Birinci yazı
Dünyanın iri meqapolislərindən biri, Doğu ilə Batının kəsişmə nöqtəsi olan İstanbul əfsanələrin, nağılların diyarı olmaqla yanaşı, həm də sivilizasiyaların, mədəniyyətlərin dialoq, dinlərin tolerantlıq ünvanıdır. Tarixçilər onun keçmişini 7000 il öncəyə, yəni Neolit dövrünə qədər aparırlar. Yeniqapı ərazisində aparılan arxeoloji qazıntılar da bunu sübut etməkdədir. Bu qədim şəhərin əhalisi min illər öncə əkinçiliklə məşğul olur, balıq tutur və dəniz qabıqlarından bəzək əşyaları hazırlayırdılar. Bura şəhər olmamışdan öncə, qədim bir köyü xatırlatsa da, illər keçdikdən sonra iki qitəni birləşdirən boğaz halına gəlir, tarixdə ən qiymətli keçid olur.
Tarixi mənbələrə istinad edərək deyə bilərik ki, e.ə. VII əsrdə, Megara adlı Yunan şəhərindən gələn bir qrup dənizçi yeni torpaqlar axtarır. Onların başçısı Bizas adlı bir lider idi. Əfsanəyə görə, Delfi məbədindəki kahin onlara deyir: “Köylərin qarşısında yerləşin”. Onlar yola çıxırlar, boğaza gəlir və qarşı sahildə, indiki Kadıköy ərazisində yerləşirlər. Yeni qurulan şəhərin adını Bizantion qoyurlar.
O gündən boğazın sularında tacir gəmiləri görünür. İstanbulun hekayəsi, əfsanəsi belə başlayır. Bizantionun təməli kiçik bir koloniya olaraq qoyulsa da, qısa zaman kəsiyindən sonra inkişaf edir, zənginləşir. Boğazdan keçən gəmilərdən vergi alır, balıqçılıq və ticarətlə böyüyür. Bizantionun mövqeyi demək olar ki, mükəmməl idi; O, həm Avropaya, həm də Asiyaya yaxın idi. Buna görə də Yunan dünyasında “Qızıl Şəhər” kimi tanınmağa başlayır.

Yunan-Roma mədəniyyəti ticarətlə birlikdə inkişaf edir
Bu zənginlik, şöhrət ona yeni düşmənlər qazandırır. E.ə. V əsrdə Fars İmperiyası qərbə doğru irəliləyir. Yunan şəhərləri işğala məruz qalır, Bizantion da onların hakimiyyəti altına keçir. Farslar şəhəri ağır vergilərlə sındırır və sədlərini nəzarət altına alır. Amma şəhər heç vaxt öz kimliyini itirmir. Yunan-Roma mədəniyyəti ticarətlə birlikdə inkişaf etməyə davam edir.
Üstündən əsrlər ötəndən sonra Qərbdən yeni bir qüvvə baş qaldırır: Roma İmperiyası. Roma Aralıq Dənizini daxili dəniz halına gətirmək istəyir. E.ə. II əsrdə Bizantion da Romanın təsir dairəsinə düşür. Artıq şəhər bir koloniya olmaqdan daha çox, Romanın şərqə açılan pəncərəsinə çevrilir. Roma İmperiyası dövründə Bizantion sürətlə böyüməyə, inkişaf etməyə davam edir, yeni sədlər tikilir, yollar çəkilir, limanlar genişlənir. Şəhər strateji cəhətdən o qədər əhəmiyyət kəsb edir ki, nəhayət yeni bir İmperatorun diqqətini çəkəcək qədər qüdrətə sahib olur.

