsi üçün saray “Yeni Saray” adlandırılıb. 

İstanbulun üç incisi – Yeni saray, Topqapı, Qalata kulesi

XIX əsrdən etibarən “Topqapı” adlandırılan saray İstanbul şəhərinin əsas simvollarından biri olmaqla yanaşı, həm də, dünyanın ən qədim abidələrindəndir. İstanbulun digər siçvolu hesab olunan Qalata kulesi Bizans İmperiyasının imperatoru Anastasiusun  əmri ilə 528-ci ildə inşa olunub. 1204-cü ildə IV Xaçlı yürüşü zamanı dağıntılara məruz qalıb. 1348-ci ildə ikinci dəfə inşa olunan, həmin dövrdə Konstantinopolun ən hündür  tikilisi hesab olunan Qalata kulesi  bu gün də dünya memarlığının incilərindən sayılır. 

Şəhər kimi təxminən 3 min, paytaxt kimi isə 1600 ilə qədər yaşı olan İstanbul dünyadakı nadir  yaşayış məskənlərindən biridir. Əldə olunan məlumtlardan bəlli olur ki, İstanbulun ilk məskunlaşma tarixinin 300 min il yaşı var.

Hazırda İstanbulun əhalisinin sayı 15 milyondur.  Şəhərin əhalisinin sayı dünyanın bir çox ölkəsindən çoxdur. Yeddi təpə üzərində qurulan, Kadıköydə təməli qoyulan, Osmanlı İmperiyasının ən böyük şəhəri sayılan İstanbul əhalisinin sayına görə Avropada birinci, dünyada isə altıncı sırada dayanır.

Fateh Mehmet: “Mən Ayasofyanı cami olaraq bina etdim. Fərmanımı pozanları haqqa ismarladım!”

Osmanlı İmperiyasının qurucusu Osman Qazi səfərlərin birindən əli boş dönüb pəjmürdə olur. Onun bu əhvalını görən Mürşidi-kamili  Şeyx Ədəbalı üzünü müridünə tutub Peyğəmbər əleyhissalamın hədisindən nümunə gətirir: “İstanbulu fəth edən komutan, nə mutlu komutan!”. Bu Osman Qaziyə bir işarə idi. Şeyx Ədəbalı iki dünya bir olsa da, Osmanlı İmperiyasının qurulacağından,  Konstantinopolun İstanbul adında fət olunacağından soraq verirdi. Deyilənlər 1453-cü ildə başa gəldi. Fateh Mehmet Konstantinopolda Fətih dastanını yazdı. Mürşidi Ağ  Şəmsədinlə Ayasofyaya varanda ilk namaza imam olaraq durdu və tarixi bir fərman imzaladı: “Mən Ayasofyanı cami olaraq bina etdim. Fərmanımı pozanları haqqa ismarladım!” Fərman ötən əsrin əvvəlinə, Türkiyə Cünmhuriyyəti qurulana qədər qüvvdə qaldı.  Bu gün Bizansın nisgil, Osmanlının qürur mənbəyi olan Ayasofya muzey kimi fəaliyyət göstərsə də,  Türkün qüdrətinin, cəsarətinin, ötkəmliyinin, əyilməzliyinin simgəsi, bəlgəsidir. Fəth etmək, Fətih dastanı yazmaq səadətdir, onu əldə saxlamaq, qorumaq isə  iradə, ləyaqət məsələsidir.  İstanbul 463 ildir bir mirasdır. Min illərdir Şərqin, Türk dünyasının üstünə yeriyənlərə, Səlib yürüşünə çıxan krallara, kardinallara, papalara gözdağıdır, görkdür!

Şərəf Cəlilli

Bənzər Xəbərlər

Yazıçı-publisist

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Nuh tufanından əvvəl Nuh peyğəmbərə bir gəmi inşa etməsi əmr olunduqda, Cəbrail əleyhissəlam ona hər taxtaya bir peyğəmbərin

Ən son

TARİX

XX əsrin əvvəlləri Azərbaycan mətbuatının və ictimai fikrinin inkişafında xüsusi mərhələ təşkil edir.

TARİX

XX əsrin əvvəlləri Azərbaycan mətbuatının və ictimai fikrinin inkişafında xüsusi mərhələ təşkil edir.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin