İsgəndəriyyə kitabxanası bəşər tarixinin ən məşhur bilik xəzinələrindən biri hesab olunur. Burada qədim dünyanın müxtəlif yerlərindən kitablar və papirus vərəqləri toplanır, kitabxananın ətrafında isə alimlər fəaliyyət göstərirdilər. Bəs onun taleyi necə oldu? Doğrudanmı kitabxana böyük yanğın zamanı məhv oldu?
Kitabxana Makedoniyalı İsgəndərin ölümündən sonra, Ptolemeylər sülaləsinin hakimiyyəti dövründə İsgəndəriyyə şəhərinin Misirin mərkəzinə çevrildiyi vaxt meydana gəlib. Kitabxana xüsusilə II Ptolemeyin hakimiyyəti dövründə sürətlə inkişaf edib. Müxtəlif ölkələrdən alimlər bura gəlirdilər. Onlar ədəbiyyat, tarix, fəlsəfə, riyaziyyat, tibb və digər elmləri araşdırırdılar.

Kitabxana ilə bağlı çoxlu əfsanələr var. Onlardan ən məşhuru guya bütün kitab fondunu məhv edən yanğın haqqındadır. Tarixçilər isə İsgəndəriyyə kitabxanasının bir nəhəng yanğın nəticəsində yoxa çıxmasını təsdiqləyən sübutlar aşkar etməyiblər.
Eramızdan əvvəl 48-ci ildə Yuli Sezar Misirdə hakimiyyət uğrunda mübarizəyə qoşuldu. İsgəndəriyyə limanındakı döyüşlər zamanı o, Misir gəmilərini yandırmağı əmr etdi. Alov şəhərin bir hissəsinə yayıldı. Sonralar bu yanğın kitabxananın məhv edilməsi ilə əlaqələndirildi. Burada mühüm bir məqam var: mənbələr göstərir ki, kitabxana Sezarın ölümündən sonra da fəaliyyətini davam etdirib.

Zaman keçdikcə İsgəndəriyyə yeni müharibələr və dağıntılar yaşadı. Elmə dövlət dəstəyi zəiflədi, alimlər şəhəri tərk etdilər, İsgəndəriyyə isə tədricən əvvəlki əhəmiyyətini itirdi. Kitab fondları da zamanla tədricən yoxa çıxa bilərdi. 391-ci ildə Serapeyon — bəzi məlumatlara görə, kitabların bir hissəsinin saxlanıldığı məbəd kompleksi — dağıdıldı. Əsas İsgəndəriyyə kitabxanasının isə məhz həmin vaxt məhv edildiyini təsdiqləyən dəqiq sübut da yoxdur.
Daha bir məşhur əhvalata görə, VII əsrdə ərəblər İsgəndəriyyəni fəth etdikdən sonra qalan kitabları yandırıblar. Bu rəvayət ehtimal edilən hadisədən yalnız bir neçə əsr sonra ortaya çıxıb və tarixçilər tərəfindən etibarsız hesab olunur. Buna görə də bu gün İsgəndəriyyə kitabxanasının nə vaxt və necə yoxa çıxdığını dəqiq demək mümkün deyil. Çox güman ki, bu proses tədricən baş verib — müharibələr, dağıntılar, siyasi dəyişikliklər və əvvəlki elmi mərkəzə marağın azalması nəticəsində kitabxana yoxa çıxıb.

Kitabxananın tarixi bununla başa çatmayıb. 2002-ci ildə İsgəndəriyyədə yeni Bibliotheca Alexandrina açılıb. O, qədim kral məhəlləsinin yerləşdiyi ərazidə, qədim kitabxananın ehtimal olunan yerinin yaxınlığında yerləşir.
Müasir kitabxana yalnız kitabxanadan ibarət deyil. Burada muzeylər, planetari, ixtisaslaşmış kitabxanalar və tədqiqat mərkəzləri fəaliyyət göstərir. Kompleks müasir Misirin mühüm elmi və mədəni məkanlarından birinə çevrilib.
Beləliklə, qarşıya heyrətamiz bir tarix çıxır: qədim İsgəndəriyyə dünyanın müxtəlif yerlərindən bilikləri toplayırdı, təxminən iki min il sonra isə şəhər yenidən böyük kitabxana və elmi mərkəzə sahib oldu. Qədim kitabxana yoxa çıxdı, lakin biliklərin toplanmalı və gələcək nəsillərə ötürülməli olduğu məkan ideyası ondan daha uzunömürlü oldu.
Hacı Cavadov