Böyük Konstantin şəhəri Nova Roma, yəni Yeni Roma adlandırır
Roma İmperiyasının ürəyi sayılan şəhər IV əsrdə artıq əvvəlki qədər güclü deyildi. Qərbi Roma siyasət və daxili müharibələrlə çalxalanırdı. Konstantin imperiyanın mərkəzini şərqdə, daha təhlükəsiz, daha zəngin və strateji bir yerə köçürmək istəyirdi. Bu səbəbdən də o, Bizantiona əsas paytaxt kimi baxır. Boğazın iki sahilini birləşdirən bu şəhərin tərəqqisi üçün bütün qüvvələri səfərbər edir.
Bu məqsədlə 330-cu ildə İmperator Konstantin şəhəri genişləndirir, məbədlər, saraylar və hamamlar inşa etdirir. Şəhəri Nova Roma, yəni Yeni Roma adlandırır. Amma xalq onu qurucusunun şərəfinə Konstantinopolis, yəni Konstantinin Şəhəri deyə çağırır. Konstantinopolis qısa müddətdə Romanın siyasi və iqtisadi mərkəzinə çevrilir. Ticarət yollarının buradan keçməsi, müxtəlif mədəniyyətlərin burada birləşməsi, axını onu tez bir zamanda dünyada məhşur edir.
Əldə olunan məlumatlardan bəlli olur ki, şəhərin tərəqqisi onu xristianlığın güc mərkəzlərindən birinə çevirir. İmperator Konstantin xristianlığı qəbul etdikdən sonra şəhərdə kilsələr tikilir. Bu şəhəri yalnız bir paytaxta deyil, yeni bir inancın rəmzinə çevirir.

İmperator Feodosinin dövründə şəhər sədlərlə əhatə olunur
Mərmərə dənizindən Qara dənizə uzanan, üç tərəfi dənizlərlə əhatə olunan şəhər həm strateji, həm də heyranedici gözəlliyi ilə dünya fatehlərinin diqqətini çəkir. Uğrunda qanlar su yerinə axır, müharibələr tüğyan edir. İmperiya sarayları, nəhəng hipodromlar və göyə ucalan sütunlar sürətlə tikilir. Şəhərin mərkəzindən artıq yunan tanrılarına həsr olunan məbədlər deyil, Xristianlığın döyünən qəlbi olan böyük kilsələr ucalır.
İllər əsrlər ötdükcə, İmperator Feodosinin dövründə şəhər sədlərlə əhatə olunur. Bu gün belə mövcud olan nəhəng Feodosi sədləri min illərlə şəhəri işğalçılardan qoruyacaq gücə çevrilir. Konstantinopol artıq təkcə Roma İmperiyasının yox, həm də Şərqin ticarət mərkəzinə çevrilir. Aralıq dənizinin dörd bir yanından tacirlər ipək, ədviyyat və qiymətli daşlar, ziynət əşyaları, xalça – palazlar gətirir. Bu nailiyyətlərə baxmayaraq, bu görüntünün arxasında bir həqiqət vardı: Roma iki yerə bölünmüşdü. Qərbi Roma çökməyə doğru getdikcə, Şərqi Roma, yəni Bizans tərəqqi dövrünü yaşayırdı. Artıq o, Roma İmperiyası deyil, Bizans İmperiyası adlanırdı. İmperatorların dəyişməsinə baxmayaraq, bir tərəfdən o, qədim Romanın mirasını daşıyır, digər tərəfdən Xristianlığın əsas mərkəzlərindən biri kimi ilklərə imza atırdı. İncəsənət, ilahilər, mozaikalar yeni kimliyin əks-sədasına dönür, tarix içində tarix yaradır.

