Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 11/27/2025

Paylaşın

HƏR ŞEYDƏN

İstanbulda bir keçid var – adı Fəridə

Fəridə keçidi

Kadıköyün Ankaraya vəfa borcu

İnsan dünyanın yükünü, dərdini, acısını daşıyar, kədərini yaşayar, ac qalar, susuz qalar, ümidi üzülməz. Övlad acısını daşımaz, daşıya bilməz Adəm oğlu. Saçına dən düşər, başına qar ələnər, gözünə qara su gələr…

İstanbulda bir yeraltı keçid var – piyada keçidi.  Adı Fəridə! Son 30 ildə bəlkə də, iki o qədər keçmişəm ondan. Amma niyə Fəridə keçidi? Onu düşünməmişəm, maraqlanmamışam. Keçidə ad olan Fəridənin kimliyini də diqqətə almamışam.Sabiha Gökçən, Kamilə Şeyke Mutlu kimi Atatürk zamanına bağlı ilklərə imza atan qadınlardan bilmişəm. Heç Rəşad Nuri Güntəkinin “Çalıquşu”ndakı Fəridəni də, ağlımın ucundan keçirməmişəm. Xəlil İbrahim Gökərin  araşdırmaları ilə tanış olduqdan sonra bəlli oldu ki, İstanbulun Kadıköy yörəsindəki Fəridə adlı yeraltı keçidinin qəribə, həm də kədərli tarixçəsi varmış. Bu gün də Kadıköy bələdiyyəsi əhalisinin, qonaqların və turistlərin davamlı şəkildə istifadə etdiyi, üstündən tramvayların sürətlə ötdüyü körpü o zamanlar insanlara təkcə narahatlıq yaratmır, həm də tez-tez insan faciəsinə şahidlik edirmiş. Bunun əsas səbəbi Bağdad küçəsi ilə Suadiyə keçidlərini bölən dəmiryol stansiyasındakı sürətli keçidmiş. Bu taydan, o taya keçmək istəyən insanlar Erenköy stansiyasında sürətli qatarların altında qalır, həyatlarını itirirmiş. Suadiyə istiqamətinə sürətlə gələn qatarlar piyadalar üçün gərgin vəziyyət yaratmaqla kifayətlənmir, “ölüm kabusu”na dönürmüş.

Hilmi Öztanla Orxan Göncüoğlunu bir araya gətirən səbəb

Xəlil İbrahim Göktəkinin araşdırmalarına istinad edərək onu da qeyd edə bilərik ki, qatarlar stansiyaya- dayanacağa çatanda “Fit” versələr də, ağır vəziyyəti aradan qaldırmaq mümkün olmurmuş. Bu səbəbdən də bölgədə bir yeraltı keçidin tikilməsinə ehtiyyac varmış.

Həmin dövrün Suadiyə muxtarı – icra nümayəndəsi Hilmi Öztan  burada alt keçidin yapılması üçün davamlı şəkildə Ankaraya, rəsmi şəxslərlə görüşə yollanır. Əhalinin problemini məshul şəxslərə çatdırır. Təsadüfdənmi, zərurətdənmi həmin dövrün Tikinti və Sənaye nazirinin baş müşaviri Göncüoğlu da Suadiyədəndi. Orxan Göncü oğlu muxtardan – Hilmi Öztandan aldığı məlumatlara istinad edərək piyada keçidinin şərt, hətta təcili olduğunu əsaslandıraraq tikintinin başlanmasına nail olur.

Qəzanın baiskarı qatar deyil, kamyondu

1968-ci il iyunun 20-də Ankarada Hacettepe xəstəxanasının önündə bir qəza yaşanır. Qəzanı törədən Hilmi Öztanı və Orxan Göncüoğlunu narahat edən tren – qatar deyildi.  Qəzanın baiskarı kamyon – irihəcmli yük maşını idi. Təkəri deşilən kamyon öncə taksiyə, sonra da dayanacaqda gözləyən piyadalara çırpılıb dayanmışdı. İki ölü, səkkiz yaralı vardı. Ölənlərdən biri Hacettepe Universitetinin tibb fakültəsinin tələbəsi Fəridə Göncüoğlu idi. Yəni, Suadiyə alt keçidinin yapılmasından ötrü öncüllük edən, qabağa düşüb problemlərin çözülməsi üçün ağır yükün altına çiynini verən, qatarlar gələndə günahsız insanlar həyatını itirməsin deyə məsuliyyəti üzərinə alan Orxan Göncüoğlunun tək və yeganə övladı Fəridə Göncüoğlu idi.

Xəlil İbrahim Göktəkin kədərlə təsvir etdiyi hadisə barədə onu da bildirir ki, “ailə qəzadan sonra qəhərə boğulub sarsılır. Orxan Göncüoğlu Suadiyyədəki qatar faciəsinə çarə bulmuşdu, amma Ankarada təkəri deşilən kamyonun qızının canını almasına çarə bulub, sipər çəkə bilməmişdi…”

Fəridənin mələk ruhu – 60 ilin acı  gerçəyi

İnsan ömrü acılı-şirinli xatirələrdən kədər, sevinc dolu məqamlardan ibarətdir. O məşhum qəzadan, Ankara faciəsindən sonra İstanbuldakı Suadiyə yeraltı keçidinin tikintisi başa çatmışdı. Xəlil İbrahim Göktəkinin diliylə desək, bu səfər vəfa borcu Hilmi Öztanın üzərinə düşmüşdü. Muxtar, Orxan Göncüoğlunun razılığını alıb İstanbul şəhər bələdiyyəsinə və Kadıköy bələdiyyəsinə ricada bulunmuşdu. O, alt keçidin Fəridə Göncüoğlunun adına verilməsini istəyir. Bunun Orxan Göncüoğlunun yarasına su səpəcəyinə inanır. Həm İstanbul, həm də Kadıköy bələdiyyəsi təşəbbüsü dəstkləyir. Açılış törənində bələdiyyələrin başqanları, yörə əhalisi Fəridənin əzizləri iştirak edir.  

Otuz ildir hər dəfə İstanbula gedərkən  keçdiyim xatirəsini bilmədiyim “Fəridə Alt Keçidi” 60 ildir insanların qəzasız, bəlasız, xətasız, bu taydan, o taya – Kadıköydən Bağdad yörəsinə keçidi üçün bir mələk missiyasını yerinə yetirir… Yəqin, heç İstanbulda da çoxları bilmir ki, “Fəridənin mələk ruhu” onları müşayət edir…

Bizdə – Bakıda da, çoxsaylı körpülər, yeraltı və yerüstü keçidlər var.  Onlar qurulana qədər itkilər, faciəli hadisələr, günahsız ölümlər olub – çox-çox… Onların qarşısı ötən əsrin 60-cı illərində Ulu Öndər Heydər Əliyevin fərman və sərəncamları ilə alınıb. Yeraltı keçidlər, körpülər tikilib. Siyasi hakimiyyətinin ikinci mərhələsində də məsələ diqqət mərkəzində olub. Bu ənənə bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bakı bir-birindən gözəl, qiymətli, xilaskar körpülərin, piyada keçidlərinin ünvanına çevrilir.

Şərəf Cəlilli

Yazıçı-publisist

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Azərbaycanda noyabrın 27-də havanın 20 dərəcə isti olacağı gözlənilir.
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin