II yazı
Səfir Çəmənzəminli Roma Papasına ünvanlandığı məktubda nədən yazırdı?..
Vatikanda, daha doğrusu, Vatikan Məxfi Arxivində və Vatikan Apostl Kitabxanasında qorunan 150-dən çox xəritə və atlasdan 50-sinin faksmelisinin Heydər Əliyev Fondunun qayğısı, şəxsən fondun prezidenti xanım Mehriban Əliyevanın iradəsi ilə ölkəmizə gətirilməsi, tədqiqat üçün bu sahənin mütəxəssislərinin ixtiyarına verilməsi həm siyasi, həm də tarixi əhəmiyyətə malik hadisələrdəndir.
Səfəvi hökmdarı Şah Abbasa Roma Papası V Pavel tərəfindən göndərilən məktub da diqqət cəlb edən sənədlərdəndir. Məktubda Papa Səfəvilər dövlətinin səfiri Hüseynqulu bəyin Vatikanda qətlə yetirilməsindən kədərləndiyini, məsələ ilə bağlı təəssüf hissi keçirdiyini bildirməklə kifayətlənmir, cinayətkarların cəzalandırılması üçün kardinallar səviyyəsində təhqiqatın aparıldığını, Səfəvilər sarayı ilə bundan sonra da dostluq, əməkdaşlıq münasibətlərini davam etdirəcəklərini qeyd edir. Bundan başqa, Azərbaycana aid sənədlər sırasında ölkənin oronim, oykonim və toponimləri, iqtisadiyyatı, siyasi quruluşu, əhalisinin sayı, tərkib hissəsi ilə bağlı çoxsaylı rəsmi sənədlər var ki, onlar ayrı-ayrı missionerlərin, o dövrün dili ilə desək tarixçi, təzkirəçi səyyahların qələminə məxsusdur. Sənədləri diqqətlə incələdikcə Qaraqoyunlu, Ağqoyunlu, Səfəvi, Əfşar, Qacar hökmdarlarının zamanında yuxarıda da qeyd etdiyimiz kimi ölkənin inzibati quruluşu, siyasi mənzərəsi, şəhər mədəniyyəti, tərəqqisi, elmi nailiyyətləri, tədris mərkəzləri, tarixi tikililəri, memari inciləri, qüdrətli şəxsiyyətləri, bazarları, yolları, qəbiristanlıqları, dini məbədləri, kilsə və məscidlərinin sayı barədə də məlumatlar əldə etmək olar.
Azərbaycan Xalq Cümhuriyyəti İstanbuldakı səfiri vasitəsilə Vatikana ünvanladığı məktubda yazırdı…
Burada qorunan, mühafizə olunan sənədlərə istinad edərək taleyin sərt üzündən özü öz tarixi torpaqları ilə həmsərhəd olan, Təbrizə, Dərbəndə, İrəvana, Borçalıya, Anadoluya bölünən Vətənin sınırlarını müəyyən etmək mümkün olduğu kimi, orada mövcud olan, həm də dağıdılmış tarixi abidələrimiz barədə məlumat əldə etmək, onların bərpasında, elmi əsaslarla restavrasiyasında istifadə etmək mümkündür.
Qafqaz Albaniyasına aid abidə və məbədlərin Çar Rusiyasının siyasəti ilə ermənilərin ixtiyarına verilməsini sübut edən kifayət qədər sənədlərin olması da ciddi faktlar sırasındadır. Arxiv və kitabxanasında 85 min sənədin, 1 milyondan çox kitab, atlas və xəritələrin arasında 1915-ci il hadisələri (qapalı saxlanılsa da), Cümhuriyyət dövrü, Cümhuriyyətin elanı, Tiflis, Gəncə, Bakı dövrü, iflası, Xalq Cümhuriyyətinin Osmanlı dövlətində səfirliyinin açılması ilə bağlı da mühüm sənədlər vardır ki, onların da əksəriyyəti məhz ölkənin I Vitse-prezindentinin, Heydər Əliyev Fondunun prezidenti, xanım Mehriban Əliyevanın iradəsi ilə Vətənə gətirilmişdir. Həmin sənədlərin içərisində Xalq Cümhuriyyəti, Osmanlı və Vatikan münasibətləri, bu münasibətdə iqamətgahı İstanbulda olan Böyük Elçimiz Yusif Vəzir Çəmənzəminlinin tarixi xidmətlərini əks etdirən sənədlər də mövcuddur. Sənədlərin birində qeyd olunan indi təqdim edəcəyim fakt da, Azərbaycan-Vatikan münasibətlərinin tarixi baxımdan olduqca əhəmiyyətlidir. Tarixdən bəllidir ki, 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyəti Qızıl Ordunun qırmızı terroruna tuş gəlməmişdən öncə Osmanlıda – İstanbulda səfirlik açmış, Yusif Vəzir Çəmənzəminlini səfir təyin etmişdi. Azərbaycanın Böyük elçisi ölkəsinin adından Vatikanın Osmanlıdakı Səfirliyinə gələrək bildirmişdi ki, Azərbaycan Xalq Cümhuriyyəti İstanbulda V Benediktə heykəlin qoyulmasını dəstəkləyit və bu xeyirxah təşəbbüsə töhfəsini vermək üçün dəstəyini verməyə, ianə yatırmağı da özünə şərəf bilir. Yusif Vəzir Çəmənzəminlinin Vatikan səfiri ilə görüşünü, dialoqunu əks etdirən Vatikan Məxfi Arxivində qorunan sənəddən o da bəlli olur ki, Bolşevik Rusiyasının, Sentrokaspi qüvvələrinin, erməni daşnaklarının təhdid və təzyiqlərinə baxmayaraq Azərbaycan Xalq Cümhuriyyəti İstanbuldakı Səfiri vasitəsilə Roma Papası V Benediktin abidəsinin ucaldılması üçün öz maddi və mənəvi dəstəyini əsirgəməmişdir.