Yustinian üsyanı qanla yatırır
Bu səbəbdən də yüz illər boyu şəhər həm də, Şərqin qızıl tacını başında saxlayır. Baxmayaraq ki, Saray intriqaları, kilsə davaları, taxt uğrunda savaşlar bitib tükənmir. Belə bir ərəfədə tarix səhnəsinə Yustinian çıxır. 527-ci ildə gənc, iddialı və dindar bir imperator Yustinian Konstantinopolu yalnız Şərqin deyil, dünyanın paytaxtı etmək istəyini dilə gətirir. Yeni inkişaf strategiyası müəyyən edir.
Şəhərdə böyük bir üsyan baş verir: “Nika Üsyanı”. Yustinian üsyanı qanla yatırır. Bir günün içində 30 min insan öldürülür. Şəhərin ürəyi sayılan əsas kilsə yandırılır. Onun külündən yeni bir möcüzə – Ayasofya doğulur.
Memarlar Antemus və İsidor qübbəni yenidən göyə ucaldır. O gündən bu günə Ayasofya insanları heyrətdə saxlamaqda davam edir. Deyirlər, Yustinian kilsəyə daxil olarkən qürurla deyir: “Ey Həzrəti Süleyman, var-dövlət baxımından səni keçdim!”

Tanrının yer üzündəki tacı
Konstantinopol artıq adi və sadə bir şəhər deyildi, xristianlar üçün “Tanrının yerdəki tacı” idi. Heç bir imperiya əbədi sülh içində qala bilməzdi. VII-VIII əsrlərdə Xilafət orduları şəhərin qapısına dayanır. Kontantinopol sədləri yunan alovu ilə müdafiə edilir. Bu gizli silah Bizansın hərbi sirri olaraq bu gün də diqqət çəkir. Məhz onun sayəsində şəhər iki böyük mühasirəni aşır.
Xilafət qüvvələrinin əldə etdiyi hərbi nailiyyət sayəsində şəhərdə başqa bir fırtına qopur: İkonoklazm dövrü adlanan bu mərhələdə ikonalar, şəkillər, müqəddəs mozaikalar yandırılır. Xalq iki hissəyə bölünür: “Tanrını təsvir etməliyik, yoxsa yalnız hiss etməliyik?”, kimi ciddi suallar meydana çıxır. Bu mübahisələr imperatorları belə taxtdan endirir.
Zaman keçir, şəhər yenidən dirçəlir. Amma Bizans artıq əvvəlki gücünü saxlaya bilmir. Türklər Anadoluya, slavyanlar Balkanlara daxil olur. Daxildə taxt uğrunda savaşlar, xaricdə isə müharibələr bitib tükənmir. İmperatorlar bir-birini zəhərləyir, sərkərdələr xəyanət edir. Bütün bunlara baxmayaraq, Konstantinopol özündə güc tapıb ayaqda qalır. “Tanrının qoruduğu şəhər” adı uğrunda mücadilə edir.

Tanrının şəhəri xristianların əlləri ilə yandırılıb dağıdılır…
1204-cü ildə Xaçlı yürüşünün əsgərləri Qüdsə deyil, Konstantinopola üz tutur. Çünki Roma İmperiyasının döyünən qəlbi hələ də bu şəhər idi. Sərvət də, şöhrət də buradaydı. Xaçlılar şəhəri mühasirəyə alır, sədləri aşır. Döyüş zamanı müqəddəs ikonalar oğurlanır, manastırlar talan edilir.
Bu hadisə, Konstantinopolun ən qara günlərindən biri idi. Tanrının şəhəri xristianların əlləri ilə yandırılıb dağıdılırdı. Şəhər bir müddət Latınların əlində qalır, amma ən böyük kədər isə Bizansın ruhunda idi. Artıq heç nə əvvəlki kimi olmayacaqdı. O möhtəşəm qübbələrin altındakı səadət sükutla sona çatacaqdı. Düzdü, Konstantinopol yenidən Bizansa dönəcək, amma heç vaxt əvvəlki şöhrətini qaytara bilməyəcək, Ayasofyanın qübbəsindən yüksələn zəng sədalarını, dualarını üsyan sədaları bürüyəcəkdi. Bu səbəbdən də tarixçilər yüz illər sonra qeyd edəcəkdilər: Sədlərin arxasında o möhtəşəm şəhər artıq yox idi. “Tanrının qoruduğu şəhər, xristianların əlləri ilə talan edilmişdi”.
Xaçlı yürüşü Qüdsə deyil, Konstantinopola yönəlmişdi. Vatikab ordusu, venetsiyalı tacirlər zənginlik vədiylə bu istiqamət dəyişikliyini qəbul etmişdi. Şəhərin sədləri keçildikdə, xristian əsgərləri gözlərinə inanmamışdı. Şəhər qızıl, gümüş, ikonalar və qiymətli daşlarla dolu bir xəzinə olsa da, xristian dünyası üçün ondan müqəddəs heç nə qalmamışdı. Ayasofya atların tövləsinə çevrilmişdi. Müqəddəslərin məbədləri açılmış, sümükləri yerlə bir edilmiş, rahibələr öldürülmüş, ikonalar əridilib satılmışdı. Bu yalnız bir işğal deyil, Bizansın ruhunun parçalanması, bölünməsi idi.

Konstantinopol Latın İmperiyasının paytaxtına çevrilir
Latınlar şəhərdə yeni bir idarəçilik sistemi qurur. Konstantinopol Latın İmperiyasının paytaxtına çevrilir. İlk imperator Flandreli I Baudouin taxta çıxır. Amma onun taxtını aldığı şəhər artıq əvvəlki Konstantinopolis deyildi. Saraylar yanmış, xalq ac, küçələr səssiz idi. Latınlar Bizansın zənginliyini miras almaq istəsələr də, onun sadəcə cismini almışdılar. Vergilərin artırılması, kilsələrin katolikləşdirilməsi Bizans İmperiyasının tarixində yeni bir mərhələnin əsasını qoymuşdu.
Artıq Konstantinopol sözün həqiqi mənasında iki hissəyə bölünmüşdü. Onu idarə edənlər Latınlar olsa da, Bizans xalqı ümidini itirməmişdi. Baxmayaraq ki, imperator soyundan bir neçə şahzadə fərqli bölgələrə qaçmışdı.
Biri Nikeyada, yəni İznikdə yeni bir paytaxt qurmuşdu. Digəri Trabzonda öz imperiyasını elan etmişdi. Üçüncüsü isə Epirdə yeni bir mərkəz yaratmışdı.
Bu üç şəhər, Bizansın külləri arasında parlayan son üç işıq idi. Amma əsas güc İznikdə idi. Theodor Laskaris Latın işğalından qaçan, xilas olan alimləri, rahibləri və sənətkarları ətrafına toplamış, İznik qısa müddətdə mədəniyyət mərkəzinə çevirmişdi. Sürgündəki Bizans burada yaşamaq üçün qüvvəsini səfərbər etmişdi.
Konstantinopoldakı Latın İmperiyası isə zəif idi. Torpaqları az olmaqla yanaşı, xalq onlara nifrət edirdi. Xəzinə boşalmış, pul qalmamışdı. Venetsiyalılar ticarəti idarə edir, Fransız zadəganları isə sarayda mübahisə edirdilər. Latınların ətrafı düşmənlərlə əhatələnmişdi: şimalda Bulqarlar, qərbdə Epir, şərqdə Türk bəylikləri və İznik Bizansı.
Şəhər yavaş-yavaş bir qızıl qəfəslə çevrilmişdi. Latınlar nə daxildən, nə də xaricdən nəfəs ala bilirdi. Ayasofyada Latınca dualar oxunsa da, kənarda provaslavların nifrəti hökm sürürdü.
İznik İmperiyası isə inkişaf edir, güc toplayaraq Laskarisdən sonra taxta keçən II İoannis Vatadzes iqtisadiyyatı dirçəltməklə ordunu gücləndirməyə, kilsəni yenidən təşkil etməyə nail olur. Ən önəmlisi “Bir gün Konstantinopola qayıdacağıq”, nidası ilə xalqına ümid verir. Bu nida illərlə bizanslılar arasında pıçıltıyla dolaşır. Hər bir körpə Konstantinopolun geri alınacağına inanaraq böyüyür.
Şərəf Cəlilli