Tarix həqiqəti sevir
Qeyd etdiyimiz kimi, bu fakt Vatikanın İstanbuldakı səfiri tərəfindən rəsmi sənəd-məktub vasitəsi ilə ölkəsinə göndərilmişdir.
V Benedikt Vatikan tarixində sıradan bir Papa deyildi. O, sülhpərvər siyasəti, dinlərin, mədəniyyətlərin, sivilizasiyaların dialoquna töhfədə bulunan, tolerant düşüncələri ilə Vatikanın dövlətçilik tarixinə istisna və müstəsna şəxsiyyət kimi daxil olan din və dövlət xadimi idi. Xristian və İslam dünyasının qarşılıqlı anlaşmaya, dialoqa gəlməsi üçün səlibçilərin təzyiqlərindən çəkinmədən, tərəddüd etmədən çağırışlar edən lider idi.
İstanbul katolik kilsəsinin həyətində təməli qoyulan, bu gün də daşa, yaddaşa dönən dünyası, duyğusu, düşüncələri ilə dinləri, mədəniyyətləri dialoqa çağıran Roma Papası V Benediktin abidəsin baxanda yəqin az adam bilir ki, bu abidə də belə, dinlərin, mədəniyyətlərin, sivilizasiyaların, tolerantlığın ünvanı olan Odlar Yurdu Azərbaycanın payı var. Onun barəsində tarixi həqiqəti sübut edən sənəd isə Vatikanda, V Benediktin diyarında mühafizə edilir. Tarix həqiqəti sevir. Həqiqət isə min illərin abı-havasını, sirli-soraqlı dünyasını özündə ehtiva edən arxivlərdə, kitabxanalarda qorunur.

Vatikan – tariximizin, taleyimizin bir parçası
Vatikanda, Vatikan Məxfi Arxivində, Vatikan Apostl Kitabxanasında mühafizə olunan xəritələr, atlaslar, sənədlər, kitablar milli kimliyimizin simgəsi, bəlgəsidir. Onları tanımaq, vərəqləmək, tarixi faktları incələmək, elm aləminə təqdim etmək, milli mənlik, milli kimlik, milli dövlətçilik tariximizi yaradanların, yaşadanların ruhu qarşısında mənəvi borcumuz, ali vəzifəmizdir.
Ölkənin I Vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, xanım Mehriban Əliyeva bu missiyanı üzərinə alan tarixi şəxsiyyət kimi adını bəribaşdan unudulmazların sırasına yazan liderlərdəndir.
Vatikanda mühafizə olunan rəsmi sənədlər, əlyazmaları tariximizin, taleyimizin ayrılmaz hissəsi olduğu kimi, Vatikan da, tariximizin, taleyimizin bir parçasıdır. Orada qüdrətli şəxsiyyətlərimiz, mənəvi dəyərlərimiz, milli dövlətçilik tariximizlə bağlı rəsmi sənədlər, özü də şahid sənədlər, bəlgələr, əlyazmaları, kitablar qorunur, mühafizə edilir. Vatikan Azərbaycan deyil, düşüncəli insanlar, tarixçilər, analitiklər, siyasətşünaslar bilir ki, Vatikan Məxfi Arxivinin, Vatikan Apostl Kitabxanasının Azərbaycanla bağlı sənədləri mühafizə edən hücrələri Azərbaycandır.
Ölkənin I Vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, xanım Mehriban Əliyeva məhz bu tarixi həqiqəti nəzərə alıb Vatikan-Azərbaycan münasibətlərində yeni səhifələr açır, Roma katokombalarının, Bazelikalarının bərpası üçün ianələr yatırır, bəşəriyyəti Birliyə, Bütövlüyə, Mərhəmətə, dinləri, mədəniyyətləri, sivilizasiyaları dialoqa, tolerantlığa səsləyir. Ölkənin I Vitse-prezidentinin oktyabrın 17-də Vatikana səfəri, Roma Papası XIV Leo ilə rəsmi görüşü, Müqəddəs Pavel Bazelikasının, Azərbaycanın müqəddəs Taxt-Tacda səfirliyinin yeni ofisinin açılışında iştirakı da, bu tarixi missiyaya xidmətin bir hissəsi kimi dəyərlidir, qiymətlidir, hörmət və ehtirama layiqdir.
Şərəf Cəlilli
 
				 
								 
								 
								 
															 
															 
								 
								 
								 
								 
								 
								 
								 
								 
								 
								 
								 
								 
								 
				 
								 
								 
								